Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2011-05-22
Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralovun kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibənin mətni
Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas olan ən mürəkkəb sosial problemlərdən biridir. Korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə Sovetlər İttifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başlayıb, bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilib. 1993-cü ilin iyun ayının 15-də xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığa və onun təhlükəli təzahürü kimi korrupsiyaya qarşı mübarizə yeni müstəviyə qaldırılaraq, qabaqlayıcı tədbirlər önə çəkilib. Hüquqa və sosial ədalətə söykənən sivil vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu xəttini son 8 ildə tamamilə yeni müstəvidə uğurla davam etdirən Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, fəaliyyətinin ilk vaxtlarından bu ümumbəşəri sosial bəlaya qarşı səmərəli tədbirlərə başlanılıb, 13 yanvar 2004-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun imzalanıb. Azərbaycanda korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" və "Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında" Konvensiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının "Korrupsiya əleyhinə konvensiyası" da Azərbaycanda qüvvəyə minib. Beynəlxalq Konvensiyaların ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilib, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb. Bütün bunların nəticəsi olaraq, ölkəmizdə korrupsiyaya qarşı hərtərəfli mübarizə üçün əlverişli mexanizm yaradılıb. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı uğurla icra edilib, 28 iyul 2007-ci il tarixli sərəncamla təsdiq edilməklə dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" və onun həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planı korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün əlverişli hüquqi zəmin yaradıb. Xüsusi qeyd edilməlidir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar bütün beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi tərəfindən İstanbul Fəaliyyət Planına əsasən dəyərləndirmə hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlər müsbət dəyərləndirilib.

- Məlumat verildiyi kimi, son ayda Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunda mühüm dəyişikliklər edilib. Bu dəyişikliklər hansı zərurətdən irəli gəldi?

- Azərbaycan prezidenti cənab İlham Əliyevin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi mübarizə aparılması barədə verdiyi göstərişlərinə, cari ilin yanvar ayının 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş yığıncağında müəyyənləşdirilmiş tədbirlərə müvafiq olaraq Azərbaycan Respublikası Prokurorluğu tərəfindən bu neqativ təzahürlərə qarşı mübarizənin kəsəri daha da artırılıb. Fəaliyyətə başladığı 2004-cü ildən keçən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin daha ciddi aparılması üçün son vaxtlar bir sıra qanunvericilik və praktiki tədbirlər həyata keçirilib. Belə ki, Azərbaycan prezidentinin 11 mart 2011-ci il tarixli fərmanına əsasən, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılıb, eyni zamanda texniki işçilərin də sayında da əhəmiyyətli dəyişiklik edilib. 18 mart 2011-ci il tarixdə Azərbaycan Milli Məclisi tərəfindən "Əməliyyat axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" qanunlara dəyişikliklər edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilib. Azərbaycan prezidentinin 8 aprel 2011-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək tapşırılıb. Eyni zamanda dövlət başçısının qeyd olunan və 10 may 2011-ci il tarixli fərmanları ilə idarənin Əsasnaməsində dəyişikliklər edilərək digər məsələlərlə yanaşı, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlamanın aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanması məqsədilə idarəyə Mütəxəssislər qrupunun yaradılması səlahiyyəti verilib. Qarşıda duran vəzifələrin uğurla icrasını təmin etmək məqsədilə edilmiş dəyişikliklər idarənin rəhbər heyətində müavinlərin sayının artırmağa imkan yaradıb. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində qeyd olunan normativ-hüquqi aktlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün 12 may 2011-ci il tarixdə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturunun təkmilləşdirilməsi, idarənin tərkibində olan struktur qurumların Əsasnamələrinin təsdiq edilməsi haqqında Baş Prokurorluq üzrə müvafiq əmr imzalanıb. Həmin əmrə əsasən, idarədə yeni 4 şöbə yaradılıb, ləğv edilən iki şöbənin bazasında adları qarşıda duran vəzifələrin icrasına adekvat yeni şöbələr təsis edilib, beləliklə, idarənin tərkibində olan şöbələrin sayı 7-yə çatıb.

- Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyə edilmiş dəyişikliklərin mahiyyəti nədən ibarətdir və bu sahədə hansı işlərin görülməsi nəzərdə tutulur?

- MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumu kimi Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilməsi prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən yüksək etimadın təzahürüdür. Bu dəyişikliklərə əsasən, korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri yalnız Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılacaq. Əməliyyat-axtarış fəaliyyətinin digər subyektləri tərəfindən korrupsiya cinayətləri barədə əməliyyat-axtarış tədbirləri yalnız Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yazılı tapşırığı əsasında həyata keçirilə bilər. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanının əməliyyat-axtarış fəaliyyətini yerinə yetirməsi zamanı qanunların icrasına nəzarət Azərbaycan baş prokuroru tərəfindən həyata keçiriləcək. Bu dəyişiklik həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin əlaqələndirilməsini və bu sahədə əməliyyat tədbirlərinin qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti asanlaşdıracaq. Hazırda yeni təsis edilmiş Əməliyyat və Əməliyyat təminatı şöbələrinin ixtisaslı və təcrübəli kadrlarla komplektləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Bu şöbələrin əməkdaşlarının işə qəbulunun müsabiqə yolu ilə həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda şöbələrin maddi texniki-bazasının ən müasir avadanlıq və qurğularla təmin olunması istiqamətində zəruri tədbirlər görülür.

- Yuxarıda adları qarşıda duran vəzifələrin icrasına adekvat yeni şöbələrin təsis edildiyini qeyd etdiniz. Bu barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik.

- Ötən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin təhlili korrupsiya ilə effektiv mübarizəni inzibati və iqtisadi metodların vəhdətində görən dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənliklə söylədiyi fikirləri bir daha təsdiqləməklə korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı - preventiv tədbirlərin mühüm əhəmiyyət daşıdığını nümayiş etdirir. Təcrübə göstərir ki, korrupsiyaya daha çox məruz qalan sahələrin müvafiq təhlillər aparılmaqla müəyyən edilməsi, belə hüquqpozmaları doğuran səbəb və şəraitin öyrənilməsi və onların aradan qaldırılmasına dair səlahiyyətli qurumlara təkliflər verilməsi yolu ilə preventiv tədbirlərin həyata keçirilməsi bu cinayətlərin qarşısının alınması işində önəmli məsələlərdəndir. Korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyi və korrupsiya hüquqpozmaları üzrə ilkin araşdırmalar apardığı, habelə informasiya təminatı ilə əlaqədar işlərin yeni yaradılmış digər şöbə tərəfindən həyata keçiriləcəyi nəzərə alınaraq idarənin Analitik-informasiya şöbəsinin bazasında Preventiv tədbirlər və təhqiqat şöbəsi yaradılıb. Prokurorluq orqanlarında korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, həmçinin cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək, idarədə iş yerlərinin və orada yerləşən texniki vasitələrin məlumat sızmasından qorunması, habelə məlumat çıxarılması üçün istifadə olunan vasitələrin aşkarlanması və onların zərərsizləşdirilməsi məqsədi ilə tədbirlərin görülməsi və müasir şəraitdə digər fəaliyyət istiqamətlərinə uyğun olaraq idarənin Daxili təhqiqatlar şöbəsinin bazasında Daxili təhlükəsizlik xidməti təsis edilib.

- Azərbaycan prezidentinin 08 aprel 2011-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından real vaxt rejimində istifadəsinin təmin edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlara dəyişikliklər edilməsi barədə təkliflərini dövlət başçısına təqdim etmək tapşırılıb. Bu barədə nə deyə biləsiniz?

