Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2010-09-30
1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Baş prokuror cənab Zakir Qaralovun çıxışı

 

1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 92-ci ildönümünə həsr olunmuş təntənəli mərasim Baş prokuror cənab Zakir Qaralovun çıxışı

 

Hörmətli həmkarlar!

Bu gün öz müasir tarixinin əlamətdar günlərindən birini yaşayan Azərbaycan Respublikası Prokurorluğunun kollektivi növbəti dəfə «1 Oktyabr prokurorluq işçilərinin peşə bayramı günü»nü və milli prokurorluq orqanlarının  yaradılmasının 92-ci ildönümünü qeyd edir. Bu münasibətlə mən, Baş Prokurorluğun rəhbərliyi və Kollegiyası adından hər bir əməkdaşımızı və təqaüddə olan veteranlarımızı, onların ailə üzvlərini təbrik edirəm, hamınıza xoşbəxtlik və hərtərəfli uğurlar arzulayıram.

Hörmətli həmkarlar!

Azərbaycan Prokurorluğu  92  illik  inkişaf tarixi ərzində çətin, lakin çətin olduğu qədər də şərəfli bir təkamül yolu keçməklə, bu gün öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşməklə sivil və dünyəvi bir quruma çevrilən, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz kollektivini formalaşdıran mühüm bir təsisat kimi dövlətçiliyimizin  maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.

Xalq  Cümhuriyyətinin  qısa  müddətli mövcudluğu dövründə müstəqil dövlət orqanı kimi hərtərəfli formalaşmağa imkanı olmayan, Sovetlər  İttifaqı  zamanında  hakim  partiyanın siyasətinə və sinfi mənafelərinə xidmət göstərən qurum kimi fəaliyyət göstərən, keçən əsrin 90-cı illərinin əvvəllərindəki anarxiya və xaos dövründə işini qanun çərçivəsində qura bilməyən, mütəşəkkil cinayətkar təzahürlərin, vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması hallarının qarşısını almaqda aciz olan Azərbaycan Prokurorluğu yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra və  onun hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində cəmiyyətdə öz layiqli yerini tutmağa nail olmuş, dövlətçiliyimizin sütunlarından hesab edilən mühüm təsisata çevrilmişdir.

Prokurorluq işçilərinə peşə bayramı kimi əlamətdar bir günü bəxş edən şəxsiyyət də  məhz Heydər Əliyev olmuş, ulu öndərin 17 iyul 1998-ci il  tarixli Sərəncamı ilə «1 Oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü» kimi təsis edilməklə, prokurorluğun cəmiyyətdəki rolu və yerinə dövlət səviyyəsində münasibət bildirilmiş, tarixi keçmişimizə və milli dəyərlərimizə qayğılı münasibət ifadə olunmuşdur.

Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti xüsusi qeyd edilməlidir. Məhz  həmin müşavirədən sonra ölkə miqyasında aparılan yenidənqurma proseslərindən kənarda qalan prokurorluq orqanlarında hərtərəfli islahatlara başlanılmış, dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin müasir tələblər səviyyəsində səmərəliliyinin artırılması, dövlətçiliyə sadiq yeni kadr korpusunun formalaşdırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin dünya standartlarına müvafiq şəkildə gücləndirilməsi təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət  başçısı kimi fəaliyyəti dövründə bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və  xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişaflarının  məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş,  hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Bu gün Dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi  bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmiş, ədalətli prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yeniləşdirilən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmaqla ciddi tələbkarlıq şəraiti formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud  çatışmazlıqları təxirəsalınmadan aradan qaldırmağa təminat verən icra və  nəzarət mexanizmi yaradılmışdır.

Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamlara  müvafiq  olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin və dövlət ittihamının müdafiəsi üzrə qurumlarının yeni sisteminin yaradılması, prokurorluq əməkdaşlarının əməyinin mütəmadi olaraq fərqləndirilməklə onların ali xüsusi və ali hərbi rütbələrə və dövlət təltiflərinə layiq bilinməsi, fəaliyyətin  yeni informasiya texnologiyalarının tətbiqinə əsaslanan metodologiya əsasında qurulması, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət səviyyəsində  atılan  addımlar prokurorluğun mühüm təsisat kimi daha da  təkmilləşdirilməsinə, fəaliyyətinin  səmərəliliyinin artırılmasına öz müsbət  təsirini göstərmişdir.

