Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2007-02-28
İnsan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan dövlətinin apardığı siyasət və bununla bağlı prokurorluq orqanları qarşısında duran vəzifələr
İnsan hüquq və azadlıqlarının təmin edilməsi, hüquqi, demokratik  və dünyəvi dövlət yaradılması, vətəndaş cəmiyyətinin qurulması həmişə bəşəriyyəti  düşündürən problemlərdən olmuşdur.

Tarixə nəzər salsaq, hələ qədim Roma dövründə qanunun aliliyinin təmin edilməsi ilə yanaşı, hüquqi dövlətin digər mühüm əlaməti olan hakimiyyətin bölünməsi prinsipinin rüşeyiminə rast gəlirik. Həmin dövrün mütəfəkkirləri insanların qanun qarşısında bərabərliyini və şəxsiyyətin azadlıqlarını, ictimai həyatın hüquqi nizama salınmasını tələb edirdilər.

XVII-XVIII əsrlərdə yaşayıb yaratmış, məhşur fransız mütəfəkkiri Ş.L.Monteskye hüquq elmlərinin  enksiklopediyası sayılan "Qanunların  ruhu haqqında" əsərində üç hakimiyyətin - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin bölgüsü modelini yaratdı. Ş.L.Monteskyeyə görə, azadlıqlar qanunlarla icazə verilən hər bir şeyi etmək  hüququndan ibarətdir. Bunlar nəinki hüquqi dövlət haqqında nəzəri biliklərin inkişafına böyük təkan verdi,habelə  qanunvericilikdə əks olunaraq, təcrübədə tətbiq edildi. Məsələn, ABŞ-ın 1787-ci il tarixli, Fransanın 1791, 1795, 1848-ci il  konstitusiyaları, Fransanın 26 avqust 1789-cu il tarixli "Vətəndaş və insan hüquqları Bəyənnaməsi" hakimiyyətin  bölünməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin yaradılması istiqamətində qanunvericilik tarixinin uğurlu  addımlarıdır.

Hüquqi dövlət bir ideya, elm, nəzəriyyə, siyasi konsepsiya və praktika kimi bəşəriyyətin azadlıq, ədalət uğrunda mübarizəsi nəticəsində əldə etdiyi  nailiyyətlərin ən mühümüdür. Məhz hüquqi dövlət şəraitində əsas insan və vətəndaş hüquqları və azadlıqları, hamının qanun və məhkəmə qarşısında bərabərliyi vətəndaş cəmiyyətinin  bərqərar olunması təmin edilə bilər.

Bunları həyata keçirməyi qarşısına məqsəd qoyan Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra sovet məkanında uzun müddət yaşayan  Azərbaycan xalqı özünün çoxəsirlik dövlətçilik ənənələrini davam etdirərək, 18 oktyabr 1991-ci ildə qəbul etdiyi "Dövlət Müstəqilliyi haqqında Konstitusiya  aktı" ilə dövlətimizi rəsmi olaraq ADR-ın varisi və müstəqil  respublika elan etdi. Konstitusiya aktı xalqın öz gələcək inkişafını və müqəddəratını həll edəcək  məramnamə qismində çıxış etsə də, ictimai münasibətlərin  prinsiplərini, dövlət və hüquq sisteminin təşkilinin əsaslarını, insan hüquq və azadlıqları sahəsində  dövlətin əsas siyasətini tənzimləyə bilməzdi. Bunun üçün birinci növbədə əsas Qanunun hazırlanıb referendum yolu ilə qəbul edilməsi həyati vacib vəzifə olaraq qalırdı. Lakin ölkədə hökm sürən hərc-mərclik, həmin vəzifəni yerinə yetirmək iqtidarında olmayan hakimiyyətin mövcudluğu xalqın qarşısında duran bu taleyüklü vəzifənin reallaşmasına imkan vermirdi.

Məhz Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə qayıdışından  sonra ölkədə siyasi sabitlik təmin olundu, zorakı dövlət çevrilişlərinin qarşısı alındı, qanunçuluq və hüquq qaydaları möhkəmləndirildi, vətəndaş cəmiyyətinin formalaşdırılması, insan hüquq və azadlıqlarının qorunması dövlətin başlıca vəzifəsinə çevrilməyə başladı. Ölkə prezidenti Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsini  hazırlayan komissiya yaradıldı. Ulu öndərimizin rəhbərliyi ilə hazırlanan Konstitusiya layihəsi Azərbaycan xalqının müzakirəsinə verildi və 12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilərək 27 noyabr 1995-ci il tarixdən qüvvəyə mindi.

