Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2009-12-11
2009-cu il dekabrın 11-də Respublika Prokurorluğunda ulu öndər Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.

Anma mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun  

 

ÇIXIŞI

 

 

 

Hörmətli həmkarlar!

 

Qədirbilən Azərbaycan xalqı bu günlərdə dahi rəhbəri Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunmuş anma mərasimləri keçirməklə, öz millətinin, doğma Azərbaycanın xilası və tərəqqisi naminə onun tərəfindən həyata keçirilmiş quruculuq işlərini bir daha xatırlayır. Zaman keçdikcə, onun gördüyü işlərin möhtəşəmliyi, xalqımızı qarşılaşdığı böyük təhlükələri aradan qaldırmaq üçün həyata keçirdiyi qətiyyətli siyasət tədbirlərinin əhəmiyyəti daha aydın görünür. Öz ulu öndərinə dərin sevgisini, onun siyasi irsinə sadiqliyini əməlləri ilə sübuta yetirən xalqımız Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, onun gələcəyə istiqamətləndirilmiş tövsiyələrinin həyata keçirilməsi üçün bütün işlərin görülməsini təmin etməklə, ümummilli liderinə olan dərin hörmətini nümayiş etdirir, onun müqəddəs ruhu qarşısında mənəvi borcunu ödəyir və Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə etdirir.

 

Ulu öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.

 

Azərbaycan xalqının 1969-cu ildən başlamaqla bu günə qədər davam edən inkişaf tarixi, respublikamızın bu illər ərzində qazandığı bütün uğurlar və əldə etdiyi nailiyyətlər birmənalı şəkildə Heydər Əliyevin adı, onun möhtəşəm siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Bu zaman kəsiyi ərzində onun hakimiyyətdə təmsil olunmadığı qısa müddətlər ərzində də Heydər Əliyev şəxsiyyətinin böyüklüyü Azərbaycan Respublikasında cərəyan edən bütün siyasi hadisələrin mərkəzində olmuş, xalqımız taleyüklü məsələlərin həllində yalnız və yalnız onun formalaşdırdığı strateji xəttə sadiqliklərini nümayiş etdirmişlər.

 

Məhz bütün bunlar onu şərtləndirmişdir ki, milli tariximiz üçün müstəsna əhəmiyyət kəsb edən bu dövr xalqımız və beynəlxalq aləm tərəfindən «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi dəyərləndirilmiş, həmin dövr ərzində xalqımızın xilası və yeni qüdrətli Azərbaycanın yaradılması yolunda onun tərəfindən həyata keçirilən böyük xilaskarlıq və quruculuq işləri əsl qəhrəmanlıq kimi qiymətləndirilmişdir.

 

Heç də təsadüfi deyildir ki, xalqımızın mübarizlik simvoluna çevrilmiş Heydər Əliyevin Azərbaycan tarixindəki möhtəşəm roluna «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında» 11 mart 2008-ci il tarixli Sərəncamda layiqli qiymət verilmişdir: «Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi inkişaf yoluna çıxaran Heydər Əliyev Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlər göstərmiş, xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyalarının gerçəkləşməsində və müasir Azərbaycan dövlətinin yaradılmasında müstəsna rol oynamışdır.»

 

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondadır ki, o, Azərbaycana rəhbərlik etdiyi və SSR İttifaqı dövlətinin rəhbərliyində təmsil olunduğu dövrdə böyük siyasi uzaqgörənliklə, Azərbaycan Respublikasının gələcək müstəqilliyinin ilkin əsaslarını yaratdı, qısa müddətdə geridə qalmış ölkəmizdə böyük iqtisadi nailiyyətlər əldə edildi, mədəniyyətin yüksəlişinə və milli-mənəvi dəyərlərin dirçəlişinə nail olundu, xalqımızın milli özünüdərkinə güclü təkan verildi. Birmənalı şəkildə qeyd olunmalıdır ki, ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin özəyi məhz həmin illərdə Heydər Əliyev tərəfindən yaradılmış möhkəm təmələ əsaslanır.

