Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2004-12-08
8 dekabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun əsas inzibati binasında xalqımızın ümummilli lideri, müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan Heydər Əliyevin görkəmli heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış büstünün açılışı ilə əlaqədar mərasim keçirilmişdir.

 

Xalqımızın  ümummilli  lideri  Heydər  Əliyevin büstünün  açılış  mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun

MƏRUZƏSİ

 

Hörmətli həmkarlar!

Hörmətli qonaqlar!

 

Bu gün Azərbaycan Prokurorluğunun tarixinə ən əlamətdar günlərdən biri kimi həkk olunacaqdır. Baş Prokurorluğun əsas inzibati binasının birinci mərtəbəsində xalqımızın ümummilli lideri, müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan Heydər Əliyevin büstü açılır.

Büstün açılışı, ilk növbədə, 30 ildən artıq bir müddət ərzində xalqımızın sınanmış dahi lideri olan, zamanın çətin sınaqları ilə üzləşən və məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı gələcək nəsillər üçün qoruyub saxlamaqla onun hərtərəfli inkişafına nail olan, həyata keçirdiyi möhtəşəm quruculuq işləri ilə doğma xalqının qəlbində özünə əbədi heykəl ucaldan Böyük Xilaskar Heydər Əliyevin xatirəsinə dərin ehtiram və hörmətin təcəssümüdür.

Büstün açılışı, eyni zamanda, demokratik və sivil bir dövlət təsisatı kimi tam yenidən formalaşmasına görə yalnız və yalnız Heydər Əliyev şəxsiyyətinə, onun həyata keçirdiyi müdrik dövlətçilik siyasətinə borclu olan Azərbaycan Respublikası Prokurorluğu kollektivinin Ólu öndərimizin əziz və unudulmaz xatirəsinə olan məhəbbətinin ifadəsidir.

Mən əminəm ki, dahi Heydər Əliyev şəxsiyyətini əbədiləşdirən bu büst hər bir prokurorluq əməkdaşının and yerinə çevriləcək, həmişə prokurorluğun kollektivini onun müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq qarşıda duran vəzifələrin icrasına, dahi rəhbərimizin ideyalarının həyata keçirilməsinə ruhlandıracaqdır.

Qədim tarixi və dövlətçilik ənənələri olan müasir Azərbaycanın yaxın keçmişini, bu gününü və gələcəyini Heydər Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. Çünki Azərbaycan tarixinin yaxın keçmişini və bu gününü həmin dahi şəxsiyyət özü yaratmış, onun gələcək mövcudluğunun və inkişafının strateji istiqamətlərini müəyyənləşdirmişdir.

Azərbaycan Respublikasının SSR İttifaqı imperiya dövlətinin tərkibində olduğu və müttəfiq respublikalarda hər vasitə ilə milli müstəqillik ideyalarının qarşısının alındığı bir dövrdə siyasi hakimiyyətə gələn Heydər Əliyev dahiyanə uzaqgörənliklə bugünkü dövlət müstəqilliyimizin ilkin əsaslarını - müstəqil yaşamağa imkan verəcək faktiki iqtisadi müstəqilliyimizi yaratdı, xalqımızın milli özünüdərk hisslərini istiqamətləndirdi. Xalqımızın imperiya dövlətinin silahlı qüvvələri ilə üz-üzə dayandığı bir dövrdə, 1990-cı ilin qanlı Éanvar faciəsindən sonra xalqımızın müstəqillik uğrunda apardığı azadlıq hərəkatının liderinə çevrildi.

Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə müstəqil Azərbaycan dövlətçiliyinin demokratik modelini və həmin müstəqilliyin əldə edilməsinin strateji istiqamətlərini müəyyənləşdirən Heydər Əliyev xalqının təkidli tələbi ilə 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə xilasedici qayıdış etdikdən sonra onun tərəfindən həyata keçirilən dövlətçilik tədbirləri, dünyada analoqu olmayan siyasi fəaliyyət kimi, həmişə və hamıya nümunə ola bilər.

