Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-11-24
Davamlı inkişaf kursu dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir

Bu günlərdə xalqımız öz müstəqilliyinin 25 illiyini böyük qürur və sevinc hissləri ilə qeyd etməkdədir. Bununla əlaqədar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Prezident İlham Əliyev tərəfindən 11 oktyabr 2016-cı il tarixdə imzalanmış sərəncamda qeyd edilir: “Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Müstəqil Azərbaycan Respublikası bu gün hər bir vətəndaşımız və xaricdə yaşayan soydaşımız üçün əsl qürur mənbəyidir”.

Müstəqillik başlıca olaraq mənəvi duyğu, mahiyyətdə isə millətin sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək, bir sözlə öz taleyi üzərində söz sahibi olmaq hüququ, başqa bir sözlə isə millətin, həmin millətə mənsub dövlətin öz əhalisi tərəfindən hürr və azad şəkildə idarə edilə bilməsi, suverenlik hüququnun başqa bir millətə mənsub olmamasıdır. Fərdlər üçün isə millət kimi müstəqil olmağı düşünmək milli özünüdərkin milli şüur səviyyəsində elə bir yüksəlişidir ki, millət onun uğrunda çarpışır, hətta ölməyə də razı olur. Müstəqilliyi quranlara, onu gerçəkləşdirənlərə yalnız müstəqillik duyğusunun verdiyi güc, mənəvi həzz, fərəhin yetməsinə baxmayaraq bəşər tarixi məhz onların mübarizə salnaməsi kimi təcəssüm edir və müstəqillik uğrunda verilən mübarizədə gedilən yol və çəkilən əzab milli şüurda silinməz izlər buraxır. Dövlət isə mahiyyətcə müstəqil milli təmələ söykənən, həmin təməlin son dərəcə ciddi, gərəkli təsisatı və üst qurumudur. “Azərbaycan dövləti” anlayışı hər birimiz üçün ülvi, müqəddəs düşüncə mövzusu, işi olmaqla bərabər Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarət Azərbaycan xalqının siyasi və hüquqi varlığının təzahürüdür.
Bir sözlə hər hansı bir millətin milli varlığı onda təzahür edir ki, onun müstəqil dövləti olmuş olsun. Buna görə də azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Azərbaycan xalqı əsrlər boyu hər zaman azadlığı, müstəqilliyi hər şeydən uca tutmuş, lazım gəldikdə zaman-zaman öz müstəqilliyi uğrunda savaşmışdır. İllər boyu Azərbaycanın zəngin sərvətlərini ələ keçirmək uğrunda böyük imperiyalar öz aralarında savaşlar aparmış, xalqımızı hər zaman asılı vəziyyətə salmağa çalışmışlar. Lakin, millət olaraq xilafətlər parçalayan Babəklərin qəzəbi ilə dünyada bircə gün azad yaşamağı qırx il əsarət altında sürünməkdən daha üstün tutub, azadlığımızın, müstəqilliyimizin uğrunda dayanmadan mübarizə aparmışıq. Xalqımız əsarətlə barışmamış, azadlıq yanqısıyla yanıb alışmışdır. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. O da məlumdur ki, müstəqillik hədiyyə edilmir, onun uğrunda vuruşmaq, mübarizə aparmaq gərəkdir. Mustəqilliyə aparan yol hər zaman qısa və maneəsiz deyil. Bir çox vaxt mustəqillik yolu uzun və şərəfli olur. Biz bu gün qürurla qeyd edə bilərik ki, illər öncə itirilmiş müstəqilliyimizi bərpa etmək üçün var gücümüzlə mübarizə aparıb azadlığa qovuşmuşuq.

Hər xalqın taleyində elə bir məqam yetişir ki, hər hansı xalq onu başqa bir xalqa bağlayan siyasi əlaqələri qırıb atmağa, təbiətin və yaradanın ona bəxş etdiyi qanunlara uyğun olaraq dünya dövlətləri arasında müstəqil, kimdənsə asılı olmadan mövqe tutmağa çalışır. Belə bir məqam xalqımız üçün XX əsrin əvvəllərində yetişmişdir.

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasını elan edərək Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrini yenidən dirçəltmiş, ilk dəfə məhz həmin vaxt üçrəngli bayrağımız, “bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə səmalarda qürurla dalğalanmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920-ci illər arası bir müddət ərzində fəaliyyət göstərmiş, müsəlman Şərqində ilk hüquqi-dünyəvi demokratik respublika olmuş, azərbaycanlıların tarixi yaddaşında Azərbaycan demokratik dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə Azərbaycan Respublikası öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeritmişdir. Müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilərək Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmış və fəaliyyət göstərmişdir. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərmiş olduğu müddət ərzində bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdır. Təəssüf ki, 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq beynəlxalq təminatın olmamasından istifadə edib müharibə elan etmədən 11-ci qızıl ordunun silahlı qüvvələrini Azərbaycana yeritmiş, suveren Azərbaycan Respublikasının ərazisini işğal etmiş, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirmiş və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoymuşdur. Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edilib özünün növbəti əsarət dövrünə qədəm qoymuşdur. SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilə bu ittifaqı təsbit etməli idi. Sonralar, 70 il ərzində Azərbaycan Respublikasına qarşı əslində müstəmləkəçilik siyasəti yeridilir, Azərbaycanın təbii ehtiyatları amansızcasına istismar olunur, milli sərvətləri çapılıb talanırdı. Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalır, onun milli ləyaqəti tapdalanırdı.

