Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2008-10-02
2008-ci il oktyabrın 2-də Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyi və 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə bir sıra tədbirlər keçirilmişdir.

Tədbirdə  Baş  prokuror Zakir  Qaralovun


ÇIXIŞI

 

 

 

Hörmətli həmkarlar!

 

Bu gün prokurorluq orqanlarının həyatında çox əlamətdar və əziz günlərdən biridir. Prokurorluğun kollektivi öz peşə bayramını qeyd edir. Bu il keçirilən tədbirlərin özəlliyi ondadır ki, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə təsis edilməklə onuncu dəfə qeyd edilən prokurorluq işçilərinin peşə bayramı günü Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illik yubileyinə təsadüf edir.

 

Mən Respublika Baş Prokurorluğunun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarının bütün əməkdaşlarını və veteranları, onların ailə üzvlərini, vəzifə başında həlak və şəhid olmuş həmkarlarımızın ailələrini, 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 90 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza ailə xoşbəxtliyi və möhkəm cansağlığı, xidməti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm.

 

Hörmətli həmkarlar!

 

Bu bayram günündə prokurorluq orqanlarının kollektivi üçün ən böyük hədiyyə bizə ölkəmizin rəhbəri və dövlət səviyyəsində göstərilən böyük etimad və yüksək inamdır. Bu böyük etimad və inamın təzahürü kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq əməkdaşlarına və veteranlara ünvanlanmış 27 sentyabr 2008-ci il tarixli proqram xarakterli təbrik müraciətinin müstəsna əhəmiyyəti vardır. Azərbaycan Prokurorluğunun 90 illik tarixi ərzində keçdiyi inkişaf yoluna, Xalq Cümhuriyyəti dövrü və ondan sonrakı tarixi mərhələlərdəki fəaliyyətinə qiymət verən həmin müraciətdə «Azərbaycanın müstəqillik tarixinin Heydər Əliyev dövrü» kimi tarixə düşən son illər ərzində milli prokurorluğumuzun sağlamlaşdırılması, müasirləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılmış, müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələr müəyyənləşdirilmişdir.

 

Möhtərəm Prezidentin təbrik müraciətində prokurorluq orqanlarının fəaliyyətinə verdiyi yüksək qiymətin təzahürü kimi «son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir» kimi ifadənin işlədilməsi prokurorluq orqanlarının kollektivi üçün müstəsna əhəmiyyət kəsb edir.

 

Éubileyi ərəfəsində, eyni zamanda, Dövlət başçısı cənab İlham Əliyevin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq olunması hamımızın böyük sevincinə səbəb olmuşdur.

 

Prokurorluğa Dövlət başçısı səviyyəsində göstərilən böyük etimada, fəaliyyətimizə verilən yüksək qiymətə görə prokurorluğun kollektivi adından Respublika Prezidentinə dərin minnətdarlığımızı çatdırmaqla, əmin edirəm ki, Azərbaycan Prokurorluğu bundan sonra da öz işini bizə göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün mümkün və zəruri tədbirlərin görülməsini təmin edəcək, imkanlarını prokurorluğa həvalə olunmuş vəzifələrin layiqincə yerinə yetirilməsinə, dövlətçiliyimizin maraqlarının müdafiəsi işinə səfərbər edəcəkdir.

 

Hörmətli həmkarlar!

 

Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 90 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək, bugünkü şəkildə formalaşmış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərmişdir.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə müstəqil dövlətin təsisatı kimi qısa müddətli fəaliyyətinə son qoyulan, SSRİ-nin tərkibində mahiyyətcə sinfi xarakter daşıyan cəza orqanı kimi dövlətinin siyasi məqsədlərinə xidmət edən, anarxiya və xaos dövrü kimi səciyyələndirilən 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində öz fəaliyyətini qanun çərçivəsində qura bilməyən və kütləvi qanunsuzluqlara rəvac verən Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti, dövlət səviyyəsində qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

 

Danılmaz bir faktdır ki, yalnız Heydər Əliyevin Azərbaycanda hakimiyyətə xilasedici qayıdışından sonrakı dövr ərzində dövlət səviyyəsində həyata keçirilmiş tədbirlər sayəsində prokurorluq orqanlarına qarşı tələbkarlığın artırılması, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması, prokurorluğun maddi-texniki təminatının daha da möhkəmləndirilməsi nəticəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmışdır.

 

Prokurorluğun demokratik məzmunlu sivil bir dövlət təsisatı kimi tamamilə yenidən formalaşmasında ulu öndər Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur. Məhz ulu öndərin tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarında həyata keçirilən islahatların əsasını təşkil etmişdir.

 

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli dəstəyi ilə həyata keçirilən mütərəqqi islahatların nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil dövlət təsisatına çevrilmiş, demokratik prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yenidən formalaşdırılan prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış, neqativ təzahürləri və çatışmazlıqları dərhal aradan qaldırmağa qadir olan nəzarət mexanizmi yaradılmışdır.

 

Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlara müvafiq olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin və məhkəmə sisteminin müasirləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər sırasında prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə qurumlarının yeni sisteminin yaradılması, mütəmadi olaraq prokurorluq əməkdaşının əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, prokurorluq işçilərinin sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da mükəmməlləşdirilməsi istiqamətində görülən tədbirlər dediklərimin əyani sübutu olmaqla yanaşı, prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında da öz əhəmiyyətli rolunu oynamışdır.

 

Hörmətli həmkarlar!