Tarix üçün qısa bir zaman kəsiyi olan bu kəşməkəşli, ziddiyyətlərlə və təhlükələrlə dolu olan, Azərbaycan xalqının təhlükəli sınaqlara çəkildiyi bir dövrdə Heydər Əliyev tərəfindən görülən işləri, onun tərəfindən həyata keçirilən siyasət tədbirlərini əsil möcüzə adlandırmaq olar.

Məhz bu dövrdə xaos və anarxiya girdabında çabalayan, xanlıqlara parçalanmaq və müstəqil dövlət kimi məhv olmaq, doğma torpaqları yadelli düşmənlər tərəfindən tam işğal olunmaq təhlükəsi qarşısında qalan, hakimiyyətsizlik şəraitindən və hakimiyyət uğrunda gedən silahlı mübarizə təhlükəsindən gələcəyə ümidini itirən Azərbaycan xalqı Heydər Əliyevin timsalında özünün əsil xilaskarını tapdı, Böyük xilaskarın müdrik rəhbərliyi altında onu hədələyən təhlükələrdən qurtulmaq, qəddini düzəltmək və gələcəyə ümidlə baxmaq imkanları əldə etdi.

Xalqına və Azərbaycana xidməti həyatının ən ali məqsədi hesab edən Heydər Əliyevin müdrik və titanik siyasi fəaliyyəti nəticəsində, yaşadığımız bu dövrün canlı şahidləri kimi bizim gözlərimiz qarşısında yaradılan müstəqil, demokratik və sivil Azərbaycan Respublikasını mübaliğəsiz ümummilli liderimizin şah əsəri hesab etmək olar.

15 iyun 1993-cü ildən sonra keçən qısa müddət ərzində Heydər Əliyev şəxsiyyətinin müdrikliyi və zəkası, uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanda hakimiyyətsizlik şəraiti və qanunsuz silahlı dəstələrin gücünə arxalanan idarəolunmaz siyasi vəziyyət aradan qaldırıldı, Əlikram Hümbətovun və Rəhim Qazıyevin separatçı hərəkətlərinin, xaricdən dəstəklənən Ayaz Mütəllibov, Surət Hüseynov, Rəsul Quliyev, Rövşən və Mahir Cavadov qardaşlarının dövlət çevrilişlərinə cəhddə ifadə olunan qeyri-konstitusion yolla hakimiyyətə gəlmək iddialarının, Böyük xilaskarın fiziki cəhətdən məhvinə yönəldilmiş çoxsaylı terror aktlarının qarşısı alındı, cinayətkar aləmin hakimiyyətə meydan oxuması kimi anormal vəziyyət aradan qaldırılmaqla mütəşəkkil cinayətkarlığa qarşı barışmaz müharibə elan edildi, doğma torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunması prosesinin qarşısı alınmaqla atəşkəsə nail olundu və cəmiyyətdə dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərpa edildi.

Məhz bundan sonra öz xilaskarlıq missiyası nəticəsində yaradılmış dayanıqlı əmin-amanlıq və sabitlik şəraitindən istifadə edən Heydər Əliyev Böyük Qurucu kimi yeni Azərbaycanı yaratmaq imkanı əldə etdi və qısa müddətlərdə bu tarixi missiyasını da şərəflə və uğurla həyata keçirdi.

Bu gün Azərbaycan xalqı əsas qanunumuz olan Konstitusiya və mütərəqqi qanunlarla tənzim olunan və özünün hüquq və azadlıqları üçün real təminatlar yaradan hüquqi məkanda və vətəndaş cəmiyyətində yaşadığına, ölkə həyatının bütün sahələrində həyata keçirilən hərtərəfli mütərəqqi islahatlar nəticəsində formalaşmış demokratik, sivil və hüquqi dövlətdə fəaliyyət göstərdiyinə, «Əsrin müqaviləsi» və bu kimi digər böyük layihələrin həyata keçirilməsi, qlobal özəlləşdirmə aparılmaqla bazar iqtisadiyyatı şəraitinin formalaşması nəticəsində əldə etdiyi iqtisadi müstəqilliyinə, beynəlxalq aləmin tamhüquqlu üzvü olmaqla dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiya etdiyinə, ərazi bütövlüyünün bərpası istiqamətində aparılan və son nəticədə erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması ilə nəticələnəcək siyasətə, xoşbəxt gələcəyi təmin edəcək strateji inkişaf konsepsiyasına görə məhz Heydər Əliyev şəxsiyyətinə, bu şəxsiyyətin zəkasına və müdrikliyinə borcludur.