Prokurorluq orqanlarının məzmunca yeniləşməsi və işinin müasir tələblərə uyğun tam yeni müstəvidə qurulmasında Dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır. Milli prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramı ölkəmizin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirməklə, 3 illik bir müddət üçün prioritet vəzifələri müəyyənləşdirmişdir.

Bütün səylərin, ilk növbədə, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına istiqamətləndirilməsinin  nəticəsidir ki, qısa müddət  ərzində prokurorluq əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə yönəldilmiş «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, Baş Prokurorluğun strukturunda  Elm-Tədris Mərkəzi, Hüquqi  təminat  və  informasiya idarəsi və Ağır cinayətlərə dair işlər üzrə dövlət  ittihamının müdafiəsi şöbəsinin, hərbi prokurorluğun strukturu təkmilləşdirilməklə Zaqatala hərbi prokurorluğunun yaradılması təmin edilmişdir. 2010-cu il prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının hərtərəfli tətbiqi ili elan edilməklə, hazırda yeni yaradılmış qurum kimi İnformasiya texnologiyalarının tətbiqi xidmətinin mütəxəssislərinin yaxından iştirakı ilə Baş Prokurorluq və tabe prokurorluqlar arasında elektron məlumat mübadiləsini təmin edəcək mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması istiqamətində zəruri işlər görülür. Azərbaycan Prokurorluğunun veb-saytının müasir tələblər və standartlar səviyyəsində  yeni versiyası işlənilib hazırlanmaqla, sentyabr ayının 28-də kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə geniş  təqdimat  mərasimi keçirilmişdir. 

Müsbət hal kimi dəyərləndirilməlidir ki, son illər ərzində prokurorluq orqanlarında görülmüş işləri özündə əks etdirməklə, həyata  keçirilmiş  islahat  tədbirləri  barədə məlumat mənbəyi rolunu  oynayan  «Azərbaycan Prokurorluğu: islahatlar və təkamül. 2000-aprel-2010» adlı kitabın və milli prokurorluq orqanları barədə ətraflı məlumatları özündə əks etdirən elektron diskin hazırlanması təmin edilmişdir.

Baş Prokurorluğun yeni struktur qurumu kimi Elm-Tədris Mərkəzi tərəfindən görülən işlərin əhəmiyyətini xüsusilə diqqətə çatdırmaq istərdim. Son dövrlərdə reallaşdırılmış bir sıra layihələrlə yanaşı Mərkəz tərəfindən hazırlanmış «İmtahan» informasiya sisteminin tətbiqinə başlanılması Dövlət Proqramının tələblərinə müvafiq olaraq, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri olmaqla, əməkdaşlarımızın nəzəri və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, onların biliklərinin dəyərləndirilməsi işində öz müsbət rolunu oynayacaqdır.

Keçən dövr ərzində qazandığımız uğurların ən əsaslarından biri Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun şəkildə prokurorluğa növbəti qəbulun həyata  keçirilməsi hesab olunmalıdır. Ədalətli və şəffaf prosedurlar əsasında  müsabiqə yolu ilə qulluğa qəbulun tətbiqi nəticəsində  artıq prokurorluğun kadr korpusunun 40 faizdən çoxunu gənc mütəxəssislər təşkil edir. Cari ilin aprel ayının 23-də andiçmə mərasimləri keçirilən 98 gəncin müsabiqə yolu ilə prokurorluqda qulluğa qəbul edilməsi bu istiqamətdə atılan mühüm addımlardan biri olmuşdur.

Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin görülməsi təmin olunur. Təkcə bir faktı diqqətinizə çatdırmaq istərdim ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə görülən işlərin nəticəsidir ki, son 2 il ərzində 6 rayon prokurorluqları üçün tikilmiş yeni inzibati binalar istifadəyə verilmiş, 5 rayon və şəhər prokurorluğunun, o cümlədən bu günlərdə Mingəçevir və Şirvan şəhər prokurorluqlarının inzibati binalarının əsaslı təmirdən sonra açılışları həyata keçirilmiş, prokurorluğun avtomobil parkının yeniləşdirilməsi üçün 30 ədəd «Nissan-Şevrole» və «Folsvagen-Passat» avtomaşınları alınmaqla tabe struktur qurumların istifadəsinə verilmişdir.

