Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2008-04-08
Cinayət qanununda cəzaların nisbəti məsələləri
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsində cəzaların sistemi , yəni cəzaların növlərinin, onların nisbi ağırlığından asılı olaraq müəyyən ardıcıllıqla yerləşdirilmiş tam siyahısı nəzərdə tutulmuşdur. Cəzaların nisbi ağırlığı onların nəzərdə tutduğu məhrumiyyətlərin və müəyyən etdiyi məhdudlaşdırmaların həcmindən və məzmunundan asılıdır. Cinayət Məcəlləsinin 42-ci maddəsində cəzalar "daha yüngüldən daha ağıra" prinsipi ilə yerləşdirilmişdir.

CM-nin 41.1-ci maddəsində cəzanın tətbiq olunduğu şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlərdən və ya həmin şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarət olduğu göstərilmişdir. Qanunun bu müddəasının, fikrimizcə, bir qədər dəqiqləşdirilməsinə ehtiyac vardır. Belə ki, tətbiq olunduğu şəxsə cəzanın yaratdığı məhrumiyyətlər və onun müəyyən etdiyi məhdudlaşdırmalar yalnız Cinayət Məcəlləsi ilə deyil, eyni zamanda Cəzaların İcrası Məcəlləsi ilə nəzərdə tutulur. Sonuncunun 2.3-cü maddəsində qeyd olunduğu kimi, Cəzaların İcrası Məcəlləsi digər məsələlərlə yanaşı cəzaların icrası və çəkilməsi qaydalarını , məhkumların hüquqi vəziyyətini də müəyyən edir. Məhkumların hüquqi vəziyyətini müəyyən edərkən Cəzaların İcrası Məcəlləsi onlara tətbiq edilən məhrumiyyətlərin həcmini və məhdudlaşdırılmaların məzmununu da tənzim edir. Bundan başqa, cəzaların elə növləri vardır ki, onların məzmunu həm məhrumiyyətləri, həm də ki, məhkumun hüquq və azadlıqlarının məhdudlaşdırılmasını da nəzərdə tutur. Göstərilənləri nəzərə alaraq, Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin ikinci cümləsində "bu Məcəllə ilə" sözlərinin "qanunla" sözü ilə əvəz edilməsi, "ya" sözünün isə mötərizədə ğöstərilməsi məqsədə müvafiq olardı.

Cəzalar sistemində müəyyən edilmiş ardıcıllığının böyük əhəmiyyəti vardır. Bu ardıcıllıq hökm çıxarılarkən məhkəməni daha yüngül cəza növünün seçilməsinə istiqamətləndirməklə yanaşı bir cəza növünün digəri ilə dəyişdirilməsi və cəzaların nisbəti məsələlərinin həlli zamanı da əhəmiyyətlidir.

Müxtəlif növ cəzaların qarşılıqlı nisbətinin müəyyən edilməsinə ehtiyyac cəzaların tamamilə və ya qismən toplanılması, bir cəzanın digəri ilə dəyişdirilməsi və bir cəza növünün digərinin əvəzində hesablanması zamanı yaranır.

Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində cəzaların qarşılıqlı nisbətinin müəyyən edilməsinə dair aşağıdakı normalar nəzərdə tutulmuşdur. Məcəllənin 68-ci maddəsinə əsasən cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə intizam xarakterli hərbi hissədə saxlamanın bir günü, azadlığın məhdudlaşdırılmasının iki günü, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü və ictimai işlərin səkkiz saatı bərabər tutulur.

Cinayət Məcəlləsinin 47.3-cü maddəsinə əsasən ictimai işlər cəzasına məhkum olunmuş şəxs həmin işləri yerinə yetirməkdən qərəzli boyun qaçırdıqda bu cəza azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilir və bu zaman səkkiz saat ictimai işə bir gün azadlığın məhdudlaşdırılması və ya on iki saat ictimai işə bir gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası hesablanır. Məcəllənin 49.3-cü maddəsinə müvafiq olaraq islah işlərinə məhkum olunmuş şəxs qəsdən həmin cəzanı çəkməkdən boyun qaçırdıqda bu cəza azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər və bu zaman yeni cəzanın müddəti müəyyən olunarkən bir gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesablanır.

Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsində müəyyən olunmuşdur ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş şəxs cəzanın icrasından qərəzli boyun qaçırdıqda bu cəza azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunur və bu zaman azadlığın məhdudlaşdırılması cəzasının müddəti azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesablanır. Cinayət Məcəlləsinin 77-ci maddəsində böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi qaydaları müəyyən edilsədə bu dəyişdirilmənin həyata keçirilməsi zamanı yeni cəzanın necə hesablanmalı olduğu nəzərdə tutulmamışdır.