 

Azərbaycan Respublikası öz dövlət müstəqilliyini qazandıqdan sonrakı dövrlərdə xarici təzyiqlər və hakimiyyət uğrunda daxili çəkişmələr nəticəsində vətəndaş müharibəsi təhlükəsi qarşısında qalan xalqımızın öz xilas yolunu yalnız Heydər Əliyevdə görməklə, təkidli tələbi onu siyasi hakimiyyətə qaytardı. Ulu öndərimiz öz siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən və ictimai-siyasi pərakəndəlikdən qurtardı, qanunçuluğu bərpa etdi, xaricdən dəstəklənən radikal müxalifət qüvvələrin cinayətkar hərəkətlərinin və dövlətçiliyimizə qəsd edən çevriliş cəhdlərinin qarşısı alındı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulmaqla, Azərbaycanda möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi. Xalqının xilası naminə hər cür çətinliklərə sinə gərən, fiziki cəhətdən məhv edilmək təhlükəsi, sui-qəsd və terror cəhdləri ilə üzləşən Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası - xalqının dəstəyi nəticəsində Azərbaycanı və onun müstəqilliyini məhvolma təhlükəsindən xilas etdi. Hakimiyyətə gəlişi ilə qısa müddət ərzində bütün cəmiyyəti vahid ideya ətrafında birləşdirən və milli birliyi təmin edən Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirən xalqımız həmin günü öz xilaskarının şərəfinə Milli qurtuluş günü kimi tarixə yazmışdır.

 

Özünün yaratdığı əmin-amanlıq və sabitlik şəraitində böyük quruculuq işlərinə başlamaqla, ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin əsaslarını yaradan Heydər Əliyevin tarixi xidməti ondan ibarətdir ki, qısa müddətlər ərzində ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik və hüquqi dövlət quruculuğunun həyata keçirilməsi, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyimizin hərtərəfli qorunmasını, habelə yeni iqtisadi inkişaf kursunun müəyyənləşdirilməsini təmin etdi.

 

Bütün maneələr aradan qaldırılmaqla, ilk neft müqavilələrinin imzalanması ölkə həyatında yeni dövrün əsasını qoydu, öz milli sərvətlərinin və neftinin əsl sahibinə çevrilən Azərbaycanda bu gün dünyada analoqu olmayan sürətli inkişaf üçün hərtərəfli zəmin yaradıldı, habelə digər böyük iqtisadi layihələrin reallaşdırılması nəticəsində irimiqyaslı xarici investisiyaların ölkəyə axını başlandı, bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyası istiqamətində böyük işlər görüldü.

 

Çoxəsrlik dövlətçiliyimizin tarixində xüsusi yeri olan Heydər Əliyev dövlətçilik siyasətini və onun ideyalarını yeni məzmunda və yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün bölgədə və dünyada öz layiqli yerini tutan ölkəmizdə demokratik hüquq və azadlıqlar üçün real təminatlar yaradılmış, həyat səviyyəsi günü-gündən yüksələn xalqımız əsl vətəndaş cəmiyyətində yaşayır və demokratik, sivil və hüquqi dövlətdə fəaliyyət göstərir.

 

Hörmətli həmkarlar!

 

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prokurorluğunun müstəqil dövlətimizin əsas təsisatlarından biri kimi tamamilə yenidən formalaşması, demokratik dəyərlərə uyğun şəkildə və müasir məzmunda yeniləşməsi, itirilmiş nüfuzunu geri qaytarmaqla, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəçisinə çevrilməsi, yüksək tələbkarlıq şəraitində fəaliyyət göstərməklə, milli maraqlarımızın təmin olunmasına xidmət edən bir qurum kimi daha da təkmilləşməsi məhz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olmuşdur. Məhz ulu öndərin rəhbər tövsiyə və göstərişlərinə müvafiq olaraq, 2000-ci ildən başlayaraq, prokurorluq orqanlarında həyata keçirilən mütərəqqi islahatlar prokurorluğun qanunun aliliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizə sahəsində aparıcı qüvvələrdən birinə çevrilməsi, ən şəffaf və ədalətli seçim əsasında formalaşdırılmaqla, müasir standartlar səviyyəsində işləməyə qadir kadr korpusunun yaradılması, bütün neqativ təzahürlərə qarşı barışmaz mübarizə aparılmaqla, öz sıralarının saflığının qorunması üçün ciddi nəzarət mexanizminin yaradılması ilə nəticələnmişdir.

 

Cənab İlham Əliyevin Respublika Prezidenti kimi fəaliyyətə başlaması ilə Azərbaycan Prokurorluğunun həyatında yeni bir mərhələnin, hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsası qoyuldu. Dövlət başçısının Sərəncamlarına müvafiq olaraq, strukturu mütəmadi olaraq təkmilləşdirilən prokurorluğun tərkibində Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması və korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində prokurorluğun roluna verilən qiymətin təzahürü kimi «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında» 22 iyun 2009-cu il tarixli Fərmanın imzalanması, habelə görülən digər işlər deyilənlərin əyani sübutudur.

 

Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində Dövlət başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»na uyğun olaraq, öz inkişafının yeni mərhələsinə qədəm qoyan prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən daha geniş istifadə olunmaqla, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.

