Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2008-06-02
Azərbaycan Prokurorluğu tarixin inkişaf mərhələlərində
Azərbaycan Prokurorluğunun inkişaf yolu Azərbaycan Respublikasının müasir tarixinin ayrılmaz tərkib hissəsidir. Onun tarixini öz müstəqilliyini bərpa etmiş ölkəmizin tarixindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Ölkəmizin tarixi isə müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı, onun əvəzsiz lideri və görkəmli dövlət xadimi Heydər əliyevin adı ilə bağlı olduğundan bütün xalqımız kimi prokurorluq işçiləri ölkədəki sabitliyə, bu günkü prokurorluğun mövcudluğuna, onun fəaliyyət göstərməsinə görə ilk növbədə o qüdrətli şəxsiyyətin müdrik dövlət siyasətinə borcludurlar.

Tarixən prokurorluğun yarandığı yer Fransa, Fransa prokurorluğunun banisi isə IV Filipp hesab edilir. O dövrdə krallıq hakimiyyət sütunlarından demək olar ki, məhrum vəziyyətdə idi və bu səbəbdən də kral hakimiyyətinin iradəsinin yerlərdə həyata keçirilməsini təmin edəcək, onu təmsil edəcək nümayəndələrə ehtiyac duyulurdu. Bu da geniş səlahiyyətlərə malik prokurorluqların yaradılmasını labüd edirdi. Məhz, kral IV Filipp dövründə – 25 mart 1302-ci il tarixdə kralın maraqlarının prokurorluq vasitəsi ilə təmsil edilməsini müəyyən edən qanun (ordonans) qəbul edilmişdir. "Prokuror" (lat. "procurarı" – "nəzarət etmək", "qayğı göstərmək") termini Fransada yalnız XVIII əsrin əvvəllərində işlədilməyə başlanmışdır. Həmin dövrə qədər isə müvafiq vəzifəli şəxslər "kralın adamları" adlanırdılar. Yuxarıda göstərilən səlahiyyətlərin verilməsi qısa müddətdə prokurorluğu ən mühüm dövlət orqanına çevirdi.

Müasir prokurorluq 1789-cu il inqilabından sonra Fransada Napoleon qanunları əsasında yenidən qurulmuşdur. Rusiyada isə prokurorluq I Pyotrun "Baş prokuror vəzifəsi haqqında" 12 yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada ədliyyə Nazirliyi yarandıqdan sonra isə ədliyyə naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilmişdir.

1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinə əsasən Azərbaycan torpaqlarının zəbt edilməsi və bölünməsi nəticəsində Rusiya imperiyasının əsarəti altına düşmüş hissədə 1 yanvar 1841-ci il tarixədək komendant idarəçilik sistemi tətbiq olunur. Bundan sonra Zaqafqaziya ümumrusiya mülki idarəetmə sisteminə keçirilməklə, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilir. 1862-ci ildə qəbul edilən "Prokurorluq haqqında əsas müddəalar" Rusiyada prokuror nəzarətinin təyinatını, onun predmetini, prokurorların vəzifə və səlahiyyətlərini müəyyən etmişdir. Həmin dövrlərdə Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malik Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevralında Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissəsi olan 13 yeni məhkəmə idarələri yaradılır.

1918-ci il mayın 28-də Şərqdə ilk müstəqil cümhuriyyət – Azərbaycan Demokratik Cümhuriyyəti yaradıldı və Azərbaycanın istiqlal bəyannaməsi qəbul edildi. Bu hökumətdə ədliyyə naziri Xəlilbəy Hacıbaba oğlu Xasməmmədov olmuşdur.

Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır.

Bundan sonrakı dövrdə ədliyyə naziri Xəlilbəy Xasməmmədovun təqdimatı ilə 14 noyabr 1918-ci il tarixdə Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə "Azərbaycan məhkəmə palatası" və onun əsasnaməsi təsdiq edilmiş, eyni zamanda ştat üzrə prokurorlar təyin edilərək fəaliyyət göstərmişlər.

28 aprel 1920-ci il tarixdə XI ordunun işğalı nəticəsində Azərbaycan Demokratik Respublikası öz səlahiyyətlərini bolşeviklərə verməklə fəaliyyətinə xitam vermiş, nəticədə Azərbaycan Sovet Sosialist Respublikası yaradılaraq yeni hökumət təşkil edilmişdir.

