Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2009-09-30
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 91-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində məqaləsi dərc edilmişdir

MÜSTƏQİL DÖVLƏTİMİZİN MÜHÜM TƏSİSATI

 
 
 

 Dövlət həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təminində, demokratik inkişafa törədilən maneələrin aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında, ictimai-siyasi həyatın bütün sahələrində dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu var. Ulu öndərimiz Heydər Əliyev bu orqanın fəaliyyətini daim yüksək qiymətləndirirdi. Onun söylədiyi: «Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram» kəlamı həmişə, hər yerdə və hər zaman ruh mənbəyimiz olmuşdur. Heydər Əliyev yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsinə çatdırılması, kadrların saflaşdırılması, peşə hazırlığının artırılması üçün mümkün ola bilən hər cür şəraiti yaratmaqla, prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərir. Dövlət səviyyəsində və ölkə başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu mütərəqqi normativ-hüquqi bazası olan, demokratik məzmunlu prinsiplər və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmişdir.

 

 

 

Ölkəmizin ən yeni tarixində prokurorluğun inkişaf yolu

 

Azərbaycan Prokurorluğu xalqımızın müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər, çox çətin və mürəkkəb, həm də şərəfli bir inkişaf yolu keçərək, indiki səviyyədə formalaşmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə xalqına və dövlətinə sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işinə öz layiqli töhfəsini vermişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan ilk ali qanunumuzda ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyəti və vəzifələri dəqiqləşdirilmişdir. 1996-cı ildə dahi rəhbərimiz Heydər Əliyevin sərəncamı ilə yaradılan Hüquqi islahatlar komissiyası məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdə tuturdu ki, bu da, ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə qısa zaman kəsiyində uğurla həyata keçirilməklə, prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə rəvac vermişdir. Ötən dövrdə dövlətçiliklə bağlı etibarlı fəaliyyətin təzahürü olaraq, ulu öndərimiz Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi, tarixi reallığın bərpa olunması ilə yanaşı, həm də prokurorluğun dövlət idarəçiliyində roluna münasibətin rəsmi yekunudur. Lakin prokurorluq həmin illərdə xalq tərəfindən ona göstərilən yüksək etimadı doğrulda bilməmiş, bəzi işçilərin öz vəzifələrindən sui-istifadə etmələrinin, istintaq zamanı şəxsi mənafelərinə üstünlük verilmə hallarının qarşısı vaxtında alınmamış, prokurorluğun illər uzunu qazanılmış nüfuzuna ciddi xələl gətirilmişdir. Bununla əlaqədar, ulu öndərimiz 2000-ci il aprelin 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüş keçirərkən, dövlətçiliyin qorunması və möhkəmləndirilməsi sahəsində prokurorluğun fəaliyyətini yüksək qiymətləndirməklə, onun totalitar rejim dayağından hüquqi dövlət quruculuğu mexanizminin tərkib hissəsinə çevrilməsini əlamətdar hadisə kimi səciyyələndirmişdir. Eyni zamanda, kadrların seçilib-yerləşdirilməsinin tələb olunan səviyyədə qurulmadığını, cinayət işlərinin istintaqında hələ də qanun pozuntularına yol verildiyini xüsusi qeyd edərək, qanunçuluğa ciddi riayət olunması gözlənilməklə cinayətkarlıqla mübarizənin gücləndirilməsinə, hər hansı bir məsələnin araşdırılmasında ədalət prinsipinin rəhbər tutulmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına böyük əhəmiyyət vermişdir. Görülən tədbirlər Azərbaycan Prokurorluğunun fəaliyyətini tam əhatə edən, hərtərəfli nizama salan normativ-hüquqi bazanın demokratik dəyərlərə uyğunluğunu, onun fəaliyyətinin müvəffəqiyyətli olmasını şərtləndirir. Peşəkarlıqla aparılan struktur dəyişiklikləri, vəzifə və səlahiyyət yeniləşmələri nəticəsində prokurorluğun insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən orqana çevrilməsi hamı tərəfindən qəbul edilən bir reallıqdır.