Prokurorluğun kollektivi və hər bir əməkdaş prokurorluğa dövlət səviyyəsində, Azərbaycan Respublikasının Prezidenti tərəfindən göstərilən  etimadın məsuliyyətini dərindən dərk etməklə, işimizi həmin etimada layiq səviyyədə qurmaq, prokurorluqda formalaşmış sağlam iş mühitini daha da möhkəmləndirmək, cəmiyyətdə prokurorluğa artan ictimai etimadı qoruyub saxlamaq üçün bütün qüvvələrini səfərbərliyə almalıdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Respublika Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqları, habelə bütün tabe struktur qurumlar tərəfindən bundan sonra da «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işimizin səmərəliliyinin artırılması, Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası üçün zəruri tədbirlərin görülməsi təmin olunmalıdır.

Hörmətli həmkarlar!

Bu gün obyektiv bir reallıqdır ki, Azərbaycan öz müstəqil inkişaf  yolu ilə  inamla irəliləyən, xalqının firavan həyatı üçün möhkəm  iqtisadi  əsaslar yaradan, həm ölkə miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində yüksələn xətlə sosial-iqtisadi inkişafa nail olan, dünyanı bürüyən böhran şəraitində iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı yerlərdən birində olan mövqelərini saxlayan, ölkə həyatının bütün sahələrində müasir məzmunlu demokratik yenidənqurma proseslərini günü-gündən sürətləndirən bir ölkəyə çevrilmiş, dünya dövlətləri birliyinə daha sıx  inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Xalqımızın son illər ərzində qazandığı bütün bu uğurlar  2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən müasir  məzmunlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, Heydər Əliyev siyasi kursunun təntənəsidir.

Bakıda Dövlət bayrağı meydanının təntənəli açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illərdə ölkəmizdə görülən işləri çox yüksək qiymətləndirməklə demişdir ki: «Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, dinamik inkişaf edən gənc və eyni zamanda təcrübəli bir ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Müstəqil Azərbaycanda yaşamaq xoşbəxtliyi bizlərə nəsib olmuşdur. Biz bu müstəqilliyin möhkəmləndirilməsi üçün işlər görürük, fəaliyyət göstəririk, çalışırıq. Hər bir vətəndaş tutduğu yerindən asılı olmayaraq, öz əməyi ilə hər gün ölkəmizi gücləndirməlidir».

Cənab İlham Əliyevin bu sözləri hər bir ölkə vətəndaşı, o cümlədən  prokurorluq orqanlarının bütün əməkdaşları qarşısında çox böyük vəzifələr qoyur. Bütün səylər, ilk növbədə, müstəqil Azərbaycan dövlətçiliyinin, böyük çətinliklər bahasına öz müstəqilliyinə qovuşmuş ölkəmizin daha da gücləndirilməsinə istiqamətləndirilməli, bu məqsədlərə çatmaq üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsi təmin olunmalıdır.

Bu gün hər bir prokurorluq işçisi yuxarıda qeyd edilənləri, habelə Azərbaycan Respublikası Prezidentinin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 65-ci sessiyasındakı konseptual məzmunlu çıxışında ifadə olunmuş, ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmənin və sosial rifahın təmin edilməsinə, Qarabağ münaqişəsinin həllinə, BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında roluna və digər məsələlərə dair dövlətin prinsipial mövqeyini tam dəstəkləyərək öz gündəlik fəaliyyətləri və əməyi ilə ölkəmizi daha da gücləndirməyə çalışır.

Ölkə Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, peşə bayramını  qeyd  edən prokurorluq orqanları ölkəmizdə aparılan müasir məzmunlu yenidənqurma işləri və mütərəqqi islahatların reallaşdırılmasında bundan sonra da  öz xidmətlərini göstərəcək, digər hüquq mühafizə  orqanları ilə  əlaqəli şəkildə  ictimai-siyasi  sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəkdir.

Sonda mən bir daha bütün prokurorluq işçilərini və veteranlarımızı peşə bayramı günü və prokurorluğun yaradılmasının 92-ci ildönümü münasibətilə təbrik edirəm, hər birinizə həyatda və xidməti fəaliyyətinizdə uğurlar diləyirəm.

Diqqətinizə görə sağ olun!