Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2005-10-01
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 87-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş prokuror Zakir Qaralovun "Xalq qəzeti"ndə məqaləsi dərc edilmişdir

"Müstəqil  Azərbaycan  Respublikasının  demokratik məzmunlu  sivil  dövlət  təsisatı Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram."

Heydər Əliyev
 

 

 

Azərbaycan Respublikasının dövlət təsisatları sırasında xüsusi yeri və statusu olmaqla, fəaliyyəti Konstitusiya normaları ilə nizama salınan Azərbaycan Prokurorluğu yarandığı gündən indiyədək mürəkkəb, lakin eyni zamanda çox şərəfli bir inkişaf yolu keçmiş, zamanın çətin sınaqları ilə üzləşməsinə baxmayaraq, bütün imtahanlardan üzüaü çıxmaqla, öz doğma xalqına və müstəqil dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir quruma çevrilmişdir.

 

Azərbaycan Prokurorluğunun öz tarixi var. 1918-ci il mayın 28-də ölkəmizdə milli hakimiyyətin qurulmasından sonra öz idarəçilik sistemini yaradan Xalq Cümhuriyyəti həmin il oktyabrın 1-də Azərbaycanda özünün prokurorluq orqanlarını yaratdı. Ömummilli liderimiz Heydər Əliyev ölkəmizdə prokurorluğun ilk dəfə yaranması və fəaliyyətə başladığı həmin günü əsas götürərək, 17 iyul 1998-ci il tarixli sərəncamı ilə, oktyabr ayının 1-ni prokurorluq işçilərinin peşə bayramı günü elan etmiş və hər il bu əlamətdar günün qeyd olunması rəsmiləşdirilmişdir. Ólu öndərimizin dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda qürur hissi doğurur. Elə buna görədir ki, Azərbaycan Respublikası prokurorluq orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranlarımız və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan Prokurorluğunun yaradılmasının 87-ci ildönümünü böyük sevinclə bayram edir.

 

Bu əziz gündə oxucuların nəzərinə bir daha çatdırmaq istərdim ki, bütün Azərbaycan xalqı, o cümlədən prokurorluq işçiləri öz fəaliyyətlərində bütün həyatını doğma xalqına həsr edən və ömür boyu ona xidmət göstərən, Azərbaycan xalqını və dövlətini taleyin çətin və yollarından xətərsiz keçirərək inkişaf müstəvisinə, beynəlxalq nüfuza çatdıran, müstəqilliyimizi qoruyub saxlayaraq onu əbədi, dönməz və sarsılmaz edən, ölkəmizin gücünü və qüdrətini heyrətləndirici səviyyədə yüksəlişə çatdıran, əhalinin rifahının daimi yaxşılaşmasının əsasını qoyan və reallığa çevrilməsini təmin edən ümummilli liderimiz bu gün bizimlə olmasa da, fəaliyyətin hər bir sahəsində xalqımız onun əbədiləşmiş əməllərindən qidalanır. Prokurorluğun fəaliyyətini həmişə diqqətdə saxlayan ulu öndərimizin 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluq orqanlarına verdiyi yüksək qiymətin təzahürü olan «Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram» kəlamları hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur. 2000-ci il aprelin 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündə isə, qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələrimizi əks etdirən: «Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Saülam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanunun aliliyidir. Mənəviyyatın da hamısı qanunun içərisindədir» tövsiyəsi hər bir prokuror işçisinin insanlarla qarşılıqlı münasibətləri və davranış üçün zəruri olan keyfiyyətləri ifadə edir.

 

Heydər Əliyev tövsiyələrinin layiqincə yerinə yetirilməsi, işinin uğurla davam etdirilməsi üçün əməkdaşlarımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluğun möhkəmlənməsi və nüfuzunun artması, fəaliyyətinin dünya standartları səviyyəsinə çatdırılması, kadrların saflaşdırılması məqsədilə ixtiyarında olan bütün vasitələrdən səmərəli istifadə edir. Înu göstərmək kifayətdir ki, 1 oktyabr 2004-cü ildə prokurorluğun qeyd etdiyimiz peşə bayramı günündən keçən müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisələr baş vermiş, Ólu öndərimiz Heydər Əliyev siyasi dühasının məhsulu olan və öz inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, ölkə həyatının bütün sahələrində əldə edilən və son nəticədə xalqımızın həyat səviyyəsinin yüksəlməsi, demokratik dəyərlərin hərtərəfli bərqərar olması ilə nəticələnən uğurlu nailiyyətlər əldə edilmişdir.