 

Baş Prokurorluğun rəhbərliyi mənəviyyatca saflaşdırılma istiqamətindəki fəaliyyətdə öz davranış və əxlaqi keyfiyyətləri ilə prokurorluğa yadlaşanlara, dövlətin və xalqın göstərdiyi etimaddan, tutduğu yüksək vəzifədən şəxsi mənafe üçün istifadə edənlərə qarşı daim kəskin mövqe tutur. Xidməti vəzifəsinin icrasına məsuliyyətlə yanaşan, ona göstərilən etimadın ağırlığını başa düşən, xalqına, dövlətinə sədaqətlə qulluq edən şəxsləri isə yüksək qiymətləndirməklə bərabər, prokurorluq orqanlarının gələcəyinə təminatın möhkəm olmasına xüsusi qayğı göstərir. Kadr potensialının gücləndirilməsi və mənəviyyatca saflaşdırılması prosesinin fasiləsizliyi məqsədi ilə təsdiq edilən normativ sənədlərlə prokurorluğa mənəvi cəhətdən saf, nəzəri hazırlıqlı, əhatəli, dünya görüşlü şəxslərin tam aşkarlıq şəraitində, şəffaf prosedurlarla qəbulunun əsası qoyulmuşdur ki, bu da çox böyük və mühüm əhəmiyyətə malik olan nailiyyətdir.

 

Prokurorluq orqanlarının müstəqil dövlətimizin mühüm dövlət təsisatı kimi təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində müsbət işlərin görülməsinin nəticəsidir ki, dövlət başçısı cənab İlham Əliyevin prokurorluğun 90 illik yubileyi ilə əlaqədar kollektivə ünvanlanan müraciətində xüsusi vurğulanmışdır ki, «Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir... Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar».

 

Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi işində dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə «Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan dövlət proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır

 

 

 

Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin prioritet istiqamətlərindəndir

 

Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması və onun təkmilləşdirilməsi cinayətkarlığın ən təhlükəli təzahürləri ilə səmərəli mübarizəyə geniş meydan verir. Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə əlaqədar 2007-2011-ci illər üçün fəaliyyət planının və idarəetmənin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə sıx əlaqə saxlanılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində mühüm tədbirlərin görülməsi işin səmərəsini artırır. Ötən müddət ərzində qazanılmış təcrübənin təhlilinin nəticəsi olaraq bu sahə üzrə cinayət xarakterli məlumat və materialların göndərilməsinin yeni mexanizmi müəyyən edilmişdir.

 

Korrupsiya ilə mübarizənin gücləndirilməsi yönümündə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi arasında 15 aprel 2009-cu il tarixli, Baş Prokurorluqla Vergilər Nazirliyi arasında 30 aprel 2009-cu il tarixli birgə əmrlərin imzalanması işin səmərəliliyinə öz müsbət təsirini göstərməkdədir. Avropa İttifaqının Şərqi Əməkdaşlıq və Qonşuluq Siyasəti kontekstində həyata keçirilən və Avropa standartlarına uyğun şəkildə təşkilati quruluş prosesinə dəstək vermək məqsədi daşıyan Tvinniq proqramı çərçivəsində Avropa Birliyinin ekspertləri ilə birlikdə «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə dəstək» layihəsi hazırlanmış və Avropa Birliyi tərəfindən təsdiq olunaraq Litva Respublikasının Baş Prokurorluğu və xüsusi istintaq idarəsi tərəfindən 2-4 mart 2009-cu il tarixlərində həyata keçirilmişdir.

 

21-22 aprel 2009-cu il tarixlərdə Bakı şəhərində İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərliyinin keçirilmiş konfransını xüsusilə qeyd etmək lazımdır. Orada Azərbaycanda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilmiş, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin birgə həyata keçirilməsi yolları müzakirə edilmişdir. Tədbir dövlət başçısı cənab İlham Əliyevin İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin iştirakçılarını qəbul etməsi ilə əlamətdar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il tarixli «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qapşı mübarizənin gücləndirilməsi haqqında» fərmanının prokurorluğa ünvanlanmış tövsiyələrdən irəli gələn vəzifələrin icrasına dair Azərbaycan Respublikası Baş prokurorunun əmri, habelə 28-29 yanvar 2009-cu il tarixlərdə Vyanada keçirilmiş beynəlxalq ictimai təşkilatlarda rüşvətxorluğa qarşı mübarizə ilə əlaqədar Korrupsiyaya qarşı BMT konvensiyasına üzv dövlətlər və həmin təşkilatlar arasında əməkdaşlığa dair seminar, 11-15 may 2009-cu il tarixlərdə keçirilən korrupsiyaya qarşı BMT konvensiyasının həyata keçirilməsinə nəzarət və vəsaitlərin qaytarılması üzrə tədbirlər korrupsiya ilə daha səmərəli mübarizə aparılmasına əhəmiyyətli dərəcədə təkan verir.

