Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2008-09-27
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 90-cı ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində məqaləsi dərc edilmişdir

1  oktyabr - Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə  bayramı  günüdür

 
 

Hüquqi dövlətin qurulmasını özünə inkişaf yolu seçən Azərbaycanın dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer tutması ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz olmaqla yanaşı, həm də şərəf işimizdir.

 

Ömummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyət rəhbərliyinə yenidən qayıdışından sonra qanunsuz silahlı dəstələr tərəfindən törədilən dövlət çevrilişlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində, günahsız insanların cinayət məsuliyyətinə cəlb olunmasına yol verilməməsində, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranmasında prokurorluğun da xidmətləri əhəmiyyətlidir.

 

 

 

Konstitusiyanın və statut qanunlarınqəbulu islahatların ilkin mərhələsidir

 

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda, ilk dəfə olaraq, ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Əsas Qanunda Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu inkişaf yolu seçməsinin təsbit edilməsi, hakimiyyətin bölünməsi prinsipinin öz əksini tapması və bu müddəaların həyata keçirilməsi yolunda ümummilli lider Heydər Əliyevin cəsarətli, reallığa uyğun yüksəlişi şərtləndirən addımları qısa müddət ərzində ölkəmizi dünyanın sivil dövlətləri sırasına çıxartdı.

 

Respublikamızda hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının ardıcıl həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1996-cı ildə dahi rəhbər Heydər Əliyevin sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası, 1998-ci ildə isə Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı.

 

Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanmış «Konstitusiya Məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında», «Prokurorluq haqqında» qanunların, demokratik cəmiyyətin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun yeni məcəllələrin və digər qanunların, normativ-hüquqi aktların qəbulu hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük rol oynamışdır.

 

 

 

Prokurorluğun peşə bayramı Heydər Əliyev qayğısının təzahürüdür

 
 

Dahi rəhbər Heydər Əliyevin 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluq orqanlarına verdiyi yüksək qiymətin təzahürü olan: «Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram» kəlamları hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur. Éeri gəlmişkən göstərək ki, Azərbaycanın milli prokurorluq orqanları mürəkkəb və eyni zamanda şərəfli inkişaf yolu seçmiş, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun təmin edilməsinə, cinayətkarlıqla mübarizə işinə mühüm töhfə vermişdir. Xalq Cümhuriyyətinin süqutundan sonrakı 70 il ərzində də Azərbaycan Prokurorluğu təşkilati cəhətdən təşəkkül tapmış, yüksək peşə hazırlığı əldə etmişdir.

 

Prokurorluğun peşə bayramının təsis edilməsi də məhz ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində mümkün olmuşdur. Belə ki, bir əsrə yaxın müddət ərzində dövlətin ən etibarlı dayağı kimi fəaliyyət göstərsə də, digər sahələrdən fərqli olaraq, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə heç bir təşəbbüs göstərilməmişdi. Lakin 10 il öncə, ümummilli lider Xalq Cümhuriyyəti dövründə Bakı dairə məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması haqqında Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarını əsas götürərək 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsini reallaşdırmış və bununla da prokurorluğa dövlət qayğısını rəsmi qaydada bir daha təzahür etdirmişdir.

 

 

 

İslahatlara biganə münasibət dövlət başçısının müdaxiləsini zəruri etdi

 
 

Məqsədi demokratik və hüquqi dövlət qurmaq olan xalqımızın səyləri nəticəsində, bütün ölkə miqyasında ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ildən başlayaraq hərtərəfli islahatların həyata keçirildiyi belə bir şəraitdə prokurorluğun məqsədli şəkildə həmin proseslərdən kənarda qalması, həmin illərdə yığılıb qalmış problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməməsi, qanunsuzluq hallarına qarşı mübarizədə barışdırıcı mövqenin formalaşması bu məsələlərə dövlət başçısı səviyyəsində müdaxilə edilməsinə zəmin yaratmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2000-ci il tarixdə respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən görüşdə məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunları pozmaqla cinayətkarlara havadarlıq edilməsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yuvarlanması, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi qoyuldu.

 

Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra ölkəmizdə aparılan möhtəşəm yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi, dövlət başçısının həmin görüşdəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da xalqımızın ümummilli lideri Heydər Əliyevin təklifi ilə 2002-ci ildə «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən verildi.

 

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında», «Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında» və digər qanunvericilik aktlarının qəbul edilməsi, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.

 

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər öyrənilməklə qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq yeni cinayət-prosessual və digər statut qanunların qəbulu ilə əlaqədar «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin təşkili məsələlərini Baş Prokurorluq üzrə tənzimləyən təşkilati və sahəvi əmr, təlimat və qaydalar hazırlanmışdır. Normativ-hüquqi bazanın yaradılması işinin məntiqi nəticəsi olaraq «Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri» adlı toplu ilk dəfə nəşr edilmiş, son dövrlərdə qanunvericilikdə baş verən dəyişikliklər və normativ bazaya daxil olan yeni sənədlərin qəbulu nəzərə alınmaqla, peşə bayramı günü ərəfəsində həmin toplunun iki cilddən ibarət üçüncü nəşri çapdan çıxmışdır.

 

Həmin dövrdən keçən müddət ərzində Baş prokuror tərəfindən prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işləri tənzimləyən təşkilati xarakterli 102 əmr imzalanaraq icraya yönəldilmiş, həmin əmrlərlə 18 təlimat, 18 qaydalar, 2 əsasnamə, 2 siyahı təsdiq edilmiş və 7 göstəriş verilmiş, prokurorluğun fəaliyyəti ilə əlaqədar yaranmış zərurətlə bağlı Baş prokuror tərəfindən 21 əmrlə Baş Prokurorluq üzrə əmr, təlimat, qayda, əsasnamə və siyahılara 410 əlavə və dəyişikliklər edilmiş, prokurorluqda aparılan islahatlar və struktur dəyişiklikləri ilə əlaqədar 64 əmr imzalanmışdır.

 

 

 

Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

 

Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması prokurorluğa möhtərəm Prezident İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməklə yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli Fərmanı ilə idarənin Əsasnaməsi təsdiq edilmiş və 2005-ci ilin yanvar ayının 1-dən etibarən, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanun qüvvəyə mindikdən sonra idarə öz fəaliyyətinə başlamışdır. Ömumiyyətlə, Korrupsiyaya qarşı mübarizə idarəsinin əsas vəzifələri korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlara baxıb araşdırma aparmaq; korrupsiya ilə bağlı cinayətlərlə əlaqədar cinayət işi başlayıb ibtidai istintaq aparmaq; həmin cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi üçün tədbirlər görmək; korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlamaqdan ibarətdir. Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yaradılmış, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, idarənin əməkdaşları təlim, seminar və bu səpkili digər beynəlxalq tədbirlərdə yaxından iştirak etmişlər. Korrupsiyaya qarşı mübarizə idarəsi fəaliyyətini digər dövlət orqanları, hüquq-mühafizə orqanları, həmçinin korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya ilə əlaqəli surətdə həyata keçirir.

 

Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədovun Beynəlxalq Antikorrupsiya Îrqanlarının Assosiasiyasının vitse-prezidenti seçilməsi, həmçinin 31 mart-2 aprel 2008-ci il tarixdə Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Îrqanlarının Assosiasiyası İcraiyyə Komitəsinin iclasının və beynəlxalq konfransın keçirilməsi Azərbaycan tərəfinin həmin nüfuzlu beynəlxalq təşkilatla əlaqələrinin yüksək səviyyəsindən xəbər verir.

 

 

 

Cinayətkarlıqla mübarizədə elm və texnikanın nailiyyətlərindən istifadə edilir

 

Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları ilə qarşılıqlı və faydalı olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində bir sıra digər məqsədyönlü tədbirlər həyata keçirilmişdir ki, bu da korrupsiyaya qarşı mübarizə işini daha da səmərəli edir.

 

Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətlərin ən çox qeydə alındığı 1992-ci illə müqayisədə sonrakı illərdə və hazırkı dövrdə kriminogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılmış, qatı cinayətkar dəstələr zərərsizləşdirilmiş, təqsirkar şəxslər layiq olduqları məsuliyyətə cəlb edilmişlər. Hazırda Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə edilir ki, bu da mühüm nailiyyətdir.

 

Cinayət işlərinin istintaqı və təhqiqatı zamanı kriminalistikanın son nailiyyətlərindən, istintaq təcrübəsinin qabaqcıl metodlarından istifadə edilməsi, prokuror-kriminalistlərin yeni kriminalistik texniki vasitələrlə təmin edilməsi, onlara bu vasitələrdən istifadə olunması üçün lazımi kömək göstərilməsi barədə tələb istintaq idarəsinin fəaliyyətində əsas götürülərək, işin səmərəliliyini artırmaq məqsədi ilə mənəvi cəhətdən köhnəlmiş texnika yenisi ilə əvəz edilmişdir. Müasir standartlara cavab verən xarici ölkə istehsallı avadanlıqlar, o cümlədən hadisə yerinin müayinəsi zamanı istifadə edilən rəqəmli audio-video yazılar və fotoçəkilişlər aparılması üçün texniki vasitələr, elektron şğalı ölçü cihazları, işıqlandırma vasitələri, metalaxtaran detektor, mini-fotolaboratoriya, izlərin-nümunələrin götürülməsi üçün preparat və avadanlıqlar, əl-barmaq izlərinin eksperimental götürülməsi üçün ləvazimatlar əldə edilmişdir.

 

İdarənin və şöbənin əməkdaşları baş vermiş cinayət hadisələri zamanı hadisə yerinin ixtisaslı müayinəsini təşkil etmək üçün zəruri kriminalistik avadanlıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitəsi - «Ford Tranzit» markalı mikroavtobusla, fövqəladə hadisələr və mürəkkəb hava şəraitində istifadə edilməsi üçün nəzərdə tutulmuş xüsusi geyimlər və qoruyucu vasitələrlə təmin olunmuşlar.

 

 

 

 

 

Dövlət ittihamının müdafiəsi üzrə idarə mütərəqqi qurumdur

 
 

Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur. Həyata keçirilən islahatlar nəticəsində məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi prokurorluğun prioritet fəaliyyət istiqamətlərindən biri hesab edilmiş, cinayət-mühakimə icraatının çəkişmə prinsipi əsasında həyata keçirildiyi bir şəraitdə prokurorun hüquqi statusunda əsaslı dəyişikliklər baş vermişdir. Cinayət təqibinin həyata keçirilməsi zamanı obyektivliyi təmin edən dəyişikliklərdən biri də yeni Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsasən cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorun məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməməsidir. Aparılan həmin islahatlar nəticəsində Baş Prokurorluğun tərkibində dövlət ittihamının müdafiəsini həyata keçirən müvafiq struktur qurum təsis edilərək, peşəkar dövlət ittihamçıları korpusu formalaşdırılmışdır.

 

Prokurorluğun məhkəmələrdə dövlət ittihamının müdafiəsinin təşkilinə məsul olan qurumlarının strukturu ölkənin məhkəmə sisteminə uyğunlaşdırılsa da, Hərbi və Bakı şəhər prokurorluqlarının dövlət ittihamının müdafiəsi üzrə idarələrinin, eləcə də rayon (şəhər) prokurorluqlarının dövlət ittihamını müdafiə edən prokurorlarının iş yükünün qeyri-bərabər bölünməsi və bu kimi hallar dövlət ittihamının müdafiəsi üzrə fəaliyyətin bir daha təkmilləşdirilməsini zəruri edirdi.

 

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 19 yanvar 2006-cı il tarixli və «Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında» 17 avqust 2006-cı il tarixli fərmanlarına əsasən, ərazi üzrə yeni apellyasiya və iqtisad məhkəmələri yaradılması möhtərəm Prezident İlham Əliyevin qayğısı nəticəsində dövlət ittihamçılarının işinin yeni keyfiyyət səviyyəsində qurulmasına rəvac verilmişdir.

 

 

 

Prokurorluğun beynəlxalq əlaqələri

 
 

Azərbaycan Respublikasının Prokurorluğu başqa dövlətlərin hüquq-mühafizə və digər səlahiyyətli orqanları, beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verərək ekstradisiya, hüquqi yardım, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində fəal iştirak edir. 2001-ci ilin sentyabr ayında Amerika Birləşmiş Ştatlarında baş vermiş terror hadisələrindən sonra Azərbaycan Respublikasının terrorçuluqla mübarizə koalisiyasına qoşulması Azərbaycan Respublikası Prokurorluğunun nüfuzuna əhəmiyyətli dərəcədə öz təsirini göstərdi.