 

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu daxili və xarici siyasət tədbirlərinin nəticəsidir ki, beynəlxalq təşkilatlarla hərtərəfli işbirliyi və əməkdaşlıq əlaqələri daha da möhkəmləndirilməklə, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində mühüm addımlar atılmış, möhtəşəm iqtisadi layihələr və regional inkişaf proqramları reallaşdırılmaqla ölkəmizin iqtisadi müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür.

 

Azərbaycan Respublikasının dinamik şəkildə və yüksələn xətlə sosial-iqtisadi inkişafı və demokratiyanın bərqərar olunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət tədbirlərini qətiyyətlə dəstəkləyən Azərbaycan Prokurorluğu orqanlarının kollektivi də digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi istiqamətində öz xidmətlərini göstərmişdir.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Respublika Prokurorluğu orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi tarixi əhəmiyyətli görüşdən sonra, dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq, həyata keçirilən hərtərəfli islahat tədbirləri və yenidənqurma işlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil dövlət təsisatına çevrilməklə, öz sıralarının saflaşdırılması, işində mövcud olan neqativ təzahürlərin və çatışmazlıqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, ilk növbədə, dövlətçiliyimizin maraqlarının müdafiəsi məqsədlərinə xidmət edən nəzarət mexanizminin yaradılması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 aprel 2005-ci il tarixli sərəncamı ilə prokurorluq orqanlarına göstərilən böyük etimad, ilk növbədə, son 5 illik müddət ərzində görülən işlərə və həyata keçirilən mütərəqqi islahatlara dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürü kimi dəyərləndirilir.

 

Əldə edilmiş və dövlət tərəfindən qiymətləndirilmiş uğurlara baxmayaraq, tam sivil və demokratik məzmunlu milli prokurorluğun formalaşdırılması istiqamətində islahatlar bundan sonra da davam etdirilməklə, bütün diqqət, ilk növbədə, «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işimizin keyfiyyətinin daha da yüksəldilməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinə mənfi təsir göstərən nöqsan və çatışmazlıqların tamamilə aradan qaldırılmasına yönəldilir.

 

Dövlət təsisatı kimi prokurorluğun daha da təkmilləşdirilməsi yolunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin «Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 3 mart 2004-cü il tarixli mühüm əhəmiyyətli Sərəncamı ilə Baş prokuror yanında yaradılmış Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin normal fəaliyyətinin və mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli mübarizənin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməklə, həmin idarənin və idarənin tərkibində fəaliyyət göstərən İstintaq, Analitik-informasiya və Daxili təhqiqatlar şöbələrinin müvafiq əsasnamələri işlənilib hazırlanmışdır. Müəyyənləşdirilmiş ştat sayı çərçivəsində Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin strukturu və ştat tərkibi təsdiq edilmiş, prokurorluq orqanlarının xidməti vəzifələrinin icrasına vicdanlı münasibətləri ilə seçilən əməkdaşlar hesabına həmin idarənin kadr tərkibinin bir hissəsi formalaşdırılmışdır.

 

«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun real işləməsi üçün zəruri tədbirlərin görülməsi və bu sahədə müvafiq Dövlət Proqramının tələblərinin həyata keçirilməsi məsələləri prokurorluğun qarşısında duran ən əsas vəzifələrdən birini təşkil edir. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və bütün tabe strukturların, ilk növbədə, öz səylərini Korrupsiya cinayətlərinə qarşı mübarizənin səmərəliliyinin artırılmasına yönəltmələri zəruridir.