Bu hadisə dövlətçiliyimizin möhkəmlənməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması istiqamətində çox mühüm  ictimai-siyasi hadisə kimi tarixə həkk olundu. Konstitusiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq  müqavilələri Azərbaycan Respublikası  hüquq sisteminin  ayrılmaz  tərkib hissəsi elan etdi. BMT-nin 1948-ci il 10 dekabr tarixli "İnsan hüquqlarına dair ümumi Bəyannamə"sinin əsas müddəaları Konstitusiyamızın üçdə birini təşkil edən "Əsas insan və vətəndaş  hüqüqları və  azadlıqları" fəslində əksini tapdı. Sonradan bu sahədə ardıcıl iş davam etdirilərək, Konstitusiyanın özü daha da təkmilləşdirildi. 2002-ci il avqust ayının 24-də keçirilən referendumda Konstitusiyaya edilən dəyişikliklər də məhz insan hüquqlarının daha geniş təmin olunmasına yönəlmişdir.

Bu məsələni daim xüsusi diqqət mərkəzində saxlayan ümummilli liderimiz Heydər Əliyev hüquq mühafizə orqanlarının fəaliyyətini daha da yaxşılaşdırmaq, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etmək və bu sahədə dövlət idarəçiliyini təkmilləşdirmək məqsədi ilə "cinayətkarlığa qarşı mübarizə və hüquq qaydalarının daha da möhkəmləndirilməsi haqqında" 9 avqust 1994-cü il tarixli sərəncam imzalamışdır. cinayətkarlığa qarşı mübarizə sahəsində ilk təkmil sənəd olan bu Fərman proqram sənədi olmaqla bu gün də aktualdır.

Ölkəni daim inkişafda görən ulu öndərimiz demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu daha da sürətləndirmək məqsədilə 21 fevral 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaradılması barədə qərar qəbul etmişdir. Həmin Komissiyanın beynəlxalq ekspertlərin iştirakı ilə hazırladığı Avropa standartlarına uyğun cinayət Məcəlləsinin, cinayət-Prosessual Məcəllənin, Mülki-Prosessual Məcəllənin layihələri, "Prokurorluq haqqında", "Vəkillik haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", eləcə də "Notariat haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin seçkiləri haqqında" və digər Qanun layihələrinin Milli Məclis tərəfindən qəbul edilməsi ilə milli qanunvericilik sistemimizin köklü şəkildə yeniləşdi və müasirləşdi.

Ölkəmizdə üçpilləli məhkəmə hakimiyyəti bərqərar olundu. Hakimlərin obyektiv və şəffaf prosedurlar, test üsulu ilə seçiminə başlanıldı. Bu baxımdan "Məhkəmələr və hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında" və digər qanunların  qəbulu  mühüm əhəmiyyətə malikdir.

22 fevral 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqamətləri müəyyən edilmiş, insan hüquqları məsələsi ümumidövlət səviyyəsinə qaldırılmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuşdur.

Ulu öndərimiz 1993-cü ildən tətbiqinə moratorium qoyduğu ölüm cəzası ümummilli liderimizin təşəbbüsü ilə 1998-ci ildə ləğv edilmişdir. Bütövlükdə Şərqdə ilk dəfə yüksək humanizmin və insanpərvərlik örnəyinin bariz ifadəsinə  çevrilən bu addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da  yüksəltmişdir.

2001-ci ilin 25 yanvarında Azərbayjan Avropa Şurası kimi mötəbər beynəlxalq təşkilata tam hüquqlu üzv qəbul edildi, bu da ölkəmizdə məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsinə, insan hüquq və azadlıqlarının maksimum müdafiəsi üçün çevik mexanizmlərin yaradılmasına, qanunun aliliyinin  təmin olunmasına təkan verdi.

29 dekabr 1998-ci il tarixdə "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsinedə fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi", 10 iyun 1997-ci ildə "Vətəndaşlırın müraciətlərinə baxılması qaydası haqqında", 11 iyun 1999-cı ildə "Vətəndaşların insan hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) məhkəməyə şikayət edilməsi haqqında" qanunlar, 28 dekabr 2001-ci il tarixdə "Azərbaycan Respublikasının İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman)", 24 dekabr 2002-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin  tənzimlənməsi haqqında"  Konstitusiya  qanunlarının və s. qəbulu  insan insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində aparılan dövlət siyasətinin  tərkib hissələridir.

