Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-12-08
İki əsrin, iki minilliyin qovuşuğundakı müstəqil Azərbaycan Respublikası

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə, çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovetlər İttifaqının dağılması Azərbaycan xalqına öz müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycan tarixində yeni dövrün başlanğıcı qoyuldu.

Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikası ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və sair dövlətlər tanıdılar. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunması (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini elan etsə də, ozamankı rəhbərliyin yarıtmaz fəaliyyəti və səriştəsizliyi nəticəsində çox keçmədən ölkə nəinki istiqlalını, bütövlükdə, öz varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış birinci Qarabağ müharibəsi, digər tərəfdən, dövlət rəhbərliyində olanların yeritdikləri səhv siyasət, daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini artırırdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu, ölkə daxilində mövcud olan siyasi problemlərin, özbaşınalığın qısa bir dövr ərzində həll olunması təmin edildi.

Bəşəriyyətin çoxəsrlik tarixi təcrübəsi göstərir ki, xalqların və dövlətlərin inkişafında liderlərin rolu əvəzsizdir. Güclü lideri olan dövlətlər və millətlər yüksək inkişaf yolu keçib və tarixi uğurlar əldə ediblər. Belə liderlər bizim xalqın tarixində də yetişib, Azərbaycanımızın inkişafında, dövlətçiliyimizin yaranıb möhkəmlənməsində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında əhəmiyyətli rol oynayıblar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurub, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olan böyük öndər Heydər Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə önəmli yeri olan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bugünkü dövlətimizin müstəqilliyinin, suverenliyinin və azərbaycançılıq məfkurəsinin mövcudluğu məhz ümummilli lider Heydər Əliyevlə bağlıdır. Bəli, bu bir faktdır ki, otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və Vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından mətinliklə çıxaraq sürətlə inkişaf etmişdir. Ümumiyyətlə, ulu öndərin respublikamıza birinci rəhbərliyi dövründə bütün sahələrdə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər gələcəyə hesablanmış milli siyasətin parlaq ifadəsi idi. Haqlı olaraq vurğulanır ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin ilkin bazası, zəruri təməli məhz ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur.

1994-cü ildən başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət sayəsində ictimai-siyasi sabitliyin təmini, istehsalatda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərini tam sahibi olmaqdır. Bir sözlə əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətindən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Məhz dövlət müstəqilliyi Heydər Əliyev faktı kimi yeni və qlobal dünyada Azərbaycanın dünyaya, dünyanın Azərbaycana gərəkli olduğunu sübut etdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının Azərbaycanın sonrakı sabit və dayanıqlı inkişafı üçün müstəsna əhəmiyyəti bu gün də danılmaz fakt olaraq qalır. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların və nəhəng işlərin ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü, Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı. Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən orqana çevrilmişdir. Bunun təməli ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi altında işlənilib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuşdur. Belə ki, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının ölkə ərazisində birbaşa qüvvəyə malik olduğu, onların təmin edilməsi isə dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bu baxımdan təsadüfi deyil ki, dövlət həyatının bütün sahələrinin təşkili və fəaliyyət əsaslarını müəyyən edən Konstitusiya normalarının böyük qismi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur.

Konstitusiyanın ölkəmizdə aparılan islahatlara təkan verməsi və bunun məntiqi nəticəsi kimi qəbul edilmiş Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar Məcəllələri, “Konstitusiya məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar və digər normativ-hüquqi aktların qəbulu islahatların tərkib hissəsinə çevrilmişdir.

Hakimiyyətin bölünməsi prinsipinin hüquq nəzəriyyəsində qəbul edilməsi, onun əvvəlcə 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 13-cü maddəsində, daha sonra isə Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti sistemində prokurorluğun yerinin müəyyənləşdirilməsinə hüquqi əsaslar yaratmışdır. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyətinə aid edilmişdir. Prokurorluğun yerini məhkəmə hakimiyyəti sistemində müəyyən etməklə Azərbaycan Respublikası Konstitusiyası hüquqi varisliyi təmin etmişdir. Həmin varisliyin təsdiqinin əyani təcəssümü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncamı olmuşdur.

Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmünün 10 fevral 1998-ci il tarixində aradan qaldırılması da atılan humanist addımlar sırasına daxildir. Azərbaycan Respublikası 2001-ci ildə yanvar ayının 25-də Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin öz hüquq sistemini Avropa hüquq məkanına uyğunlaşdırılması prosesinə başlanmış və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il iyul ayının 2-də yaradılmışdır.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəd olmaqla inkişafa təkan vermişdir. Təsadüfi deyil ki, Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir.

Azərbaycan tərəfindən təsdiq edilmiş 1950-ci il Avropa Konvensiyasının implementasiyası istiqamətində mühüm addımlardan biri kimi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun qəbul edilməsini də xüsusi vurğulamaq lazımdır.

2002 və 2009-cu illərdə, eləcə də 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafını təmin etdi. Hüquq sistemi üçün vacib dəyişikliklərdən biri isə hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.

