Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2005-04-25
Azərbaycan Respublikası Milli Məclisinin aprelin 26-da keçirilən iclasında Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsi məsələsinə baxılmışdır.

Parlamentin sədri Murtuz Ələsgərov demişdir ki, Prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq Zakir Bəkir oğlu Qaralovun namizədliyini daha beş il müddətinə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə irəli sürmüşdür.

 

 Zakir Qaralovun deputatlar qarşısında

 

 ÇIXIŞI

 

 

 

Hörmətli cənab sədr!

 

Hörmətli deputatlar!

 

Mən bu yüksək kürsüdən, ilk növbədə, Azərbaycan Respublikasının Baş prokuroru kimi məsul bir vəzifəyə ikinci konstitusiya müddətinə təyin olunmağıma razılıq verilməsi barədə Milli Məclisə təqdimatla müraciət etmiş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm. Dövlətimizin başçısı səviyyəsində göstərilən bu yüksək etimadı son 5 illik dövr ərzində prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən qiymət kimi qəbul etməklə, üzərimə qoyulan məsuliyyəti dərindən dərk edirəm.

 

Mən eyni zamanda, prokurorluq orqanlarının fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, işimizin müxtəlif istiqamətlərini tənzimləyən və müasir standartlar səviyyəsində yenidən təşkil olunmasında mühüm rol oynayan statut qanunların qəbul edilməsi məsələsində bizə göstərilən dəstəyə, fəaliyyətimizə verilən obyektiv qiymətə görə Milli Məclisin rəhbərliyinə və deputatlara öz minnətdarlığımı bildirirəm.

 

Danılmaz bir həqiqətdir ki, müstəqil Azərbaycan Respublikasının milli prokurorluğunun dövlətçiliyin maraqlarına və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşması ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

 

Məhz ümummilli liderimiz Heydər Əliyevin düz 5 il öncə - 26 aprel 2000-ci ildə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra hərtərəfli islahatlar aparılması yolu ilə prokurorluğun demokratik məzmunda yeniləşməsi prosesinin əsası qoyulmuşdur.

 

Həmin dövrdə prokurorluq orqanlarında formalaşmış qeyri-sağlam vəziyyəti bütün açıqlığı ilə respublika ictimaiyyətinin müzakirəsinə çıxaran görüşdə ulu öndərimiz Heydər Əliyevin proqram xarakterli nitqində prokurorluqda yaranmış acınacaqlı vəziyyət, vəzifədən sui-istifadə və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə xüsusilə təhlükəli cinayətkarlara havadarlıq edilməsi, islahatlar prosesində mühafizəkar mövqe tutulması, qanunsuz yoxlamalar keçirilməsi yolu ilə özəl sektor və azad sahibkarlığın inkişafı yolunda süni maneələrin yaradılması kimi mənfi hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsi qarşıya bir vəzifə kimi qoyuldu.

 

Məhz həmin görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara start verilməklə, dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud mənfi təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edildi.

 

Xüsusi qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bütün hüquq-mühafizə orqanları kimi, prokurorluğa da daim dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlara müvafiq olaraq, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması, ötən peşə bayramı günü ərəfəsində bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi və ali xüsusi rütbələrə layiq görülməsi Azərbaycan prokurorluğuna dövlət qayğısının, inam və etimadın təzahürü kimi bizim üçün müstəsna əhəmiyyət kəsb edir.

 

Prokurorluğa dövlət qayğısının, mövcud problemlərin həlli istiqamətində son 5 ildə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki:

 

- prokurorluğun fəaliyyəti üçün zəruri olan, demokratik prinsipləri və milli dövlətçilik ənənələrini özündə əks etdirən normativ-hüquqi bazanın yaradılması, prokurorluq işçilərinin maddi və sosial təminatlarının beynəlxalq standartlar səviyyəsinə qaldırılması;

 

- respublikanın hüquq-mühafizə orqanları arasında ilk dəfə olaraq, prokurorluq orqanlarının tam yeniləşdirilmiş strukturu və real iş həcminə uyğun olan ştat vahidləri təsdiq edilməklə, lüzumsuz qurumların ləüvi hesabına ştatların 20 faizinin və ya 257 ştat vahidinin ixtisar olunması (1277 idi - 1020 oldu);

 

