Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2007-09-27
Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 89-cu ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş prokuror Zakir Qaralovun "Azərbaycan" qəzetində məqaləsi dərc edilmişdir
Prokurorluq  orqanlarında islahatların  yeni  mərhələsi
 

İnsan hüquq və azadlıqlarının təmini müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər müəyyən dərəcədə qanunçuluğun  təminindən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasından da asılıdır. İnkişaf etmiş sivil dövlətlərin təcrübəsi göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ictimai ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın ən başlıca təminatlarından biridir.

Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən və ciddi uğurlara imza atan müstəqil Azərbaycanın ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır. Ömummilli Liderimiz Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikada qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır. Ólu Öndərimiz Heydər Əliyev sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini ona şərait yaradılmasının vacibliyini çıxışlarında  xüsusi qeyd etmişdir.

İnsani dəyər və azadlıqlara sadiqlik, ilk növbədə, ulu öndərimizin yüksək daxili demokratizmindən, hər kəsə örnək olacaq mənəvi məsuliyyətindən irəli gəlmişdir. Heydər Əliyev hər bir fərdin maraq və mənafeyinin, qanuni hüquqlarının müdafiəsini dövlətin başlıca vəzifəsi saymış, qurub-yaratmaq, yaxşılıq etmək amalı ilə yaşamışdır. Dahi Liderin mütərəqqi ideyaları milli inkişafın təkanverici amilinə çevrilmişdir. «Ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - tezisini özünün həyat kredosuna çevirmiş bu əvəzolunmaz şəxsiyyətin əsasını qoyduğu strateji siyasi kurs təkcə ümummilli deyil, həm də fərdlərə aid maraqları özündə ehtiva etdiyindən, ölkədə konstitusion insan hüquq və azadlıqlarının təminatı məsələsi demokratik inkişaf sahəsində daim prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilmişdir. Son 14 ildə Azərbaycanda ardıcıl və sistemli surətdə həyata keçirilən,  beynəlxalq təcrübəyə əsaslanan məhkəmə-hüquq islahatlarının əsasında da məhz vətəndaşların konstitusion hüquqlarının maksimal səviyyədə müdafiəsi məsələsi dayanmışdır.

Ötən müddətdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan kompleks tədbirlər qanunçuluğun təmininə, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı  müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə real şərait yaratmışdır. 1995-ci ilin 12 noyabrında Ömummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşməsinə əsaslı rəvac vermişdir.

Prokurorluq orqanlarının qanunçuluğun təmini və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən strukturlaşaraq fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz Ólu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ömummilli Liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu möhtəşəm addım prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur. Azərbaycanda ilk dəfə Prokurorluq orqanları 1918-ci il oktyabrın 1-də formalaşdırıldığından, həmin Sərəncam həm də tarixi irsə dərin hörmətin təcəssümü kimi yüksək dəyərə malikdir.

1998-ci il noyabrın 28-də - Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində Ólu Öndərimiz Heydər Əliyev qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə qarşıda duran vəzifələr barədə demişdir: «Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram».

Həmin toplantıda Ömummilli Liderimizin prokurorluğun fəaliyyətinə yüksək qiymət verərək, hər bir əməkdaşa dövlətçiliyə sədaqətinə görə təşəkkür etməsi prokurorluq işçilərinin üzərinə daha böyük məsuliyyət qoymuşdur. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən bu məsuliyyəti, onlara göstərilən yüksək etimadı dövlətçilik ideallarına sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa səy göstərirlər. Prokurorluq orqanlarında aparılan islahatlar, fəaliyyətimizlə bağlı qəbul edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi daha fəal və səmərəli çalışmağa, qanunçuluğun  təmin edilməsi uğrunda daha barışmaz və prinsipial mübarizə aparmağa ruhlandırır. Prokurorluq orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranlar, bütövlükdə hüquq ictimaiyyəti Azərbaycan Respublikası Prokurorluğunun yaradılmasının 89-cu ildönümünü yüksək əhval-ruhiyyədə qeyd edirlər. Ömummilli liderimiz Heydər Əliyevin dövlətçilik iradəsi ilə rəsmiləşən bu tarix Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında tutduğu yeri müəyyənləşdirməklə, bu orqana göstərilən yüksək qayğının, hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşda böyük qürur hissi doğurur.

