Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-11-26
Müstəqilliyimiz milli sərvətimizdir

Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyini elan etmiş nadir ölkələrdəndir. Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman dünyasında ilk demokratik respublika idi və o, xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi, Şərqdə ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verirdi.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında əvəzsiz xidmətləri olan böyük zəka sahiblərinin cəsarət və uzaqqörənliyinə yüksək qiymət verərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, İstiqlal bəyannaməsinin elan olunması böyük zəka, uzaqqörənlik, cəsarət, iradə, qəhrəmanlıq tələb edirdi. Bizim dəyərli siyasi xadimlərimiz həmin gün bu tarixi addımı atdılar”.

Tarixi baxımdan Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığı aydın görünür. Amma ömrü boyu xalqının işıqlı sabahını düşünərək bütün həyatını bu müqəddəs amala həsr edən, müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə yaşayan və hər bir addımında, ictimai və siyasi fəaliyyətində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səylərinin nəticəsi olaraq müstəqilliyə aparan yollardakı bütün maneələr aradan qaldırıldı.

Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin əsasını qoydu. “İstiqlal bəyannaməsi” insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə, irqi, milli və digər bərabərsizliklərin ləğvinə, sivilizasiyalı dövlətlərin inkişaf etmiş demokratiyasından istifadə edilməsinə əsaslı şərait yaratdı. Bəyannamədə göstərilirdi ki, Azərbaycan demokratik respublika formasında müstəqil və suveren dövlətdir, ali hakimiyyət xalqa məxsusdur, beynəlxalq birliyin bütün üzvləri ilə dostluq əlaqələri yaradır və öz ərazilərində yaşayan xalqların bərabər inkişafına şərait yaradır.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti bir sıra dövlətlərlə ikitərəfli diplomatik münasibətlərin qurulmasına nail ola bildi. Dövlətçilik prinsiplərinə görə şərqdə ilk demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, höküməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi.
Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir”.
Lakin, müstəqil Azərbaycan Respublikası demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilmədi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxdı, Milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynadı. Ən əsası isə Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirdi.

Azərbaycan Respublikasının Ali Soveti demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanaraq, habelə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası yaradılsa da, ölkənin bir-birini əvəz edən səriştəsiz rəhbərlərinin şəxsi maraqları baxımından ölkədə xaosun yaranmasına səbəb oldu. AXC-Müsavat cütlüyünün bir illik uğursuz hakimiyyəti dövründə, yarıtmaz kadr siyasəti, daxili çəkişmələr, idarəetmə təcrübəsinin olmaması Ermənistanla müharibədə torpaqlarımızın təcavüzkar tərəfindən qəsb edilməsinə gətirib çıxardı və ölkə parçalanıb məhv olma təhlükəsinə məhkum edildi.
Hadisələrin axarı ona dəlalət edirdi ki, müstəqillik haqqında aktın qəbul edilməsi hələ reallıqda müstəqil olmaq demək deyildi. Belə bir şəraitdə ölkəmizin əldə etdiyi deklarativ müstəqillyi həqiqi müstəqilliyə çevirə bilən, bu müstəqilliyi qoruyub inkişaf etdirən bir liderə, xilaskara ehtiyac var idi. Cünki hər bir xalqın milli-mənəvi irsinin, müstəqillik idealının konkret dövlət modelində əks etdirilməsi və onların dayanıqlı inkişafı üçün real əsasların formalaşdırılması, böyük liderlərin fenomenal idarəçilik keyfiyyətləri sayəsində mümkün olur. Bu kimi liderlər mütərəqqi inkişafın siyasi və iqtisadi modelini yaratmaq kimi çətin missiyanı da üzərlərinə götürərək mənsub olduqları xalqların gələcək yaşam strategiyasını təyin edirlər. Xalqımız üçün belə bir şəxsiyyət Heydər Əliyev idi. Xalq başa düşürdu ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz lider məhz Heydər Əliyevdir. AXC-Müsavat cütlüyü onu da yaxşı başa düşürdü ki, Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini Azərbaycan Respublikası yaşasa müstəqilliyinin itirilməsini və ya respublikanın hansısa güclü bir dövlətin forpostuna çevrilməsini xalqımız onlara bağışlamayacaq.

