Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2008-06-13
Zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə cinayətlərinin sadə qəsdən adam öldürmə cinayətlərindən fərqləndirilməsi
Şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumu qəsdən öldürüldükdə təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə tövsif edilir. Həmin maddənin dispozisiyasından görünür ki, adamöldürmənin bu növündə zərərçəkmiş qismində istər xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxs, istərsə də onun yaxın qohumları ola bilər. Sonuncu halda xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxs zərərçəkmiş olmayacaqdır. Lakin hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsinin dispozisiyasından belə nəticəyə gəlmək olur ki, bu növ cinayətlərdə zərərçəkmiş şəxs yalnız xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən ola bilər.

Həmçinin qeyd etmək lazımdır ki, "Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında bu məsələyə aydınlıq gətirilməmişdir.

Belə ki, həmin qərarın 7-ci bəndində qeyd edilir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun.

Göründüyü kimi, əməl CM-nin 120.2.3-cü maddəsi ilə tövsif edilərkən yaxın qohumların zərərçəkmiş şəxs olması mümkündür. Odur ki, adı çəkilən qərarda yalnız xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxslərin bu cinayətdən zərərçəkmiş olması ifadəsi tam dəqiq deyildir.

Odur ki, təklif olunur ki, Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsinin dispozisiyasından "zərərçəkmiş" sözü çıxarılaraq həmin maddə aşağıdakı redaksiyada verilsin:

120.2.3. şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə.

Eyni zamanda bu dəyişikliyin Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının 7-ci bəndində də əks etdirilməsi məqsədə müvafiq olardı.

Bundan başqa, şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanuni əsaslarla yaradılmış təşkilatda əmək müqaviləsinə əsasən həyata keçirilən qanuni fəaliyyət başa düşülməlidir. İctimai borcunu yerinə yetirməsi dedikdə, vətəndaşların həm müxtəlif ictimai birliklərdə ictimai faydalı, qanuni fəaliyyəti, həm də rəsmi olaraq hər hansı bir ictimai birliyin nümayəndəsi olmasa da, ümumilikdə cəmiyyətin və ya ayrı-ayrı şəxslərin maraqlarından irəli gələn fəaliyyəti (məsələn, hüquq pozuntularının qarşısını alma, hazırlanan və ya törədilmiş cinayətlər barədə hüquq-mühafizə orqanlarına xəbər vermə, məhkəmədə ifadə vermə, cinayətkar fəaliyyətdən imtina etmə və sair) başa düşülməlidir.

Lakin əgər şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hallarına, vəzifə səlahiyyətlərini aşma hərəkətlərinə yol verməsi səbəbindən onun özü və ya yaxın qohumu öldürülmüşsə, bu halda təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi, yəni sadə qəsdən adam öldürmə kimi qiymətləndirilməlidir (əlbəttə ki, onun əməlində başqa ağırlaşdırıcı və ya yüngülləşdirici hallarda qəsdən adam öldürmə əlamətləri olmadıqda). Həmçinin, cəmiyyətdə tutduğu mövqedən sui-istifadə etmə halları, ümumiyyətlə, ictimai vəzifənin həyata keçirilməsi kimi qiymətləndirilə bilməz və həmin vətəndaşların məhz bu səbəbdən qətlə yetirilməsinin də sadə qəsdən adam öldürmə kimi tövsif edilməsi məqsədə müvafiq olardı.

Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsində nəzərdə tutulan qəsdən adam öldürmənin motivi kimi əksər hallarda qisas alma və ya intiqam hissi çıxış edir. CM-nin 120.1-ci maddəsində də nəzərdə tutulan sadə qəsdən adam öldürmənin motivi kimi bir çox hallarda qisas alma və ya intiqam hissi olur. Lakin bu qəbildən olan cinayətlərin tövsifi zamanı nəzərə alınmalıdır ki, təqsirkarda qisas alma və ya intiqam motivi birinci halda zərərçəkmiş şəxsin özünün və ya yaxın qohumunun xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar yaranmış olur, ikinci halda isə belə motiv başqa əsaslarla, məsələn, ailə-məişət zəminində, şəxsi qərəzlik, paxıllıq, nifrət, şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı yaranmış olur.

Həmçinin, əməlin CM-nin 120.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxsin öz xidməti vəzifəsini və ya ictimai borcunu hazırda yerinə yetirməsi və ya əvvəllər yerinə yetirmiş olmasının fərqi yoxdur. Vacib olan odur ki, şəxs məhz xidməti vəzifəsinin və ya ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar öldürülmüş olsun və təqsirkar bu halı dərk etmiş olsun.

İstintaq və məhkəmə təcrübəsində şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sifarişlə qəsdən adam öldürmə cinayətlərinin tövsifi zamanı çətinliklərin yaranması hallarına rast gəlinir. Bu çətinliklər onunla bağlıdır ki, bir sıra hallarda bu xarakterli cinayətin icraçısına sifarişçinin hansı motivlə zərərçəkmişin öldürülməsini istəməsi məlum deyil və icraçı sadəcə sifarişi yerinə yetirərək qətl hadisəsini törətmiş olur.