İnqilab Komitəsinin 13 may 1920-ci il tarixli qərarına əsasən fəaliyyətdə olan 1918-ci ildə yaranmış "Məhkəmə palatası", Bakı, Gəncə dairə məhkəmələri, onların nəzdində olan rütbəli prokuror nəzarəti və məhkəmə müstəntiqləri, onlara bərabər andlı məhkəmələri, vəkillər idarəsi və məhkəmə pristavları ləğv edilmiş, bunların əvəzinə İnqilab Komitəsi nəzdində inqilabi qanunları müdafiə funksiyasını daşıyan yeni məhkəmə palatası və müstəntiqlərdən ibarət istintaq komissiyaları təsis edilmişdir.

28 may 1922-ci il Rusiya ədliyyə Komissarlığı nəzdində Dövlət Prokurorluğu təsis olunmuşdur. Müvafiq olaraq 11 iyun 1922-ci il tarixdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə ədliyyə Komissarlığı nəzdində Dövlət Prokurorluğu təsis edildi. Həmin dekretə əsasən, dövlət adından bütün dövlət orqanlarında qanunların dürüst icrasına nəzarət etmək, təsərrüfat idarələri, şəxslər tərəfindən qanun pozuntularına yol verildiyi halda qanunsuz qərarlardan protest vermək və təqsirkarlar haqqında cinayət işi qaldırmaq, cinayətlərin açılması sahəsində təhqiqat və istintaq orqanlarının fəaliyyətinə bilavasitə nəzarət etmək, məhkəmələrdə dövlət ittihamçısı kimi çıxış etmək, dustaqların təcridxanalarda qanuni saxlanılmasına nəzarət etmək prokurorluğa həvalə edilmişdir. Daha sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin "Azərbaycanın məhkəmə quruluşu haqqında" 17 noyabr 1923-cü il tarixli qərarı ilə ədliyyə Nazirliyi nəzdində Dövlət prokurorluğu bir şöbə kimi yaradıldı.

1927-ci ilə Azərbaycan MİK öz qərarı ilə "Məhkəmə quruluşu haqqında əsasnaməni" təsdiq edərək Bakı və Gəncə dairə məhkəmələri əvəzinə 13 əyalət prokurorluqları yaradılmışdır. 1929-cu ildə isə respublikada yeni inzibati və ərazi bölgüləri ilə əlaqədar əyalət prokurorluqları ləğv edilərək əvəzinə 8 dairə prokurorluqları təsis edilmişdir.

1930-cu ildə Respublika ədliyyə Nazirliyi ləğv edildikdən sonra prokurorluq Mərkəzi İcraiyyə Komitəsinin tabeliyinə verilməklə ona respublika prokuroru başçılıq edirdi.

1931-ci ildə isə Zaqafqaziya respublikaları prokurorluğu təşkil edilərkən Azərbaycan, Gürcüstan və Ermənistan prokurorluqları onun tabeliyində fəaliyyət göstərmişlər.

20 iyun 1933-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlar Sovetinin qərarı ilə ilk dəfə SSRİ Prokurorluğu yaradıldı, 17 dekabr 1933-cü ildə isə prokurorluq haqqında əsasnamə təsdiq edildi. Qərarla SSRİ Prokurorluğunun İttifaq respublikaları üzərində rəhbərliyinin formaları və əlaqələri müəyyənləşdirildi. Prokurorluqların mərkəzləşdirilməsi prosesi başa çatdıqdan sonra SSRİ MİK və XKS-nin 20 iyul 1934-cü il tarixli qərarı ilə istintaq aparatı ittifaq və respublika ədliyyə Komissarlıqları nəzdindən çıxarılıb SSRİ Prokurorluğuna tabe edildi.

