Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2007-05-30
«Transparency İnternational» təşkilatının, Azərbaycan Hökumətinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (SAİD) təşkilatçılığı ilə mayın 31-də «Gülüstan» sarayında «Transparency İnternational» təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə illik regional görüşü başlanmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun

ÇIXIŞI
 

 

 

- Hörmətli konfrans iştirakçıları!

 

Əziz qonaqlar!

 

Mən ilk növbədə, böyük nüfuza malik beynəlxalq qurum kimi «Transparency İnternational» Təşkilatının Avropa və Mərkəzi Asiya ölkələri üzrə illik regional görüşünün və «Korrupsiyaya qarşı mübarizə və keçid dövrü ölkələrində institusional islahatlar» mövzusunda konfransının Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsini ölkəmizin ictimai həyatında çox mühüm hadisə kimi qiymətləndirirəm. Əminəm ki, bu beynəlxalq tədbir əməkdaşlıq əlaqələrimizin daha da inkişaf etdirilməsində, korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə qaldırılmasında öz müsbət rolunu oynayacaqdır.

 

Öz müstəqilliyini əldə etdikdən sonra demokratik inkişaf yolu seçən Azərbaycan Respublikasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən mütərəqqi islahatların nəticəsi olaraq, demokratik və hüquqi dövlət qurulması, vətəndaş cəmiyyətinin formalaşdırılması təmin edilmişdir. Dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya olunan ölkəmizdə güclü iqtisadi potensial yaradılmış, əhalinin maddi rifahının yaxşılaşdırılması üçün əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, hazırda da bu istiqamətlərdə ən zəruri tədbirlərin görülməsi təmin edilir.

 

Azərbaycanda qanunun aliliyinə təminat verəcək hüquqi dövlət quruculuğunun prioritet istiqamətləri kimi sosial-iqtisadi inkişafa mane olan bütün mənfi təzahürlərə, cinayətkarlığa və onun mütəşəkkil növü olan korrupsiya hallarına qarşı mübarizə işi tamamilə yeni səviyyəyə qaldırılmış, milli dəyərləri və beynəlxalq təcrübəni özündə əks etdirən qanunvericilik bazası yaradılmış, bu mübarizənin ən müasir metod və üsullarının tətbiqinə başlanılmaqla, qabaqlayıcı profilaktik tədbirlər ön plana çəkilmişdir.

 

Korrupsiya cinayətlərinə qarşı mübarizə sahəsində əlaqədar dövlət təsisatları ilə birlikdə prokurorluq orqanlarının qarşısında da çox mühüm vəzifələr durur. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli Sərəncamına müvafiq olaraq, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması bu sahədə prokurorluq orqanlarının məsuliyyətini daha da artırmışdır. Éalnız Azərbaycan Respublikasının Baş prokuroruna tabe olan idarə tam prosessual müstəqilliyə malik, əməkdaşlarının yüksək əmək haqqı təminatı və müasir tələblər səviyyəsində maddi-texniki bazası olan bir qurumdur.

 

Korrupsiyaya qarşı mübarizə sahəsində öz fəaliyyətini digər hüquq mühafizə orqanlarının ixtisaslaşdırılmış qurumları ilə əlaqəli şəkildə quran Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən 2005-2006-cı illər, habelə cari ilin ötən dövrü ərzində rüşvət alma, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama faktları üzrə 150 nəfər müxtəlif səviyyəli vəzifəli şəxs barəsində 66 cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə göndərilmişdir.

 

Azərbaycan Respublikası Prokurorluğunun digər istintaq qurumları tərəfindən də korrupsiya hallarına qarşı qətiyyətli mübarizə aparılır. Belə ki, onlar tərəfindən 2005-2006-cı illər ərzində özgə əmlakını mənimsəmə və ya israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə səlahiyyətlərini aşma, rüşvət alma faktları üzrə 461 nəfər barəsində 258 cinayət işinin istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilmişdir.

 

Korrupsiya hüquqpozmaları barədə daxil olmuş əməliyyat məlumatları üzrə əməliyyat-axtarış orqanlarının müvafiq qurumları ilə əlaqəli şəkildə aparılan birgə araşdırmalar nəticəsində torpaq sahələrinin ayrılması üçün bələdiyyə və icra hakimiyyəti orqanlarının, ali məktəblərə qəbul və imtahanlarda kömək göstərilməsi müqabilində bəzi təhsil müəssisələrinin məsul vəzifəli şəxsləri tərəfindən törədilən korrupsiya faktlarının aşkara çıxarılması və onların cinayət məsuliyyətinə cəlb olunması təmin edilmişdir.

