Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2016-11-15
Azərbaycan Respublikası müstəqillik illərində şərəfli dövlətçilik yolu keçmişdir

Dövlət müstəqilliyinin yenidən bərpasından ötən 25 illik dövr müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur. 1918-ci il 28 may tarixində şərqdə ilk demokratik idarəetmə forması - Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra qısa müddətdə süqut etdi və sonrakı Sovetlər Birliyinin tərkibinə kommunist rejimi kimi qoşulan Azərbaycan XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etdi. Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçdi.

1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən oldu. Bu mühüm tarixi sənəd xalqımızı azadlığına qovuşdurdu.

Lakin, o dövrdə baş verən hadisələr, Azərbaycanın müstəqillik yolunun açılmasını istəməyən və gözü götürməyən qüvvələrin, dövlətlərin dəstəyi ilə separatçı addımların atılması, qanunsuz silahlı birləşmələrin təxribat fəaliyyəti və o dövrkü hakimiyyətin səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycanda xaos və vətəndaş müharibəsi təhlükəsi yaradaraq ölkədə qarşıdurma və hərc-mərcilik yaranmasına səbəb olmuş və yenidən Azərbaycanı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur.

Azərbaycan xalqının təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanıldı. 1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, respublikamız üçün taleyüklü strateji islahatların, qanunvericiliyin, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsinin başlanğıcı oldu.

Müstəqilliyimizin ilk illərində çox mürəkkəb bir şəraitdə təxirə salınmadan, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı da məhz ulu öndər Heydər Əliyev oldu. Onun təşəbbüskarlığı və sədrliyi ilə Azərbaycn Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbulu Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu.

Azərbaycan Respublikasında 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. Burada fundamental olan bərabərlik hüququ, yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və sair bu kimi vətəndaşlıq hüquqları öz əksini tapmışdır.

Bundan başqa, cəmiyyətin və dövlətin idarə olunmasında iştirak, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları da konstitusiyada layiqli yer almışdır.

Azərbaycanın Avropa Şurasına üzv olması ilə əlaqədar ölüm hökmünün 10 fevral 1998- ci il tarixdə aradan qaldırması da atılan humanitar addımlar sırasına daxildir. Azərbaycan Respublikası 2001-ci il yanvar ayının 25-də Avropa Şurasına qəbul edildikdən sonra dövlətimizin öz hüquq sistemini Avropa hüquq məkanına uyğunlaşdırması prosesinə başlanılmış və İnsan Haqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il iyul ayının 2-də yaradılmışdır.

Dövlətimizin ali məqsədinə nail olunmasında, müvafiq hüquqi mexanizmlərin yaradılmasında, o cümlədən mükəmməl qanunvericilik bazasının formalaşdırılmasında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il fevralın 22-də imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı xüsusi əhəmiyyətə malikdir. Həmin dövrdə ulu öndərimiz tərəfindən təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə ilk fundamental sənəd olmaqla inkişafa təkan vermişdir.

Təsadüfi deyil ki, ilk Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i ölkə başçısının 2007-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda insan hüquqları günü elan edilmişdir.

Ölkəmiz tərəfindən təsdiq edilmiş 1950-ci il Avropa Konvensiyasının implementasiyası istiqamətində mühüm addımlardan biri kimi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” 24 dekabr 2002-ci il tarixli Konstitusiya Qanununun qəbul edilməsini də xüsusi vurğulamaq lazımdır.

2002 və 2009-cu illərdə, daha sonra cari ildə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasını, vətəndaşların layiqli həyat səviyyəsini, demokratiyanın inkişafını təmin etdi. Hüquq sistemi üçün vacib dəyişikliklərdən biri isə hər bir kəsə pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə fərdi şəkildə müraciət etmək hüququnun verilməsi oldu.

Ümummilli lider Heydər Əliyevin prokurorluğun rəhbər heyəti ilə keçirdiyi 26 aprel 2000-ci il tarixli müşavirədən sonrakı on ilə yaxın bir müddət ərzində davam edən, Azərbaycanda beynəlxalq standartlara uyğun prokurorluq orqanlarının formalaşdırılması prosesi əsasən yekunlaşdıqdan sonra bu dövlət təsisatının ölkənin hüquq sistemində əhəmiyyətinin, vətəndaş cəmiyyətində rolunun artırılması, hüquqi dövlət quruculuğunda iştirakının gücləndirilməsi istiqamətində mühüm tədbirlər görülməklə prokurorluq orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə və yüksək dünya standartlarına uyğun olaraq daha yüksək keyfiyyət müstəvisində qurulması üçün hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi mərhələsi həyata keçirilməyə başlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşərək müasirləşdirilməsi dövrünün əsasını qoymuş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, insan hüquq və azadlıqlarının qorunması, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə edilməsi, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində, prokurorluğun fəaliyyətinin digər istiqamətləri üzrə peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması sahələrində ciddi uğurlar əldə edilmişdir.

Dövlət Proqramının icrası nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin bütün sahələrini əhatə edən çoxsaylı və vacib əhəmiyyətli tədbirlər görülməklə əsaslı təkmilləşməyə və müasirləşməyə nail olunmuşdur. Baş Prokurorluqda yaradılmış bir sıra komissiya və işçi qruplarının səmərəli fəaliyyəti nəticəsində Dövlət Proqramında nəzərdə tutulmuş 23 bəndin, habelə onun yerinə yetirilməsi ilə əlaqədar təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş 60-dan artıq tədbirin müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası təmin edilmişdir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokurorunun təşəbbüsü, rəhbərliyi və gündəlik nəzarəti ilə həyata keçirilən köklü islahatlar Azərbaycan prokurorluğunu bu gün insan hüquq və azadlıqlarının layiqli qarantına çevirən etibarlı dövlət orqanı kimi formalaşdırmışdır.