Lakin, azadlıq eşqi ilə alışıb yanan böyük bir xalqı heç bir qüvvə saxlaya bilməzdi. Hətta 70 il əsarət altında qalsa da belə, xalqımız öz əqidəsindən, dinindən, inancından dönmədi. Elə azadlıq da özü-özlüyündə bundan ibarət idi, nə olursa-olsun öz əqidəsindən dönməmək. Ruhu azad olan bir milləti isə heç kəs köləlikdə saxlaya bilməzdi. Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuş, bunun ardınca 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etmişdir. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq müstəqillik haqqında Konstitusiya Aktını və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis etmişdir. Bu uzun illərdən bəri ölkəmizin tarixində ən mühüm hadisə idi. Xalqımız yenidən öz müstəqilliyinə, azadlığına qovuşurdu və bu bütün bir millətin qələbəsi idi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu. “Konstitusiya Aktı” ilkin mərhələdə yalnız quru kağız idi, demək olar ki, heç bir hüquqi qüvvəsi yox idi. Ancaq, bütün bunlara baxmayaraq müstəqillik artıq əldə olunmuşdu, lakin, onu qoruyub, saxlamaq və daha da möhkəmləndirmək üçün 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir söz yazılmışdı: “Siz “Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktı”na tərəfdarsınızmı?” Səsvermə hüququ olanların 95%-dən çoxu referendumda iştirak etdi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşmuş, Azərbaycan Respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olunmuşdu.

Müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Müstəqilliyi yenidən elan edilmiş gənc Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artır, erməni təcavüzü isə gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci ilin mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvan Muxtar Respublikasından Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü ilin iyun ayının 9-da Bakıya gəldi. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin və səmərəli fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.

Əgər müstəqillik və Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır. Ulu öndər Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. “Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarmaq əzmindədir. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynamaqdadır. Əsl müstəqillik öz sərvətlərinin tam sahibi olmaqdır və “Əsrin müqaviləsi” kimi bir sazişin imzalanması nəticəsində Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin, ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.

Müstəqil Azərbaycan dövlətinin inkişafı və gücləndirilməsinə dair ümummilli liderin başladığı şərəfli missiya həmin siyasi kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Azərbaycan 2003-cü ildən öz tarixinin yeni mərhələsinə qədəm qoymuşdur. Heydər Əliyev ideyaları, siyasi xətti və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Bunun ən bariz nümunəsi kimi ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini xüsusi qeyd etməliyik. Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi, ilk növbədə Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisidir. Əldə edilən bütün bu uğurlar Prezident İlham Əliyevin dövlət başçısı kimi beynəlxalq münasibətlər sistemini dəqiqliyi ilə bilməsinin, Azərbaycanın xarici siyasətinin doktrinasının tələblərinə müvafiq real, çevik manevrlər etməsinin və bu planda BMT müstəvisində, xüsusilə də BMT Baş Məclisinin sessiyalarında ölkəmizin maraqlarını müdafiə edən ardıcıl tədbirlər reallaşdırmasının, həmçinin onun iradəsinin, mövqeyinin, siyasi dəst-xəttinin nəticələridir.

Ümummili liderimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycan Prezidenti seçildiyi ilk gündən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına xüsusi diqqət yetirən cənab İlham Əliyev bu münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Məhz İlham Əliyevin yorulmaz fəaliyyəti, qətiyyətli çıxışları sayəsində erməni təcavüzkarları Avropa Şurasında ifşa olunmuş, Azərbaycanın ayrılmaz parçası olan Dağlıq Qarabağ haqqında, qondarma “Dağlıq Qarabağ problemi” barədə Qərb dünyasında obyektiv rəy formalaşmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilmiş, onun həlli yolunda mühüm addımlar atılmışdır. Lakin, Ermənistan rəhbərliyi atəşkəsi pozmaqda və beynəlxalq normalara riayət etməməkdə davam edir. Bunun ən bariz nümunəsi kimi 2016-cı il aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilmiş təxribatlardır. Şübhəsiz ki, hər dəfə olduğu kimi, bu dəfədə düşmən tərəfi layiqincə susduruldu və Azərbaycan ordusu bir daha döyüş qabiliyyətinin, mənəvi-psixoloji durumun, vətənpərvərlik ruhunun çox yüksək olduğunu sübüta yetirmiş oldu. Dörd günlük müharibə zamanı silahlı qüvvələrimiz tərəfindən düşmənə sarsıdıcı zərbələr yetirilmiş, mühüm strateji mövqelər azad edilmişdir. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, həmçinin Seysulan məntəqəsini azad etmiş, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmişdir. Bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını da təmin etmişdir. Bütün bunlar müstəqillik dövrü ərzində Silahlı Qüvvələrimizin qüdrətinin və müdafiə gücünün günü-gündən daha da artmasına dəlalət edən faktlardır.

