Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2008-04-08
İşgəncələrlə mübarizə sahəsində görülən tədbirlər ədalət mühakiməsi zamanı proses iştirakçılarının hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə xidmət edir
İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu müəyyən edərək, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş ölkəmiz insan hüquqları üzrə əsas beynəlxalq sənədlərə qoşulmuşdur.

31 may 1996-cı il, 25 dekabr 2001-ci il tarixli qanunlarla dövlətimiz  müvafiq olaraq, 10 dekabr 1984-cü il tarixdə qəbul edilmiş BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyasına, 26 noyabr 1987-ci il tarixdə qəbul edilmiş "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısnın alınması haqqında" Avropa Konvensiyasına, həmçinin onun 1 və 2 saylı Protokollarına müvafiq bəyanatla qoşulmuşdur.

Bu Konvensiyalara qoşulmaqla dövlətimiz öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə və digər tədbirlərin görülməsini öhdəsinə götürmüşdür.

Həmin tədbirlərin icrası ilə əlaqədar qeyd edilən konvensiyaların, həmçinin digər mütərəqqi beynəlxalq sənədlərin müddəalarının milli qanunvericiyimizə implementasiyası həyata keçirilmiş, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təminatları inkişaf etmiş ölkələrin tələblərinə uyğun səviyyəyə çatdırılmışdır.

"Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə müvafiq olaraq, digər fəaliyyət istiqamətləri ilə yanaşı prokurorluğun, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edən, həmçinin məhkəmədə dövlət ittihamını müdafiə edən orqan kimi, işgəncələrin və qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması sahəsində fəaliyyəti əvəzsizdir.

Qeyd edilən konvensiyaların tələbləri nəzərə alınmaqla prokurorluq orqanlarında bir sıra işlər görülmüşdür. Belə ki, vətəndaşların müvəqqəti saxlama yerlərində saxlanılmasının qanuniliyi üzərində gündəlik nəzarətin həyata keçirilməsinin qaydasını müəyyənləşdirən, eləcə də şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsinə yönəlmiş Baş Prokurorluq üzrə "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin, ibtidai istintaq və təhqiqat üzərində nəzarətin daha da gücləndirilməsi haqqında" 09.03.2001-ci il tarixli, 02/47 saylı əmr, habelə digər əmrlər verilmişdir.

Başlıca olaraq isə, Baş Prokurorluq üzrə "Azərbaycan Respublikasının "İşgəncələr və digər qəddar, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və  cəza növlərinin qarşısının alınması haqqında" Avropa Konvensiyasına qoşulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə" 14.02.2003-cü il tarixli 08/10 saylı əmri ilə işgəncələrlə mübarizə sahəsində kompleks tədris, metodoloci, monitorinq xarakterli qabaqlayıcı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan Baş Prokurorluğun geniş tədbirlər planı təsdiq edilmişdir.

Həmin əmrin 8-ci bəndilə məhkəmələrdə dövlət ittihamını müdafiə edən prokurorlardan qanunsuz yollarla əldə edilmiş sübutların ittihamın əsası kimi irəli sürülməsinə yol verilməməsi tələb edilmişdir.

Əmrin bu bəndinin icrası məqsədilə məhkəmələrdə dövlət ittihamını müdafiə edən prokurorlar cinayət işinin materialları ilə tanış olarkən, həmçinin bilavasitə məhkəmə baxışı gedişində, məhkəmə istintaqı mərhələsində sübutların, xüsusən də təqsirləndirilən şəxsin təqsirliliyinə dəlalət edən sübutların həqiqiliyini, yaranma mənbəyini və əldə edilməsi hallarını ciddi nəzərdən keçirməlidirlər.

Eyni zamanda, həmin sübutların toplanılması zamanı təqsirləndirilən, şübhəli şəxslərin, şahidlərin barəsində zorakılq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsinə dair əsaslı məlumatlar olduqda, həmin məlumatların yoxlanılması, təsdiq olunduğu təqdirdə isə qanunsuz yollarla əldə edilmiş sübutların ittihamın əsasından çıxarılması barədə məhkəmə qarşısında vəsatətlərin verilməsi təmin edilməlidir.

Göstərilənlər dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən məhkəmə istintaqı mərhələsində daha aktiv mövqe tutmalarını, təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə xüsusi diqqətlə yanaşmalarını, ibtidai istintaq gedişində verilmiş etirafedici ifadələrdən məhkəmə baxışı zamanı imtina edildiyi təqdirdə belə imtinaların səbəblərinin diqqətlə araşdırılmasını və cinayət-prosessual qanunericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsini zəruri edir.

Xüsusən də, təqsirləndirilən şəxslərin etirafedici ifadələrinin cinayət təqibi zamanı toplanılmış digər sübutlar, o cümlədən şahid ifadələri, ifadələrin yerində yoxlanılması, istintaq eksperimenti və digər istintaq hərəkətləri protokolları ilə təsdiq olunmasının, həmçinin həmin sübatlarla ziddiyyət təşkil edib-etməməsinin yoxlanılmasına diqqət yetirilməlidir.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokurorların bu sahədə olan təcrübəsini daha da təkmilləşdirmək məqsədilə Baş Prokurorluq üzrə "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" 1 dekabr 2006-cı il tarixli 09/84 nömrəli əmrinin tələblərinə müvafiq olaraq "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının və ona əlavə edilən protokoların müddəalarının, habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin işgəncələr və digər qəddar, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar faktları ilə əlaqədar daxil olmuş müraciətlər üzrə qəbul etdiyi qərarların öyrənilməsi mətəmadi olaraq təşkil edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" təsdiq edilmişdir.

Həmin Sərəncamla digər dövlət orqanları ilə yanaşı Baş Prokurorluğa normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi tövsiyə edilmişdir.

Milli Fəaliyyət Planının 22-ci bəndinə əsasən Baş prokurorluğa şəxsin tutulması, həbs edilməsi, müvəqqəti saxlama yerlərində və istintaq təcridxanalarında saxlanılması zamanı qanunvericiliyin tələblərinin, insan hüquqlarının pozulması, pis rəftar, vəzifədən sui-istifadə və digər bu kimi  halların ciddi araşdırılması, qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi tapşırılmışdır.

Bu tədbirin, həmçinin Milli Fəaliyyət Planı ilə nəzərdə tutulmuş digər tədbirlərin icrası ilə əlaqədar  19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı təsdiq edilmişdir.

On doqquz bənddən ibarət Tədbirlər Planında bir çox məsələlər, o cümlədən ibtidai araşdırması aparılan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə insan hüquqlarının pozulması ilə əlaqədar qanun pozuntuları aşkar edildiyi hallarda onların təxirəsalınmadan aradan qaldırılması, vətəndaşların pozulmuş huquqlarının bərpa edilməsi, belə pozuntulara yol verən prokurorluq əməkdaşları barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, həmçinin digər tədbirlər nəzərdə tutulmuşdur

Beləliklə, işgəncələrlə mübarizə sahəsində görülən tədbirlər ədalət mühakiməsinin əsas məqsədi hesab edilən zorakılıq ideyasının hüquq ideyası ilə əvəz olunması, həmçinin  cinayət prosesi iştirakçılarının qanunla qorunan hüquq və hazadlıqlarının daha etibarlı təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.


Mübariz Əhmədov,
Baş Prokurorluğun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin böyük prokuroru,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Məhkəmə Ekspertizası Mərkəzinin dissertantı



«Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri» mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 80 illik yubileyinə həsr edilmiş Respublika Elmi Konfransının materialları (9 aprel 2008-ci il)., Bakı., «Bakı Universiteti»  nəşriyyatı., 2008.