1936-cı ildə SSRİ Konstitusiyası qəbul olunaraq əsas Qanunun 164–168-ci maddələri sovet dövlət orqanları sistemində prokurorluğun yerini, onun əsas vəzifələrini, mərkəzi və yerli hakimiyyət orqanları ilə qarşılıqlı münasibətini müəyyən etdi, bütün nazirliklər, dövlət komitələri və baş idarələr, müəssisə, idarə və təşkilatlar, yerli xalq deputatları sovetlərinin icraedici və sərəncamverici orqanları, kolxozlar, kooperativ təşkilatları və digər ictimai təşkilatlar, vəzifəli şəxslər, habelə vətəndaşlar tərəfindən qanunların dürüst və eyni qaydada riayət olunması üzərində Ali Nəzarət SSRİ Baş Prokurorluğuna və ona tabe olan prokurorluqlara həvalə edildi.

Azərbaycan Respublikasının əvvəlki Konstitusiyalarında prokurorluq müstəqil dövlət orqanı kimi öz əksini tapmışdır. Azərbaycan SSR-in 1936-cı, daha sonra 1978-ci il Konstitusiyalarında prokurorluğa böyük səlahiyyətlər verilməsi ilə prokurorluq dövlətin həyatında ona ayrılmış çoxşaxəli və vacib funksiyaların daşıyıcısına çevrildi.

SSRİ prokurorluğu hüquq sistemində öz yerindən irəli gələn vəzifələri icra edərkən dövlətin mənafeyini güdürdüsə, müasir prokurorluq insan hüquq və azadlıqlarının keşikçisi, onların təminatçısı qismində fəaliyyət göstərir.

Hakimiyyətin bölünməsi prinsipinin hüquq nəzəriyyəsində qəbul edilməsi, onun əvvəlcə 18 oktyabr 1991-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının 13-cü maddəsində, daha sonra isə Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti sistemində prokurorluğun yerinin müəyyənləşdirilməsinə hüquqi əsaslar yaratmışdır. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Prokurorluğu məhkəmə hakimiyyətinə aid edilmişdir. Prokurorluğun yerini məhkəmə hakimiyyəti sistemində müəyyən etməklə Azərbaycan Respublikası Konstitusiyası hüquqi varisliyi təmin etmişdir. Həmin varisliyin təsdiqinin əyani təcəssümü Azərbaycan Respublikasının Prezidenti cənab Heydər əliyevin Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncamı olmuşdur.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən orqana çevrilməliydi. Bunun təməli ümummilli lider cənab Heydər əliyevin birbaşa rəhbərliyi altında işlənilib hazırlanmış müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuşdur. Belə ki, 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının Respublika ərazisində birbaşa qüvvəyə malik olduğu, onların təmin edilməsi isə dövlətin ali məqsədi kimi təsbit edilmişdir. Bu baxımdan təsadüfi deyil ki, dövlət həyatının bütün sahələrinin təşkili və fəaliyyət əsaslarını müəyyən edən Konstitusiya normalarının böyük qismi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunmuşdur.

Konstitusiyanın ölkəmizdə aparılan islahatlara təkan verməsi və bunun məntiqi nəticəsi kimi qəbul edilmiş Cinayət, Cinayət-prosessual, Cəzaların icrası, Mülki, Mülki-prosessual, İnzibati Xətalar Məcəllələri, "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Polis haqqında", "əməliyyat-axtarış fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunlar və digər normativ-hüquqi aktların qəbulu islahatların tərkib hissəsinə çevrilmişdir.

Dövlət quruculuğu prosesində mühüm rol oynayan hüquq-mühafizə orqanlarının fəaliyyətini daima diqqət mərkəzində saxlayan Ümummilli liderimiz Heydər əliyev cənablarının respublikanın prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi müşavirə zamanı nitqi bu qurumun tarixində çox mühüm olan yeni mərhələnin başlanğıcını qoydu. Məhz həmin nitq prokurorluqda sağlam kadr korpusunun formalaşdırılması, zəruri normativ bazanın yaradılması prokurorluq orqanlarının işlək və çevik bir quruma çevrilməsi üçün islahatlara təkan vermişdir.

