Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-11-18
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşamasına baxmayaraq, nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi qalacağını vurğulayırdı. O deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

Cümhuriyyətin demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və s. sahələrdə atdığı addımlar yarımçıq qalmamış, müstəqilliyini XX əsrin sonlarında yenidən bərpa edən dövlətimiz varislik ənənələrini yaşatmış, inkişaf etdirmişdir.

1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. Həmin tarixi və möhtəşəm gündən artıq 25 illlik bir müddət keçmişdir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən nailiyyətlər, uğurlar asanlıqla başa gəlməmişdir. Hər bir insan yaxşı bilir ki, firavan həyat, rahat yaşayış, rifah halının yüksəlməsi çətinliklərdən keçir. Müstəqillik və azadlıq kimi firavan həyat yaşamaq da qurbanlar bahasına, çətinliklə əldə olunur. Müstəqilliyimizin ilk illərində xalqımız, sözün həqiqi mənasında ağır, məşəqqətli günlər yaşadı. Onsuz da, 1988-ci ildən Ermənistanın Azərbaycana torpaq iddiası ilə başlamış olduğu münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırmışdı. Ermənistandakı dədə-baba torpaqlarından deportasiya olunmuş soydaşlarımız Azərbaycana pənah gətirmişdi. Torpaqlarımızda müharibə gedirdi, çadır düşərgələrinin sayı gündən-günə artırdı. Dağlıq Qarabağ, həmçinin ətrafındakı ərazilər erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Qarabağın dağlıq hissəsində Azərbaycan dövlətinin hakimiyyəti yox dərəcəsində idi. Bir tərəfdən müstəqilliyimizin başı üstünü almış real təhlükəni sovuşdurmaq, digər tərəfdən erməni təcavüzündən xilas olmaq, torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızı azad etmək kimi vətən qarşısındakı borcumuzu yerinə yetirməliydik. Xalqımız öz gücünü və qüdrətini göstərməliydi. Dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir zamanda respublikamızın o zamankı səriştəsiz və qətiyyətsiz rəhbərləri belə vacib taleyüklü vəzifələrin öhdəsindən gələ bilmirdilər.

Məhz buna görə də, torpaqlarımızın xeyli hissəsi itirildi, ölkədə xaos, anarxiya baş alıb getdi, vətəndaş müharibəsi təhlükəsi yarandı, qardaş qırğını başlandı, qanunçuluğun əsasları ciddi şəkildə zəiflədi, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatdı, dövlətçiliyimiz və müstəqilliyimiz təhlükə qarşısında qaldı. Ölkəni idarə etmək qabiliyyətində olmayan o vaxtkı iqtidar nümayəndələri başlarını itirdikləri üçün, nə edəcəklərini belə bilmirdilər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Azərbaycanın müstəqil ölkə kimi mövcudluğu, dövlətçiliyin qorunub saxlanılması, möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Azərbaycana qayıdışı, əvvəlcə Naxçıvan Muxtar Respublikasına, az sonra isə bütövlükdə ölkəyə rəhbərlik etməsi dövlət quruculuğunun və ictimai-siyasi proseslərin məqsədyönlü şəkildə idarə olunmasına, irəli aparılmasına, inkişaf etdirilməsinə şərait yaratmışdı.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli iclasında üçrəngli Azərbaycan bayrağını dövlət rəmzi kimi qəbul etdirməyə nail olması milli dövlətçilik ideologiyası baxımından Azərbaycanı ön mövqeyə çıxarmışdı. Çünki vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik rəmzi kimi qəbul edilmiş üçrəngli Azərbaycan bayrağının yenidən dövlət bayrağı səviyyəsində qəbul edilməsi hələ Sovetlər İttifaqının dağılmasından 11 ay əvvəl baş vermişdi. Bu, Azərbaycan tarixinin bütün zamanlar üçün çox şərəfli hadisəsidir.

Dövlət müstəqilliyi şəraitində ulu öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi bir neçə mühüm tədbir ölkəmizin həyatında tarixi hadisəyə çevrilmişdir. Bu hadisələrdən biri Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışarkən, hər ilin 31 dekabrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqındakı 16 dekabr 1991-ci il tarixli sərəncamı idi. Azərbaycanın dövlətçilik tarixində ilk dəfə bu sərəncamla “Dünya azərbaycanlıları” anlayışı böyük siyasətə gətirilmişdi. Hazırda Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il 31 dekabrda həm ölkə miqyasında, həm də xarici ölkələrdə dövlət səviyyəsində qeyd olunur və dünya azərbaycanlılarının birliyinin, əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Yeni qurulmuş Azərbaycan Respublikası müstəqil dövlət kimi demokratik hüquqi dövlət quruluşunu seçdiyini bəyan etsə də, məlum olduğu kimi XX əsrin sonlarının mürəkkəb ictimai-siyasi vəziyyətində müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi ilə ölkəmiz müstəqil dövlət kimi varlığını qoruyub saxlaya bildi və inkişaf yolunu seçdi.