- Beynəlxalq təcrübəyə əsaslanaraq göstərmək olar ki, korrupsiya hüquqpozmalarına qarşı effektiv, səmərəli mübarizə ixtisaslaşmış antikorrupsiya orqanlarının lazımi informasiyanı maneəsiz və vaxt itkisinə yol vermədən əldə etməsi imkanları ilə sıx bağlıdır. Bu baxımdan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resurslarına çıxış imkanlarının yaradılması cinayət təqibinin tezliyinə də öz müsbət təsirini göstərəcək. Bu məqsədlə idarənin qoşulması nəzərdə tutulan digər dövlət və qeyri-dövlət qurumların məlumat bazaları, informasiya sistemləri və reyestrlərindən lazımi məlumatların əldə edilməsi, bu məlumatların əldə olunmasına dair idarə əməkdaşlarında daxil olmuş müraciətlərin əsaslılığına nəzarət, İdarənin statusuna uyğun olaraq mürəkkəb korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və müxtəlif sahələri əhatə edən çoxepizodlu cinayət işlərinin istintaqı zamanı vaxt itkisinin qarşısının alınması, cinayət təqibinin tezliyinin təmin olunması üçün prokuror və müstəntiqlərə müvafiq qanunvericilik aktlarının axtarılıb tapılması və təmin olunmasında metodiki köməklik göstərilməsi məqsədilə Təşkilati və informasiya təminatı şöbəsi yaradılıb.

- İdarənin Əsasnaməsinə edilmiş dəyişikliklərə əsasən, yeniliklərdən biri də korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlama aparılması və ya korrupsiya ilə bağlı cinayətlərin istintaqı zamanı müxtəlif peşə sahələrində xüsusi biliyə malik şəxslərdən istifadə etməklə fiziki və ya hüquqi şəxslərin fəaliyyətinin yoxlanılması məqsədilə idarəyə Mütəxəssislər qrupunun yaradılması səlahiyyətinin verilməsidir. Bu səlahiyyətlərdən hansı istiqamətdə və necə istifadə edilməsi nəzərdə tutulur?

- Ölkəmizin dinamik iqtisadi inkişafı nəticəsində korrupsiya hüquqpozmaları ən müxtəlif formalarda təzahür edir və bunun məntiqi nəticəsi olaraq, bu gün korrupsiya hüquqpozmalarının ilkin araşdırılması və istintaqı çoxsaylı istiqamətlər üzrə aparılır. Bu məqsədlə maliyyə, mühasibat, bank, kredit, elm, texnika və digər peşə sahələri ilə əlaqədar icraatda olan ilkin araşdırma materialları və cinayət işləri üzrə prokurorlara və müstəntiqlərə ixtisaslı məsləhətlər və tövsiyələr verilməsi və bu sahədə yoxlamalar aparılması və yoxlamaların nəticələri üzrə rəy tərtib edilməsi, habelə Korrupsiya ilə əlaqədar cinayətlər barədə Vahid İnformasiya Bazasının idarə olunması məqsədilə İdarədə şöbə səlahiyyətli Mütəxəssislər qrupu yaradılıb.

- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsində aparılmış struktur dəyişikliklərinin işin səmərəliliyinə təsiri sizcə, nə dərəcə uğurlu olacaq?

- Qeyd etmək istərdim ki, bu dəyişikliklərin həyata keçirilməsi zamanı beynəlxalq təşkilatlar, o cümlədən Korrupsiyaya Qaşı Dövlətlər Qrupu, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının tövsiyələri nəzərə alınıb, Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində həyata keçirilən Tvininq layihəsi üzrə qabaqcıl Avropa ölkələrinin ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının təcrübəsi öyrənilib. Hesab edirəm ki, aparılmış dəyişikliklər Korrupsiyaya qarşı mübarizə idarəsində korrupsiya hüquqpozmalarına qarşı daha çevik mexanizm yaradılmasında mühüm stimul rolunu oynayacaq. Struktur dəyişikliklərinin nəticələri haqqında danışmaq tez olsa da, vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən irimiqyaslı və kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir, görülən işlər ölkə və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prokurorluq orqanlarının əməkdaşları bundan sonra da göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, öz vəzifələrinə məsuliyyətlə yanaşmaqla respublikanın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmalarına qarşı daha ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər.