Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Prokurorluq işçiləri mətbuat səhifələrində

2007-02-01
Cinayət işləri üzrə sübutların obyektivləşdirilməsi və mühafizəsi
Sübutetmə prosesinin obyektivləşdirilməsi dedikdə, ibtidai istintaq və təhqiqat iştirakçılarının faktiki məlumatların elə vasitələrin köməyi ilə müəyyən edilməsi və möhkəmləndirilməsinə (rəsmiləşdirilməsinə) yönəlmiş fəaliyyəti başa düşülür ki, bunların tətbiqi gələcəkdə hər hansı subyektiv və digər amillərin həmin məlumatlara təsirini istisna edir (təkzib, saxtalaşdırma, dəyişdirmə və s.). Obyektivləşdirmə üçün elə kompleks prosessual və texniki vasitələr cəlb edilir ki, onlardan istifadənin nəticələri hər hansı bir şəxsin özbaşına qərarı ilə mövcud olmayan, dəyişdirilmiş və ya saxtalaşdırılmış hesab edilə bilməz. Əgər belə fərziyyələr irəli sürülərsə, onların köməyi ilə bu fərziyyələrin əsassızlığı heç çətinlik olmadan müəyyən edilir. Beləliklə, obyektivləşdirmə elə sübutlar sistemini formalaşdırmağa imkan verir ki, onların mövcudluğu şəraitində ifadənin dəyişdirilməsi imkanları müvafiq formada möhkəmləndirilmiş faktiki məlumatların köməyi ilə aradan qaldırılır. İstintaq prosesi, həmçinin, təhqiqat prosesində sübutetmənin indiki mürəkkəb dövründə, müstəntiqin kifayət qədər sabit sübutlar sistemi formalaşdırmaq bacarığı zəruridir. Mütəşəkkil cinayətkarlığın mövcud olması nəinki şübhəli, təqsirləndirilən şəxslərin, bəzi hallarda hədə-qorxu və ya pulla ələ alma, fiziki zorakılığın təsiri altında artıq ibtidai istintaqın gedişində zərər çəkmiş və şahidlərin də vermiş olduqları ifadələrini dəyişməyə şərait yaradır. Məhkəmə baxışı mərhələsində də bu cür mənzərə müşahidə olunur (müdafiəçilərin də mövqeyi heç də həmişə qüsursuz olmur).

İbtidai istintaq zamanı sübutetmənin obyektivləşdirilməsi müxtəlif yollarla reallaşdırılır. Bu zaman ənənəvi və ən etibarlı yol, maddi sübut növündə işə əlavə edilə bilən cinayətin maddi izlərinin aşkar edilməsi, obyektlərin axtarılıb tapılmasıdır. Təcrübənin təhlili göstərir ki, müstəntiqlər, bir qayda olaraq, yalnız təqsirləndirilən şəxsin və ya şübhəli şəxsin hərəkətləri ilə bağlı olan iz və predmetlərin axtarışına səy göstərirlər.

Cinayətkarın hərəkəti ilə birbaşa əlaqəsi olmayan maddi sübut və izlərdən nadir hallarda istifadə olunur.

Praktiki işçilər arasında belə bir fikir mövcuddur ki, ümumiyyətlə, bu cür obyektlərə maddi sübut statusu verilməsi qeyri-qanunidir. Bu fikir düzgün deyildir, çünki qanun cinayət işi üzrə faktiki halların müəyyən olunmasına xidmət edə bilən bütün predmetləri sonunculara aid edir. Bununla əlaqədar, məsələn, şahidin və ya zərər çəkmişin müəyyən yerdə olması faktını təsdiq edən predmetin cinayət işinə əlavə edilməsi, ifadənin düzgün qiymətləndirilməsinə kömək edir və onun dəyişdirilməsinin qarşısını alır.

Müasir şəraitdə müstəntiqin zəruri peşəkarlıq keyfiyyətlərindən biri də onun təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən düzgün ifadələrin "gizlədilməsinə" yönəldilmiş müxtəlif fərziyyələrini irəli sürmək imkanlarını əvvəlcədən görmək, məlumatlar üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edən maddi daşıyıcıların düzgün protokol və texniki kriminalistik qeydiyyatının (fiksə edilməsinin) köməyi ilə onlara qarşı obyektiv əks-arqumentlər hazırlamaq bacarığının olmasıdır.

Hadisə yerində cinayətin izlərinin və cinayətkarın axtarışının səmərəliliyinin yüksəldilməsi aktual vəzifədir. Təəssüf ki, bəzi hallarda kriminalistik cəhətdən yaxşı öyrənilmiş əl, ayaq, sındırma alətləri, nəqliyyat vasitələri və s. predmetlərin izləri barədə onların aşkar edildiyi yerdə tələsik və belə izlərin eyniləşdirmə üçün yararlı olmaması barədə kifayət qədər əsası olmayan qərarlar qəbul edilməsi əsas nöqsan kimi qalmaqda davam edir. Bu kimi hallar xüsusilə baxışda təcrübəsiz mütəxəssis iştirak etdikdə müşahidə edilir. Baxış zamanı izləri səthi öyrənərək o, izdaşıyıcılarının əhəmiyyətini tam qiymətləndirə bilmir və onların götürülməsi üçün tədbirlər görmür. Bununla yanaşı, təcrübə göstərir ki, hətta qismən qalmış bir çox izlər laboratoriya şəraitində onların müsbət nəticələrini təmin edəcək metodların köməyi ilə təsdiq oluna bilir (məsələn, vakkum tozlandırması).

Məhkəmə-tibbi ekspertizası təcrübəsində, hazırda gen eyniləşdirilməsi (genetik daktiloskopiya) metodunun tətbiqi ilə əlaqədar, bioloji mənşəli obyektlərin (qan izləri, tüklər, dırnaqlar və s.) sübut əhəmiyyəti xeyli artmışdır. Lakin bu cür eksperimentlər heç də hər yerdə aparılmır. Məhz bu səbəbdən, bağlı qalmış adam öldürmə və zorlama cinayətləri üzrə genetik məlumat bankı çox zəif formalaşır.

Adi izlərin aşkar edilmədiyi hallarda obyektiv faktiki məlumatlar tam məhv edilməsi qeyri-mümkün olduğu üçün mikroizlərin və mikrohissəciklərin köməyi ilə müəyyən edilə bilər. Ekspertizada yeni bir istiqamətin - məhkəmə mikrologiyasının inkişafı sayəsində digər maddi informasiya (məlumat) daşıyıcıları içərisində mikroobyektlərin əhəmiyyəti artmağa başlayır. Bu istiqamət çərçivəsində işlənib hazırlanmış müddəalar dərsliklərə və metodiki vəsaitlərə daxil edilmişdir. Cinayət işləri üzrə sübutetmədə mikroizlərdən və mikrohissəciklərdən praktiki istifadə üçün bu obyektlərlə işin bütün mərhələlərinin lazımi qaydada prosessual rəsmiləşdirilməsi, müvafiq metodik tövsiyələrin mənimsənilməsi xüsusilə vacibdir.

Sübutetmənin obyektivləşdirilməsində və alınmış faktiki məlumatların mühafizəsində texniki-kriminalistik fiksasiya metodu böyük rol oynayır. Fiksasiya (qeyd olma) vasitələri içərisində baxış, axtarış, götürmə, tanınma, dindirmə və digər istintaq hərəkətlərində istifadə olunan videoyazı xüsusi yer tutur. Montaj edilməsi imkanları mövcud olduğundan çəkişmə prosesinin gedişində videoyazının nəticələri mübahisələndirilə bilər. Videoyazıda dəyişikliyin olmaması barədə rəy (videolentə alınmış istintaq hərəkətinin fiksə edilməsi tarixi və vaxtı göstərilməklə), onun əslini (orijinal olmasını) təsdiq edir və sübutetmədə istifadə olunmasına imkan yaradır.

İfadənin səmimiliyi və ya əsl niyyətin gizlədilməsi, yalan proqramlaşdırma və s. haqqında məsələnin aydınlaşdırılması üçün videolentə çəkilmiş şəxsin davranışının psixoloji ekspertizası xüsusi maraq doğurur.