Ólu Öndərimiz Baş Prokurorluğun Konstitusiya ilə təsbit olunmuş status və funksiyalarının reallaşması, eyni zamanda prokurorluq orqanlarında mütərəqqi islahatların aparılması məqsədilə təkmil hüquqi bazanın yaradılmasına da böyük əzm və qətiyyətlə nail olmuşdur. 1993-cü ildən etibarən respublikamızda hərtərəfli islahatların həyata keçirildiyi bir şəraitdə prokurorluğun bu proseslərdən kənarda qalması, problemlərin həlli istiqamətində səmərəli tədbirlərin görülməməsi məsələyə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdır. Eyni zamanda Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə keçid, habelə Avropaya inteqrasiya prokurorluğun funksiya və statusuna yenidən baxılmasını zəruri etmişdir. Keçmiş Sovet dövlətində prokurorluq mahiyyətcə sinfi xarakter daşımaqla, demək olar ki, qeyri-məhdud səlahiyyətlərə malik olmuşdur. Hakimiyyət bölgüsünün olmadığı bir şəraitdə prokurorluq bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid bir sıra funksiyaları da həyata keçirmişdir. Prokurorluğun əvvəlki statusu ölkənin gələcək inkişafı ilə uzlaşmadığından, ulu öndərimiz Heydər Əliyev düzgün olaraq bu sistemdə genişmiqyaslı islahatların aparılmasını vacib saymışdır. 7 dekabr 1999-cu ildə qüvvəyə minmiş «Prokurorluq haqqında» Qanunda prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulsa da, bu islahatlar müəyyən müddət mühafizəkar qüvvələrin əsassız müqaviməti ilə üzləşmiş və lazımi səviyyədə gerçəkləşməmişdir.

26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, fəaliyyət üçün normativ hüquqi baza yaradılmış, demokratik mahiyyətdə tamamilə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün lazımi mühit yaradılmışdır. Həmin görüşdə dərin məzmunlu nitq söyləyən ümummilli liderimiz Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş  nöqsanların və çatışmazlıqların aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir. Prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən bu müşavirədə, məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam atmosfer, vəzifədən sui-istifadə hallarına, istintaq zamanı ədalətsiz hərəkətlərə və hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında ciddi vəzifə kimi qoyulmuşdur. «Hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara, xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı da Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün formaları ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prosesini inkişaf etdirmək üçündür» - deyə Ólu Öndərimiz Heydər Əliyev qətiyyətlə bildirmişdir.

Bu tarixi müşavirədən sonra Azərbaycan Prokurorluğunda dövrün tələbi ilə səsləşən hərtərəfli islahatlara start verilmiş, prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşdirilmiş, dövrün tələblərindən irəli gələn bir sıra yeni idarələr, şöbələr yaradılmışdır. Ólu Öndərimizin tövsiyə və tapşırıqları rəhbər tutulmaqla, həyata keçirilən hərtərəfli islahatlar nəticəsində, bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyət üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir. Eyni zamanda, Baş Prokurorluğun sıralarının saflaşdırılması, işində mövcud olan neqativ təzahürlərin, çatışmazlıqların aradan qaldırılması, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, ilk növbədə, dövlətçilik maraqlarına xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlara imza atmışdır.

2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bu addım onun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Müasir dövrdə demokratik, hüquqi dövlət quruculuğunun konkret zamanla məhdudlaşmayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən, sonu görünməyən davamlı proses olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai həyatın ən müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi baxımından, hüquq-mühafizə orqanlarının fəaliyyətində çevik həll prosedurunun tətbiqi vətəndaş cəmiyyətinin yetkinliyinin mühüm şərtlərindən sayılır. Avropa məkanına inteqrasiya kursunu prioritet seçməklə, hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş respublikamızda dövrün tələblərinə cavab verən məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir. Respublikamızın hazırkı sosial-iqtisadi inkişafı, Avropa Şurası, ATƏT, habelə insan hüquq və azadlıqları sahəsində ixtisaslaşmış digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığının aktiv fazaya qədəm qoyması, məhkəmə və prokurorluq orqanlarında islahatların keyfiyyətcə yeni mərhələdə davam etdirilməsi zərurətini meydana çıxarmışdır.

2003-cü ildə xalqın böyük etimadını qazanaraq, ölkə başçısı seçilmiş cənab İlham Əliyev, bu reallıqları düzgün dəyərləndirərək, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, eyni zamanda məhkəmə orqanlarında dövlət ittihamçısı qismində çıxış edən prokurorluq orqanlarında mütərəqqi islahatların aparılmasına xüsusi diqqət yetirir. Dövlət başçısı vətəndaşların mənafeyinə hesablanmış iki təmayülün - demokratikləşmə və iqtisadi inkişaf xəttinin uğurla davam etdirildiyi hazırkı şəraitdə məhkəmələrin, prokurorluq orqanlarının fəaliyyətində müşahidə olunan çatışmazlıqların, nöqsanların və bununla əlaqədar ictimai narazılıqların tamamilə aradan qaldırılmasına çalışır.

«Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmləndirilməsi, hüquqi dövlətin formalaşdırılması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur» - deyən dövlət başçısı hesab edir ki, hazırkı mərhələdə vətəndaşların sosial-siyasi, mədəni və iqtisadi rifahına xidmət edən islahatların davam etdirilməsi zəruridir. Demokratik dövlətin bir təsisat kimi başlıca vəzifəsi bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın maddi rifah halının yüksəldilməsi, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunması, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında son 4 ildə həyata keçirilən islahatların başlıca məqsədi də məhz ölkə vətəndaşlarının firavan yaşayışının təmin edilməsidir.

Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında vurğulandığı kimi, Azərbaycan son illərdə dünyada analoqu olmayan sürətlə inkişaf etmişdir. 2007-ci ilin birinci yarısında əhalinin pul gəlirləri 37 faiz, əmək haqqı 26 faiz artmışdır. İlin ilk 6 ayında təxminən 40 min yeni iş yeri açılmış, ümumilikdə 2003-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 572 minə çatmışdır. Cənab İlham Əliyevin vurğuladığı kimi, son 6 ayda Azərbaycan iqtisadiyyatı yüksək makroiqtisadi göstəricilərə nail olmuşdur: «...İlin ilk yarısında ümumi daxili məhsul artımı 35 faiz təşkil etmişdir. Bu, dünyada ən yüksək göstəricidir. İqtisadiyyatımızın 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 35 faiz artması onu göstərir ki, Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi islahatlar öz gözəl nəticələrini verməkdədir. Faktik olaraq üç il ərzində iqtisadiyyatımız iki dəfə artır və bu, dünyada analoqu olmayan hadisədir».

Dövlət başçısı ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində müxtəlif kateqoriyadan olan məmur təbəqəsinin və digər vətəndaşların sosial rifah tədbirlərinin genişləndirilməsini, qanunçuluğun gücləndirilməsi və ictimai maarifləndirmə yolu ilə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərini xüsusi diqqətdə saxlayır. Korrupsiyanı hər bir dövlətin sosial-iqtisadi inkişafını əngəlləyən buxov hesab edən dövlət başçısı cənab İlham Əliyev fəaliyyətinin ilk vaxtlarından bu ümumbəşəri sosial bəlaya qarşı səmərəli tədbirlərə başlamış, 13 yanvar 2004-cü il tarixdə «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunu imzalamışdır. Azərbaycan Prezidentinin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əsasnaməsi təsdiq olunmuş, bu qurumun səlahiyyət və funksiyaları müəyyən edilmiş, qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətli nəticələr əldə edilmişdir. Belə bir idarənin yaradılması prokurorluq orqanlarına göstərilən yüksək etimad olmaqla yanaşı, ümumbəşəri sosial bəla olan korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar olunması və nəticələrinin aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün əlverişli şərait yaradılması, dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsində mühüm rol oynamışdır.

Dövlət başçısının «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 7-ci bəndinin tələbinə uyğun olaraq, Baş Prokurorluq üzrə «Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunda dəyişikliklər aparılması barədə» 16 iyul 2007-ci il tarixli əmr imzalanmışdır. Həmin əmrlə Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin tərkibində birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə, habelə Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr yaradılmışdır. Eyni zamanda Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsi təcrübəli və peşəkar prokurorluq işçilərindən ibarət komplektləşdirilmişdir.

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi üçün 18 avqust 2007-ci il tarixdə Baş prokurorun yanında dövlət ittihamının müdafiəsi üzrə prokurorların iştirakı ilə geniş əməliyyat müşavirəsi keçirilmişdir. Müşavirədə idarənin fəaliyyəti ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmiş, 29 avqust 2007-ci il tarixdə tədbirlər planı təsdiq edilərək icraya yönəldilmişdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2007-ci il sentyabrın 4-də keçirilən məcburi köçkünlərin problemlərinə həsr olunmuş müşavirədə demişdir: «Əsas məsələ, bir nömrəli problem, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bu, birinci problemdir. Bu problemi həll etmək üçün nə lazımdırsa, onu da edəcəyik».

Azərbaycan Respublikası Hərbi Prokurorluq orqanları Müdafiə Nazirliyi ilə əlaqəli şəkildə Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsi, cinayətkarlıq və hüquq pozuntularına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir.

İnsan hüquqlarının daha etibarlı müdafiəsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatlarının mühüm hissəsi prokurorluq orqanlarına işə qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilən «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə»yə əsasən, prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə test imtahanı və söhbətdən ibarət müsabiqə keçirilir. 2002-ci ildən bəri keçirilən 5 belə müsabiqə nəticəsində prokurorluğa işə qəbul edilmiş 187 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 21 faizini təşkil edir. 2007-ci ildə bu sahədə görülən işlər davam etdirilmiş, 39 gənc mütəxəssis prokurorluğa işə qəbul edilmişdir.