- mərkəzi aparat rolunu oynayan Baş Prokurorluqda mövcud idarə və şöbələrin sayının 20-dən 12-yə qədər azaldılması, kadr tərkibinin 80 faiz yeniləşdirilməklə, hərtərəfli savadlı və dövlətçilik ideyalarına sadiq kadrlar hesabına yenidən komplektləşdirilməsi;

 

- geniş dünyagörüşlü, müasir düşüncəli və təfəkkürlü, istedadlı kadrların irəli çəkilməsi istiqamətində zəruri tədbirlər görülməklə, peşə hazırlığı və təşkilatçılıq qabiliyyəti ilə seçilən 63 əməkdaşın ilk dəfə olaraq müstəqil prokuror vəzifələrinə təyin edilməsi;

 

- prokurorluğun kadr korpusunun sağlamlaşdırılması, prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən, öz mənəvi və iş keyfiyyətlərinə görə prokurorluqda işləməyə layiq olmayan əməkdaşlara münasibətdə ən qəti tədbirlər görülməklə, 158 əməkdaşın prokurorluq orqanlarından xaric edilməsi, rəhbər vəzifələrdə işləyən 100-ə yaxın əməkdaşın tutduqları vəzifələrdən azad olunması və prokurorluqda ciddi nizam-intizam yaradılması;

 

- ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tələblərinə müvafiq olaraq, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ictimai nəzarət altında 3 dəfə keçirilən test və söhbətdən ibarət müsabiqə nəticəsində 130-dan çox gənc mütəxəssisin prokurorluq orqanlarında qulluğa qəbul edilməsi;

 

- Baş Prokurorluğun Ali Attestasiya və tabe strukturların müvafiq komissiyalarının fəaliyyətində prinsipiallığın, əməkdaşların peşə hazırlığı və bilik səviyyəsinin daha da artırılması üçün bütün imkanların və müasir texniki təchizatı olan yeni məzmunda Tədris Mərkəzinin yaradılması;

 

- prokurorluğun adına şərəf gətirməyən, ictimaiyyət və əhali arasında onun nüfuzunu aşağı salan əsassız yoxlamalar keçirilməsi, özəl sektorun və azad sahibkarlığın inkişafı yolunda maneələr yaradılması kimi qanunsuz hərəkətlərin qarşısının birdəfəlik alınması;

 

- prokurorluğun fəaliyyətində aşkarlığın və ictimaiyyətlə sıx əlaqələrin təmin edilməsi məqsədi ilə, İctimaiyyətlə əlaqələr şöbəsinin yaradılması, müstəqil fəaliyyət göstərən «Azərbaycan Prokurorluğu» elmi-praktiki jurnalın təsis edilməsi, «Qanun çevrəsində» jurnalının müntəzəm olaraq efirə çıxması, Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytının yaradılması, milli prokurorluğun tarixi keçmişinin öyrənilməsi məqsədlərinə xidmət edən tam yeniləşdirilmiş «Azərbaycan Prokurorluğu muzeyi»nin açılması və digər bu qəbildən olan tədbirlərin görülməsi təmin edilmişdir.

 

Həyata keçirilmiş hərtərəfli islahatların nəticəsidir ki, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyəti daha məqsədyönlü və kəsərli olmuşdur. Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı mübarizənin kəsərliliyinin artırılması, istintaq və ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılması təmin edilməklə, dövlət başçısı və geniş ictimaiyyətin nəzarətində olan bağlı qalmış bir sıra ağır cinayət hadisələrinin açılması, o cümlədən Ali Sovetin sədr müavini Afiyəddin Cəlilovu, Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovu qətlə yetirən cinayətkar dəstələrin üzvlərinin, «Çinar» İstehsalat Birliyinin baş direktor əvəzi Nicat Süleymanzadənin həyatına sui-qəsd edilməsi faktına görə başlanmış cinayət işlərinin istintaqı gedişində qanunsuz metodların tətbiqi və saxtakarlıq kimi qanunsuzluqlara yol vermiş prokurorluq və polis əməkdaşlarının, bilavasitə Cavadov qardaşlarının rəhbərliyi altında fəaliyyət göstərməklə, 7 qəsdən adam öldürmə, o cümlədən kontr-admiral Eduard Hüseynovun qətlə yetirilməsi və 3 adam oğurluğu cinayətlərini törətmiş Əliyusif Tahirovun rəhbərlik etdiyi, 1992-1996-cı illər ərzində Şəki-Mingəçevir bölgəsində 8 şəxsin qəsdən öldürülməsi, 7 nəfərin isə həyatına sui-qəsd edilməsi kimi ağır cinayətlər törətməklə əhalini vahimədə saxlayan «Éevlaxlı Alik» ləqəbli Əli Məmmədovun rəhbərlik etdiyi, Azərbaycan SSR DTK-nın sabiq sədri Vaqif Hüseynovun tapşırığı ilə 1990-cı ilin oktyabr ayında akademik Telman Qurbanovu qətlə yetirən DTK-nın şöbə rəisi Sadıq Əliyevin rəhbərlik etdiyi «Böhran» qrupu adlı mütəşəkkil cinayətkar dəstələrin üzvlərinin, 2000-2002-ci illər ərzində Zaqatala və Balakən rayonları ərazisində çoxsaylı ağır cinayətlər törətmiş silahlı dəstənin 32 üzvünün, Rəsul Quliyevin tapşırığı ilə qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələr yaratmaqla Azərbaycanda dövlət çevrilişinə sui-qəsd cinayəti törətmiş Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi Natiq Əfəndiyev, Rasim və Aüası Əkbərov qardaşları və qeyrilərinin aparılan istintaqların nəticələrinə görə məsuliyyətə cəlb olunmaları, bir çox digər ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilmişdir.

