Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2005-09-30
Oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğunda ölkəmizdə milli prokurorluq orqanlarının yaradılmasının 87-ci ildönümünə və prokurorluq işçilərinin peşə bayramı gününə həsr edilmiş mərasim keçirilmişdir.
Mərasimdə  Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun
 
ÇIXIŞI
 

 

 

Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranlarımız və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan Respublikası Prezidentinin 17 iyul 1998-ci il tarixli Sərəncamına müvafiq olaraq artıq 8-ci dəfədir ki, «Prokurorluq işçilərinin peşə bayramı günü»nü və Azərbaycan Prokurorluğunun 87 illiyini qeyd edir.

 

Ólu öndərimiz Heydər Əliyevin dövlətçilik iradəsi ilə gerçəkləşən bu reallıq Azərbaycan Prokurorluğunun cəmiyyətdə və dövlət təsisatları sırasında olan yerini müəyyənləşdirməklə prokurorluğa dövlət səviyyəsində göstərilən qayğının və hərtərəfli dəstəyin təzahürü kimi hər bir əməkdaşımızda böyük qürur hissi doğurur.

 

Çox sevindirici haldır ki, Heydər Əliyev ideyalarının, onun müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür. Prokurorluğun ötən peşə bayramı günü ərəfəsində Dövlət başçısı tərəfindən böyük bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi də məhz bu qayğı və diqqətin nəticəsidir.

 

Mən Respublika Baş Prokurorluğunun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarının bütün əməkdaşlarını və onların ailə üzvlərini, təqaüddə olan aüsaqqal və aübirçək veteranlarımızı, vəzifə başında həlak və şəhid olmuş həmkarlarımızın ailələrini «Peşə bayramı günü» və milli prokurorluğun yaradılmasının 87 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hamınıza ailə xoşbəxtliyi və möhkəm cansağlığı, xidməti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm.

 

Hörmətli həmkarlar!

 

Prokurorluğun 2004-cü ilin 1-i oktyabrında qeyd etdiyimiz peşə bayramından sonra keçən müddət ərzində ölkəmizin ictimai-siyasi həyatında çox mühüm hadisələr baş vermiş, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi dühasının məhsulu olan və öz inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan müstəqil Azərbaycan Respublikasının daha da qüdrətlənməsi, xalqımızın həyat səviyyəsinin yüksəlməsi, demokratik dəyərlərin hərtərəfli bərqərar olması ilə nəticələnən uğurlu nailiyyətlər əldə edilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətlərindən birinə çevrilməklə, möhtəşəm iqtisadi layihələr və regional inkişaf proqramları reallaşdırılması nəticəsində ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmləndirilmişdir.

 

Dövlət səviyyəsində ölkəmizin dinamik sosial-iqtisadi inkişafına istiqamətləndirilmiş siyasət tədbirlərini qətiyyətlə dəstəkləyən Azərbaycan Prokurorluğu orqanlarının əsas vəzifəsi ondan ibarətdir ki, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatlarından biri olan ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün ən zəruri tədbirlərin görülməsi təmin edilsin.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin respublika prokurorluğu orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci ildə keçirdiyi tarixi əhəmiyyətli görüşdən sonra onun rəhbər tövsiyələrinə müvafiq olaraq həyata keçirilən hərtərəfli islahatların nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu normal fəaliyyəti üçün mütərəqqi normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil dövlət təsisatına çevrilmiş, prokurorluğun işində mövcud olan neqativ təzahürlərin və çatışmazlıqların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 aprel 2005-ci il tarixli Sərəncamı ilə prokurorluq orqanlarına göstərilən böyük etimad, məhz son illər ərzində görülən işlərə və həyata keçirilən mütərəqqi islahatlara dövlət səviyyəsində verilən yüksək qiymətin təzahürüdür.