Bu gün əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Burada son illər hüquqi islahatların daha geniş miqyas aldığını, beynəlxalq standartlarla tam uzlaşdığını, inteqrasiya prosesinin daha da sürətləndiyini xüsusi qeyd etmək vacibdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin insan haqlarının etibarlı qorunması, hüquqi xidmətin yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə imzaladığı çoxsaylı fərman və sərəncamların, verdiyi tapşırıqların icrası üzrə görülmüş tədbirlərin sayəsində Azərbaycan hüquq sistemi öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış orqanı - İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixdə imzaladığı sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi məhkəmə islahatlarının uğurlu nəticələri, əldə edilmiş yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bilavasitə insan haqlarının etibarlı müdafiəsinə yönəlmiş hüquqi islahatlar kursunun əzmlə inkişaf etdirildiyini göstərir. Möhtərəm Prezidentin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində göstərdiyi güclü siyasi iradə, məhkəmə hakimiyyətinin fəaliyyətinə verdiyi müstəsna əhəmiyyət və dəstək dövlətimizin bu sahədə daha parlaq uğurlara nail olacağına qəti əminlik yaradır.

Respublikamızda həyata keçirilən hüquqi islahatların zirvəsində 26 sentyabr 2016-cı il tarixdə baş tutan referendumla təsdiq edilmiş Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklər dayanır. Əlavə və dəyişikliklərin məğzində insan hüquq və azadlıqlarının müdafiəsi, insanların şərəf və ləyaqətinin qorunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, onların təhlükəsizliyinin təmin olunması, o cümlədən müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması, insanların sərbəst toplaşmaq azadlıqları ilə bağlı digərlərinin hüquqlarının pozulmasının və ləyaqətdən kənar hərəkətlərin edilməsinin qarşısının alınması dayanmaqdadır. Bundan əlavə, konstitusiyaya daxil edilmiş yeni normalarla idarəetmə institutlarında yeni keyfiyyət dəyişikliklərinin yaradılması nəzərdə tutulmuşdur. Burada söhbət vitse-prezidentlik institutunun yaradılmasından, həmçinin prezidentə əlavə səlahiyyətlərin verilməsindən gedir. Həmin dəyişikliklərə əsasən, ölkəmizin siyasi idarəçilik sistemində ilk dəfə olaraq Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi nəzərdə tutulmuşdur. Hər iki yüksək dövlət postuna təyinatın Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilməsi konstitusion norma olaraq müəyyən edilmişdir. Vitse-prezidentlik institutunun təsisi, prezidentlik institutunun gücləndirilməsi daha yüksək effektiv fəaliyyətə, optimal idarə etməyə gətirib çıxaracaq ki, bu da həm milli təhlükəsizliyimizin güclənməsi, həm də hər bir sahə üzrə mövcud inkişafın dinamikliyini təmin edəcəkdir.

Bunlarla yanaşı, qeyd etmək zəruridir ki, müstəqilliyimizin 25 illik dövrü ərzində aparılmış dövlətçilik siyasətinin nəticəsi olaraq, digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılmışdır. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur. Azərbaycanın hüquqi dövlət kimi beynəlxalq nüfuzunun möhkəmləndirilməsində ölkənin məhkəmə-hüquq islahatlarının, hüquq-mühafizə orqanlarının və bu sırada prokurorluq orqanlarının üzərinə də böyük məsuliyyət düşür. Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan mütərəqqi islahatlar bu orqanın demokratik mahiyyətdə yenidən strukturlaşmasına səbəb olmuş, prokurorluq orqanlarının fəaliyyəti üçün zəruri qanunverici baza yaradılmışdır. Azərbaycan Prokurorluğu orqanları ötən müddət ərzində Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma effektiv nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan vermişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalmışdır. Məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunların və digər qanunvericilik aktlarının Milli Məclis tərəfindən qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ sənədlərin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qaldırılmışdır. 2002-ci ilin sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququnun verilməsi bu orqanın cəmiyyətdəki roluna yüksək dəyərin daha bir əyani izahı olmuşdur.

Sonda isə bir daha qeyd etmək istərdim ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin sürətli inkişaf kursu Azərbaycanın dünya birliyinə inteqrasiyasına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət etməklə yanaşı, Azərbaycanın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinə təkan verməkdədir.

Fazil Həsənəliyev,
Gəncə şəhər prokuroru,
baş ədliyyə müşaviri.

“Respublika”qəzeti,  

24 Noyabr 2016-cı il