Ümummilli liderin xalqın təkidli tələbinə səs verərək 1993-cü ilin iyun ayının 9-da Bakıya qayıtması isə onun olduqca prinsipial, qətiyyətli, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Ulu öndər Heydər Əliyev ölkəni siyasi və iqtisadi tənəzüldən, hərc-mərclikdən, müstəqilliyin itirilməsi təhlükəsindən çıxardı, sabit və tarazlı milli inkişaf strategiyasının konseptual istiqamətlərini müəyyənləşdirdi.

1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü ilə bağlı xalqımızı təbrik edən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır”.
1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri və 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Bu isə Heydər Əliyevin yeni neft strategiyasının nəticəsinin təzahürü idi.
Respublikamızda demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş ilk Konstitusiyamız hüquqi, demokratik dövlət təsisatlarını, hakimiyyətin və dövlətin əsaslarını müəyyən edərək hüquq sisteminin fundamental əsaslarını təşkil edən və məhkəmə-hüquq islahatlarının keçirilməsinə zəmin yaratmışdır.

2001-ci ilin yanvar ayının 25-də Azərbaycan Respublikası Avropa ailəsinin tamhüquqlu üzvü kimi Avropa Şurasına qəbl olundu, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşuldu.
Ulu öndərimiz Heydər Əliyev siyasətinin və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, azad vətəndaş cəmiyyəti formalaşdırılmış, dünya dövlətləri birliyində öz layiqli yerini tutan respublikamızda iqtisadi müstəqilliyimizin və xalqımızın yüksək maddi rifahının, dünya azərbaycanlıların ümummilli ideya - azərbaycançılıq və milli dövlətçilik, milli-mənəvi dəyərlər ətrafında birləşməsinin möhkəm özülü yaranmışdır.
Ölkə Prezidenti bütün fəaliyyəti boyu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsensiyasını, o cümlədən hüquq siyasətini uğurla inkişaf etdirərək hüquqi dövlət quruculuğuna və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarına xüsusi diqqət yetirmiş və bununla bağlı mühüm yeniliklər həyata keçirmişdir. Aparılan məhkəmə-hüquq islahatları nəticəsində bir sıra mütərəqqi qanunlar, o cümlədən “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Prokurorluq haqqında” və digər qanunlar qəbul olunmuş, habelə müstəqil məhkəmə hakimiyyətinin fəaliyyətinin təmini üçün Mülki-Prosessual, Cinayət-Prosessual və digər məcəllələr qəbul olunmuş, bununla da məhkəmə hakimiyyətinin müstəqilliyinin və fəaliyyətinin səmərəliliyi artırılmışdır.

Ulu öndərimizin müəllifi olduğu Azərbaycan Respublikasının ilk milli Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilən referendumunda qəbul olunmuş və Azərbaycan Respublikası Prokurorluğu məhkəmə hakimiyyətinin tərkibinə daxil edilmişdir.

Konstitusiyamızda insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi, insan və vətəndaş hüquqlarını və azadlıqlarını qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit olunmuş, Konstitusiyamızın 129-cu maddəsinin III hissəsində məhkəmə qərarının qanuna və sübutlara əsaslanması vurğulanmışdır.

Respublikada aparılan məhkəmə-hüquq islahatları ilə bağlı 7 dekabr 1999-cu il tarixdə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və bu gün prokurorluq mahiyyətcə yenidən formalaşmış və demokratik cəmiyyətə xas olan, cinayət təqibi cərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunmasına xidmət edən sivil bir orqana çevrilmişdir. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi prokurorluğun fəaliyyətinin əsas prinsipi, ibtidai araşdırmaya prosessual rəhbərlik isə prokurorluğun fəaliyyət istiqaməti kimi təsbit olunmuşdur. Bu baxımdan cinayət təqibinin qanuniliyi, ibtidai araşdırmanın keyfiyyətinin yüksəldilməsi və səmərəli istintaqın həyata keçirilməsi bu gün prokurorluğun qarşısında duran əsas və başlıca vəzifədir.
1995-ci ilin 12 noyabrında Konstitusiyanın qəbulu ilə yanaşı, həm də Azərbaycanda demokratik şəraitdə ilk parlament formalaşdırılmışdır. Parlament qarşısına qoyduğu vəzifələri - ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, Azərbaycanın Avropa xalqları ailəsinə inteqrasiyası, bu məqsədlə cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması, möhkəmləndirilməsi və təkmilləşdirilməsi kimi vəzifələri uğurla yerinə yetirmiş, qanun yaradıcılığı işində dünyanın qabaqcıl demokratik ölkələrinin təcrübəsindən bəhrələnmiş, qanunvericilik fəaliyyətində istər kəmiyyət, istərsə də keyfiyyət göstəriciləri baxımından böyük nailiyyətlər qazanmışdır.

Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır. Eyni zamanda, ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Möhtərəm İlham Əliyevin on üç illik Prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə deyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində on illərə bərabər sıçrayışlı inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü uğurlu daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib. Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxformatlı əlaqələrinin daim genişlənməsi deməyə əsas verir ki, indiyədək aparılmış və bu gün də dönmədən davam etdirilən siyasi kurs düzgün istiqamətdədir. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması ölkəmizə böyük uğurlar gətirib. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illər iqtisadi artım tempinə görə dünyada ön sıralardadır. “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir... Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.

Cənab İlham Əliyevin hələ 2003-cü ilin prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq dövlətimizin başçısı seçildikdən sonra andiçmə mərasimindəki proqram xarakterli nitqində söylədiyi sözlər müstəqil Azərbaycanın dünənini, bu gününü və gələcək inkişaf strategiyasını müəyyənləşdirən strateji amillərdir. Həqiqətən də, təməli ulu öndərimiz tərəfindən qoyulmuş və uzun illər ərzində qətiyyətlə reallaşdırılan müdrik siyasi kursun Azərbaycanın və regionumuzun parlaq lideri, Prezident İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətdə uğurla davam etdirildiyinin və bu siyasətin Azərbaycana gətirdiyi möhtəşəm uğurların hamımız canlı şahidləriyik.

Təbii ki, qısa zaman kəsiyində əldə edilən bu möhtəşəm uğurlar öz-özünə, boş yerdən yaranmayıb. Bunun bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, müdrik siyasi kursun mahiyyətindədirsə, birincidən az önəm kəsb etməyən digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən Avropa tipli lider səviyyəsinə yüksəlməsindədir. Burada həmçinin, Prezident İlham Əliyevin şəxsi keyfiyyətlərini, yüksək intellektini və mədəniyyətini, təvazökarlığını, həyatı boyunca topladığı bütün qiymətli və müsbət nə varsa, hamısını faydalı şəkildə sintezləşdirmək bacarığını da xüsusi qeyd etmək vacibdir.

Müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edərkən fərəhlə deməliyik ki, bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasına qəbul edilir. Azərbaycan öz inkişafının keyfiyyətcə daha yüksək mərhələsinə daxil olub. Bu bir daha təsdiqləyir ki, ulu öndərimizin müəyyənləşdirdiyi müdrik siyasi kursa Azərbaycanda alternativ yoxdur və bu kurs ölkəmizi daha firavan gələcəyə aparır. Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir”.

Həyatımızın bütün sahələrində olduğu kimi, prokurorluq sistemində də köklü islahatların aparılması ilk növbədə Azərbaycan xalqının milli, mədəni və tarixi ənənələrinə söykənərək cəmiyyətimizdə insan hüquqlarının daha etibarlı təmin edilməsinə yönəlmişdir. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində digər dövlət orqanları ilə yanaşı prokurorluq orqanlarının da rolu danılmazdır. Məhz ulu öndərin diqqət və qayğısı ilə prokurorluq orqanlarında sağlam iqlim yaradılmış, prokurorluq əməkdaşları mənəvi cəhətdən daha da sağlamlaşdırılmışdır. Azərbaycan Prokurorluğu mövcudluğuna, inkişafına, formalaşıb təşəkkül tapmasına görə ulu öndərimiz Heydər Əliyevə minnətdar olmalıdır. Cinayətkarlığa qarşı mübarizə hüquq qaydalarının möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində əldə etdiyi bütün uğurlar Heydər Əliyev zəkasının məhsuludur.

Bu gün biz əminliklə deyə bilərik ki, müstəqli Azərbaycan hərtərəfli inkişaf edir və ulu öndər Heydər Əliyevin xalqımızın müstəqil və azad yaşaması üçün yaratdığı memarlıq əsəri olan Azərbaycan etibarlı əllərdə olmaqla, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursu hər bir azərbaycanlı dəstəkləyir və müstəqilliyimizin qorunması işi qarşımızda ən ümdə vəzifə kimi müəyyən olunmuşdur.

Sərdar İmanov,
Sumqayıt şəhər prokuroru,
baş ədliyyə müşaviri.

“Respublika” qəzeti,

26 noyabr 2016-cı il