 

Hamımızın gözləri qarşısında reallaşan bir gerçəklikdir ki, ölkəmizdə həm respublika miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində hərtərəfli sosial-iqtisadi inkişaf daha da sürətləndirilmiş, yeni yüksəliş dövrünü yaşayan Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyada ön mövqelərə çıxmış, demokratik və hüquqi dövlətimizin iqtisadi qüdrəti daha da artırılmaqla ölkə həyatının bütün sahələrində irəliləyişlərlə səciyyələnən və xalqımızın həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnən göstəricilərə nail olunmuş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.

 

Bütün bunlar 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətinin, bu siyasətin qaynaqlandığı ulu öndərimiz Heydər Əliyevin ölkəmizin strateji inkişaf konsepsiyasının ardıcıl olaraq reallaşması istiqamətində görülən real və möhtəşəm işlərin məntiqi nəticəsidir.

 

Doğma Azərbaycanımızı gündən-günə qüdrətləndirən, ölkəmizin dinamik və hərtərəfli sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətini qətiyyətlə dəstəkləyən Azərbaycan Prokurorluğu orqanlarının əsas vəzifəsi ondan ibarətdir ki, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatları olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsi təmin edilsin.

 

Dövlət başçısının müasir dövrdə prokurorluq orqanlarının qarşısında duran mühüm vəzifələri müəyyənləşdirən müraciətində xüsusi vurğulanmışdır ki, əsas məqsəd dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, məsuliyyətini dərk edən, sağlam mənəviyyata, geniş dünya görüşünə və yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasından ibarətdir.

 

Diqqətə çatdırmaq istərdim ki, ulu öndərimizin müəyyənləşdirdiyi qaydalara və Dövlət başçısının yeritdiyi gənclər siyasətinin tələblərinə müvafiq olaraq 2002-ci ildən etibarən mütəmadi olaraq keçirilən müsabiqələr nəticəsində məhz yuxarıda qeyd edilən yüksək tələblərə cavab verən və prokurorluqda işləyənlərin 32 faizini təşkil edən 293 gənc hüquqşünas prokurorluğa qulluğa qəbul edilmişdir. Dövlət qulluğuna qəbulun ən mütərəqqi və alternativi olmayan vasitəsi kimi sonuncu müsabiqə nəticəsində prokurorluğa qulluğa qəbul edilən 79 gənc mütəxəssisin andiçmə mərasimi məhz milli prokurorluğumuzun 90 illik yubileyinin qeyd olunduğu bir gündə keçirilməklə həmin gənclərin prokurorluq orqanlarının ayrı-ayrı strukturlarına təyinatları aparılmışdır.

 

Azərbaycan Prokurorluğunun yeni təkmilləşmə və inkişaf dövrünün əsasını qoyan «Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı» ilə müəyyən edilmiş vəzifələrin, ilk növbədə, hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi kimi tapşırıqların vaxtlı-vaxtında və keyfiyyətli icrası mühüm əhəmiyyət kəsb edir.

 

Diqqətinizə çatdırmaq istəyirəm ki, artıq Dövlət Proqramının icrasına məsul olan Baş Prokurorluq və tabe strukturların əməkdaşlarından ibarət səlahiyyətli işçi qrup yaradılmış, yaxın vaxtlarda bu məsələ Baş Prokurorluğun Kollegiyasında ətraflı müzakirə olunmaqla, konkret tədbirlər planı təsdiq ediləcəkdir.

 

Hörmətli həmkarlar!

 

Hamınıza yaxşı məlumdur ki, Azərbaycan Respublikasının müstəqil inkişaf tarixində müstəsna yeri olan 2008-ci il, ilk növbədə, onunla əlamətdardır ki, bu ildə Azərbaycan Respublikası Prezidentinin növbəti seçkiləri keçiriləcəkdir. Müstəqil inkişafı ərzində böyük çətinliklərlə üzləşməsinə, suverenliyini və ərazi bütövlüyünü, bir millət kimi mövcudluğunu itirmək təhlükəsi qarşısında qalmasına baxmayaraq, Heydər Əliyev siyasi dühasından bəhrələnməklə qarşılaşdığı bütün maneələri aradan qaldıran, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni məzmunlu dövlətçilik siyasəti nəticəsində hərtərəfli inkişafa nail olan Azərbaycan xalqı növbəti dəfə öz seçimini edəcəkdir. 1993-cü ilin iyun ayının 15-də «Böyük qayıdış»la əsası qoyulmaqla bu günə qədər uğurla davam edən Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu, bu inkişaf nəticəsində öz demokratik cəmiyyətini və qüdrətli sivil dövlətini yaradan qədirbilən xalqımız taleyüklü bu mərhələdə artıq birmənalı şəkildə öz seçimini müəyyənləşdirmişdir. Cari ilin oktyabr ayının 15-də keçiriləcək seçkilər zamanı xalqımızın alternativsiz bir namizədi - Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olacaqdır.

 

Hörmətli həmkarlar, əziz qonaqlar!

 

Müasir dövrdə Azərbaycan Respublikasının qarşısında duran möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi prokurorluq orqanları və onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir.

 

Möhtərəm cənab Prezidenti əmin edirəm ki, bu gün öz peşə bayramını və 90 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, respublikamızın demokratik dəyərlər əsasında dinamik inkişafına istiqamətləndirilmiş yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında səlahiyyət hədləri daxilində öz xidmətlərini göstərəcəkdir.

 

Mən bir daha prokurorluq orqanlarının bütün əməkdaşlarını və veteranlarımızı Azərbaycan Respublikasının milli prokurorluğunun yaradılmasının 90 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə şəxsi həyatınızda və xidməti fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Diqqətinizə görə sağ olun!