 

 

 

Cinayətkarlığa qarşı qətiyyətli mübarizə uğurlu gələcəyin özülüdür

 

Ümummilli lider Heydər Əliyev cinayətkarlıqla mübarizəni ən mühüm vəzifələrdən sayaraq bu məsələni həmişə diqqət mərkəzində saxlamışdır. «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 09 avqust 1994-cü il tarixli fərmanı ilə cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının işinin yeni müstəvidə qurulmasına təkan verilmişdir. Xalqın dəstəyinə və etimadına arxalanan Heydər Əliyev zamanın sınaqlarından çıxmış zəngin təcrübəsi və müdrikliyi, milli mənafelərə sadiqliyi sayəsində dövlətçiliyimizin əleyhinə yönəldilmiş bütün cinayətkar qəsdlərin qarşısının alınmasını, ölkəmizin inkişaf yolunda maneə olan bütün halların aradan qaldırılmasını təmin etmişdir.

 

Dövlətçilik ideyalarına sadiqlik nümunəsi göstərən Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarından təşkil olunmuş birgə istintaq-əməliyyat qruplarının gərgin əməyi nəticəsində Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin pozulması yolu ilə gərginlik yaradılması, konstitusion idarəçilik qaydalarına qəsd edilməklə ölkədə hakimiyyətsizlik və xaos şəraitinin formalaşdırılmasına yönəldilmiş ağır cinayətlərin: 2000-ci ilin noyabrında Şəki şəhərində bir sıra müxalifət partiyaları rəhbərlərinin; 2001-ci ilin fevralında Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup fəallarının; 2002-ci il may-iyun aylarında «Dini şura» adlı qanunsuz qurum üzvlərinin təşkilatçılığı ilə Nardaran qəsəbəsində, 15-16 oktyabr 2003-cü il tarixlərdə hakimiyyətə gəlmək planlarını reallaşdırmaq istəyən radikal müxalifət qüvvələrinin Bakı şəhərində törətdikləri kütləvi iğtişaş hadisələrinin qarşısının alınması və bu qanunsuz hərəkətlərdə təqsirkar olan şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmişdir. Ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışda olan Rəsul Quliyevin antikonstitusion yollarla Azərbaycanda hakimiyyətə gəlmək planlarını dəstəkləyən, 2005-ci ilin oktyabr ayının 17-də Bakı şəhərində kütləvi iğtişaşlar törədilməsi vasitəsilə hakimiyyətin zorla ələ keçirilməsinə yönəldilmiş cinayətkar hərəkətlərin qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması, habelə tutduqları yüksək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda dövlət əmlakının mənimsənilməsi, korrupsiya və digər cinayətlər yolu ilə əldə etdikləri pul vəsaitləri hesabına həmin cinayətləri maliyyələşdirən keçmiş səhiyyə naziri Əli İnsanov, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev və qeyrilərinin korrupsiya faktları və vəzifə cinayətləri peşəkarlıqla istintaq olunmuş və təqsirləndirilən şəxslər məhkum edilmişlər. Eyni zamanda, 18 dekabr 2003-cü ildə erməni silahlı qüvvələri tərəfindən törədilmiş cinayət hadisələrinin istintaqı üzrə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmaqla, xalqımıza qarşı soyqırımı siyasəti yeritmiş nankor qonşularımızın cinayətkar əməllərinin aşkarlanması istiqamətində də məqsədyönlü iş aparılmışdır.

 

 

 

Dövlət ittihamının müdafiəsi işinin təkmilləşməsi təmin edilir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasının məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» 19 yanvar 2006-cı il tarixli fərmanının 7-ci bəndinin tələbinə uyğun olaraq Baş Prokurorluq üzrə «Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunda dəyişikliklər aparılması barədə» 16 iyul 2007-ci il tarixdə əmr imzalanmışdır. Həmin əmrlə dövlət ittihamının müdafiəsi üzrə idarənin tərkibində birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə, apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr yaradılmış, təcrübəli və peşəkar prokurorluq işçilərindən ibarət tərkibdə komplektləşdirilmişdir.