 

Əsas fəaliyyət istiqamətlərindən biri olan dövlət ittihamının müdafiəsi işinin daha da təkmilləşdirilməsi, onun strukturu və statusunun yeniləşdirilməsi yolu ilə səmərəliliyinin artırılması məqsədilə konkret tədbirlər həyata keçirilmişdir. 2000-ci ildən fəaliyyət göstərən bu strukturların işində olan neqativ təzahürlərin aradan qaldırılması və bu sahənin qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğunlaşdırılması məqsədilə, Baş Prokurorluq üzrə «Cinayət mühakimə icraatında ictimai və ictimai-xüsusi ittihamın müdafiəsi üzrə prokurorluğun fəaliyyətinin təşkilinin təkmilləşdirilməsi tədbirləri barədə» 27 yanvar 2005-ci il tarixli əmr verilmiş, müvafiq struktur dəyişiklikləri həyata keçirilməklə, həmin qurumların rəhbərliyi və kadr tərkibi tamamilə yenidən komplektləşdirilmişdir. Məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında prokurorun iştirak səlahiyyətləri də müvafiq tabe prokurorluqların üzərindən götürülməklə, dövlət ittihamının müdafiəsi üzrə idarə və ona tabe qurumlara həvalə olunmuşdur. Artıq öz müsbət nəticələrini verən bu islahat tədbirləri dövlət ittihamının müdafiəsi işinin təşkilində yol verilmiş bütün çatışmazlıqların aradan qaldırılmasına və bu fəaliyyət istiqamətinin səmərəliliyinin artırılmasına möhkəm zəmin yaradır.

 

Əldə etdiyimiz uğurlar sırasında prokurorluq orqanlarında qulluğa qəbulun növbəti - üçüncü dəfə keçirilməsi xüsusilə əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin tələblərinə, dövlət başçısının ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə göstərişlərinə müvafiq olaraq, ciddi nəzarət və müşahidə altında, aşkarlıq şəraitində şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun test imtahanları və söhbətdən ibarət müsabiqə keçirilməklə 32 nəfər namizəd prokurorluğa işə qəbul edilmişdir. Bununla da, qulluğa qəbulun ən obyektiv və demokratik üsulları vasitəsilə gənc hüquqşünasların ən layiqlilərinin seçilməsi təmin edilmiş, prokurorluğun kadr tərkibinin hərtərəfli savadlı mütəxəssislər hesabına yeniləşdirilməsi yolunda daha mühüm bir addım atılmışdır.

 

Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin tamamilə yeni müstəvidə qurulması, 2005-ci il mayın 11-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilmiş «Nazirlik və komitələrin mətbuat xidmətlərinin işinin təşkilinə dair» müşavirə bu sahədə fəaliyyətimizdə dönüş nöqtəsi olmuşdur.

 

Həmin müşavirədə, ictimai maraq kəsb edən informasiyanın cəmiyyətə obyektiv şəkildə təqdim olunmasının dövlət əhəmiyyətliliyi nəzərə alınaraq, qeyd olunmuşdur ki, demokratik dəyərlilərin daha geniş tətbiq olunması üçün mövcud olan qanunvericilik bazasının getdikcə təkmilləşdirilməsinə, demokratik cəmiyyətdə siyasi azadlıqlara, plüralizm şəraitində düzgün informasiya və izahat işinə tələbatın artmasına uyğunlaşma dönmədən həyata keçirilməli, müvafiq dövlət hakimiyyəti orqanlarının bu sahədə yeni, daha səmərəli müasir üsul və metodları tətbiq etmələrinə nail olunmalı, yeni siyasi inkişaf mərhələsinin əsas xarakterik xüsusiyyətinin məhz informasiya mübarizəsi olmasını hamı nəzərə almalıdır; idarəçiliyin səmərəliliyinə qiyməti cəmiyyət verdiyinə görə, hökumətin qəbul etdiyi qərarların cəmiyyətə təqdim olunması xüsusi əhəmiyyət kəsb edir və buna görə də, mətbuat xidmətlərinin əməkdaşları səlahiyyətlərinə aid məsələlər üzrə dövlət siyasətinin müntəzəm izah edilməsinə, qəbul edilən və hazırlanan qərarlar barədə mahiyyəti üzrə açıqlamalar verilməsinə, tənqidlər və dezinformasiyalara tutarlı cavablar hazırlanmasına xüsusi diqqət yetirməlidirlər; mətbuat xidmətlərinin və ictimaiyyətlə əlaqələr şöbələrinin işində sistemlilik, dəqiqlik, tamlıq, dolğunluq və koordinasiya prinsiplərinə əməl olunmasının, dövlət qurumlarında ayda bir dəfədən az olmayaraq mətbuat konfranslarının keçirilməsinin, suallara iki saatdan gec olmayaraq cavab verilməsinin, jurnalistlərlə səmimi münasibətlər qurulmasının təmin edilməsi üçün əlverişli şərait yaradılması əsas vəzifələrdəndir.