Cinayət qanunvericiliyində, fikrimizcə, cəza növlərinin qarşılıqlı nisbətinin üç növü müəyyən edilməlidir: 1) cəzaların bir biri ilə ekvivalent (bərabər) dəyişdirilməsi və qarşılıqlı hesablanması üçün; 2) cəzanın cinayət məsuliyyətinin ağırlaşdırılması məqsədilə digər cəza növünə dəyişdirilməsi üçün və 3) cəzanın cinayət məsuliyyətinin yüngülləşdirilməsı məqsədilə digər cəza növünə dəyişdirilməsi üçün.

Cəza növlərinin qarşılıqlı nisbətinin birinci növündən cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən və cəzanın, onun çəkilməsi prosesinə məhkumun münasibətindən asılı olmayan səbəbdən dəyişdirilməsi zamanı istifadə edilməlidir. Cəzaların bir biri ilə ekvivalent dəyişdirilməsi və qarşılıqlı hesablanması (müxtəlif növ cəzaların bir biri ilə tam dəqiq nisbətini müəyyən etmək çox çətin olduğundan, bəzən isə mümkün olmadığından bu ad müəyyən qədər şərtidir) CM-nin 66 və 67-ci maddələrində nəzərdə tutulmuş hallarla yanaşı hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının islah işiləri əvəzində (CM-nin 50.1-ci mad.); intizam xarakterli hərbi hissədə saxlama cəzasının iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası əvəzində (CM-nin 54.1-ci mad.) və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən və hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliyə duçar olmuş hərbi qulluqçuların cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə (CM-nin 78.3-cü mad.) tətbiq olunur.

Cinayətlərin məcmuyu və hökmlərin məcmuyu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən tətbiq edilən cəzalar nisbəti onların ekvivalent (bərabər) mütənasibliyinə (müddətinə, həcmlərinə) əsaslanmalıdır. CM-nin 68.1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmənin bir gününün intizam xarakterli hərbi hissədə saxlamanın bir gününə, azadlığın məhdudlaşdırılmasının iki gününə, islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç gününə uyğunluğunun (bərabərlyinin ) müəyyən edilməsini ekvivalent nisbət hesab etmək olar.

Cəzanın dəyişdirilməsi məhkumun cəzanı çəkməkdən qərəzli olaraq boyun qaçırması ilə əlaqədar həyata keçirildikdə cəzaların nisbətinin ikinci növündən istifadə edilməlidir. Bu halda cəzaların nisbəti elə müəyyən edilməlidir ki, cəza qanunda nəzərdə tutulmuş hesablama aparılmaqla dəyişdirildikdə məhkumun vəziyyəti ağırlaşmış olsun, ona tətbiq edilən yeni cəza qabaqkına nisbətən daha sərt olsun. Əks halda cəzadan qərəzli olaraq boyun qaçıran şəxsin cəzasının dəyişdirilməsi əhəmiyyətini itirmiş olardı. Azadlığın məhdudlaşdırılması cəzası onun icrasından qərəzli boyun qaçırıldığına görə azadlıqdan məhrum etmə cəzasına dəyişdirildikdə hesablamanın bu cəza növlərinin CM-nin 68-ci maddəsində müəyyən edilmiş nisbəti ilə ( 2: 1) deyil, iki dəfə ağır şərtlərlə: günə gün hesabı ilə aparılmasının müəyyən edilməsi qeyd olunan tələbdən irəli gəlir. Lakin, qanunun ictimai işlər və islah işləri növündə cəzaların çəkilməsindən boyun qaçırıldığına görə onların azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi zamanı yeni cəzanın hesablanması qaydasına dair müddəaları həmin tələbə cavab vermir.

Belə ki, CM-nin 68.1-ci maddəsində azadlıqdan məhrum etmənin bir gününün islah işlərinin üç gününə və ictimai işlərin səkkiz saatına bərabərliyi müəyyən edildiyi halda, məcəllənin cəzadan boyun qaçırmaya görə məsuliyyət müəyyən edən normalarında (CM-nin 47.3 və 49.3-cü mad.) eyni, yaxud hətta məsuliyyəti yüngülləşdirən cəzalar nisbəti nəzərdə tutulmuşdur.

Mahir Tağıyev,
Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat şöbəsinin prokuroru,
ədliyyə müşaviri ,
hüquq elmləri namizədi, dosent.


"Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri" mövzusunda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin 80 illik yubileyinə həsr edilmiş Respublika Elmi Konfransının materialları (9 aprel 2008-ci il)., Bakı., "Bakı Universiteti" nəşriyyatı., 2008