İnsan hüquq və azadlıqları ilə bağlı Azərbaycan Respublikasının qoşulduğu konvensiya və digər beynəlxalq sənədlərini dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyətində tətbiqi də daim diqqət mərkəzindədir. Digər dövlət qurumlarında olduğu kimi, Azərbaycan Respublikası prokurorluq orqanlarında da bu məsələlərə geniş yer verilmişdir. Belə ki, “Cinayət təqibi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” Azərbaycan Respublikası Baş prokurorunun 01.12.2006-cı il tarixli 09/84 №-li əmri bu sahədə mövcud təcrübəni daha işlək mexanizmə çevirmişdir.

Dövlət idarəetməsində yeni fəaliyyət üslubunun formalaşdırılması istiqamətindəki mühüm tədbirlərdən biri ölkə Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması oldu. Agentlik dövlət orqanlarında şəffaflığın artırılmasının, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaların tətbiqilə göstərilməsinin, vətəndaşlara münasibətdə etik davranış qaydalarına əməl edilməsinin və vətəndaş məmnunluğunun təmininin zəruriliyindən yaradılmış, bir neçə orqanın xidmətlərini bir qurumda təqdim edən “ASAN xidmət” mərkəzlərinin yaradılması ilə nəticələnmişdir.

Bütün Azərbaycan xalqı kimi Qusar ictimaiyyəti də, ziyalılardan tutmuş sadə kənd zəhmətkeşlərinədək hamısı Prezident cənab İlham Əliyevin fəaliyyətində daim Əsas Qanuna istinad edərək respublikada ümumbəşəri demokratik dəyərlərin və qanunun aliliyinin tam təminatına çalışmasını alqışlayır. Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.

Dövlət başçısı cənab İlham Əliyev Qusar rayonuna 12 dəfə səfər etmiş, hər dəfə onun gəlişi iri sosial lahiyələrin həyata keçirilməsi - yeni məktəb binalarının açılışı, mərkəzi rayon xəstəxanasının yeni inzibati binasının, şahmat məktəbinin, olimpiya idman kompleksinin, Şahdağ qış-yay turizm kompleksinin, ümumi uzunluğu 98 kilometr olmaqla demək olar ki, rayonun bütün dağ kəndlərini rayon mərkəzi və respublika əhəmiyyətli yollarla birləşdirən kənd yollarının istifadəyə verilməsi ilə əlamətdar olmuşdur. Təsadüfi deyil ki, Qusar rayonuna 08 sentyabr 2016-cı il tarixli səfərində cənab İlham Əliyev Qusar rayonunun sosial iqtisadi inkişafının sürətlə getdiyini və bu məsələləri daim diqqət mərkəzində saxladığını vurğulamışdır.

Bu gün Azərbaycan Respublikası Prokurorluğunun tərkib hissəsi kimi Qusar rayon prokurorluğu da vətəndaşların hüquq və azadlıqlarını təmin edən, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparan, bu sahədə daim profilaktik tədbirlər görən, rayon ərazisində qanunların eyni cür və dürüst icrasını təmin edən bir orqana çevirilmişdir. Rayon prokurorluğunun təşəbbüsü ilə rayonun, demək olar ki, bütün yaşayış məntəqələrində rayon icra hakimiyyəti, polis şöbəsi, təhsil şöbəsi, bələdiyyələr, rayon ağsaqqalları və ziyalıları ilə birgə mütəmadi görüşlər keçirilir, hüquqi biliklərin təbliği, hərbi vətənpərvərlik, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası, narkomaniya, radikal dini cərəyanlarla mübarizə sahəsində təbliğat işləri aparılır və bu da öz müsbət nəticəsini verməkdədir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il rayon ərazisində xüsusilə ağır cinayət hadisəsi, həmçinin soyğunçuluq, quldurluq kimi ağır cinayət hadisələri qeydə alınmamışdır.

Qeyd edilənlərin məntiqi nəticəsi olaraq deyə bilərik ki, qədirbilən rayon ictimaiyyəti də daim qanunlara hörmət edir, rayon prokurorluğu da daxil olmaqla digər dövlət qurumlarının fəaliyyətində onlara köməklik göstərir, ölkə rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmağa çalışır. Məhz bunun nəticəsidir ki, Qusar əhalisi 26 sentyabr 2016-cı il tarixdə keçirilən ümumxalq səsverməsi-referendumda fəal şəkildə iştirak edərək cənab Prezident İlham Əliyevin siyasətini bütünlüklə dəstəkləmişlər. Bu baxımdan yeni inkişaf mərhələsi hər birimizdən müasir yanaşma, xalqa xidmət müstəvisində səmərəli və şəffaf, müasir idarəetmə modelinin, vətəndaş-məmur münasibətlərində daim inkişaf edən düşüncə tərzini tələb edir. Bütün bunların reallaşması insan hüquqlarına verilən mühüm töhfə olmaqla, yeni təşəbbüsləri və qarşılıqlı əməkdaşlığı şərtləndirir.

Bütün Azərbaycan xalqı dərk edir ki, ulu öndər Heydər Əliyevin bizə etibar etdiyi müstəqil Azərbaycan Respublikasında yaşamaq, yaratmaq, işləmək hər bir vətəndaşın hüququ olmaqla yanaşı, onun suverenliyini də göz bəbəyi kimi qorumaq şərəfli borcumuzdur. Dövlətlə xalqın birliyi isə müstəqilliyimizi əbədi, dönməz və sarsılmaz edəcəkdir.

 

 

Zahid Vəliyev,

Qusar rayon prokuroru
Baş ədliyyə müşaviri,

Prokurorluğun fəxri işçisi

“Respublika” qəzeti,

15 noyabr 2016-cı il,