 

Ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra həmin təşkilatın İnsan Haqları və Hüquqi Əməkdaşlıq Departamenti ilə əlaqələri daha da möhkəmləndirilmişdir. Fəaliyyətimizdə dünya prokurorlarının ilk və yeganə beynəlxalq qurumu Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlığa xüsusi yer verilir. Hələ 1997-ci ildə Azərbaycan Respublikasının Prokurorluğu həmin təşkilata üzv qəbul edilərək qısa müddət ərzində təşkilatın inkişafı üçün göstərdiyi səylərə görə o dövrdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, hazırda isə ədliyyə naziri Fikrət Məmmədov assosiasiyanın rəhbər orqanı olan İcraiyyə Komitəsinə üzv seçilmişdir. BMT-nin İqtisadi və Sosial Şurasında beynəlxalq ekspert təşkilatı statusunu qazanmış Beynəlxalq Prokurorlar Assosiasiyası hazırda dünyanın 100-dən artıq ölkəsini əhatə edir. Bu mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2001-ci il may iclasının Bakıda keçirilməsi, həm təşkilatın fəaliyyətində, həm də müstəqilliyini bərpa edərək hüquqi, demokratik dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizin həyatında əlamətdar hadisə olmuşdur.

 

Böyük Britaniya, Danimarka, Braziliya və Koreyanın baş prokurorlarını, habelə İcraiyyə Komitəsinin tərkibinə daxil olan digər ölkələrin prokurorluq xidmətlərinin rəhbər işçilərini qəbul edən ulu öndər Heydər Əliyev həmin təşkilatla əməkdaşlığımıza qiymət verərək demişdir: «Əminəm ki, Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsindəki əməkdaşlığımız cinayətkarlığın qarşısının alınması və qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi kimi ali məqsədlərə nail olunmasına dəyərli töhfəsini verəcəkdir».

 

 

 

Kadr islahatları yeniliyin əsasıdır

 

Aparılmış kadr islahatları nəticəsində Baş Prokurorluğun kadr tərkibinin əksər hissəsi, o cümlədən bütün struktur qurumların rəhbərliyi dəyişdirilmiş, rayon, şəhər və hərbi prokuror vəzifələrinə ilk dəfə təyin edilənlərin sayı əsaslı artmışdır. Rəhbər vəzifələrə təşkilatçılıq və yüksək peşə hazırlığına malik olan, təşəbbüskar, dövlətçilik ənənələrinə sadiq işçilərin, əsasən də müasir dünyagörüşlü gənclərin irəli çəkilməsinə xüsusi diqqət yetirilmişdir. Müasir tələblər səviyyəsində öz fəaliyyətini qura bilməyən, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən, nəzəri və peşə hazırlığını artırmaq üçün səy göstərməyən işçilər vəzifələrindən azad edilmişlər.

 

Belə ki, 2000-ci ilin aprel ayından bu günədək ixtisarla əlaqədar 65 nəfər prokurorluqdan xaric edilmiş, 658 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 123-ü tutduğu vəzifədən azad edilmiş, 114-ü isə prokurorluq orqanlarından xaric olunmuşdur. Öz xidməti vəzifələrini layiqincə yerinə yetirən 1141 prokurorluq işçisi isə Baş prokuror tərəfindən fərqləndirilmişdir.

 

Məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesində qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin iştirakı və nəzarəti ilə keçirilmiş 6 müsabiqə nəticəsində 293 gənc hüquqşünas - onlardan 14 qadın prokurorluğa qulluğa qəbul edilmişdir ki, bu da kadr tərkibinin təxminən 32 faizini təşkil edir. 2000-ci ildən ötən müddət ərzində prokuror vəzifəsinə edilmiş 181 təyinatdan 106 nəfəri ilk dəfə təyin edilənlərdir ki, bu da önəmlidir. Înu da qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasında keçirilmiş sonuncu müsabiqədə iştirak etmiş 80 namizəddən prokurorluq orqanlarında işləməyə layiq görülmüş 27 nəfəri 17 aprel 2008-ci il tarixdə keçirilmiş təntənəli andiçmə mərasimində iştirak etdikdən sonra xidməti vəzifələrinin icrasına başlamışdır. Sonuncu müsabiqənin nəticəsi olaraq 79 namizəd müvafiq vakant ştat vahidlərilə təyin ediləcək.