 

Prokurorluq orqanları tərəfindən, ilk növbədə, ölkə əhalisinin gündəlik maraqlarına toxunmaqla xidmət sahələrində törədilən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilir. Belə ki, təbii qazdan, elektrik enerjisindən və məişətdə sudan istifadə sahəsində yol verilən mənfi təzahürlərə qarşı mübarizə ilə əlaqədar Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən əlaqədar dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə araşdırmalar aparılmışdır. Nəticədə naüdsız hesablaşmaların aparılması işinin təşkili və yığılan pulların büdcəyə ödənilməsi sahəsində aşkara çıxarılmış qanunsuzluq faktları, o cümlədən, enerji haqqı kimi toplanan pulların mənimsənilməsi halları üzrə 11 cinayət işi başlanmış, bu sahələrdə mövcud olan çatışmazlıqların və onları doğuran səbəblərin aradan qaldırılması məqsədi ilə «Azərenerji», «Azəriqaz» və «Azərsu» səhmdar cəmiyyətlərinə təqdimatlar göndərilmiş, araşdırmaların nəticələri barədə Nazirlər Kabinetinə məlumat verilmişdir. Əlaqədar dövlət təsisatları tərəfindən görülmüş işlər nəticəsində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır və bu sahədə korrupsiya hallarının azalması müşahidə olunur.

 

Hörmətli konfrans iştirakçıları!

 

Ölkə əhalisinin sağlamlığı keşiyində durmalı olan səhiyyə orqanları sistemində mövcud olan korrupsiya halları və digər qanunsuzluqlara qarşı mübarizə istiqamətində də konkret tədbirlərin görülməsi təmin olunmuşdur. Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi cinayətkar dəstənin fəaliyyəti üzrə aparılmış istintaq və məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, bu şəxslərin səhiyyə sistemində törətdiyi cinayətlər nəticəsində ölkə əhalisinin keyfiyyətli tibbi yardım almaq hüquqlarının reallaşdırılması yolunda ciddi maneələr yaradılmışdır. Tibb müəssisələrinin yerləşdiyi binaların və ərazilərin qanunsuz olaraq özəlləşdirilməsi yolu ilə tibbi xidmət sahələrinin sayı kəskin şəkildə azaldılmış, səhiyyədə lisenziyalaşdırma sahəsinin tam korrupsiyalaşması nəticəsində şəffaflıq və ədalətlilik prinsipləri pozulmuş, əhaliyə keyfiyyətli və ucuz dərman preparatları satılmasına imkan verməyən kriminal mühit formalaşmışdır. Səhiyyə Nazirliyinin 11 məsul vəzifəli şəxsinin məhkum edilməsi ilə yekunlaşan məhkəmə prosesinin nəticələri ölkəmizin səhiyyə sisteminin sağlamlaşdırılmasında, mənfi təzahürlərin aradan qaldırılmasında öz müsbət rolunu oynamışdır.

 

Dövlət əmlakının özəlləşdirilməsi zamanı bu əmlakın sistemli şəkildə mənimsənilməsi və talan edilməsi, rüşvət alınması, vergi ödəməkdən yayınma, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı və digər çoxsaylı korrupsiya cinayətləri törətməkdə ittiham olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin rəhbərlik etdiyi 18 nəfərdən ibarət mütəşəkkil dəstənin fəaliyyəti üzrə aparılan istintaqla, bu dəstə tərəfindən 95 milyon ABŞ dollarından artıq məbləüdə özgə əmlakının talanması ilə yanaşı, imtiyazlı şəxslərə çatası 3 milyon ABŞ dolları dəyərində 314.000 ədəd özəlləşdirmə payı mənimsənilməklə ölkə vətəndaşlarının mülkiyyət hüquqlarının kütləvi şəkildə pozulması faktı da aşkar edilmişdir.

 

Daxili işlər və milli təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə Respublika Prokurorluğu tərəfindən səhiyyə sistemində və özəlləşdirmə sahəsində korrupsiya hallarına qarşı mübarizə ilə əlaqədar görülən işlər cəmiyyət tərəfindən müsbət dəyərləndirilmişdir.

 

Azərbaycan hökuməti tərəfindən səhiyyə sisteminin müasir tələblər səviyyəsinə qaldırılması, pullu xidmət sahələrinin azaldılması, özəlləşmə prosesində hərtərəfli şəffaflığın təmin edilməsi istiqamətində köklü islahatlar həyata keçirilmişdir.

 

Penitensiar xidmət sahəsində qayda-qanun yaradılması, korrupsiya hallarına və digər qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi istiqamətində də zəruri tədbirlər görülmüşdür. Respublika Prokurorluğu və ədliyyə Nazirliyi tərəfindən aparılan birgə araşdırma nəticəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələri və digər qurumlarında çoxsaylı qanun pozuntuları və korrupsiya faktları aşkar edilmişdir. Rüşvət müqabilində məhkumlara imtiyazlı şərait yaradılması və mütəmadi olaraq kənar şəxslərlə qanunsuz görüşlərin təşkil edilməsi, bir qrup ağır və xüsusilə ağır cinayətlər törətmiş məhkumlardan külli miqdarda rüşvət almaqla, saxta məhkəmə qərarları əsasında onların cəza müddətlərinin qanunsuz olaraq azaldılması və ya vaxtından əvvəl cəzadan azad edilməsi, məhkumların xəstəxana rejimində qanunsuz saxlanılması və sair bu kimi vəzifədən sui-istifadə hallarına yol verməklə 16 milyon ABŞ dollarından artıq məbləüdə külli miqdarda dövlət əmlakının mənimsəmə yolu ilə talanması müəyyən edilmişdir. Həmin faktlar üzrə penitensiar xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələrinin yüksək rütbəli vəzifəli şəxsləri də daxil olmaqla, 72 nəfər şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri üzrə təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.