Sübutların mühafizəsində sübutetmə subyektinin təsdiqetmə funksiyası mühümdür ki, bu da praktikada əksər hallarda lazımınca qiymətləndirilir. Təsdiqetmə dedikdə, ibtidai istintaqın və məhkəmə baxışının sonrakı gedişində sübutetməni sadələşdirmək (asanlaşdırmaq) məqsədilə, faktın yerinə yetirilmiş işlərin məzmun və nəticələrini, maddi obyektlərin əslini (orijinalını), qablaşdırmanın tamlığını, mənzil və ya saxlanc yerlərinə girişin olub-olmamasını təsdiq etmək üçün müstəntiq və cinayət prosesinin digər iştirakçıları tərəfindən tətbiq edilən prosessual aksiyalar və onları tamamlayan texniki-kriminalistik tədbirlər başa düşülür. Prosessual aksiyalara təsdiqedici imzalar, obyektlərin möhürlənməsi daxil edilir. Bu aksiyalar kriminalistika tərəfindən işlənib hazırlanmış tədbirlərdir (birkaların tətbiqi, plomblama və s.).

Çəkişmə prosesi şəraitində hal şahidləri mühüm təsdiqedici rol oynayır. Bir sıra praktiki işçilər qanunun hal şahidlərinin iştirakı barədə tələbini müstəntiqə etimadsızlıq (inamsızlıq) kimi qiymətləndirirlər. Əslində isə, hal şahidlərinin iştirakında hamıdan çox müstəntiq maraqlıdır, çünki bu, tam yararlı sübutların saxlanmasını təmin edir, həqiqətə uyğun olmayan ifadələrin təkzib olunmasına kömək edir, prokuror tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəli həyata keçirilməsinə şərait yaradır. İnkişaf etmiş bütün ölkələrin prosessual hüquqlarında cinayət prosesinin iştirakçıları hal şahidlərinin analoji funksiyalarını həyata keçirirlər (məsələn, Fransada - polisə tabe olmayan şahidlər; ABŞ-da etimad qazanmış, işdə marağı olmayan şəxs; Böyük Britaniyada axtarışa məruz qalan şəxsin tələbi ilə iştirak edən şahid).

Bununla yanaşı, məcburi tələbləri nəzərə alaraq, hal şahidlərinin cinayət prosesində iştirakının prosessual tənzimlənməsini təkmilləşdirmək lazımdır.

Azərbaycan SSR Cinayət-Prosessual Məcəlləsinin 177-ci (tanınmaq üçün şəxsiyyətin təqdim edilməsi qaydası); 178-ci (tanınmaq üçün predmetlərin göstərilməsi); 194-cü (götürmə və axtarış aparılması); 196-cı (götürmə və axtarış zamanı predmetlərin götürülməsi qaydası); 197-ci (şəxsi axtarış); 206-cı (meyitin müayinəsi, onun qəbirdən çıxarılması); 207-ci (şəxsi müayinə); 208-ci (istintaq eksperimenti) maddələrində nəzərdə tutulan istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı hal şahidinin iştirakı nəzərdə tutulurdu. Lakin Azərbaycan Respublikasının 2000-ci ilin sentyabrın 1-dən qüvvəyə minmiş yeni Cinayət-Prosessual Məcəlləsində qeyd olunan istintaq hərəkətləri zamanı hal şahidlərinin iştirakı, fikrimizcə, əsassız olaraq məhdudlaşdırılmış, yalnız bu institut Cinayət-Prosessual Məcəlləsinin 236-cı (baxış), 244-cü (axtarış və ya götürmə zamanı iştirak edən şəxslər) və 246-cı (şəxsi axtarış və götürmə) maddələrində saxlanılmışdır (CPM-nin 94-cü maddəsi).

Qeyd etmək lazımdır ki, qeyd olunan maddələrdə nəzərdə tutulanlardan daha vacib istintaq hərəkətlərində (şəxsin və əşyaların tanınması - (maddə 239-240; ifadənin yerində yoxlanılması - maddə 260; istintaq eksperimenti - maddə 262; meyidin qəbirdən çıxarılması - maddə 237 və s.) nədənsə qanun hal şahidinin iştirakını nəzərdə tutmamışdır.

Göstərilənləri nəzərə alaraq, hesab edirik ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyində hal şahidlərinin iştirakının məcburi olduğu istintaq hərəkətlərinin dairəsi genişləndirilməli, həmçinin, qanunda göstərilənlərdən başqa digər hallarda da müstəntiqin təşəbbüsü və ya təqsirləndirilən şəxsin, şübhəli şəxsin, zərər çəkmişin, yaxud onların müdafiəçilərinin vəsatəti ilə hal şahidinin iştirakına yol verilməsi halları nəzərdə tutulmalıdır. Cinayət-Prosessual Məcəlləsinə belə normanın daxil edilməsi sübutetmənin obyektivləşdirilməsi və cinayət prosesi iştirakçılarının hüquqlarının genişləndirilməsinə kömək edərdi.