 

Prokurorluğun məhkəmələrdə dövlət ittihamının müdafiəsinin təşkilinə məsul olan qurumlarının strukturu ölkənin məhkəmə sisteminə uyğunlaşdırılsa da, respublika hərbi və Bakı şəhər prokurorluqlarının dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin, eləcə də rayon (şəhər) prokurorluqlarının dövlət ittihamını müdafiə edən prokurorlarının iş yükünün qeyri-bərabər bölünməsi və bu kimi hallar dövlət ittihamının müdafiəsi üzrə fəaliyyətin bir daha təkmilləşdirilməsini zəruri edirdi.

 

Əvvəllər cəzaçəkmə müəssisələrindən məhkumların vaxtından əvvəl buraxılması, cəzaçəkmə rejiminin dəyişdirilməsi ilə əlaqədar məsələlərin məhkəmələrdə baxılması zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar iştirak etsələr də, məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakının səmərəliliyini artırmaq məqsədi ilə «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü və 10-cu maddələrinin tələbləri rəhbər tutulmaqla, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 07 fevral 2005-ci ildə «Məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakının səmərəliliyinin artırılması barədə» əmrə müvafiq olaraq, cəzanın çəkilməsinin təxirə salınması, xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, amnistiyanın tətbiq edilməsi, cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi və bu kimi digər məsələlər üzrə proseslərdə iştirak etmək dövlət ittihamçılarının səlahiyyətinə aid edilmişdir. Bütün bu göstərilənlər dövlət ittihamçılarının işinin yeni keyfiyyət səviyyəsində qurulmasına geniş imkanlar yaradır.

 

 

 

Şəffaf və ədalətli kadr islahatları prokurorluğun uğurlarının əsasını təşkil edir

 

Ulu öndər Heydər Əliyevin respublika prokurorluğunun rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğu orqanlarında aparılmış kadr islahatları nəticəsində Baş Prokurorluğun kadr tərkibinin əksər hissəsi yeniləşdirilmiş, rayon, şəhər və hərbi prokuror vəzifələrinə ilk dəfə təyin edilənlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Rəhbər vəzifələrə təşkilatçılıq və yüksək peşə hazırlığına malik olan, təşəbbüskar, dövlətçilik ənənələrinə sadiq işçilərin, əsasən də, müasir dünyagörüşlü gənclərin irəli çəkilməsinə xüsusi diqqət yetirilmişdir.

 

Prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə dövlət proqramında təsis olunması nəzərdə tutulmuş Azərbaycan Respublikasının Baş prokuroru yanıda Elmi-Tədris Mərkəzinin yaradılması üçün Respublika Baş Prokurorluğu tərəfindən bu sahədə mövcud təcrübənin hərtərəfli öyrənilməsi üzrə tədbirlər görülmüş, mərkəzin vəzifələrini, səlahiyyətlərini və fəaliyyət prinsiplərini müəyyənləşdirən zəruri sənədlərin hazırlanması təmin edilmişdir. Prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesində qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli fərmanla təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq 2002-ci ildən Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin iştirakı və nəzarəti ilə keçirilmiş 6 müsabiqə nəticəsində 293 gənc hüquqşünas (onlardan 14-ü qadın olmaqla) prokurorluğa qulluğa qəbul edilmişdir ki, bu da hazırda fəaliyyət göstərən kadr tərkibinin təxminən 32 faizini təşkil edir. Prokurorluq orqanlarına işə qəbul arzusunda olan şəxslər üçün cari ildə 80 ştat vahidi üzrə müsabiqə elan edilmişdir ki, bu da prokurorluq orqanlarının yeniləşməsi, gənc kadrlara qayğı göstərilməsi istiqamətində atılan növbəti addımlardır.

