Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2009-05-07
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun çıxışı
Hörmətli həmkarlar!
 

Azərbaycanın bütün bölgələrində, eyni zamanda respublikamızın hüdudlarından kənarda müstəqil Azərbaycan Respublikasının memarı və yaradıcısı, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü geniş qeyd edilir. Həmin tədbirlər ulu öndərimizin əziz və unudulmaz xatirəsinə dərin hörmətin bariz nümunəsi olmaqla yanaşı, Heydər Əliyevin müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolunun təsdiqi kimi dəyərləndirilməlidir.

 

Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan bu dahi şəxsiyyətin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm. Allah rəhmət eləsin.

 

Hörmətli həmkarlar!

 

Hamımıza məlumdur ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin 1982-1987-ci illərdə Sovet İttifaqının liderlərindən biri olduğu dövrdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradılmış, siyasi, iqtisadi və mədəni sahələrdə mühüm addımlar atılaraq, çox ciddi nailiyyətlər əldə edilmişdir.

 

Həmin illərdə ölkədə güclü iqtisadiyyat və işgüzar kadr potensialı yaradılmış, əhalinin rifah halı daha da yaxşılaşdırılmış, bütün bunlar isə yaxın gələcəkdə Azərbaycanda müstəqil dövlət qurulması üçün əsaslı zəminə çevrilmişdi. Azərbaycan xalqı XX əsrdə ilk dəfə Heydər Əliyevin şəxsində özünün ümummilli liderini yetişdirmiş və onun ətrafında sıx birləşmişdi.

 

Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayının 15-də Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdış edən Heydər Əliyev həyatının qalan hissəsini doğma millətinə bağışladığını bəyan etməklə, həyata keçirdiyi müdrik və uzaqgörən dövlətçilik siyasəti nəticəsində yeni müstəqilliyə qədəm qoymuş Azərbaycan dövlətini qarşılaşdığı sərt və çətin sınaqlardan uğurla çıxara bilmiş, gələcəyə istiqamətləndirilmiş strateji inkişaf konsepsiyasına müvafiq olaraq, respublikamızda əsaslı dəyişikliklərlə nəticələnən böyük quruculuq işlərini reallaşdırmışdır. Dünya dövlətləri birliyində layiqli yerini tutan Azərbaycan Respublikasında ölkə həyatının bütün sahələrini əhatə edən mütərəqqi islahatlar aparılmaqla, hüquqi və sivil bir dövlət, qanunun aliliyinə və demokratik hüquq və azadlıqlarına real təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, xalqımızın həyat tərzinin, maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasını təmin edəcək iqtisadi müstəqilliyə nail olunmuşdur.

 

Hörmətli həmkarlar!

 

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikası və Azərbaycan xalqı naminə gördüyü möhtəşəm işləri sadalamaqla qurtarmaq qeyri-mümkündür. Həyatının mənasını xalqına xidmətdə görən ümummilli lider Heydər Əliyevin titanik və müdrik dövlətçilik siyasətinin nəticəsidir ki, bu gün müstəqil və demokratik mahiyyətli Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir, regionumuzun qabaqcıl ölkəsi kimi misli görünməmiş iqtisadi inkişafa nail olan respublikamızda xalqımızın təminatlı yaşayıb fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılmışdır.

 

Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə xilaskarlıq missiyasını öz üzərinə götürən, yeni demokratik və qüdrətli Azərbaycanı yaratmaq üçün böyük quruculuq missiyasını həyata keçirən, indiki və gələcək nəsillərə yadigar olaraq ölkəmizin inkişafının strateji konsepsiyasını işləyib hazırlayan Heydər Əliyevin dühası və siyasi irsi bundan sonra da xalqımızın təminatlı xoşbəxt gələcəyə istiqamətləndirilmiş yolunu daima işıqlandıracaq və bu dahi şəxsiyyətin parlaq və unudulmaz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

 

Hörmətli həmkarlar!

 

«Böyük qurucu» kimi yaratdığı dayanıqlı sabitlik şəraitindən məharətlə istifadə edən Heydər Əliyev ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin yüksək rifah halını təmin edəcək Azərbaycanın iqtisadi inkişaf strategiyasını işləyib hazırladı və onun mərhələ-mərhələ həyata keçirilməsinə nail oldu. Müəllifi ulu öndərimiz olan möhtəşəm neft strategiyasının reallaşdırılması yolunda maneələr aradan qaldırılmaqla, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi.

 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji sosial-iqtisadi xəttin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, 2003-cü ildən başlayaraq, iqtisadiyyatın bütün sahələri üzrə böyük nailiyyətlər əldə edilmiş, o cümlədən ölkənin iqtisadi qüdrəti sürətlə artmış, qeyri-neft sektorunun, regionların, sosial sferanın və digər sahələrin inkişafını təmin edən kompleks tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsi təmin olunmuş, enerji təhlükəsizliyi, xalqın rifah halının yaxşılaşdırılması, işsizlik probleminin həlli və dünya iqtisadi sistemində layiqli yerinin tutulması üçün əhəmiyyətli işlər görülmüşdür.

 

Xüsusi qeyd etmək istərdim ki, Heydər Əliyev irsinin öyrənilməsi və bu ideyaların həyata keçirilməsinə ehtiramın ifadəsi olaraq yaradılmış və bu günlərdə fəaliyyətinin 5 illiyi qeyd olunacaq «Heydər Əliyev» Fondu və onun prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın beynəlxalq nüfuzunun artırılması, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi və xalqımızın maddi rifah halının yaxşılaşdırılması, o cümlədən təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin və digər sosial obyektlərin inşası istiqamətində görülmüş möhtəşəm işlərin miqyası ölçüyəgəlməzdir.

 

Bütün bu nailiyyətlər əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən müdrik və gələcəyə istiqamətləndirilmiş dövlətçilik siyasətinin məntiqi nəticəsidir.

 

Hörmətli həmkarlar!

 

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran haldır ki, mühüm dövlət təsisatı kimi Azərbaycan Respublikası Prokurorluğunun sivil və demokratik məzmunlu bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin verdiyi tövsiyə və göstərişləri nəticəsində Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir.

 

Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün prokurorluq orqanlarına dövlət səviyyəsində diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Azərbaycan Prokurorluğunun 90 illik yubileyi ərəfəsində bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, yeni inkişaf dövrünün əsasını qoyan prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq olunması dediklərimin əyani sübutudur.

 

Hörmətli həmkarlar!

 

Çıxışımın sonunda əmin olduğumu bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prokurorluğu ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasətinə və ideyalarına sadiq qalaraq bütün səylərini Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasına, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

 

Diqqətinizə görə sağ olun!