Xidməti vəzifələrinə vicdanlı münasibətlərinə və peşə hazırlığı səviyyəsinə görə çoxlu sayda gənc mütəxəssis vəzifədə irəli çəkilmişdir. Bu, öz növbəsində, işə qəbul üzrə müsabiqələrin səmərəliliyini bir daha nümayiş etdirir. İşə qəbulla bağlı ardıcıl şəkildə həyata keçirilən müsabiqələr namizədlərin hazırlığına, bilik səviyyəsinə, ümumi dünyagörüşünə uyğun daha etibarlı seçiminin təmin edilməsinə yönəlmişdir. Prokurorluğa işə qəbulla bağlı görülən işlər daim diqqət mərkəzində saxlanılır və  gələcəkdə də davam etdiriləcəkdir.

Azərbaycan Prezidentinin göstərişlərinə uyğun olaraq, prokurorluğun əməkdaşları üçün normal iş şəraitinin yaradılması Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzindədir. Son bir il ərzində Aüsu, Qobustan və Xocalı rayon prokurorluqlarının müasir tələblərə cavab verən inzibati binaları tikilərək istifadəyə verilmişdir. Hazırda Goranboy, Siyəzən və Zəngilan rayon prokurorluqlarının inzibati binalarının tikintisi başa çatdırılır. Göstərilən dövr ərzində 20 rayon (şəhər) prokurorluqlarının inzibati binası əsaslı təmir edilmişdir. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin və Bakı Şəhər Prokurorluğunun inzibati binaları da əsaslı surətdə təmir edilmişdir.

Son bir il ərzində istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər ictimaiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması, peşəkarlıq səviyyəsində istintaq olunması, həmin cinayətlərin törədilməsində təqsirli olan şəxslərin məsuliyyətə cəlb olunması ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə prokurorluq orqanları tərəfindən yüksək peşəkarlıq, qətiyyət və prinsipiallıqla aparılmış məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda böyük ictimai rezonans doğurmuş bir sıra cinayət işlərinin istintaqı tamamlanmışdır. Hacı Məmmədovun bandası tərəfindən törədilmiş çoxsaylı ağır cinayətlər, habelə onlara göstərilmiş böyük etimada nankorluqla cavab verən, korrupsiyaya uğrayan keçmiş səhiyyə naziri Əli İnsanovun, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin cinayətkar əməlləri, eləcə də «Barmek» Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin cinayətləri ifşa edilmişdir.

Həmin cinayət işlərinin istintaqı və bu işlər üzrə məhkəmədə dövlət ittihamının müdafiəsi göstərmişdir ki, respublikanın prokurorluq və digər hüquq-mühafizə orqanlarında Azərbaycan xalqına, milli dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət edən əməkdaşlar qanunla onlara həvalə edilmiş bütün vəzifələrin öhdəsindən layiqincə, bacarıqla gəlməyə qadirdirlər. Bütün bunlar həmçinin  göstərir ki, Azərbaycan Prokurorluğu dövlətimizin və xalqımızın mənafeyinə qəsd edən hər cür cinayətkar təzahürlərə qarşı barışmaz mübarizə aparır və gələcəkdə də aparacaqdır.

Prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işi də daim diqqət mərkəzində saxlanılır. Bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə son bir ildə Baş Prokurorluqda yaradılmış «Vətəndaşların müraciətlərinə baxılması üzrə lokal kompüter şəbəkəsi»nin normal fəaliyyəti diqqətəlayiqdir. Hər bir vətəndaşın prokurorluğa ünvanladığı müraciətlərin baxılması gedişi və nəticələri barədə zəruri məlumatları əldə etməyə imkan verən bu Şəbəkə  ərizə və şikayətlərə baxılmasına gündəlik nəzarətin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Vətəndaş müraciətlərinə baxılması sahəsində yeni informasiya texnologiyalarının tətbiqi və tam yeni məzmunlu normativ-hüquqi bazanın formalaşdırılması, «Qaynar xətt» əlaqə mərkəzi və «Azərbaycan Prokurorluğunun veb saytı» vasitəsilə Baş Prokurorluğun rəhbərliyinə birbaşa müraciət etmək imkanının yaradılması kimi islahat tədbirləri öz müsbət nəticələrini verməkdədir.

Müstəqil Azərbaycan dövlətinin dünya birliyinə inteqrasiyası proseslərinin daha intensiv xarakter aldığı son bir ildə Azərbaycanın Prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin dairəsinin genişləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlar və dünya ölkələrinin prokurorluqları ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində səmərəli tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. İnamla deyə bilərik ki, Azərbaycan Prokurorluğu bundan sonra da ölkəmizdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiə olunması işinə layiqli töhfəsini verəcək, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin əzəmətli dövlətçilik fəaliyyətində ona yardımçı olacaqdır.

 
 

Zakir Qaralov,
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri

 

 «Azərbaycan» qəzeti, 28 sentyabr 2007-ci il