 

 

 

Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər dövlət qayğısının nəticəsidir

 
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ulu öndərimizin yürütdüyü xəttin davamı olaraq «Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 29 sentyabr 2006-cı il tarixli sərəncamı ilə prokurorluq orqanları işçilərinin sosial müdafiəsi məsələlərinə yenidən baxılmış, əməkhaqları əhəmiyyətli dərəcədə artırılmışdır. Ötən illər ərzində iş şəraitinin yaxşılaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi sahəsində də xeyli işlər görülmüşdür. Belə ki, 2001-2004-cü illərdə Baş Prokurorluğun inzibati binasının əsaslı təmiri başa çatmış, 2002-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi, Bakı Şəhər Prokurorluğu, Abşeron, Binəqədi, Qaradağ, Neftçala, Yardımlı, Ağdam, Ağcabədi, Kəlbəcər, Qazax, Ucar, Beyləqan, Balakən, Saatlı, Zəngilan, Qubadlı, Qax, Zaqatala, Lerik və Xaçmaz rayon prokurorluqları və Baş Prokurorluğun Tədris Mərkəzi əsaslı təmir olunmuş, 2005-ci ildə Naxçıvan MR-in Şahbuz, Culfa, 2007-ci ildə isə Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur Rayon Prokurorluğunun inzibati binası isə əsaslı təmir olunmuşdur. 2006-cı ildə Xocalı, Qobustan və Ağsu, 2007-ci ildə isə Goranboy, Zərdab və Siyəzən rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmişdir. 2009-cu ildə Hacıqabul, Göygöl, Biləsuvar, İsmayıllı, Gədəbəy və Bakı şəhər Xətai rayon prokurorluqlarının inzibati binasının tikintisi də başa çatmışdır. Yeni tikilmiş və əsaslı təmir olunmuş rayon (şəhər) prokurorluqları tam şəkildə müasir tələblərə cavab verən avadanlıqla təmin olunmuş, işçilərə normal iş şəraiti yaradılmışdır. Prokurorluğun avtomaşın parkının yeniləşdirilməsi istiqamətində də zəruri tədbirlər görülmüşdür. Möhtərəm Prezident cənab İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər)» respublikamızda yeni inkişaf mərhələsinin əsasını qoydu. Azərbaycan Respublikası Prezidentinin 27.09.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın icrası ilə əlaqədar görülən işlər öz bəhrəsini verməkdədir.

 

 

 

Qüdrətli Azərbaycan Respublikası daim inkişafdadır

 

Dünya iqtisadiyyatına inteqrasiya yolu seçmiş Azərbaycan bu gün regionun lider dövləti olaraq inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməkdədir. Dünya iqtisadi Forumunun «2009-2010-cu illərdə dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında Hesabatı»nda Azərbaycanın makroiqtisadi sabitliklə, yüksək milli yığımlarla, dövlət borcunun azaldılması ilə səciyyələnərək 34-cü yerdən 13-cü pilləyə yüksəlməsi, əmtəə bazarı üzrə göstəricilərdə isə 18 pillə irəliləməsi önəmlidir. 2003-2008-ci illərdə ümumi daxili məhsulun 2,6 dəfə artması, son beş ildə 800 minə qədər yeni iş yerinin açılması, yoxsulluq şəraitində yaşayanların sayının 49 faizdən 13 faizə enməsi, hökm sürən maliyyə böhranı dövründə də iqtisadiyyatın artımla müşayiət olunması, «Əsrin müqaviləsi»nə 37,5 milyard manat sərmayə qoyulması gələcəkdə daha əhəmiyyətli uğurlar qazanılmasından xəbər verir.

 

Azərbaycan Respublikasının həyatında taleyüklü məsələlərin həll edildiyi, ölkə həyatının bütün sahələrində hərtərəfli inkişafa nail olunduğu müasir dövrdə prokurorluq orqanlarının qarşısında çox mühüm vəzifələr durur və həmin vəzifələrin uğurla həyata keçirilməsi prokurorluq orqanları və onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir. Prokurorluq orqanları qarşısında duran vəzifələri ümumiləşdirən dövlət başçısı cənab İlham Əliyev kollektivə ünvanlanan 27 sentyabr 2008-ci il tarixli müraciətində vurğulamışdır: «Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz - prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcək».

 

Bu gün peşə bayramını və 91 yaşını qeyd edən prokurorluq orqanları öz fəaliyyətinin dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə təşkili üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatları kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunmasında daha yaxından iştirak edəcəkdir.

 

 

 

 

 

Zakir Qaralov,

 

Azərbaycan Respublikasının Baş prokuroru,  I dərəcəli dövlət ədliyyə müşaviri

 

 «Azərbaycan» qəzeti,  1 oktyabr 2009-cu il