 

Adam oğurluğu kimi təhlükəli cinayətlərə qarşı məqsədyönlü mübarizə tədbirləri həyata keçirilməklə, bu hadisələrin istintaqı ilə əlaqədar 2002-ci ildə Daxili İşlər Nazirliyi ilə birlikdə yenidən formalaşdırılmış istintaq-əməliyyat qrupunun səmərəli fəaliyyəti nəticəsində bu kateqoriyadan olan cinayətlərə qarşı mübarizənin səmərəliliyi və keyfiyyəti artırılmış, 1994-2003-cü illər ərzində törədilmiş 36 adam oğurluğu faktı ilə əlaqədar 19 cinayət işi üzrə bu sahədə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstələrin 67 nəfər üzvü məhkəmə məsuliyyətinə verilmişdir və hazırda istintaqdan qaçıb gizlənən 30 nəfər cinayətkarın axtarışı ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

 

Bu kateqoriyadan olan cinayətlərə qarşı qəti tədbirlər görülməsi barədə dövlətimizin başçısı cənab İlham Əliyevin verdiyi göstərişlərə müvafiq olaraq, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat uzun illər ərzində çoxsaylı adam oğurluğu, qəsdən adamöldürmə və digər ağır cinayətlər törətmiş Hacı Məmmədovun başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin ifşa edilməsi ilə nəticələnmişdir. Həmin əməliyyat cinayətkarlığa qarşı mübarizə sahəsində ən uğurlu tədbir kimi qiymətləndirilir. 1995-2005-ci illərdə baş vermiş 10 adam oğurluğu, 11 qəsdən adamöldürmə, 7 quldurluq, o cümlədən Daxili İşlər Nazirliyinin şöbə rəisi Azər İsmayılovun, Baş Prokurorluğun idarə rəisinin müavini, kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin və AFFA-nın vitse-prezidenti Fətulla Hüseynovun qətlə yetirilmələri cinayətlərinin həmin cinayətkar dəstə tərəfindən törədildiyi Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş məqsədyönlü istintaq-əməliyyat tədbirləri nəticəsində təkzibolunmaz dəlillərlə sübuta yetirilmişdir. Ölkə ictimaiyyəti əmin ola bilər ki, dövlətimizin başçısının gündəlik nəzarətdə saxladığı bu cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin dəstə tərəfindən törədilmiş bütün cinayətlər aşkar ediləcək, cinayətlərin vaxtında açılmamasına görə məsuliyyət daşıyan hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının əməkdaşları və onlara havadarlıq edənlər müəyyənləşdiriləcək, onların hərəkətlərinə prinsipial hüquqi qiymət verilməsi təmin olunacaqdır.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin gərgin əməyi və məqsədyönlü dövlətçilik siyasəti nəticəsində yaradılmış ictimai-siyasi sabitliyi pozaraq qeyri-konstitusion yolla hakimiyyətə gəlmək planlarını reallaşdırmaq istəyən radikal müxalifət qüvvələri tərəfindən törədilmiş və Azərbaycanda hakimiyyətsizlik, xaos şəraitinin formalaşdırılmasına yönəldilmiş ağır cinayətlərin - respublikamızda keçirilmiş parlament seçkilərindən sonra 2000-ci ilin noyabr ayında Şəki şəhərində, Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra 2001-ci ilin fevral ayında Qarabağ əlilləri Cəmiyyətinin bir qrup fəalları tərəfindən, «Dini şura» adlı qanunsuz qurumun üzvlərinin təşkilatçılığı ilə 2002-ci il may-iyun aylarında Nardaran qəsəbəsində, Azərbaycan Respublikası Prezidentinin seçkilərindən dərhal sonra 2003-cü il oktyabrın 15-16-da Bakı şəhərində zorakılıqlara və talanlara yol verilməsi, asayişi mühafizə edən çoxsaylı polis əməkdaşına, Daxili Qoşunların əsgərlərinə və mülki vətəndaşlara bədən xəsarətlərinin yetirilməsi, əmlakın məhv edilməsi ilə nəticələnən kütləvi iğtişaşların qarşısının alınması, həmin cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmaları təmin edilmişdir.