 

Həmin müşavirənin nəticəsi olaraq, Baş Prokurorluq üzrə 2005-ci il iyunun 27-də «Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələləri haqqında» müvafiq əmr verilmişdir. Məlumat azadlığının reallaşdırılması səviyyəsinin daha da yaxşılaşdırılmasına yönələn həmin əmrə əsasən, işin səmərəliliyinin artırılması, ictimaiyyətlə, kütləvi informasiya və qeyri-hökumət təşkilatları ilə əlaqələrinin yeni keyfiyyət səviyyəsində qurulması və təkmilləşdirilməsi üçün işgüzar əlaqələri həyata keçirərkən, insan və vətəndaş hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin qanuni maraqlarının müdafiəsi və təmininin əsas götürülməsi, cinayətkarlığın vəziyyəti, o cümlədən korrupsiya cinayətləri ilə, mütəşəkkil cinayətkarlıqla, ağır və xüsusilə ağır cinayətlərlə mübarizə sahəsində prokurorluğun fəaliyyəti barədə müntəzəm olaraq informasiya agentlikləri, mətbuat, radio və televiziya vasitələri ilə əhaliyə məlumat verilməsi prokurorluğun bütün struktur qurumlarından tələb edilmiş, peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsinə dair müraciətlərin və cinayət xarakterli məlumatların baxılmasının nəzarətə götürülməsi müəyyənləşdirilmişdir. Bu sahədə işin səmərəliliyini artırmaq məqsədi ilə kütləvi informasiya vasitələrində dərc olunmuş belə məzmunlu məlumatlar barədə xülasə hazırlanması və rəhbərliyin göstərişi əsasında, müvafiq idarə və şöbə tərəfindən araşdırmaların aparılması, səlahiyyət hədləri daxilində qanuni tədbirlərin görülməsi, nəticəsi barədə kütləvi informasiya vasitələrində məlumatların verilməsi nəzərdə tutulmuşdur. Peşə fəaliyyəti ilə əlaqədar jurnalistlərin təqib edilməsi və onlara təzyiqlər göstərilməsi barədə müraciətlərin və məlumatların həlli vəziyyətinin, bu xarakterli faktlar üzrə cinayət işlərinin ibtidai araşdırma nəticəsinin yarımillik və illik hesabatlarda müzakirə olunması da qərara alınmışdır. İnformasiya təhlükəsizliyinin təmin edilməsi, hazırlanan informasiyaların məzmununda dövlət və hərbi sirrin və qanunla qorunan digər sirləri təşkil edən, habelə konfidensial xarakterli məlumatların verilməsinin qarşısının alınmasına diqqət yetirilməsi xüsusi göstərilmişdir.

 

Böyük ictimai rezonans doğuran, prokuror və istintaq təcrübəsinə dair aktual materialların kütləvi informasiya vasitələrində işıqlandırılması üçün Baş Prokurorluğun İctimaiyyətlə Əlaqələr Şöbəsinə təqdim olunmasının müəyyənləşdirilməsi də məlumat azadlığı sahəsində işin keyfiyyətinə və çevikliyinə müsbət təsir edən amillərdəndir. Haqqında bəhs etdiyimiz bu əmr məlumat azadlığına dair konstitusion müddəanın dünya standartlarına uyğun demokratik prinsiplər əsasında həyata keçirilməsinə mühüm təkandır.