Xalqımızın elitasını, ziyalıları, müxtəlif təbəqələri birləşdirən nümayəndə heyəti Naxçıvana getdi və bütün fəaliyyətini Azərbaycanın tərəqqisi və inkişafına həsr etmiş Ulu öndər Heydər Əliyev bu çətin və çıxılmaz vəziyyətdə xalqın ona uzadılmış əlindən tutdu və ömrünün qalan hissəsini də bu yolda sərf edəcəyini bildirdi. Bu cür addımı yalnız dahi şəxsiyyətlər, xalqının xilaskarı olmaq missiyasını öz üzərinə götürmüş insanlar ata bilərdi. Heydər Əliyev məhz belə insanlardan idi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi və iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu, elə bir dövr idi ki, respublikamız həm xaricdən, həm də daxildən sarsıdıcı zərbələrə məruz qalırdı. Ordu hissələrinin siyasi oyunlara qatılması, ölkədəki qeyri-sabit siyasi vəziyyətdən istifadə edən erməni quldurlarının yeni hücum əməliyyatları, qaçqın və məcburi köçkün ordusu, özbaşınalıq dövlətçiliyimizin varlığını sual altında qoymuşdu.

Ulu öndər Heydər Əliyev dövlət müstəqilliyinin ən gərgin və mürəkkəb illərində taleyin hökmü ilə xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi, möhkəm iradəsi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan, dövlətimizi parçalanmaq, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı, dövlət müstəqilliyi qorunub saxlanıldı.

Ölkə daxilində ictimai-siyasi şərait bərpa olunduqca müstəqil respublikanın dövlət təsisatları yaradılmağa, qurulmağa başladı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli Konstitusiyamızın qəbulu ölkədə genişmiqyaslı hüquqi islahatların həyata keçirilməsinə böyük imkanlar verdi. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi.

Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə məhz ulu öndər Heydər Əliyev xalqımızı və tariximizi, Azərbaycan dövlətçiliyini xilas etdi, qoruyub saxladı, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!

Bəli, Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonrakı dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olundu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Dahi şəxsiyyət Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına bir daha sadiq qaldığını sübut etdi ki, həqiqətən Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir.

Məhz ulu öndər Heydər Əliyevin qətiyyətli xarici və daxili siyasəti nəticəsində Azərbaycan artıq dünya miqyasında tanınıb, beynəlxalq təşkilatlarda öz layiqli yerini tutub, öz sözünü cəsarətlə demək qüdrətindədir. Əsası görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici siyasət xətti düşünülmüş prinsiplər əsasında hazırda da uğurla davam etdirilir. Ümummilli liderimizin məyyənləşdirdiyi düzgün siyasi xətt respublikada qısa vaxtda ordu quruculuğunu möhkəmləndirmiş, güclü, mütəşəkkil ordunun yaradılmasına gətirib çıxarmışdır. Torpaqlarımızın bir hissəsinin düşmən tapdağı altında olduğu belə çətin durumda ordu quruculuğuna böyük diqqət yetirilməsi daxili siyasətin daha bir uğuru deməkdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün, xalqımız üçün gördüyü işləri sadalamaqla bitib tükənən deyil. Çünki, Azərbaycanın hər daşında, torpağında, quruculuq işlərində ulu öndərin izləri var, onun fəaliyyətinin uğurlu bəhrələrini hər yerdə görmək mümkündür. Bu gün onun möhtəşəm işləri, əməlləri, misilsiz xidmətləri xalqımıza bəllidir və gözümüz önündədir.