Götürülən obyektlərin fərdi əlamətlərinin mürəkkəbliyi üzündən onun protokolda tam təsvir edilməsi çətinlik törətdiyi hallarda (məsələn, əl-barmaq izləri olan predmet, ayaqqabı izləri və s.), belə obyektlərin qablaşdırılması, təsdiq edilməsi zamanı hal şahidlərinin iştirakı zəruridir. Bununla əlaqədar olaraq gips tökmələrində onlara təsdiqedici birkaların yapışdırılması ilə bağlı dərsliklərdə rast gəlinən tövsiyələri düzgün hesab etmək olmaz.

Belə təsdiqetmə şnurun kəsilməsi və ya birkanın başqa bir tökməyə yapışdırılması barədə fərziyyə irəli sürmək imkanını istisna etmir. Başqa bir üsul daha etibarlıdır: gipsdən hazırlanmış duru kütləyə onun möhkəmlənməsinədək səthi düz plastika və ya xüsusi ştamp - blankın əksi qoyulur. Duru gips kütləsinin üzərində əksin möhkəmlənməsindən sonra rəngli karandaşla (məsələn, "kosmetika") təsdiqedici mətn və istintaq hərəkəti iştirakçılarının imzaları yerləşdirilir.

Hal şahidlərinin iştirakı ilə təsdiqetməyə, həmçinin, istintaq hərəkətlərinin baxışa məruz qalan obyektlərin qablaşdırılmadan otaqda saxlanmaqla dayandırılması (məsələn, nəmlənmiş obyektlərin, habelə qeyri-sabit əlamətlərə malik mikrohissəciklərin və mikroizlərin qurulması) zərurəti yarandığı hallarda da ehtiyac duyulur. Belə təsdiqetmə nəzarət qıfılı və ya istintaq hərəkəti iştirakçılarının imzaları olan əlavənin köməyi ilə həyata keçirilir.

Maddi sübutların qablaşdırılmasının təsdiq edilməsi də mühüm rol oynayır. Bu məqsədlə, xüsusi paketlər hazırlanıb təcrübədə tətbiq olunur. Yaxın xarici ölkələrin hüquq-mühafizə orqanları onlardan çoxdan istifadə edirlər. Belə paketlər möhkəm polietilen materiallardan hazırlanmaqla üzərlərində əvvəlcədən blank formasında tərtib edilməsi üçün məcburi rekvizitlər göstərilmişdir. Paketin yapışdırılması üçün xüsusi işlənmiş klapan, yapışqanı pozmadan onun açılması imkanını istisna edir. Paketin kənarında olan mühafizə kantları onu diqqəti cəlb etmədən kəsməyə imkan vermir. Klapanı qızdırmaq yolu ilə paketin açılmasına cəhd göstərilməsi zamanı onun üzərində belə cəhdi özündə əks etdirən siqnal yazıları görünür. Hər bir paketin sıra nömrəsi vardır ki, bunlar da maddi sübutların götürülməsi və qablaşdırılması ilə müşayiət olunan istintaq hərəkəti protokolunda əks olunur. Paketin yapışdırıldığı xüsusi markalaşdırma lentası paketin açılması imkanını aradan qaldırır. Paketin açılmasına cəhd qablaşdırmanın xarici səthində və həmin lentada aradan qaldırılması mümkün olmayan dəyişikliyə səbəb olur.

İstintaq təcrübəsində xaricdə istifadə olunan fərdi nömrələri olan birdəfəlik dairəvi plastmas birləşmələrin tətbiqinə başlamaq lazımdır (birkalarla birlikdə tətbiq olunur). Şübhə yarandığı halda, təsdiqedici vasitələr qablaşdırmada pozuntuların olub-olmamasının təsdiq və ya inkar edilməsi məqsədi ilə kriminalistik ekspertiza aparılır.

Təsdiqedici tədbirlərin müxtəlifliyini nəzərə alaraq, cinayət-prosessual qanunvericilikdə obyektlərin götürülməsini tənzimləyən normaların dairəsinin genişləndirilməsi məqsədəuyğundur. Bu zaman həmin normalara belə bir göstəriş əlavə edilməlidir ki, zəruri hallarda obyektlər onların əslini təsdiq edən və onlara çıxışı qeyri-mümkün edən digər üsullarla möhürlənir və ya təsdiq edilir.