Heydər Əliyev öz xilaskarlıq missiyası və həyata keçirdiyi möhtəşəm quruculuq işləri ilə qədirbilən Azərbaycan xalqına öz sədaqətini, misilsiz xidmətlərini göstərmişdir. Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir ki, «Heydər Əliyev, 1993-cü ildə öz həyatını təhlükə altına qoyaraq ikinci dəfə hakimiyyətə gəldikdə, qarşısında bir məqsəd var idi - xalqına xidmət etmək. Î demişdi ki, «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram». Bizim məqsədimiz bu ideyaları yaşatmaqdır, onun siyasətini davam etdirməkdir».

2003-cü ilin dekabr ayının 12-də Heydər Əliyev kimi dahi bir şəxsiyyətin, millətin sınanmış lideri və əbədi rəhbərinin itkisi kimi çox ağır bir reallıq ilə qarşılaşan Azərbaycan xalqı özünü itirmədi, gələcəyə olan ümidlərini qoruyub saxladı. Çünki ulu öndərin ideyalarını yaşatmağa və onun siyasətini davam etdirməyə qadir olan, «Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbi»nin ən layiqli yetişdirməsi olan İlham Əliyev kimi siyasi varisi və davamçısı vardır.

Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəyi ilə demokratik prosedurlara tam əməl edilməklə və şəffaflıq şəraitində keçirilmiş 15 oktyabr 2003-cü il seçkilərinin nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin dövlət başçısı kimi bir illik fəaliyyəti ərzində gördüyü işlər xalqımıza və bütün beynəlxalq aləmə əyani surətdə göstərdi ki, Heydər Əliyev siyasəti və ideyaları yaşayır və onun müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq bu ideyaların həyata keçirilməsi istiqamətində ardıcıl olaraq və məqsədyönlü şəkildə möhtəşəm dövlətçilik tədbirləri həyata keçirilir. Və son bir il ərzində Azərbaycanda görülən və bu gün də müvəffəqiyyətlə davam etdirilən quruculuq işləri, Azərbaycan Respublikasının hərtərəfli sosial-iqtisadi inkişafı, xalqımızın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş siyasət tədbirləri Heydər Əliyev şəxsiyyətinin unudulmaz xatirəsinə ən qiymətli hədiyyədir.

Mən xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün önündə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevi əmin etmək istəyirəm ki, prokurorluğun kollektivi həmişə Heydər Əliyev ideyalarına, onun müəyyənləşdirdiyi strateji xəttə sadiq olacaq, onların reallaşdırılması istiqamətində Dövlət başçısı tərəfindən həyata keçirilən bütün tədbirlərdə yaxından iştirak edəcəkdir.

 

Hörmətli həmkarlar!

 

Mən eyni zamanda prokurorluğun kollektivi adından respublikamızın görkəmli memarı, Dövlət Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan İncəsənət Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar heykəltəraşı Ömər Eldarova səmimi minnətdarlığımızı çatdırmaq istəyirəm. Ömər müəllimin çox gərgin və yaradıcı əməyinin məhsulu olan bu büst qiymətli sənət nümunəsi kimi xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin möhtəşəmliyini və müdrikliyini özündə tam dolğun əks etdirə bilmişdir.

Bu gün, həmçinin, Azərbaycan Respublikası Prokurorluğunun yeniləşdirilmiş tarix muzeyinin, ümummilli liderimiz Heydər Əliyevin 1990-2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətini, Böyük Xilaskarın möhtəşəm siyasət tədbirləri və quruculuq işlərini əks etdirən böyük zalın da açılışı həyata keçiriləcəkdir.

 

Diqqətinizə görə sağ olun!