Lakin bəzi müəliflər hesab edirlər ki, əgər cinayətin icraçısı sifarişçinin motivi barədə əvvəlcədən xəbərdar olunmuşdursa, bu halda onun əməli əlavə olaraq həmçinin, CM-nin 120.2.3-cü maddəsi ilə də tövsif olunmalıdır.

Fikrimizcə, bu mövqe ilə razılaşmaq olmaz, belə ki, sifarişlə qəsdən adam öldürmə zamanı sifarişçinin niyyəti müxtəlif motivlərdən irəli gəldiyi halda (qisas almaq, qısqançlıq və s.), icraçının motivi maddi və ya sair mükafat müqabilində cinayətin törədilməsidir.

Qeyd etmək lazımdır ki, təcrübədə xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar həmin şəxs deyil, başqası səhvən həyatdan məhrum edildiyi və ya təqsirkar tərəfindən xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirən şəxsin yaxın qohumu hesab edilən, lakin əslində başqa zərərçəkmiş şəxs qətlə yetirildiyi hallarda da çətinliklər yarana bilər. Belə olan halarda təqsirkarın əməlinin necə tövsif edilməsi məsələsi meydana çıxır.

Belə ki, a) CM-nin 120.1-ci maddəsi ilə, yəni sadə adam öldürmə kimi;
b) CM-nin 120.2.3-cü maddəsi ilə, yəni xidməti vəzifənin və ya ictimai borcun yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürmə;
c) CM-nin 29,120.2.3-cü maddəsi ilə, yəni xidməti vəzifənin və ya ictimai borcun yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd;
ç) CM-nin 120.1 və 29,120.2.3-cü maddələri ilə, yəni həm sadə bitmiş adam öldürmə, həm də xidməti vəzifənin və ya ictimai borcun yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd.

Qeyd edilən variantların təhlili göstərir ki, onların hər biri ayrı-ayrılıqda həm üstün cəhətlərə, həm də qüsurlara malikdir. Belə ki, bu xarakterli əməlin sadə qəsdən adam öldürmə kimi tövsif (Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə) edildiyi halda təqsirkarın hərəkətlərinin motivi, yəni şəxsin xidməti vəzifəsinin və ya ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar qəsdən öldürülməsi faktı nəzərə alınmamış qalır. Əməlin CM-nin 29,120.2.3-cü maddəsi ilə, yəni xidməti vəzifənin və ya ictimai borcun yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməsi isə cinayətin bitmiş olmasına baxmayaraq, əməl faktiki olaraq başa çatmamış cinayət kimi tövsif edilir. Səhvin xarakteri əməlin başa çatmamış cinayət kimi tövsif edilməsini istisna etməlidir, belə ki, zərərçəkmişin şəxsiyyətində yol verilmiş səhv təqsirkarın əməlinin tövsifinə təsir etməməlidir.

Əməlin CM-nin 120.1 və 29,120.2.3-cü maddələri ilə, yəni həm sadə bitmiş adam öldürmə, həm də xidməti vəzifənin və ya ictimai borcun yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd kimi tövsif edilməsinin də mənfi cəhətləri vardır. Birincisi, istər faktiki, istərsə də hüquqi cəhətdən bu xarakterli əməldə cinayətlərin məcmusu yoxdur. İkincisi, yalnız bir cinayət vardır ki, bu da müəyyən motivlə həyata keçirilən zaman zərərçəkmişin şəxsiyyətində təqsirkar səhvə yol vermiş olur.

Beləliklə, təqsirkar xidməti vəzifəsinin və ya ictimai borcunun yerinə yetirilməsi ilə əlaqədar qəsdən adam öldürmək niyyətilə həmin şəxsi deyil başqasını həyatdan məhrum etmişsə, yəni zərərçəkmişin şəxsiyyətində səhvə yol vermişsə, təqsirkarın əməli hər bir halda CM-nin 120.2.3-cü maddəsi ilə tövsif edilməlidir.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarında şəxsin xidməti vəzifəsini həyata keçirməsi anlayışına izah verilərək göstərilmişdir ki, onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarda, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontraktan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür.

Göründüyü kimi, istər şərh edilən normanın dispozisiyasında, istərsə də qərarda işçinin xidməti fəaliyyətindən söhbət açılır. Lakin şəxs sahibkarlıq fəaliyyəti ilə, yəni müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətlə məşğul ola bilər. Burada belə bir sual doğur ki, belə müstəqil fəaliyyət həyata keçirən şəxsin məhz bu fəaliyyətə görə qəsdən öldürülməsi halında əməl bəs necə tövsif edilməlidir?