Təcrübə göstərir ki, bəzi hallarda kriminalistik məlumatların müxtəlif maddi daşıyıcılarının götürülməsi prosesi, cinayət prosessual qanunvericiliyin kobud şəkildə pozulması ilə müşayiət olunur. Bu müvafiq sənədlərin tərtibində ifadə olunur ki, onların xarakteri gələcəkdə belə məlumatların sübut mənbəyi kimi qiymətləndirilməsi imkanını aradan qaldırır. Bunlar "gətirmə", "vermə", "aşkar etmə", "götürmə" protokolları adı ilə tərtib olunur ki, prosessual qanunvericilikdə belə protokol adları nəzərdə tutulmamışdır.
Bu xarakterli pozuntulara, xüsusilə daxili işlər orqanları əməkdaşları tərəfindən daha çox yol verilir. Bu istintaq hərəkətlərinin həyata keçirilməsi barədə qərar qəbul edən prokurorluq işçiləri isə həmin pozuntulara əhəmiyyət vermir və onlardan prosessual tələblərə cavab verən sənədlərin tərtib edilməsini tələb etmirlər. Bu isə bəzən ona gətirib çıxarır ki, belə sənədlərlə məhkəməyə göndərilmiş cinayət işləri ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır.

Müasir şəraitdə, cinayət işi üzrə maddi sübutların mühafizəsi istintaq orqanlarının malik olduqları məlumatların yayılmasına qarşı mübarizə tədbirlərini nəzərdə tutur. İstintaq tərəfindən müəyyən edilmiş faktiki məlumatları əldə edən kriminal elementlər bundan şahid və zərər çəkmiş şəxslərə təzyiq göstərmək, maddi sübutları və sənədləri məhv etmək, uzun müddət yoxlanılması tələb olunan yalan fərziyyələr irəli sürülməsi üçün istifadə edə bilərlər. Bu aspektdə istintaq orqanının otaqlarında və ona bitişik zonalarda bu məlumatların qanunsuz əldə edilməsi kanalları və vasitələrinin (gizli radioötürücü və qeydiyyat qurğularından, telefon və elektrik şəbəkələrindən istifadə, kompüter məlumatların əldə olunması, audio-video aparatlarından istifadə və s.) aşkar edilməsi ən aktual məsələlərdən biridir. Aydındır ki, belə yoxlamalar müvafiq sahənin mütəxəssisləri tərəfindən aparılmalıdır və onlar səlahiyyətləri daxilində müvafiq normativ aktlar çərçivəsində hərəkət etməlidirlər. Bununla yanaşı, hesab edirik ki, müstəntiqlərdə ən sadə formada olsa da, daimi profilaktik nəzarəti həyata keçirmək üçün vasitələr (şüalanma detektoru, radioskayner və s.) olmalıdır. Prokuror - kriminalistlərin cinayət işinin istintaqı ilə bağlı məlumatların kriminal elementlər tərəfindən ələ keçirilməsi ilə mühafizə üçün kompleks vasitələrlə təmin edilməsi də faydalı olardı.

Sübutların ayrılmaz xüsusiyyətlərindən biri də onların mümkünlüyüdür. Cinayət-prosessual qanunvericilikdə (Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsi) və hüquq ədəbiyyatında mümkün olmayan sübutlardan söhbət getsə də, mümkünlük xassəsinə malik olmayan faktiki məlumatlar sübut hesab oluna bilməz. Buna görə də, burada söhbət sübut qismində faktiki məlumatların mümkünlüyü barədə getməlidir.

Qanunun pozulması ilə əldə edilmiş sübutlardan cinayət prosesində istifadəyə yol verilməməsi barədə qanunvericilikdə ciddi qayda müəyyən edilməsi faktiki məlumatlardan sübut kimi istifadə olunmasına imkan verən şərtlər barədə mövcud mübahisələri nəinki aradan qaldırdı, habelə ona əlavə təkan verdi. Təəssüf ki, qanunvericilik sübutların mümkünlüyü barədə yalnız ümumi müddəalar müəyyən etməklə kifayətlənmişdir.

