Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2004-12-30
30 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunda xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanları və dövlətimizin başçısı İlham Əliyevin 30 sentyabr 2004-cü il tarixli sərəncamı ilə xidməti fəaliyyətdə fərqləndiklərinə görə «Azərbaycan Bayrağı» ordeni və «İgidliyə görə» medalı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim olunması ilə əlaqədar mərasim keçirilmişdir.
Prokurorluq  əməkdaşlarına  yüksək  dövlət mükafatlarının  təqdim  olunması  mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun
 

ÇIXIŞI

 

 

 

Hörmətli həmkarlar!

 

Bu gün keçirilən mərasim hər bir prokurorluq işçisində qürur hissi doğuran və prokurorluğun tarixində əlamətdar bir gün kimi yadda qalacaq məsələyə həsr olunmuşdur.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən 1995-ci ilin dekabr ayının 25-də və 1998-ci ilin dekabr ayının 24-də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 30 sentyabr 2004-cü il tarixlərdə imzalanmış fərmanlar və sərəncama müvafiq olaraq, konstitusiya dövlət quruluşunun qorunmasında, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında xidmətlər göstərdiklərinə, xidmətdə xüsusi fərqləndiklərinə və yüksək peşəkarlıq göstərdiklərinə görə «Azərbaycan bayrağı» ordeni və «İgidliyə görə» medalı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunacaqdır.

 

Prokurorluq əməkdaşlarının dövlət mükafatlarına layiq görülməsi Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində və şəxsən müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı Heydər Əliyev kimi dahi şəxsiyyət və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən yüksək etimad və inamın ifadəsi, dövlətçiliyimizin maraqlarının qorunması işində fəaliyyətimizə verilən qiymət kimi çox mühüm əhəmiyyət kəsb edir.

 

Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini qazandıqdan sonra keçdiyi 13 illik müstəqil inkişaf tarixi çox çətin və təhlükələrlə dolu bir dövr olmuşdur. Həmin dövrün canlı şahidləri olan hər bir prokurorluq işçisi dövlətçiliyimizin əleyhinə yönəldilmiş cinayətkar qəsdlərin, hakimiyyətin silahlı yolla devrilməsi cəhdlərinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin fiziki məhvinə yönəldilmiş terror aktlarının xronologiyasını çox yaxşı bilir, həmin dövrdə baş verən hadisələrdən tam məlumatlıdırlar.

 

15 iyun 1993-cü ildən sonra keçən qısa müddət ərzində Heydər Əliyev şəxsiyyətinin müdrikliyi və zəkası, uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanda hakimiyyətsizlik şəraiti və qanunsuz silahlı dəstələrin gücünə arxalanan idarəolunmaz siyasi vəziyyət aradan qaldırıldı, dövlət çevrilişlərinə cəhddə ifadə olunan qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının, çoxsaylı terror aktlarının qarşısı alındı, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz müharibə elan edildi, cəmiyyətdə dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərpa edildi.

 

Prokurorluğun adına şərəf gətirən haldır ki, tariximizin bu ağır və təhlükələrlə dolu olan bir dövründə Azərbaycan Prokurorluğu həyata keçirdiyi dövlətçilik siyasətində həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevə yardımçı olmuş, dövlət çevrilişlərinə cəhd və terror cinayətlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və cinayətkarların məsuliyyətə cəlb olunmasında, son nəticədə cəmiyyətimizdə dönməz ictimai-siyasi sabitliyin yaradılmasında xüsusi xidmətlər göstərmişdir.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin prokurorluq orqanlarına olan inamının, dövlətçiliyimizin maraqlarının qorunması işində onun xidmətlərini yüksək qiymətləndirməsinin nəticəsidir ki, ölkə başçısının 26 dekabr 1995-ci il və 24 dekabr 1998-ci il tarixli fərmanları ilə konstitusiya dövlət quruluşunun qorunmasında, sabitliyin təmin edilməsində, xüsusi təhlükəli dövləti cinayətlər üzrə istintaqın aparılmasında, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsində öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə prokurorluq orqanlarının 12 əməkdaşı «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmişdir.