 

Son müddət ərzində məlumat azadlığının ümummilli liderimiz Heydər Əliyevin tələb etdiyi səviyyədə reallaşdırılması istiqamətində mühüm təsirli tədbirlər görülmüşdür. Respublikamızda fəaliyyət göstərən informasiya agentliklərinin rəhbərləri ilə görüş keçirmiş, məlumat azadlığının reallaşdırılması istiqamətində təklifləri dinləyərək, əlaqələrin təkmilləşdirilməsi üçün tədbirlər müəyyənləşdirmişik. Ayrı-ayrılıqda hər bir informasiya agentliyinin rəhbərləri və Prokurorluqda akkreditə olunmuş əməkdaşları ilə İctimaiyyətlə əlaqələr şöbəsi işçilərinin görüşü keçirilmiş, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

 

Məlumatın verilməsində çevikliyin təmin edilməsi məqsədilə İctimaiyyətlə Əlaqələr Şöbəsi əməkdaşlarının şəhər və mobil telefonlarının nömrələri informasiya agentlikləri və telekanallar vasitəsilə elan edilmişdir. Sualların cavablandırılması səviyyəsinin kifayət qədər yüksəlməsi, ən aktual məsələlər üzrə mətbuat xidməti məlumatlarının sayının əhəmiyyətli dərəcədə artması kütləvi informasiya vasitələri ilə aparılan işin və qarşılıqlı əlaqənin təkmilləşdirilməsi yolunda mühüm addımlardandır.

 

Azərbaycan Hərbi Prokurorluğunda mətbuat xidmətinin yaradılması, ərazi prokurorluqlarına informasiyanı müstəqil surətdə ötürmək səlahiyyətinin verilməsi də böyük irəliləyişdir. İctimaiyyətlə əlaqələr şöbəsində ştat vahidlərinin sayının artırılmasının, mətbuat xidmətinin rəhbəri vəzifəsinin təsis edilməsinin də reallaşdırılması, informasiya agentliklərinin xahişi ilə onlar üçün hüquqi terminlər lüüətinin hazırlanması, seminar keçirilməsinin planlaşdırılması, habelə Azərbaycan Prokurorluğunun təqdim etdiyi «Qanun çevrəsində» televiziya aylıq jurnalının efirə çıxmasının müntəzəm xarakter alması da, şübhəsiz ki, işimizə müsbət təsir göstərən amillərdəndir.

 

Məlumat azadlığının həyata keçirilməsi işinin səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən tədbirlər sırasında «Prokurorluq həftəsi» həm qloballığına, həm də auditoriya dairəsinə görə xüsusi əhəmiyyət kəsb edir. «Açıq qapı» günündə iştirak edən 85 media nümayəndələrindən 16-nı informasiya agentliklərinin, 52-ni müxtəlif qəzet və jurnalların, 9-nu ayrı-ayrı televiziya kanallarının təmsil etməsi kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində mühüm addımdır. Tədbirin davamı olaraq mətbuat konfransında keçirilən islahatlar, görülən işlər barədə verdiyim dolğun məlumatdan sonra, məhdudiyyət qoyulmadan bütün suallar cavablandırıldı. Dövlət orqanları sırasında məlumat azadlığı sahəsində ilk olaraq dünya standartları səviyyəsində belə tədbirin keçirilməsi Heydər Əliyev inamını Azərbaycan Prokurorluğunun tam doğrultduğuna əyani nümunədir. Bundan başqa, «SPACE» telekanalı ilə «Rəsmi gün» proqramında çıxış edərək prokurorluğun dünəni, bu günü və sabahı barədə ətraflı söhbət, tamaşaçı suallarına geniş və izahlı cavablarla aydınlıq gətirdim.