İqtisadiyyat sahəsində də müstəqil Azərbaycan dövləti özünəməxsus inkişaf modeli formalaşdırmışdır. Bazar iqtisadiyyatı ölkəmizin iqtisadi sahədəki inkişafının əsas strategiyasını müəyyən edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin möhkəm siyasi iradəsi və böyük uzaqgörənliyi sayəsində 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatında mühüm yer tutan neft strategiyasının əsasını təşkil edir. Beynəlxalq əhəmiyyətə malik olan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, “Şahdəniz-2”, TANAP və TAP kimi layihələr “Əsrin müqaviləsi”nin mühüm və uğurlu nəticələridir. Bununla yanaşı, ölkəmizdə neft gəlirləri hesabına qeyri-neft sektorunun inkişaf etdirilməsi siyasəti uğurla həyata keçirilməkdədir. Hazırda bu istiqamətdə aparılan məqsədyönlü dövlət siyasəti aqrar sahənin, turizmin, nəqliyyat sektorunun, xidmət sahələrinin inkişaf etdirilməsinə ciddi təkan verir. Azərbaycan Respublikasının iqtisadiyyatında özəl sektorun yeri və rolu artmaqda davam edir. Şaxələndirilmiş çoxprofilli iqtisadiyyat modeli ölkə iqtisadiyyatını irəli aparır. İllərdən bəri müvəffəqiyyətlə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı proqramları ölkəmizin hərtərəfli tərəqqisində mühüm rol oynayır. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilərək möhkəmləndirilməsi müasir Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutur. Millilik amili, mənəvi zənginlik, davamlı adət-ənənələrin yaşadılması, soykökə bağlılıq, milli-tarixi yaddaşa qayıdış və müasirlik yeni dövr Azərbaycan vətəndaşının əsas simasını təcəssüm etdirir.

Müasir Azərbaycan cəmiyyəti bəşəri dəyərlərə sadiq qalmaqla milli-mənəvi dəyərlər əsasında inkişaf etdirilir. Milli dövlətçilik rəmzlərinin: dövlət himninin, dövlət bayrağının, respublikanın gerbinin, dövlət dilinin daim uca tutulması hər bir vətəndaşın şərəfli və məsuliyyətli borcuna çevrilməsinin bariz nümunəsidir. Yüksək milli-mənəvi dəyərlərə və dövlət rəmzlərinə malik olmaq Azərbaycanda dövlət müstəqilliyinin real nəticəsi və təntənəsidir. Göründüyü kimi, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünəməxsus inkişaf modeli, siyasi-iqtisadi və mədəni yüksəliş konsepsiyası əsasında irəliyə doğru tarixi yolunu davam etdirməkdədir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 12 oktyabr 2016-cı il tarixli sərəncamında deyildiyi kimi, “nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur”. Formalaşmış güclü dövlətçilik sisteminə və zəngin yeraltı və yerüstü sərvətlərə, ən başlıcası isə inkişaf etmiş insan kapitalına malik olan Azərbaycan Respublikası müstəqil dövlətçiliyin müasir inkişafına əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir.

Müstəqillik illərində Azərbaycanda böyük uğurla həyata keçirilmiş Konstitusiya islahatları ölkəmizdə müstəqil dövlət quruculuğunun daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət etmişdir. O cümlədən 26 sentyabr 2016-cı ildə yüksək mütəşəkkil səviyyədə keçirilən referendum xalqın Prezident İlham Əliyevin dövlətçilik kursuna tam dəstəyini ifadə edir.

Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Prezident İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktlardır. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Müstəqillik dövründə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir.

Müstəqil Azərbaycan Prokurorluğunun dövlətçilik maraqlarına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ulu öndər Heydər Əliyevin dövlətçilik siyasəti, qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Prokurorluqda aparılan islahatların əsas məramı bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşımaqla, Heydər Əliyevin nəzarəti və dəstəyi ilə görülən məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişiklikləri həyata keçirilmiş, fəaliyyət üçün tələb olunan lazımi hüquqi baza yaradılmışdır. Prokurorluq orqanları demokratik istiqamətdə tamamilə yenidən formalaşmış, vaxtında aparılmış hüquqi islahatlar və prokurorluq orqanlarının işinin yenidən qurulması nəticəsində Azərbaycan Respublikasında dövrün və zamanın tələbinə uyğun yeni keyfiyyətə xas olan sağlam prokurorluq sistemi yaradılmışdır. Prokurorluq orqanlarının vəzifə və səlahiyyətlərində azad, demokratik cəmiyyətə və beynəlxalq standartlara uyğun əsaslı dəyişikliklər edilmiş və bunları tənzimləyən hüquqi aktlar qəbul olunmuşdur. Bütün bunların nəticəsində Azərbaycan Respublikası Prokurorluğu orqanları cinayətkarlığa qarşı mübarizədə dövlətçilik maraqlarının, insan və vətəndaş hüquqları və azadlıqlarının qorunmasına xidmət edən demokratik inkişaf yolu seçmiş bir sistemə çevrilmişdir.

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir. 

 

Maarif Hüseynov,

Cəbrayıl rayon prokuroru,

ədliyyə müşaviri.

“Respublika” qəzeti,

18 noyabr 2016-cı il