 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmaqla, 19 noyabr 2009-cu il tarixdən qüvvəyə minən «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun qəbulu prokurorluq əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsi, onlara dövlət qayğısının artırılması ilə nəticələnmişdir.

 

Dövlət Proqramına müvafiq olaraq, prokurorluq kadrlarının müasir tələblər səviyyəsində işləmək vərdişlərinin təkmilləşdirilməsi və onların tədrisinin təşkili, habelə elmi tədqiqatların aparılması məqsədlərinə xidmət edəcək Azərbaycan Respublikası Prokurorluğunun Elm-Tədris Mərkəzinin yaradılmasının əhəmiyyəti xüsusi qeyd edilməlidir.

 

Hörmətli həmkarlar!

 

Zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli bir yer tutan Heydər Əliyev kimi dahi şəxsiyyətin həyat yolu və dövlətçilik fəaliyyəti hamımızın faydalandığı böyük bir həyat məktəbidir, bütün nəsillər üçün ibrətamiz bir örnək və nümunədir. Xalqına və millətinə təmənnasız və sədaqətli xidmət etməyi biz hamımız Heydər Əliyevdən öyrənirik.

 

Heydər Əliyev kimi nadir bir şəxsiyyət haqqında keçmiş zamanda danışmaq nə qədər ağır olsa da, 12 dekabr 2003-cü il tarixdə əbədiyyətə qovuşan Heydər Əliyevi son mənzilə yola salmağa gələn ardı-arası kəsilməyən yüz minlərlə insan seli əyani şəkildə göstərdi ki, ən kədərli günündə böyük həmrəylik nümayiş etdirən xalqımızın dahi rəhbərinə olan hörməti tükənməzdir və bu şəxsiyyətin unudulmaz xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır.

 

Hörmətli mərasim iştirakçıları!

 

Artıq Azərbaycan dövlətinin bayrağı, himni və gerbi kimi rəsmi rəmzinə çevrilmiş Heydər Əliyevin tarixi xidmətlərindən biri də ondan ibarətdir ki, o, müstəqil Azərbaycanın ən yeni tarixini yaratmaqla yanaşı, ölkəmizin gələcək inkişafının təminatları və strateji istiqamətlərini də müəyyənləşdirmiş, həmin məqsədlərə çatmaq yolları barədə siyasi konsepsiya işləyib hazırlamışdır.

 

Bu gün Heydər Əliyev ideyalarına və xalqına sadiqliyini əməli işləri ilə tam sübuta yetirən və öz dövlətçilik fəaliyyətində hərtərəfli varisliyi təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin ideyaların reallaşdırılması istiqamətində məqsədyönlü və yeni məzmunlu daxili və xarici siyasət tədbirləri həyata keçirilir. Cənab İlham Əliyevin 2003-cü ildən etibarən Dövlət başçısı kimi fəaliyyəti onun bariz göstəricisidir ki, Heydər Əliyev ideyaları yaşayır və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

 

Ölkə Prezidenti kimi cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində bütövlükdə Azərbaycanın, habelə hər bir bölgənin, şəhər və rayonların, kəndlərin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlətimizin və formalaşdırılmış demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilmiş, dünya dövlətləri birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlamış, iqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri sırasında olan yerimiz qorunub saxlanılmış, böyük enerji layihələrinin reallaşdırılması, ölkəmizin dünya kommunikasiya sisteminin tərkib hissəsinə çevrilməsi istiqamətində inamlı addımlar atılmışdır. Bütün bunlar son nəticədə Azərbaycanın iqtisadi cəhətdən tükənməz qüdrətini və müstəqilliyini təmin etməklə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarmışdır. Cari ilin oktyabr ayının 16-da 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında Dövlət başçısı cənab İlham Əliyevin nitqində göstərildiyi kimi, qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan bu böhrandan ən az əziyyət çəkən ölkələrdən biri olmaqla, uğurlu iqtisadi inkişafa, ümumi daxili məhsulun əhəmiyyətli artımına nail olmuşdur.

 

Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafelərinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi istiqamətində Ölkə Prezidenti tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş tədbirlər xalqımızın ən ağrılı yeri olan bu problemin yaxın vaxtlarda həll ediləcəyinə, işğal edilmiş torpaqlarımızın azad olunacağına möhkəm inam yaratmışdır.

 

Hörmətli həmkarlar! Çıxışımın sonunda Dövlət başçısı cənab İlham Əliyevi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların reallaşmasına, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

 

Bu günkü tədbirimizin davamı olaraq hamınızı ulu öndərin xatirəsinə həsr olunmuş «Liderlik missiyası» adlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış filmə baxmağa dəvət edirəm.

 

Diqqətinizə görə sağ olun.