Azərbaycan Respublikası Konstitusiyası belə bir ümumi müddəa müəyyən etmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanun pozulması ilə əldə olunmuş sübutlardan istifadəyə yol verilmir (50-ci maddənin 2-ci hissəsi). Hazırda bir çox prosessualistlər belə bir fikri inkar edirlər ki, mümkünlük - faktlar haqqında konkret məlumatların xarakteristikası, sübutların özü deyil, yalnız onların mənbələridir. Məsələn, F.N.Fatkullin hesab edir ki, faktiki məlumatlar qanunla nəzərdə tutulmuş mənbələrdən əldə edilmişdirsə, yolverilməz hesab edilə bilməz (4). L.M.Yakubun fikrincə, sübutların mümkünlüyü şərtlərinin daha geniş anlayışı sübutların etibarlılığı və onların mümkünlüyü anlayışlarının qarışdırılmasına gətirib çıxarır (5).

Lakin hazırda fikrimizcə, belə bir düzgün fikir mövcuddur ki, "qanunda nəzərdə tutulmuş mənbələrdən onunla müəyyən edilmiş şəraitdə əldə olunmuş sübutlar mümkün sübutlardır". Sübutların mümkünlüyü və etibarlılığı arasındakı bu cür əlaqə onlara ayrılıqda baxılması imkanını aradan qaldırmır (6). "Sübutların mümkünlüyü - sübutların məzmununa və formasına aid olan əlamətdir və onların əldə olunması və qeydə alınması ilə əlaqədar qanunun bütün tələblərinə əməl edilməsini göstərir" (7).

Hüquq ədəbiyyatında haqlı olaraq, sübutların mümkünlüyü aşağıdakı metodlara ayrılır:

- əsl sübutetmə subyekti;
- əsl subyekt mənbəyi;
- sübutların toplanmasının lazımi üsulu;
- prosessual hərəkətlərin aparılması və rəsmiləşdirilməsinin lazımi qaydası (8).

Sübutların mümkünlüyü qaydası - sübutların lazımi forması haqqında qaydadır (9). Lakin sübutların mümkünlüyü haqqında qaydalar mənfi xarakterli də ola bilər, yəni iş üzrə faktların müəyyən olunması üçün hansı mənbələrə yol verilmir.

Azərbaycan SSR cinayət-prosessual qanunvericiliyinə əsasən, ilkin dinləmələrin nəticəsindən asılı olaraq, hakim münsiflər məhkəməsinin baxışından qanunun pozulması ilə alınmış və digər əsaslara görə yol verilməyən sübutları çıxarır. Buradan belə bir sual meydana çıxır: sübutların digər əsaslara görə yolverilməzliyi dedikdə, nə başa düşülür?

Y.İ.Stetsovski haqlı olaraq belə hesab edir ki, mənəviyyat, əxlaq, həqiqət, elmilik tələblərini pozmaqla əldə olunmuş sübutları digər əsaslara görə qəbuledilməz sübutlar hesab etmək lazımdır (10).

Prosessual sübutetmə zamanı təhqiramiz formada verilən suallara alınmış cavablar; dindirilən şəxsin senzuradan kənar (nalayiq formada deyilmiş) cavablarının protokolda "olduğu kimi" əks olunması; əqli cəhətdən zəif şəxsin terminlərlə müşayiət olunan ifadəsi; müxtəlif növ ekstrasenslərin ifadələri iş üzrə qəbuledilməz sübut kimi qiymətləndirilə bilər. Bununla əlaqədar, N.M.Kipnisin yalnız cinayət-prosessual normaların pozulması yolu ilə alınmış sübutların yolverilməzliyi barədə təklifi ilə razılaşmaq olmaz (11).

Cinayət-prosessual qanunvericiliyi cinayət işi üzrə icraatın bütün detalları üzrə tənzimləsə belə, yenə də sübut növündə istifadəsini qeyri- mümkün edən bütün həyati şəraiti nəzərdə tuta bilməz.

Azərbaycan SSR CPM-nin 69-cu maddəsinin 3-cü hissəsində göstərilir: "Qanun pozulması ilə əldə olunmuş sübutlar hüquqi qüvvəsi olmayan hesab edilir və hökmün əsasına qoyula bilməz, həmin bu məcəllənin 68-ci maddəsində sadalanan halların sübut edilməsi üçün istifadə edilə bilməz".

