Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2010-05-09
Müstəqil dövlətçiliyimizin və ən yeni tariximizin yaradıcısı Heydər Əliyevin anadan olmasının 87 illiyi ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Baş prokuror Zakir Qaralovun

ÇIXIŞI

Hörmətli həmkarlar!

Tədbirə başlamazdan əvvəl xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.

Bu günlərdə xalqımız öz ulu öndəri, müstəqil dövlətçiliyimizin və ən yeni tariximizin yaradıcısı Heydər Əliyevin anadan olmasının 87 illiyini təntənəli şəkildə qeyd edir. Ölkəmizin hər bir yerində, bütün dövlət təsisatları və əmək kollektivlərində, tədris müəssisələrində xalqımızın ümummilli liderinin xatirəsi anılmaqla, Azərbaycan Respublikası və millət naminə onun gördüyü möhtəşəm işlər yada salınır. Və bütün bu tədbirlərdə yekdil bir fikir ifadə olunur ki, müasir Azərbaycanın tarixi Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adı, onun dövlətçilik siyasəti ilə ayrılmaz şəkildə bağlıdır, müstəqilliyimizin və suverenliyimizin xilaskarı və qüdrətli Azərbaycanı yaradan böyük qurucu kimi tarixə düşən Heydər Əliyevin ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyənləşdirən siyasi irsi bu günkü  uğurlarımızın əsasını təşkil edir.

Öz parlaq və mübarizələrlə zəngin ömür yolu ilə bütün nəsillərə örnək olan bir həyat yaşamış Ulu öndər Heydər Əliyevin dahi bir siyasət adamı və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, sovet sisteminin mövcudluğu şəraitində  Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhvolma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq xaricidən dəstəklənən  destruktiv radikal qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.

Həllolunmaz problemlərlə qarşılaşan və öz dövlətinin tarix səhnəsindən silinmə təhlükəsi ilə üzləşən xalqının təkidli tələbi ilə Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə xilasedici qayıdışı müstəqil tariximizin dönüş nöqtəsinə çevrilməklə, xalqın itirilmiş inamını özünə qaytardı və gələcəyə olan ümidlərini artırdı, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətlərdən xilas olundu, qısa bir müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiya şəraitinə son qoyuldu, torpaqlarımızın işğalı prosesinin qarşısını alan atəşkəs barədə razılaşma əldə edildi və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla əmin-amanlıq şəraiti formalaşdırıldı, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarlığın hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi neqativ təzahürlərin aradan qaldırılmaqla kriminogen durum stabilləşdirildi. Öz qayıdışı zamanı ömrünün qalan hissəsini xalqının xilasına həsr edəcəyini bəyan edən ümummilli lider demişdi ki, «Mən buraya vəzifə üçün gəlməmişəm. Mən bu böyük yükü ancaq ona görə çiynimə götürmüşəm ki, xalqın həyatının ən çətin dövründə ona xidmət göstərim». Öz polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası-xalqının sarsılmaz inamı və hərtərəfli dəstəyi nəticəsində Azərbaycanı və onun müstəqilliyini məhvolma təhlükəsindən xilas edən Heydər Əliyev tərəfindən bu dövrdə görülən işlər analoqu olmayan siyasi fəaliyyət kimi bir nümunəyə çevrilmişdir.

Azərbaycanda xalqın həsrətində olduğu dayanıqlı ictimai-siyasi sabitlik yaradıldıqdan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün ölkə miqyasında hərtərəfli iqtisadi islahatlara, bazar iqtisadiyyatına

hərtərəfli keçidi şərtləndirən bərqərar olunmasına yönəldilmiş yeni iqtisadi siyasətin reallaşdırılmasına başlanıldı. Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın mənafeyi naminə istifadə olunması məqsədlərinə xidmət edən neft strategiyasının uğurla realaşdırılmasının nəticəsi olaraq, 1994-cü ilin sentyabr ayında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və digər mühüm layihələrin reallaşdırılması təmin edilməklə, irimiqyaslı xarici investisiyaların respublikamıza axınına şərait yaradıldı, genişmiqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsi,uğurlu makroiqtisadi sabitləşmə siyasəti nəticəsində infilyasiyanın artım tendensiyasının qarşısının alınması, Azərbaycanın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası, ən əsası əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar  atıldı. 

Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafının mühüm dövrü olan 1995-2003-cü illər ərzində ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda mühüm addımlar atılmaqla,  milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparıldı. Çoxəsrlik dövlətçilik ənənlərimizə, milli və ümumbəşəri dəyərlərə əsaslanan və memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməli qoyuldu, hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi yaradılmaqla qanunvericilik, icra və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Çoxpartiyalılıq əsasında demokratik seçkilər keçirilməsi təcrübəsinin formalaşdırılması, söz və mətbuat azadlığı, siyasi partiyalar və qeyri-hökumət təşkilatlarının maneəsiz fəaliyyəti üçün bütün imkanların yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar olmuşdur.

Deyilənləri ümumiləşdirməklə birmənalı şəkildə bu nəticəyə gəlmək olar ki, özünün zəngin siyasi fəaliyyəti ilə ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək onu daha yüksək və daimi inkişaf yoluna çıxarmaqla, öz şah əsəri olan müstəqil və demokratik Azərbaycanı  yaradan Heydər Əliyevin adı və əməlləri Azərbaycan dövləti yaşadıqca yaşayacaqdır.