 

Təəssüflər olsun ki, bütün bunlar bəzi radikal müxalifət qüvvələrinə dərs olmamışdır. Onlar tərəfindən son vaxtlar məqsədli şəkildə müxalifət yönümlü kütləvi informasiya vasitələrindən istifadə etməklə, ölkədə qarşıdurma əhval-ruhiyyəsinin yaradılmasına, dayanıqlı ictimai-siyasi sabitliyin pozulmasına cəhdlər göstərilir.

 

Cəmiyyətdə və xalq arasında heç bir siyasi dayaqları olmadığı halda, müxtəlif rənglərdə yuxular görən həmin radikal müxalifət qüvvələrini xəbərdar edirəm ki, respublikanın hüquq-mühafizə orqanları ümummilli liderimiz Heydər Əliyev tərəfindən daimiliyi və əbədiliyi üçün bütün təminatlar yaradılmış dövlət müstəqilliyimizin etibarlı qorunması, ictimai-siyasi sabitliyi pozmağa istiqamətləndirilmiş, legitim hakimiyyətə qarşı olan bütün cinayətkar qəsdlərin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəklər. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər sayəsində yeni inkişaf tarixini yaşayan Azərbaycan Respublikasında qanunun bütün gücündən istifadə edilməklə, belə qüvvələrə xalq və müvafiq dövlət təsisatları tərəfindən layiqli cavab veriləcəkdir.

 

Hörmətli deputatlar!

 

Prokurorluq orqanlarının fəaliyyətində işimizin səmərəliliyi və keyfiyyətinə mənfi təsir göstərən nöqsan və çatışmazlıqlar, həlli vacib problemlər hələ də qalmaqdadır.

 

Azərbaycan Respublikası Prokurorluğunun rəhbərliyi həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, bir sıra ağır və xüsusilə ağır cinayətlər bu günədək açılmamaqla, aparılan istintaq-əməliyyat tədbirlərinin nəticəsiz qalmasının, istintaq və ibtidai araşdırmaya prosessual rəhbərlikdə, daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin icrasında, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və vətəndaş müraciətlərinə baxılması və onların prokurorluq orqanlarında qəbul edilməsi sahəsində mövcud nöqsanların, ayrı-ayrı prokurorluq əməkdaşları tərəfindən yol verilən qanunsuz hərəkətlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görür.

 

Vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsi, bu sahədə prokurorluq orqanlarının işində mövcud olan nöqsan və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması qarşımızda duran əsas vəzifələrdən biridir.

 

Mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsi, «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunun real işləməsi üçün zəruri tədbirlərin görülməsi və bu sahədə müvafiq Dövlət Proqramının tələblərinin həyata keçirilməsi məsələləri prokurorluğun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edəcəkdir.

 

Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyi və keyfiyyətinin daha da yüksəldilməsi, dövlətçiliyin maraqlarının və insan hüquqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizənin təmin olunması, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ixtiyarımızda olan bütün vasitələrdən bundan sonra da tam istifadə edəcəyik.

 

Diqqətinizə və etimadınıza görə sağ olun!

 

 

 

***

 

Daha sonra Milli Məclis səs çoxluğu ilə Zakir Bəkir oğlu Qaralovu Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə daha beş il müddətinə təyin edilməsi üçün razılıq verilməsinə dair qərar qəbul etmişdir.