Ümummilli lider Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirədən sonrakı müddət ərzində Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması prosesi əsasən yekunlaşdıqdan sonra bu dövlət təsisatının ölkənin hüquq sistemində əhəmiyyətinin, vətəndaş cəmiyyətində rolunun artırılması, hüquqi dövlət quruculuğunda iştirakının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək dünya standartlarına uyğun olaraq daha yüksək keyfiyyət müstəvisində qurulması üçün hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi mərhələsi həyata keçirilməyə başlanmışdır.

Prokurorluğun digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunaraq cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prokurorluq orqanları bu gün qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirərək cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutmaqla, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının reallaşdırılması istiqamətində bütün zəruri tədbirləri uğurla davam etdirir. Xüsusilə bir sıra dövlət çevrilişi cəhdlərinin və digər ağır cinayətlərin qarşısının alınmasında, cinayətkarların məsuliyyətə cəlb olunaraq layiqli cəzalarına çatmasında digər hüquq mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının da müstəsna xidmətləri danılmazdır.

Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemində rolunu daha da gücləndirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş “Azərbaycan Respublikası prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, insan hüquq və azadlıqlarının qorunması, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində, prokurorluğun fəaliyyətinin digər istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi uğurlar əldə edilmişdir.

Dövlət Proqramının icrası nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən çoxsaylı və vacib əhəmiyyətli tədbirlər görülməklə əsaslı təkmilləşməyə və müasirləşməyə nail olunmuşdur. Baş Prokurorluqda yaradılmış bir sıra komissiya və işçi qruplarının səmərəli fəaliyyəti nəticəsində Dövlət Proqramında nəzərdə tutulmuş 23 bəndin, habelə onun yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş 60-dan artıq tədbirin müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası təmin edilmişdir.

Dövlət Proqramının icrası ilə əlaqədar olaraq, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinin təmin edilməsi məqsədilə həyata keçirilmiş struktur islahatları nəticəsində Baş Prokurorluqda bir sıra yeni qurumlar, o cümlədən ağır və xüsusilə ağır cinayətlərin açılması və istintaq edilməsində prokuror-kriminalistlərin rolunun əhəmiyyətli dərəcədə artırılması, onların statusları yüksəldilməklə fəaliyyətlərinin müstəqil şəkildə daha səmərəli həyata keçirilməsinin təmin edilməsi məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin tərkibində yaradılmış Kriminalistika şöbələri yaradılmışdır. Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsində prokurorluq orqanlarında istintaq edilən şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri üzrə yaradılmış vahid məlumat bazası cinayət işlərinin səmərəliliyinə müsbət təsir etməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Respublikamızda gənclərə hərtərəfli diqqət və qayğının göstərilməsi, onların sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi, gənclərin potensialından daha geniş istifadə edilməsi ölkədə həyata keçirilən sosialyönümlü dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlərin yeni səviyyəyə yüksəldilməsi, gənclərin sosial-iqtisadi təminatlarının gücləndirilməsi, onların ictimai-siyasi fəallığının artırılması üçün son illər daha əhəmiyyətli işlər görülür, vacib proqramlar qəbul edilir. Prokurorluq orqanlarına 2002-ci ildən başlayaraq işə qəbulun müsabiqə yolu ilə şəffaf prosedurlar əsasında aparılması nəticəsində yüzlərlə gənc hüquqşünasın prokurorluq orqanlarında məsul vəzifələrə təyin olunması dövlətin həyata keçirdiyi gənclər siyasətinin real nəticəsi olmuşdur.

Dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin müraciətlərinə qayğılı münasibət göstərilərək vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Hazırda prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilir. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi, Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda qəbul olunmuş vətəndaşlara dair elektron məlumat bazaları yaradılaraq bu sahədə uçotun ənənəvi kağız formatı ilə yanaşı, elektron formatda da aparılması və digər səmərələşdirici tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının ölkə həyatının bütün sahələrində uğurlar əldə edərək daha yüksək inkişaf mərhələsinə keçməsi, irimiqyaslı və qlobal əhəmiyyətə malik yeni prioritet və hədəfləri məqsəd kimi müəyyən etməklə onlara nail olunması istiqamətində irəliləməsi hər bir dövlət təsisatının, o cümlədən Azərbaycan prokurorluğu orqanlarının üzərinə yeni, daha mühüm vəzifə və öhdəliklər qoymaqla daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmələrini tələb edir. Bunu dərk edən prokurorluq işçiləri bundan sonra da öz vəzifə borclarını vicdanla yerinə yetirərək vətəninə və xalqına sədaqətlə xidmət etməyə, fəaliyyətlərini beynəlxalq standartlar səviyyəsində qurmağa, respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində, hüquqi sistemin möhkəmləndirilməsində fəal iştirak etməklə prokurorluğun fəaliyyətinin daha da müasirləşdirilməsinə, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasına bütün qüvvələrini səfərbər edəcəklər.

Eldar Əhmədov,

Baş Prokurorluğun Ağır cinayətlərə dair

işlər üzrə istintaq idarəsinin rəisi,

III dərəcə dövlət ədliyyə müşaviri.

 

“Respublika” qəzeti,

08 dekabr 2016-cı il