 

Azərbaycan Prokurorluğunun sivil dövlət qurumuna çevrilməsi, yeniləşməsi və möhkəmlənməsində, habelə məlumat azadlığının reallaşmasına beynəlxalq standartlar səviyyəsində şərait yaradılmasında mühüm rolu olan ümummilli liderimiz Heydər Əliyev ideyalarının cəmiyyətimizdə dayanıqlı inkişafının təminatı üçün ixtiyarımızda olan bütün vasitələrdən tam istifadə edəcək, işi daha da təkmilləşdirəcəyik.

 

26 aprel 2000-ci il tarixli müşavirədən sonra, öz fəaliyyətində aşkarlığı və şəffaflığı, obyektivliyi ən əsas iş prinsipləri kimi təsbit edən Azərbaycan Prokurorluğunda 20 may 2005-ci il tarixdən «Qaynar xətt» Əlaqə Mərkəzinin fəaliyyətə başlaması, hər bir ölkə vətəndaşının, ictimaiyyətin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin istənilən vaxtda Baş Prokurorluğun rəhbərliyinə müraciət etməsi üçün real imkanlar yaradılması islahatlar prosesinin davam etdirilməsində prokurorluğun həmişə israrlı olmasının sübutu kimi dəyərləndirilməlidir.

 

Son bir il ərzində görülmüş işlər bir daha onu göstərir ki, müstəqil Azərbaycan Respublikasının milli prokurorluq orqanlarında demokratik məzmunlu islahatlar məqsədyönlü şəkildə və mütəmadi olaraq davam etdirilməklə, son nəticədə prokurorluğun işinin səmərə və keyfiyyətinə öz müsbət təsirini göstərmiş, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyət daha səmərəli və faydalı olmuşdur.

 

Ólu öndərimiz Heydər Əliyevin müdrik dövlətçilik siyasəti ilə formalaşdırılmış və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən möhkəmləndirilməsi üçün görülən bütün zəruri tədbirlər dayanıqlı ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları arasında yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin məntiqi nəticəsidir ki, ölkə miqyasında kriminogen durum ilbəil sabitləşməklə, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılması təmin edilməklə qatı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması təmin edilmişdir. Heç də təsadüfi deyildir ki, uzun illər ərzində əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında Azərbaycan Respublikası ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə edilir.

 

Müstəqil dövlətçiliyin yeni inkişaf mərhələsini yaşayan Azərbaycan Respublikasında həyata keçirilən dövlətçilik siyasətinə uyğun olaraq, hazırkı dövrdə, prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr durur. İlk növbədə, «Prokurorluq haqqında» Qanunla müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri üzrə prokurorluğun işinin səmərəliliyi və keyfiyyəti daha da yüksəldilməli, dövlətçiliyimizin maraqlarının, insan hüquqlarının daha etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizənin təmin olunması, fəaliyyətimizdə mövcud olan nöqsan və çatışmazlıqların tamamilə aradan qaldırılması təmin edilməlidir.

 

«Vətəndaşların müəyyən olunmuş qrafikə uyğun qəbulu, onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və haqlı tələblərinin həllinin təmin edilməsinin bütün səviyyəli dövlət qulluqçularının əsas vəzifələrindən biri olduğu»nu müəyyənləşdirən Prezidentimiz cənab İlham Əliyevin «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» fərmanına müvafiq olaraq, vətəndaşların müraciətlərinə baxılması və onların prokurorluq orqanlarında qəbulu işinin düzgün təşkili qarşımızda duran ən vacib vəzifələrdəndir.

 

Vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə bir sıra tədbirlərin həyata keçirilməsinə baxmayaraq, prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə formal münasibət bəslənilməsi, onların şikayətləri üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, qanunsuz və əsassız prosessual qərarlar qəbul edilməsi, vətəndaşlara səthi və əsaslandırılmamış cavabların verilməsi, vətəndaşların qəbulu ilə əlaqədar prokurorların üzərlərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməməsi kimi hallar hələ də tamamilə aradan qaldırılmamışdır. Bu neqativ halların təxirəsalınmadan aradan qaldırılması üçün ən qəti tədbirlərin görülməsinə də xüsusi diqqət yetirilir.