 

Cinayət təqibi qaydasında həyata keçirilən tədbirlərin ən mühüm nəticəsi ondan ibarət olmuşdur ki, məhkumların qidalanma, məişət və saxlanma şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşmış, qanunsuzluqları və müxtəlif sui-istifadə hallarını istisna edən və cəzaların islahedici təsirini artıran mühit formalaşdırılmışdır. Görülmüş tədbirlər məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında prokurorluğun iştirakının səmərəliliyini artırmışdır.

 

Dövlətin və cəmiyyətin inkişafına, ölkədə gedən demokratik proseslərə və vətəndaş cəmiyyəti quruculuğuna əngəl törədən korrupsiyaya qarşı mübarizənin öz çətinlikləri də mövcuddur. Latent xarakter daşıyan və gizli şəraitdə törədilən korrupsiya hallarına qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin bütün təsisatları, hər bir vətəndaş tərəfindən daha fəal və prinsipial mövqe tutulmalıdır. Bu ictimai bəlaya qarşı bütün qüvvələrin əlaqəli birgə mübarizəsinin təşkili istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Təqdirəlayiq haldır ki, Respublika Prokurorluğunun bir çox qeyri-hökumət təşkilatları, o cümlədən «Transparency İnternational-Azərbaycan» təşkilatı ilə sıx əməkdaşlıq əlaqələri vardır.

 

Korrupsiya ilə bağlı cinayət faktlarının ibtidai araşdırılmasına dair məlumatların toplanması işinin mərkəzləşdirilməsi, bu sahədə bütün əlaqədar dövlət orqanlarının iştirakı ilə məlumat bazasının yaradılması və korrupsiya hüquqpozmaları ilə bağlı vahid məlumat bankının təsis olunması qarşımızda duran ən mühüm vəzifələrdən biridir.

 

Fəal vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, korrupsiya cinayətlərinin aşkar olunması ilə əlaqədar dövlət təsisatları ilə yaxından əməkdaşlıq etməklə ifşa olunmuş korrupsionerlərin qınaq obyektinə çevrilən və müxtəlif təhlükələrlə üzləşən insanların müdafiəsinin gücləndirilməsi istiqamətində də əlavə tədbirlərin görülməsinə zərurət vardır.

 

Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bank sirri adı altında korrupsiya cinayətləri vasitəsilə əldə edilmiş və xarici ölkələrə köçürülmüş pul vəsaitlərinin geri qaytarılmasında yaranan çətinlikləri, yeni informasiya texnologiyalarından istifadə olunmaqla törədilən korrupsiya cinayətlərinin yeni növlərinə, xüsusən «çirkli pulların» yuyulması cinayətləri üzrə istintaq-məhkəmə təcrübəsinin və informasiya təminatının kifayət qədər olmamasını da diqqətə çatdırmaq istərdim.

 

Eyni zamanda, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təcrübənin, o cümlədən digər dövlətlərin bu sahədə formalaşmış normativ bazasının və istintaq-məhkəmə təcrübəsinin öyrənilməsi, ABŞ-da mövcud olan «barışıq sazişi» institutunun tədqiq edilərək, gələcəkdə Azərbaycanda tətbiq edilməsi məsələsinə baxılması, yəni cinayətlərin açılmasında, onun digər iştirakçılarının ifşa olunmasında və cinayət nəticəsində əldə edilmiş əmlakın tapılmasında istintaq orqanlarına fəal kömək göstərən korrupsiya cinayətlərinin iştirakçıları üçün güzəştlərin nəzərdə tutulması, dövlət ittihamının müdafiəsi üzrə idarədə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət ittihamçılarının hazırlanması, prokurorluq işçilərinin xarici ölkələrdə təcrübə keçmələri - korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluğun fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət göstərmiş olardı.

 

Hesab edirəm ki, Azərbaycan Respublikasında dövlət səviyyəsində, əlaqədar dövlət təsisatları və ixtisaslaşdırılmış qurumlar tərəfindən korrupsiya təzahürlərinə qarşı aparılan barışmaz mübarizənin daha da gücləndirilməsi təmin olunacaqdır. Eyni zamanda, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin də bu mübarizədə yaxından iştirak edəcəklərinə əmin olduğumu bildirmək istəyirəm.

 

Diqqətinizə görə sağ olun!