 

Prokurorluğun əldə etdiyi və dövlət tərəfindən yüksək qiymətləndirilmiş uğurlara baxmayaraq, əsas vəzifəmiz ondan ibarətdir ki, sivil və demokratik məzmunlu milli prokurorluğun formalaşdırılması istiqamətində islahatlar bundan sonra da davam etdirilsin, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işimizin keyfiyyət və səmərəliliyinin daha da artırılması üçün məqsədyönlü işlər görülsün.

 

 Ötən peşə bayramından sonra keçən bir illik müddət ərzində yuxarıda göstərilən vəzifələrin yerinə yetirilməsi istiqamətində bir sıra işlərin görülməsi təmin olunmuşdur.

 

Əsas fəaliyyət istiqamətlərindən biri olan dövlət ittihamının müdafiəsi işinin daha da təkmilləşdirilməsi, 2000-ci ildən fəaliyyət göstərən bu strukturların işində olan neqativ təzahürlərin aradan qaldırılması və bu sahənin qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğunlaşdırılması məqsədilə, Baş Prokurorluq üzrə xüsusi əmr verilməklə, müvafiq struktur dəyişiklikləri həyata keçirilmiş, həmin qurumların rəhbərliyi və kadr tərkibi tamamilə yenidən komplektləşdirilmişdir. Artıq öz müsbət nəticələrini verən bu islahat tədbiri dövlət ittihamının müdafiəsi işinin səmərəliliyinin artırılması üçün möhkəm zəmin yaratmışdır.

 

Əldə etdiyimiz uğurlar sırasında prokurorluq orqanlarında 3-cü dəfə qulluğa qəbulun keçirilməsinin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin tələblərinə, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə onun göstərişlərinə müvafiq olaraq, aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli savadlı gənc mütəxəssislər hesabına yeniləşdirilməsi yolunda mühüm bir addım olmuşdur.

 

Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əlaqələrin tamamilə yeni müstəvidə qurulması, prokurorluq orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə xüsusi əmr verilməklə, ictimaiyyət və mətbuatla əlaqələr üzrə prokurorluqda yeni ştat vahidləri təsis edilmiş, kütləvi informasiya vasitələri üçün mətbuat konfranslarının keçirilməsi, prokurorluğun fəaliyyəti ilə bağlı onlara məlumatların verilməsi, daxil olan sualların cavablandırılması və bu kimi digər mühüm məsələlər tənzimləyən qaydalar müəyyən edilmişdir. Qeyd edilən əmrin icrası qaydasında cari ilin avqust ayının 15-20 tarixlərində sizlərin iştirakı ilə keçirilən tədbirlər barədə hər birinizin ətraflı məlumatı vardır. Bu istiqamətdə məqsədyönlü tədbirlər bundan sonra da davam etdirilməlidir.

 

Öz fəaliyyətində aşkarlığı və şəffaflığı, obyektivliyi ən əsas iş prinsipləri kimi təsbit edən Azərbaycan Prokurorluğunda 20 may 2005-ci il tarixdən «Qaynar xətt» adlı əlaqə mərkəzinin fəaliyyətə başlaması, hər bir ölkə vətəndaşı, ictimaiyyətin, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün iş və ya istirahət, bayram günləri olmasından asılı olmayaraq, günün istənilən vaxtında Baş Prokurorluğun rəhbərliyinə müraciət etməsi üçün real imkanlar yaradılması islahatlar prosesinin davam etdirilməsində prokurorluğun həmişə israrlı olmasının sübutu kimi dəyərləndirilməlidir.

 

Prokurorluq orqanlarının və hər bir prokurorluq əməkdaşının qarşısında duran əsas vəzifə ondan ibarətdir ki, son 5 il ərzində işdə əldə edilmiş müsbət nailiyyətlər daha da möhkəmləndirilsin, fəaliyyətimizin səmərəliliyinə mənfi təsir göstərən neqativ təzahürlərin aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, işimizin dövlət tərəfindən bizə göstərilən etimad və beynəlxalq standartlar səviyyəsində qurulması təmin edilsin.