Məsələn, əgər bir sahibkar rəqabəti aradan qaldırmaq üçün onunla eyni və ya oxşar sahədə fəaliyyət göstərən digər sahibkarı qətlə yetirdikdə, onun əməli tamah məqsədilə qəsdən adam öldürmə kimi qiymətləndirilə bilməz, belə ki, əməlin bu norma ilə tövsif edilməsi üçün təqsirkarın özü və ya başqası üçün hər cür maddi mənfəət (pul, əmlak, əmlaka olan hüquq, mənzil sahəsinə olan hüquq və s.) əldə etmək və ya maddi xərclərdən (borcun qaytarılmasından, aliment verməkdən və s.) yaxa qurtarmaq niyyəti olsun.

Qeyd edilən halda rəqabət yaradan sahibkarı aradan götürən təqsirkar birbaşa hər hansı bir maddi nemət əldə etmiş olmur. Sadəcə, o sahibkarlıq fəaliyyətini rəqabət olmayan şəraitdə davam etdirərək yalnız daha artıq mənfəət əldə etmək ehtimalı qazanır. Yəni, təqsirkar başqa şəxsin hesabına qanunsuz varlanmaq deyil, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq mənfəət əldə edə bilər. Lakin o, kommersiya işini düzgün qurmasa ümumiyyətlə heç bir mənfəət əldə etməyə də bilər. Odur ki, belə xaraktreli əməllərin tamah məqsədilə qəsdən adam ödürmə kimi qiymətlənlirilməsi düzgün olmazdı.

Fikrimizcə, qeyd edilən xarakterli əməllərin Azərbaycan Respublikası CM-nin 120.2.5-ci maddəsi ilə deyil, Məcəllənin 120.2.3-cü maddəsi ilə tövsif olunmasına dair töfsiyyələrin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun adı çəkilən qərarında əks etdirilməsi məqsədə müvafiq hesab edilməlidir.

Göstərilənləri nəzərə alaraq aşağıdakı nəticələri qeyd etmək olar:

1. Əgər şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hallarına, vəzifə səlahiyyətlərini aşma hərəkətlərinə yol verməsi səbəbindən, habelə qanunsuz ictimai fəaliyyət zamanı onun özü və ya yaxın qohumu öldürülmüşsə, bu halda təqsirkarın əməli Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə qiymətləndirilə bilməz və əgər əməldə başqa ağırlaşdırıcı və ya yüngülləşdirici hal yoxdursa, sadə qəsdən adam öldürmə kimi tövsif edilməsi məqsədə müvafiqdir.

2. Xidməti fəaliyyətini həyata keçirən şəxs dedikdə, istər mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanuni əsaslarla yaradılmış təşkilatda əmək müqaviləsinə əsasən həyata keçirilən qanuni fəaliyyət, istərsə də fərdi sahibkarlıq fəaliyyəti başa düşülməlidir.

3. İctimai borcunu yerinə yetirmək dedikdə, vətəndaşların həm müxtəlif ictimai faydalı fəaliyyəti, həm də hüquq pozuntularının qarşısını alma, hazırlanan və ya törədilmiş cinayətlər barədə hüquq-mühafizə orqanlarına xəbər vermə, məhkəmədə ifadə vermə, cinayətkar fəaliyyətdən imtina etmə və sair başa düşülməlidir.

Nazim Xudiyev,
Sabunçu rayon prokurorunun müavini,
ədliyyə müşaviri,
hüquq elmləri namizədi


İstifadə edilmiş ədəbiyyat:

1. «Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarı // Qanunçuluq, 2003, â„–2, s.38
2. Azərbaycan Respublikası CM-nin kommentariyası. F.Y.Səməndərovun redaktəsi ilə «Digesta» nəşriyyatı, Bakı, 2002-ci il, s.268
3. Səməndərov F.Y. Şəxsiyyət əleyhinə edilən cinayətlər (tövsif məsələləri). Bakı, BDU, 1997, s.39
4. Бородин С.Ð’. Престуgления против жизни. –Спб. : Издат. «Ð®Ñ€Ð¸Ð´Ð¸Ñ‡ÐµÑÐºÐ¸Ð¹ центр Пресс» , 2003
5. Андреева Л.А. Квалификация убийств совершенных при отягчающих обстоятельствах; Учебное пособие Спб., 1998
6. Попов А.Н. Убийства при отягчающих обстоятельствах Спб. : Издат. «Ð®Ñ€Ð¸Ð´Ð¸Ñ‡ÐµÑÐºÐ¸Ð¹ цент Пресс» 2003
7. «Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarı // Qanunçuluq, 2003, â„–2, s.38-39
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (maddə 13). Bakı, Qanun, 2005, s.14
9. Azərbaycan Respublikası CM-nin kommentariyası. F.Y.Səməndərovun redaktəsi ilə «Digesta» nəşriyyatı, Bakı, 2002-ci il, s.272