 

 

 

Maddi-texniki bazanın möhkəmləndirilməsi əsas göstəricilərdəndir

 
 

Prokurorluq işçilərinin sosial müdafiəsi və maddi təminatı məsələləri də ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmamışdır. Prokurorluqda işçilərin sosial müdafiəsi və maddi təminatı 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» qanunda təsbit edilmişdir. «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 8 oktyabr 2002-ci il tarixli Sərəncamla prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması və sosial təminatlarının digər əsaslarının yüksək səviyyədə yaxşılaşdırılması prokurorluq işçilərinə Heydər Əliyev qayğısının növbəti təzahürü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin yürütdüyü xəttin davamı olaraq «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 29 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə prokurorluq orqanları işçilərinin sosial müdafiəsi məsələlərinə yenidən baxılaraq əmək haqları əhəmiyyətli dərəcədə artırılmışdır.

 

 

 

 

 

Ötən illər ərzində iş şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi sahəsində də əhəmiyyətli işlər görülmüşdür.

 

 

 

2001-2004-cü illərdə Baş Prokurorluğun inzibati binasının əsaslı təmir işləri başa çatmış, 2002-2008-ci illərdə Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi, Bakı Şəhər Prokurorluğu, Abşeron, Binəqədi, Qaradaü, Neftçala, Éardımlı, Aüdam, Aücabədi, Kəlbəcər, Qazax, Ócar, Beyləqan, Balakən, Saatlı, Zəngilan, Qubadlı, Qax, Zaqatala, Lerik və Xaçmaz rayon prokurorluqları və Baş Prokurorluğun Tədris Mərkəzi əsaslı təmir olunmuş, 2005-ci ildə Naxçıvan MR-in Şahbuz, Culfa, 2007-ci ildə isə Îrdubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binası isə əsaslı təmir olunmuşdur. 2006-cı ildə Xocalı, Qobustan və Aüsu, 2007-ci ildə isə Goranboy, Zərdab və Siyəzən rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmişdir.

 

2008-ci ildə isə Hacıqabul, Göy-göl, Biləsuvar, İsmayıllı, Gədəbəy rayon prokurorluqları üçün yeni inzibati binaların tikintisinə başlanılmışdır. Xətai Rayon Prokurorluğunun inzibati binasının tikintisinə isə yaxın vaxtlarda başlanacaqdır.

 

Éeni tikilmiş və əsaslı təmir olunmuş rayon (şəhər) prokurorluqları tam şəkildə müasir tələblərə cavab verən avadanlıqla təmin olunmuş, işçilərə normal iş şəraiti yaradılmışdır. Avtomaşın parkı da son vaxtlarda alınmış avtomobillər hesabına yeniləşərək, Baş Prokurorluğun bütün idarə və şöbələrinə, Bakı şəhər prokurorluğu və onun rayonlarına, respublikanın rayon (şəhər) prokurorluqlarına xidməti istifadəyə verilmişdir.

 

Qarşıdan prokurorluq orqanlarının bütün işçiləri üçün əlamətdar olan peşə bayramı və prokurorluğun yaradılmasının 90 illik yubileyi günü gəlir. Bu münasibətlə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini təbrik edir, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında ulu öndərin əməyinin danılmaz olmasını bir daha nəzərinizə çatdırıram. Diqqət və qayğısını prokurorluqdan əsirgəmədiyi üçün möhtərəm Prezident İlham Əliyevə dərin minnətdarlıq bildirməklə, əmin edirəm ki, Azərbaycan Prokurorluğu müstəqil ölkənin inkişafı üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirmək əzmindədir. Zamanın ruhuna uyğun olaraq, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklərin baş verdiyi, kadr siyasətində ciddi dönüşün yaradıldığı və şəffaflığın təmin edildiyi, əməkdaşlarının sosial müdafiəsinin gücləndirildiyi, dövlətçilik və qanunçuluq prinsiplərinin ön plana çəkildiyi bir dövrdə dövlətə və xalqa sədaqətlə xidmət etmiş prokurorluq orqanlarının artan nüfuzu ona həvalə olunmuş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirməyə təminat verir.

 

 

 

 

 
 

Zakir QARALOV,
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri

 

 «Azərbaycan» qəzeti, 28 sentyabr 2008-ci il