Biz prokurorluq əməkdaşları üçün qürur hissi doğuran haldır ki, Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməklə  dövlətçiliyimizin maraqlarına xidmət edən  təsisat kimi  təkmilləşməsi ulu öndər Heydər Əliyev siyasəti nəticəsində mümkün olmuşdur. Məhz Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi  görüşdən sonra prokurorluq orqanlarında hərtərəfli islahatlara start verilmiş, onun tövsiyələrinə uyğun həyata keçirilən tədbirlər nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, mövcud olan neqativ halların və qanunsuzluqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, bunların nəticəsi kimi milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

Hörmətli həmkarlar!

Xoşbəxt gələcəyinin təmin olunmasında ulu öndər Heydər Əliyevin   siyasi kursuna heç bir alternativ olmadığını dərindən dərk edən Azərbaycan xalqı 2003 və 2008-ci illərdə keçirilən Prezident seçkilərində  ən layiqli davamçı kimi  İlham Əliyevin  ölkədə siyasi hakimiyyətə gəlməsini hərtərəfli dəstəkləməklə, öz tarixində yeni bir dövrün, keyfiyyətcə yeni bir inkişaf mərhələsinin əsasını qoydu.

Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyevin  dövlətçilik fəaliyyətinin ən mühüm göstəricisi ondan ibarətdir ki, o, ulu öndərin əsasını qoyduğu tərəqqini və əldə olan nailiyyətləri təkcə qoruyub saxlamadı, həm də onların miqyasını hərtərəfli genişləndirdi, ölkəmizin inkişaf dinamikasını qat-qat artırdı. İqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında qabaqcıl mövqelərə çıxan Azərbaycan Respublikası ümumi daxili məhsulun artımına görə liderliyini qoruyub saxlamaqla, yeni infrastrukturların yaradılması, bütövlükdə ölkənin və ayrı-ayrılıqda hər bir regionun inkişafını təmin edəcək qlobal sosial-iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, ölkəmizin beynəlxalq  iqtisadi sistemə inteqrasiyası proseslərinin sürətləndirilməsi, son nəticədə isə xalqın həyat səviyyəsinin yüksəldilməsi təmin edilmişdir. Ümumbəşəri problemə çevrilməklə bütün dünyanı bürüyən qlobal maliyyə böhranından Azərbaycanın ən az itkilərlə çıxması Dövlət başçısı kimi cənab İlham Əliyevin rəhbərliyi ilə realaşdırılan yeni məzmunlu  dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

Ölkəmizin daim yüksələn xətlə artan iqtisadi inkişafı 2010-cu ildə də  keyfiyyət və kəmiyyət göstəricilərinə görə yeni mərhələyə qədəm qoymuşdur. Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasında möhtərəm Prezident cənab İlham Əliyevin çıxışında gətirdiyi statistik rəqəmlərdən də göründüyü kimi, Azərbaycan Respublikası son illər ərzində çox ciddi uğurlara nail ola bilmiş, bütün makroiqtisadi göstəricilər Azərbaycanın düzgün inkişaf yolunda olduğunu  göstərmişdir.

Ermənipərəst mövqelərdə dayanan çoxsaylı xarici qüvvələr və dövlətlər tərəfindən göstərilən böyük təyziqlərə baxmayaraq, polad iradə və diplomatik istedad nümayiş etdirən Dövlət başçısı cənab İlham Əliyev Azərbaycan xalqının milli maraqlarının müdafiə olunması istiqamətində ən qətiyyətli addımlar atmaqla, Dağlıq Qarabağ probleminin həlli, bu məsələyə birbaşa təsirini göstərən Ermənistan-Türkiyə sərhədlərinin açılması kimi məsələlərdə ölkəmizin haqq səsini bütün dünyaya çatdırdı və hadisələrin bizim üçün arzuolunmaz istiqamətlərdə inkişafı proseslərinin qarşısını almağa nail oldu. 

Əsası ulu öndər tərəfindən qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüqüq mühafizə, məhkəmə hakimiyyəti təsisatlarına, o cümlədən  prokurorluq orqanlarına dövlət səviyyəsində hərtərəfli qayğı göstərilməsi, prokurorluğun fəaliyyətinin hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər bütün əməkdaşlarımız üçün çox önəmli tədbirlərdir. Son illər ərzində məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda həyata keçirilən islahatların, dövlətçiliyin maraqlarının müdafiəsi naminə görülən işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi və yenidən  etimad göstərilməsi prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən böyük qiymətdir.

Hörmətli həmkarlar!

Hamınıza məlum olduğu kimi, bu günlərdə sülhsevər bəşəriyyət və dünya dövlətləri, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr, o cümlədən Azərbaycan Respublikasında 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinin  təntənəli şəkildə qeyd olunmasına hazırlıq gedir. Fürsətdən istifadə edib bütün müharibə iştirakçıların, o cümlədən, prokurorluq orqanlarının qanlı müharibədə iştirak etmiş  ağsaqqal veteranlarını bu böyük hadisə münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara möhkəm cansağlığı və şəxsi həyatlarında uğurlar diləyirəm

Sonda bir daha bildirmək istərdim ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi həmişə ulu öndər Heydər Əliyev siyasi kursuna sadiq qalacaq, bütün səylərini onun rəhbər tövsiyələri və arzularının reallaşdırılmasına istiqamətləndirəcək, Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətinə hərtərəfli dəstək olmaqla, müstəqillik və suverenliyimizin, sabitlik və əmin-amanlığın cinayətkar qəsdlərdən qorunmasında

xidmətlərini göstərəcəkdir.

Diqqətinizə görə sağ olun!

 

Tədbirin davamı olaraq Sizi ulu öndərin xatirəsinə həsr olunmuş «Ümummilli lider Heydər Əliyev» adlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış filmə baxmağa dəvət edirəm.