Azərbaycan Respublikası qazandığı iqtisadi və siyasi nailiyyətlər, bir çox beynəlxalq layihə və proqramların ölkəmizdə uğurla gerçəkləşdirilməsi dünya birliyinin ölkəmizə olan marağını və inamını daha da artırmış, İnsan hüquq və azadlıqlarının təminatı üçün görülən işlər, iqtisadi, siyasi, hüquqi və mədəni islahatlar Azərbaycanı digər inkişaf etmiş dövlətlər sırasına çıxarmaqla, kəsərli söz sahibinə, etibarlı tərəfdaşa çevirmişdir. əlbəttə, Azərbaycanın bütün uğur və nailiyyətlərinin formalaşmasında qüdrətli iqtisadiyyat amili az rol oynamır. Lakin bu iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə hüquq sistemində, o cümlədən prokurorluq orqanlarında da köklü islahatlar aparılmışdır.

Demokratik islahatların qətiyyətlə, sistemli və ardıcıl həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası 2001-ci ilin yanvar ayında demokratik dünyanın aparıcı dövlətlərinin təmsil olunduğu Avropa Şurasına üzv qəbul olundu. Bundan başqa Azərbaycan Respublikası insan hüquq və azadlıqlarını təsbit edən 120-dən çox beynəlxalq müqavilə və konvensiyalara, o cümlədən "İnsan hüquqlarına dair Ümumi Bəyannamə"-yə, "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı" Konvensiyaya, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 148 və 151-ci maddələri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir və hətta digər normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Respublikanın Avropa ailəsinə sürətli inteqrasiyası məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarında islahatların aparılmasını zərurətə çevirmişdir.

Dövlətimizin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq normaların prioritetini qəbul etməsi öz əsasını təkcə Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq sənədlərdə deyil, habelə "Prokurorluq haqqında" Qanunda, cinayət prosessual qanunvericilikdə və digər milli qanunlarda da tapmışdır. Belə ki, "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən prokurorluq haqqında qanunvericilik təkcə Konstitusiya və digər qanunlardan deyil, eyni zamanda ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Bütün bunlar isə prokurorluğun insan hüquq və azadlıqlarının qorunması sahəsində beynəlxalq standartlara hörmətlə yanaşmasını bir daha təsdiq edir.

15 aprel 2002-ci il tarixdə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra Konvensiyanın hüquqi qüvvəsi Azərbaycan Respublikasının ərazisinə şamil edilmiş və bununla da Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər bir şəxsin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək hüququ yaranmışdır.

Məhz bu amillər nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında məhkəmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli Fərmanı ilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi və Milli məhkəmələr tərəfindən işlərə baxılarkən Konvensiyanın müddəalarına əməl edilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və onun milli məhkəmələrin təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarında da qeyd edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı işlərə baxarkən məhkəmələr Milli qanunvericilik ilə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Azərbaycan Respublikası Baş Prokurorunun "Cinayət təqibi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" 01 dekabr 2006-cı il tarixli 09/84 saylı əmri ilə cinayət işləri üzrə ibtidai araşdırma aparılarkən, ibtidai araşdırmaya prosessual rəhbərlik həyata keçirilərkən və məhkəmədə dövlət ittihamı müdafiə edilərkən Konvensiyanın müddəalarının, onların İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin konkret işlərə baxarkən verdiyi şərh və izahlara uyğun mənada nəzərə alınması və tətbiq edilməsi, cinayət təqibi prosesində bütün vəzifəli şəxslər tərəfindən insan hüquq və əsas azadlıqlarının qorunmasına yönəlmiş prosedurlara əməl olunması üçün səmərəli nəzarətin təmin olunması tələb olunmuşdur.

Qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş Prokuroruna tabe olması, siyasi bitərəflik prinsipləri əsasında formalaşmış kadr korpusuna olan yeni tələblər "Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi"nin qəbul olunmasını şərtləndirmişdir. Təsadüfi deyildir ki, həmin Kodeksdə prokurorluq işçisinin öz xidməti fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartlarını, Azərbaycan Respublikası Baş Prokurorunun müvafiq əmrlərini rəhbər tutmalı, prokurorluq işçiləri üçün etika və davranış üzrə Avropa rəhbər prinsiplərini və Cinayət mühakimə sistemində prokurorluğun rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı tövsiyələrini nəzərə almalı, həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməli olduğu kimi tələblər qarşıya vəzifə kimi qoyulmuşdur.

Rauf Məmmədəliyev,
Zəngilan rayon prokuroru,
kiçik ədliyyə müşaviri
"Azərbaycan Prokurorluğu" jurnalı, 2008, â„–1