Əsası ulu öndərimiz Heydər Əliyev  tərəfindən qoyulmuş  məhkəmə-hüquq islahatları, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ədalət mühakiməsinin hüquqi dövlət  və vətəndaş cəmiyyəti  quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə "Məhkəmələr və hakimlər haqqında" Qanuna dəyişikliklər və əlavələr haqqında", "Məhkəmə Hüquq Şurası haqqında" qanunlar qəbul edilmişdir.

19 yanvar 2006-cı il tarixdə Azərbaycan Rspublikasında  məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı fərman imzalayan Prezident İlham Əliyev bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində mühüm addım atmışdır. Həmin Fərmanla regionlarda apellyasiya və yeni iqtisad məhkəmələrinin yaradılması nəzərdə tutuldu. Bu da vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması, onların məhkəməyə müraciət etmək imkanlarının asanlaşdırılması istiqamətində yeni mərhələnin başlanğıcı oldu.

İnsan insan hüquq və azadlıqlarının təmin edilməsində dövlət siyasətinin tərkib hissəsindən biri də korrupsiyaya qarşı mübarizədir. Bu məqsədlə ölkə Prezidenti "Azərbaycan Respublikasında korrupsi¬yaya qarşı mübarizənin gücləndirilməsinə dair" fərman imzalamış, Korrupsiyaya qarşı mübarizə haqqında" Qanun, Korrup¬si¬yaya qarşı mübarizə üzrə Dövlət Prqramı qəbul edilmişdir. Azərbaycan Respub¬likası bu sahədə əsas beynəlxalq sənədlərə, insan hüquqları ilə bağlı 50-dən çox konvensiyaya qoşulmuş¬dur.

Azərbaycan Respublikası 2006-cı ilin may ayında BMT-nin yeni yaradılmış  orqanı - İnsan hüquqları Şurasına üzv seçilmişdir. Bu hal Azərbaycan dövlətinin  insan hüquq və  azadlıqları sahəsində apardığı ardıcıl işin beynəlxalq əhəmiyyət kəsb etdiyini və imicinin artdığını bir daha təsdiqləyir.

Ölkə Prezidenti cənab İlham Əliyev "Azərbaycan Respublikasında  insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixdə imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövrünün hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi  müəyyən edilmişdir.

Sərəncamda Azərbaycan Respublikasının məhkəmələrinə və Baş prokurorluğuna tövsiyə edilmişdir ki, normativ hüquqi aktların tətbiqi zamanı insan hüquqlarının mühafizəsi sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti  gücləndirsinlər.

Qeyd etmək lazımdır ki, Azərbayjan dövlət müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanlarının da üzərinə böyük vəzifələr düşmüşdür. Həmin vəzifələrin müasir tələblər səviyyəsində həyata keçirilməsini təmin etmək üçün prokurorluq orqanlarında köklü islahatların işlənib həyata keçirilməsi zamanın tələbi idi.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üzrə atılan mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın vəzifə və  funksiyalarının müasir tələblərə uyğunlaşdırılması olmuşdur. Bu məqsədlə, 1995-ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamıza əsasən prokurorluq məhkəmə hakimiyyəti sisteminə  daxil edildi. 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Qanunun qəbul edilməsi bu islahatlar içərisində mühüm yer tutdu. Qanunun 5-ci  maddəsində prokurorluğun fəaliyyətinin əsas prinsipləri içərisində hər kəsin  qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik prinsipləri qanun şəklində əks etdirildi.

Lakin etiraf etmək lazımdır ki, bu qanun qəbul edildikdən sonra  prokurorluqda islahatlar 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən geniş müşavirəyə qədər lazımi səviyyədə  aparılmamışdır. Ulu öndərimiz müşavirədə prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün mühüm tapşırıqlar vermişdir. Bu tarixi müşavirədən sonra prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, elmi əsaslı normativ hüquqi baza yaradılmış, prokurorluğun fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmış, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi  nailiyyətlər əldə edilmişdir.