Qanunun pozulması ilə əldə edilmiş sübutlardan hökmün əsaslandırılması üçün istifadə edilə bilməməsi barədə qanunun göstərişi bir sıra müəlliflərə belə bir nəticəyə gəlməyə imkan verir ki, qanunun pozulması ilə əldə edilmiş sübutlardan yalnız ittiham hökmünün əsaslandırılması üçün istifadə oluna bilməz. Şəxsə bəraət verən halların sübut edilməsi üçün onlar tamamilə yararlıdır (12).

A.İ.Trusov qeyd edir ki, prosessual formanın hər hansı mühüm pozuntusu sübutları prosessual cəhətdən keyfiyyətsiz, yəni onlardan təqsirləndirilən şəxsin təqsirinin sübut edilməsi üçün istifadəni yolverilməz edir (13). Lakin cinayət prosessual qanunvericiliyinin qanunun pozulması yolu ilə əldə olunmuş sübutların hüquqi qüvvəsinin olmaması barədə tələbini inkar etmək olmaz.

Beləliklə, buradan belə bir məntiqi nəticə yaranır ki, qanunun pozulması ilə əldə olunmuş faktiki məlumatlar da sübut qismində tanına bilməz. Əgər müstəntiqin yönəldici sualına verilmiş cavab dindirmə protokolunda əks olunarsa və onunla şərtlənərsə, bu halda dindirilən şəxs tərəfindən verilmiş faktiki məlumatlar hüquqi qüvvəyə malik ola bilməz.
Bununla əlaqədar belə bir sual yaranır: bütün hallarda qanunun pozulması sübutların yolverilməzliyinə, onun hüquqi qüvvədən məhrum olmasına gətirib çıxarırmı?

İ.İ.Muxin qanunun hər hansı pozulması halını sübutların yolverilməz hesab olunması üçün əsas kimi qəbul etməyi zəruri hesab edir (14).

M.L.Yakub isə əksinə, hesab edir ki, sübutu onun qəbuledilməzliyi səbəbindən inkar edərək, mahiyyəti üzrə baxılmamış qoymaq olmaz (15).

O.V.Ximiçeva və R.V.Danilov qanun pozuntularını iki qrupa bölürlər:

- hər bir halda sübutların qəbuledilməzliyinə gətirib çıxaran pozuntular (cinayət xarakterli pozuntular, faktiki məlumatların etibarlılığını aradan qaldırılması mümkün olmayan şübhələr yaradan cinayət-prosessual qanununun digər pozuntuları);

- az əhəmiyyətli pozuntular.

Sonuncu pozuntular sübutların keyfiyyətsiz hesab edilməsinə gətirib çıxarmır, çünki onlar faktiki məlumatların etibarlılığının aradan qaldırılması mümkün olmayan şübhələr yaratmır və proses iştirakçılarının hüquqlarının pozulmasına səbəb olmur (16).

İ.D.Perlov hesab edir ki, hər hansı pozuntu konkret hallardan asılı olaraq, mühüm və qeyri-mühüm ola bilər.

Əgər təqsirləndirilən şəxsə onun hüquqları izah olunmayıbsa, lakin o həmin hüquqdan istifadə etmişdirsə, bunu mühüm pozuntu hesab etmək olmaz. Əgər hüququn izah olunmaması ondan istifadə edilə bilməməsi ilə nəticələnibsə, bu mühüm pozuntudur (17).

Beləliklə, sübutların qəbuledilməzliyini müəyyən edən qanun pozuntusunun xarakterini ittiham və bəraət sübutları üçün müxtəlif formada həll etmək mümkündür. Aydındır ki, bu məsələ yalnız faktiki məlumatların etibarlılığının müəyyən edilməsi zərurəti ilə bağlı deyildir. Məsələn, təqsirləndirilən şəxsin ifadə verməyə məcbur edilməsinə yönəldilmiş tədbirlərin tətbiqi onun etibarlılığına kömək edə bilər. Bununla yanaşı, belə sübut, şübhəsiz yolverilməz hesab edilir. Belə bir fikir də mübahisəlidir ki, dindirmədə qanunsuz metodların tətbiqi hər bir halda faktiki məlumatların etibarlılığına aradan qaldırılması mümkün olmayan şübhələr yaradır (18).