 

Müstəqil inkişaf tarixinin yeni yüksəliş mərhələsini yaşayan Azərbaycan Respublikasında həyata keçirilən dövlətçilik siyasətinə uyğun olaraq hazırkı dövrdə prokurorluq orqanları qarşısında çox mühüm və məsul vəzifələr durur. İlk növbədə, «Prokurorluq haqqında» Qanunla müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri üzrə prokurorluğun işinin səmərəliliyi və keyfiyyəti daha da yüksəldilməli, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyi və insan hüquqlarının daha etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizə aparılması təmin olunmalıdır.

 

Prokurorluq orqanlarında, ilk növbədə, bütün tabe prokurorluqlar üçün mərkəzi aparat rolunu oynayan Baş Prokurorluqda və bütün tabe struktur qurumlarda möhkəm nizam-intizam yaradılması, vətəndaşların müraciətlərinə baxılması və onların prokurorluq orqanlarında qəbulu işinin düzgün təşkili, prokurorluğun istintaq işinin, ibtidai araşdırmaya prosessual rəhbərliyin, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə prokuror nəzarətinin daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülməlidir.

 

Hörmətli həmkarlar!

 

Hamımıza məlum olduğu kimi, cari ilin noyabr ayının 6-da Milli Məclisə növbəti seçkilər keçiriləcəkdir. Bu mühüm siyasi tədbirin demokratik və şəffaf prosedurlar əsasında keçirilməsi, ölkə vətəndaşlarının seçki hüquqlarının maneəsiz reallaşdırılması üçün Azərbaycan dövləti tərəfindən bütün təminatlar yaradılmışdır. Fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməli olan hər bir prokurorluq əməkdaşı da bu proseslərdə yaxından iştirak etməklə, ilk növbədə, seçki qanunvericiliyinin demokratik mahiyyətinin geniş əhali kütləsinə çatdırılması işində yaxından iştirak etməlidir.

 

Azərbaycanda bərqərar olmuş demokratik şəraitin verdiyi imkanlardan sui-istifadə etməklə, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərən və qeyri-konstitusion yolla hakimiyyətə gəlmək planlarını reallaşdırmaq istəyən radikal müxalifət qüvvələrinin pozuculuq fəaliyyətinə qarşı zəruri tədbirlərin görülməsi qarşıda duran mühüm vəzifələrdəndir. Radikal müxalifət qüvvələri birmənalı şəkildə başa düşməlidirlər ki, respublikanın hüquq-mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyi pozmağa istiqamətləndirilmiş, legitim hakimiyyətə qarşı olan bütün cinayətkar qəsdlərin qarşısını qətiyyətlə alacaqdır. Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında öz yeni inkişaf tarixini yaşayan ölkəmizdə belə qüvvələrə xalq və müvafiq dövlət təsisatları tərəfindən layiqli cavab veriləcəkdir.

 

Hörmətli həmkarlar!

 

Müasir dövrdə Azərbaycan Respublikasının qarşısında duran möhtəşəm vəzifələrin uğurla həyata keçirilməsi hər bir dövlət təsisatından, o cümlədən prokurorluq orqanları və onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir. Əminəm ki, bu gün öz peşə bayramını qeyd edən Azərbaycan Respublikası prokurorluğu orqanlarının kollektivi öz məsuliyyətini dərindən dərk etməklə, fəaliyyətinin dövlət tərəfindən göstərilən etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın demokratik dəyərlər əsasında dinamik inkişafına istiqamətləndirilmiş tədbirlərinin həyata keçirilməsində öz xidmətlərini göstərəcəkdir.

 

Mən bir daha prokurorluq orqanlarının bütün əməkdaşlarını və veteranlarımızı Azərbaycan Respublikasının milli prokurorluğunun yaradılmasının 87 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, hər birinizə şəxsi həyatınızda və xidməti fəaliyyətinizdə uğurlar diləyirəm.

 

Diqqətinizə görə sağ olun!