2002-ci ildə Konstitusiyada edilmiş dəyişikliklərə əsasən  Baş prokurorluğa qanunvericilik  təşəbbüsü verilmişdir. Azərbaycan prokurorluğu üzərinə düşən vəzifələri hər zaman yüksək əzmkarlıqla, prinsipiallıqla həyata keçirməklə, dövlətçiliyin sadiq keşikçisinə çevrilmişdir.

Təsadufi deyildir ki, Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır. Bu, prokurorluq orqanlarının cəmiyyətdəki roluna verilən əhəmiyyətin, inamın təzahürü olmaqla, insan hüquq və azadlıqlarının təmin edilməsində mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Baş Prokuroru insan hüquq və azadlıqları ilə bağlı məsələlərə daim mühüm diqqət yetirməklə, bu sahədə qəbul edilmiş qanunlara uyğun əmrlərin verilməsini və  onların  icrasına nəzarəti təmin edir.

"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan sonra Azərbaycan Respublikası Baş Prokurorunun "Azərbaycan Respublikası Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi  haqqında" 09.02.2001-ci il tarixli 02/37 â„–-li əmri demokratik və hüquqi dövlət  quruculuğu şəraitində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin təkmilləşdirilməsi, prokurorluq orqanlarında  vətəndaşların müraciətlərinə qayğı və yüksək məsuliyyətlə  yanaşılması, onların müraciətlərinin qanuni və ədalətli həll olunması, bu işin qanunvericiliyin tələblərinə uyğun  təşkil edilməsi sahəsində  ciddi qayda yaratdı.

Azərbaycan Respublikası Prezidentinin "İstehsal, xidmət, maliyyət-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 17.06.1996-cı il tarixli, "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 07.01.1999-cu il tarixli, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002-ci il tarixli  fərmanları bazar iqtisadiyyatı münasibətlərinin inkişafına maneçilik törədən amillərin aradan qaldırılmasında, vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarının törədilməsinin qarşısının alınmasında, fiziki və hüquqi şəxslərin Konstitusiyada ilə  təsbit olunmuş  hüquq və mənafelərinin təmin olunmasında mühüm hüquqi-siyasi əhəmiyyətə malik sənədlər olmuşdur.

Azərbaycan Respublikasının Baş Prokuroru bu sahədə qarşıya qoyulan vəzifələrin icrasının prokurorluq orqanlarında təşkilini təmin etmək məqsədilə 22.02.2001-ci il tarixli 02/44 â„–-li "İqtisadi fəaliyyət sahəsində əsassız yoxlamaların qarşısının alınması tədbirlə¬rinin gücləndirilməsi haqqında" əmr vermişdir. Bu sənədin mühüm əhəmiyyətli  ondan  ibarətdir ki, əsassız  yoxlamalarla bağlı  prokurorluq orqanlarının  fəaliyyətində əvvəllər  mövcud olan  neqativ hallar  və nöqsanlar  aradan qaldırıldı, prokurorluq işçilərinin intizam məsuliyyəti artırıldı, cəmiyyətin prokurorluq orqanlarına getdigcə  artan  inamını bir daha möhkəmlətdi.

Ölkə başçısı jənab İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı 19 yanvar 2006-cı tarixli Fərmanından irəli gələn vəzifələrdən biri də cinayət mühakimə icraatında dövlət ittihamının müdafiəsi sahəsində təkmilləşdirmə aparılmasıdırr. Bununla bağlı hazırda təxirəsalınmaz işlər görülür.

Məlum olduğu kimi, məhkəmədə dövlət ittihamının müdafiəsi  prokurorluğun  fəaliyyətinin  başlıca  istiqamətlərindəndir. Həmin fəaliyyətin təşkili və istiqamətlərini müəyyən edən Azərbaycan Respublikası Baş Prokurorunun "cinayət mühakimə icraatında dövlət ittihamının  müdafiəsi üzrə prokurorluğun əsas vəzifələri barədə" 09.03.2001-ci il tarixli, 02/46 â„–-li  əmrində məhkəmələrdə dövlət ittihamını həyata keçirən hər bir prokurordan insanların  hüquq və azadlıqlarının, ictimai maraqların qorunması, milli və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq hüquq prinsipləri və normalarının aliliyinin təmin olunması tələb edilmişdir.