 

Prokurorluğun istintaq işinin, ibtidai araşdırmaya prosessual rəhbərliyinin, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərə baxmayaraq, cinayət işlərinin istintaqı zamanı prosessual qanunvericiliyinin tələblərinin pozulması, vətəndaş hüquqlarını, o cümlədən, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarını məhdudlaşdıran qanunsuzluqlara yol verilməsi, böyük ictimai əks-səda doğuran bir sıra ağır və xüsusilə ağır cinayət hadisələrinin açılmamış qalması işimizin ciddi qüsurları olmaqla, bu istiqamətlərdə təxirəsalınmaz tədbirlərin görülməsinə zərurət yaradır. Həyata keçirilmiş islahatlar nəticəsində tamamilə yeniləşmiş və müasir iş metodlarını mənimsəmiş Azərbaycan Prokurorluğu kollektivinin bu vəzifələri də layiqincə yerinə yetirmək iqtidarında olması heç kimdə şübhə doğurmur.

 

Bir aydan sonra çox mühüm siyasi kampaniya - ali qanunverici orqana növbəti seçkilər keçiriləcəkdir. Bu mühüm siyasi tədbirin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsi, ölkə vətəndaşlarının seçki hüquqlarının maneəsiz reallaşdırılması üçün Azərbaycan dövləti tərəfindən bütün təminatlar yaradılmış, respublika Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair» sərəncamı ilə bu işlər daha da təkmilləşdirilmişdir.

 

Fəal vətəndaşlıq mövqeyi nümayiş etdirən prokurorluq əməkdaşları bu proseslərdə yaxından iştirak etməklə, ilk növbədə, seçki qanunvericiliyinin demokratik mahiyyətinin geniş əhali kütləsinə çatdırılması işində təşəbbüskarlıq göstərir, «Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair» sərəncamla əlaqədar metodiki tövsiyələr hazırlanmasında, onun icrası istiqamətində zəruri tədbirlər görülməsini təmin edir.

 

Azərbaycanda bərqərar olmuş demokratik şəraitin verdiyi imkanlardan sui-istifadə etməklə, hər vasitə ilə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərən, qeyri-konstitusion yolla hakimiyyətə gəlmək planlarını reallaşdırmaq üçün cinayətlər törətməkdən belə çəkinməyən radikal müxalifət qüvvələrinin qanunsuz fəaliyyətinə qarşı qanunun bütün gücündən istifadə olunacaqdır.

 

Siyasi niyyətlərinə çatmaq üçün hər cür qanunsuzluqlara yol verməkdən və xalqımızın mənafeləri ilə daban-dabana zidd hərəkətlərdən belə çəkinməyən radikal müxalifət qüvvələri birmənalı şəkildə başa düşməlidirlər ki, onların Azərbaycan Respublikasında «narıncı inqilab» törətmək arzuları bir xülya olaraq qalacaq, respublikanın hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyi pozmağa istiqamətləndirilmiş, legitim hakimiyyətə qarşı olan cinayətkar qəsdlərinin qarşısının qətiyyətlə alınması üçün bütün tədbirlərin görülməsini təmin edəcəkdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında öz yeni inkişaf tarixini yaşayan ölkəmizdə belə qüvvələrə xalq və müvafiq dövlət təsisatları tərəfindən layiqli cavab veriləcəkdir.

 

Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun daha da möhkəmlənməsi, iqtisadi qüdrətinin artması, hərtərəfli sosial-iqtisadi inkişafı ilə səciyyələnən müasir dövrdə vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolunda qarşıda duran möhtəşəm vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsi hər bir dövlət təsisatı və məmurdan, o cümlədən prokurorluq orqanlarından, onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir.

 

Bu gün peşə bayramını qeyd edən Azərbaycan Respublikası Prokurorluğu orqanlarının kollektivi öz vəzifələrini, xalq və dövlət qarşısında öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin demokratik dəyərlər əsasında dinamik inkişafına istiqamətləndirilmiş tədbirlərinin həyata keçirilməsində xidmətlərini göstərəcəkdir.

 

 

 

 

 
 
 
 

Zakir Qaralov,
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri
«Xalq qəzeti», 1 oktyabr 2005-ci il