Bir şey aydındır ki, bu cür faktiki hallar "yol verilən" əlamətinə malik ola bilməz. Buna görə də, yolverilməzliyi yalnız sübutların etibarlılığının müəyyən edilməsini çətinləşdirən qanun pozuntusuna gətirib çıxarması barədə fikirlə razılaşmaq olmaz (19).

Bu məsələyə cinayət - prosessual məlumatların anlayışı və təyin edilməsindən təcrid olunmuş halda baxıla bilməz. Sonuncu bir çox hallarda ədalət mühakiməsinin müvəffəqiyyətlə həyata keçirilməsi, şəxsiyyətin hüquqları və qanuni mənafelərinin mühafizəsinə kömək edən, qanunda nəzərdə tutulan vasitə və üsullar kimi müəyyən edilir. Təbii ki, bu iki növ məlumatı bir-birinə qarşı qoymaq düzgün olmazdı, həm də bu və ya digər prosessual vasitələrin müxtəlif təyinatlarının fərqini görməmək də mümkün deyildir (20).

Azərbaycan Respublikası Konstitusiyası (26-cı maddə) müəyyən edir ki, vətəndaş hüquqlarının müdafiəsi prioritet hesab olunmalıdır. Təqsirləndirilən şəxsin mənafeyinin müdafiəsi təminatının pozulması motivi ilə cinayət prosesində bəraətverici sübutları sübutetmə zamanı qəbuledilməz hesab etmək məntiqə uyğun olmazdı. Bu təminatların məqsədli təyinatı bəraətverici sübutlardır (21).
Əgər ədalət mühakiməsinin təminatı (həqiqətə nail olmağın təminatı) pozulmuşdursa, məsələn, şahid yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar olmamışdırsa, hətta bu cür bəraət sübutları da qəbuledilməz hesab olunmalıdır. İttiham sübutlarına gəldikdə isə həm həqiqətə nail olunmasını, həm də şəxsiyyətin hüquqlarını təmin edən normaların pozulması belə faktiki məlumatları sübut qismində qəbuledilməz edir.

Cinayət-prosessual təminatlara aid olmayan cinayət - prosessual normalarının pozulması faktiki məlumatların sübut qismində mümkünlüyünə təsir etməməlidir. Məsələn, cinayət-prosessual qanunvericiliyinin 227-ci maddəsində təqsirləndirilən şəxsin milliyyətinin, təhsilinin, ailə vəziyyətinin əks etdirilməsinə dair nəzərdə tutulan tələblərin müstəntiq tərəfindən pozulması, təqsirləndirilən şəxsin ifadəsinin sübut qismində mümkünlüyü məsələsinin həlli üçün mühüm pozuntu hesab edilə bilməz. Bu problemlə bağlı başqa fikirlər də mövcuddur. P.A.Lupinskaya hesab edir ki, qanunun pozulması ilə əldə olunan sübutlar əsasında nə ittihamedici, nə də bəraətverici halları müəyyən etmək olmaz. Bununla yanaşı, bir sıra sübutların yolverilməz hesab edilməsi özlüyündə müdafiə tərəfinə belə bir nəticəyə gəlməyə əsas verir ki, istintaq qanun pozuntusu ilə aparılmışdır, bu isə konkret sübutu, məsələn, təqsirini etiraf edən təqsirləndirilən şəxsin ifadəsini şübhə altına ala bilər (22).

Bir sübutun əldə olunması zamanı prosessual qaydanın pozulması, başqa sübutları da pozmaqla əldə olunması kimi qiymətləndirilə bilməz.

Hazırda faktiki məlumatların sübut kimi qəbul edilməzliyi haqqında məsələnin düzgün həlli, cinayət-prosessual fəaliyyətin səmərəliliyi, bu məsələnin doktrinal təfsirinin müxtəlifliyinin aradan qaldırılması üçün mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla, sübutların yolverilməzliyinə dair praktiki işçilərə əlavə rəhbər izahatlar verilməsi zərurəti yaranmışdır. Fikrimizcə, bu məsələnin cinayət-prosessual qanunvericiliyində də dəqiq tənzimlənməsi faydalı olardı.


Nazim Ağamirzəyev,
Azərbaycan Respublikası Baş Prokurorluğunun
DİO-nın istintaq, təhqiqat və əməliyyat-axtarış
fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin prokuroru,
ədliyyə müşaviri,
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası
Mərkəzinin dissertantı

«Qanunçuluq» jurnalı, 2007-ci il