Prokurorluq orqanları  tərəfindən insan hüquq və azadlıqlarının daha  etibarlı müdafiəsinin təmin edilməsi sahəsində üzərlərinə düşən vəzifələrin müasir tələblər səviyyəsində yerinə yetirilməsinin təmin edilməsində Baş Prokurorun "Prokurorun ibtidai araşdırmaya prosessual rəhbərliyinin, ibtidai istintaq və təhqiqat üzərində nəzarətinin daha da gücləndirilməsi haqqında" 09.03.2001-ci il tarixli, 02/47 â„–-li əmri istintaq, təhqiqat və əməliyyat axtarış zamanı yol verilmiş qanunsuzluqların və nöqsanların qarşısının alınmasında mühüm addım kimi qiymətləndirilməlidir.

"Əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin təşkili haqqında" Baş Prokurorun 14.03.2001-ci  il tarixli 02/54 â„–-li əmri də bu vəzifələrin yerinə yetirilməsində prokurorluq orqanlarının  qarşısında  mühüm  tələblər qoydu.

Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək və ötürmək, hazırlamaq və yaymaq azadlığını təsbit etmişdir. Bu azadlıqların təmin edilməsi sahəsində prokurorluq orqanlarının apardığı işin səmərəliliyinin müvafiq dövlət orqanları, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökümət təşkilatları və kütləvi informasiya vasitələri ilə əlaqənin çevikliyindən asılı olmasını nəzərə alan Azərbaycan Respublikasının Baş Prokurorunun "Prokurorluq  orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları ilə  əlaqələrininin  təkmilləşdirilməsi haqqında" 27.03.2001-ci  il tarixli  əmri  özünün müasirliyi və  aktuallığı ilə fərqlənir.

Azərbaycan Respublikası  prokurorluğunun  başqa  dövlətlərin hüquq mühafizə və digər səlahiyyətli orqanları, beynəlxalq təşkilatlarla əməkdaşlığını, onun səmərəliliyinin artırılması, hüquqi yardım, cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının mühafizəsi haqqında beynəlxalq müqavilə və konvensiyaların tətbiqinə riayət olunması və bu işin təşkili məqsədi ilə Baş Prokuror tərəfindən verilən 14.03.2001-ci il tarixli 02/55 â„–-li əmri də bu sahədə  yeni bir fəaliyyətin başlanğıcı oldu.

Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə əsasən Azərbaycan Respublikasının Baş Prokuroru "cinayət təqibi zamanı İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi  haqqında" Konvensiyanın  müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında" 01.12.2006-cı il tarixli 09/84 â„–-li əmr vermişdir.

Həmin əmrlə milli cinayət-prosessual qanunvericilik normalarının və anlayışlarının əsil məzmununun müəyyən edilməsi və təcrübədə təsdiq edilməsi üçün presedent qaydasında Avropa Məhkəməsinin onlara verdiyi tövsifə üstünlük verməsi, hüquq tətbiqetmə prosesində tərtib edilən sənədlərdə (qərarlar, vəsatətlər, təqdimatlar və  s.) seçilmiş prosessual mövqe və əldə edilmiş nəticənin əsaslandırılmasının hüquqi məsələlərə aid hissəsində Avropa Məhkəməsinin təcrübəsindən hüquqi prinsiplərə, göstərişlərə və mövqelərə (standartlara) istinad olunması praktikasından istifadə edilməsi prokurorluq orqanları qarşısında bir vəzifə kimi qoyulmuşdur.

İşgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalma hallarının qarşısının alınmasına, onların vaxtında təhqiq edilib, təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsinə xüsusi  fikir verilməsi, bununla bağlı fəaliyyət zamanı Baş Prokurorun 14.02.2003-cü il tarixli, 08/10 â„–-li müvafiq əmrinin  və bununla əlaqədar qanunların tələblərinə  ciddi əməl olunması tələb edilmişdir.

Beləliklə, İnsan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş jəmiyyətinin formalaşdırılması, demokratik, hüquqi və dünyəvi dövlət qurujuluğu sahəsində aparılan siyasət ardıjıl, dönmədən, uğurla davam etdirilir. Bu sahədə əldə olunan nəaliyyətlər dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmuşdur.

Zakir Müslümov,
Baş Prokurorluğun Kadrlar idarəsi
rəisinin müavini -Tədris mərkəzinin rəhbəri,
baş ədliyyə müşaviri,
pedaqoji elmlər namizədi


«Qanunçuluq» jurnalı, 2007-ci il,  â„–3