 

«Azərbaycan Bayrağı» ordeni ilə təltif edilmiş əməkdaşlarımız sırasında mən vəzifə başında həlak olmuş iş yoldaşlarımız - Qubadlı rayon prokuroru Nizami Aüayevin, Samux rayon prokuroru Şəmşir Əliyevin və Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin xidmətlərini xüsusi qeyd etmək istəyirəm və prokurorluğun kollektivinin kədərini ifadə edərək onların əziz xatirəsi qarşısında baş əyirəm. Eyni zamanda onların ailələrinə, atalarının yolunu davam etdirməklə bu günkü mərasimdə iştirak edən övladlarına bildirmək istəyirəm ki, Azərbaycan prokurorluğunun kollektivi həlak olmuş həmkarlarının xatirəsini həmişə uca tutacaqdır.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

2003-cü ilin oktyabrında ölkəmizin həyatında taleyüklü mühüm siyasi hadisə olan Prezident seçkiləri keçirilməklə, Heydər Əliyev dövlətçilik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Müdrik və qədirbilən xalqımız bu seçimi ilə, ilk növbədə, əsası 1993-cü ildə qoyulmaqla bu günə qədər davam edən ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik siyasətinə, respublikamızın hərtərəfli inkişafını, müstəqilliyimizin əbədiliyi və daimiliyini, dönməz ictimai-siyasi sabitliyi təmin edən siyasətə səs vermişdir.

 

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran bir haldır ki, müstəqil Azərbaycan Respublikasının milli prokurorluğunun orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyev tərəfindən də davam etdirilməklə prokurorluğa hərtərəfli qayğı göstərilir, prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

 

Dövlət başçısının 30 sentyabr 2004-cü il tarixli Sərəncamı ilə 24 nəfər prokurorluq əməkdaşının qanunun aliliyinin təmin edilməsində, ağır cinayət işləri üzrə istintaqın aparılmasında və bu cinayətlərin açılmasında yüksək peşəkarlıq göstərdiklərinə, xidməti vəzifələrinin yerinə yetirilməsində xüsusilə fərqləndiklərinə görə «Azərbaycan bayrağı» ordeni və «İgidliyə görə» medalı kimi yüksək dövlət mükafatları ilə təltif edilməsi Azərbaycan Prokurorluğuna dövlət qayğısının təcəssümü kimi müstəsna əhəmiyyət kəsb edir və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaradır.

 

 

 

Hörmətli həmkarlar!

 

 

 

Təkcə təltif olunanların deyil, ümumilikdə prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymət kimi hamımız dövlət səviyyəsində göstərilən bu inam və etimadın məsuliyyətini dərindən dərk etməliyik. Dünən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev təltif olunan yüksək vəzifəli şəxslərə ali dövlət mükafatlarının təqdim edilməsi mərasimində dövlətçiliyimizin maraqlarının müdafiəsi işində respublika hüquq-mühafizə orqanlarının fəaliyyətinə yüksək qiymət vermişdir. Azərbaycan Prokurorluğu digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə işini, ilk növbədə, Azərbaycan dövlətçiliyinin maraqlarının cinayətkar qəsdlərdən qorunması və ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi kimi mühüm vəzifələrin icrasına istiqamətləndirməlidir.

 

Hamınıza məlum olduğu kimi, ölkə həyatının bütün sahələrində böyük uğurlar qazanılması ilə səciyyələnən 2004-cü il eyni zamanda Azərbaycan dövlətçiliyi üçün sınaq ili olmuşdur. Hakimiyyətə gəlmək planlarını və xalqın mənafeyinə zidd siyasi ambisiyalarını reallaşdırmaq istəyən radikal müxalifət qüvvələri tərəfindən 15-16 oktyabrda Bakı şəhərində törədilmiş kütləvi iğtişaş hadisələri onu göstərdi ki, Azərbaycan dövlətçiliyinin maraqlarının müdafiəsi məsələləri həmişə diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə ən zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

 

Azərbaycan Prokurorluğu dövlətçiliyimizin maraqlarının müdafiəsi işində əzmkarlıq və qətiyyət göstərərək, kütləvi iğtişaş cinayətinin yüksək səviyyədə istintaqının aparılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmalarını təmin etdi. Eyni zamanda prokurorluqda həyata keçirilən demokratik məzmunlu islahatlar demək olar ki, başa çatdırılmaqla onun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinin artırılması təmin edildi. Prokurorluğun bütün kollektivinin gərgin əməyi sayəsində əldə edilmiş uğurlar əməkdaşlarımızın böyük bir qrupunun xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsini, onların ali mükafatlara layiq görülməsini şərtləndirdi.

 

Mən bir daha «Azərbaycan Bayrağı» ordeni və «İgidliyə görə» medalı ilə təltif edilmiş həmkarlarımızı və iş başında həlak olmuş prokurorluq əməkdaşlarının ailə üzvlərini səmimi qəlbdən təbrik edirəm və hər birinizə xidməti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm.

 

 

 

Diqqətinizə görə sağ olun.