Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2004-09-30
Baş Prokurorluqda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Prokurorluq  işçilərinin  peşə  bayramına  həsr  olunmuş təntənəli  mərasimdə  Azərbaycan  Respublikasının Baş  prokuroru Zakir  Qaralovun
 

ÇIXIŞI

 

Hörmətli həmkarlar və qonaqlar!

 

Bu gün Azərbaycan Respublikası Prokurorluğunun bütün əməkdaşları, təqaüddə olan veteranlarımız və ölkəmizin hüquq ictimaiyyəti hamımız üçün əlamətdar bir hadisə olan «Prokurorluq işçilərinin peşə bayramı günü»nü qeyd edir.

 

Prokurorluq orqanlarına böyük inamın təzahürü olan və hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran bu sevinci bizə bəxş edən şəxsiyyət müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı və xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dahi rəhbərimizin tarixi reallığı bərpa edən və milli prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi bütün prokurorluq əməkdaşları üçün müstəsna əhəmiyyət kəsb edən, mən deyərdim ki, tarixi bir hadisədir. Heç də təsadüfi deyildir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 26 aprel 2000-ci il tarixli müşavirədə öz proqram xarakterli nitqində qeyd etmişdir ki, «Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır».

 

Prokurorluğun peşə bayramı günü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi hamımızın hədsiz sevincinə səbəb olmuşdur. Prokurorluğa dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi fəaliyyətimizə verdiyi yüksək qiymətə görə prokurorluğun kollektivi adından Respublika Prezidenti cənab İlham Əliyevə səmimi minnətdarlığımızı çatdırmaqla, əmin edirəm ki, Azərbaycan Prokurorluğu öz işini bizə göstərilən etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində öz səylərini əsirgəməyəcəkdir.

 

Mən Baş Prokurorluğun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarının bütün əməkdaşlarını və onların ailə üzvlərini, təqaüddə olan aüsaqqal və aübirçək veteranlarımızı, vəzifə başında həlak və şəhid olmuş həmkarlarımızın ailələrini, yüksək dövlət mükafatları və ali hərbi rütbələrə layiq bilinmiş həmkarlarımızı «Peşə bayramı günü» və milli prokurorluğun yaradılmasının 86 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hamınıza ailə xoşbəxtliyi və möhkəm cansağlığı, xidməti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm.

 

Hamınıza məlum olduğu kimi, prokurorluğun 2003-cü il 1 oktyabr tarixdə qeyd etdiyimiz peşə bayramı günündən sonra keçən bir illik müddət ərzində Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm hadisələr baş vermiş, xalqımız öz müstəqilliyi yolunda inamla addımlamaqla demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində və ölkə həyatının müxtəlif sahələrində müsbət nəticələri olan uğurlar qazanmışdır.

 

2003-cü il, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri və müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyevin əvəzolunmaz itkisi ilə qarşılaşan millətimiz üçün kədər və hüzn ili olmuş, əvəzedilməz və əbədi rəhbərimizin dünyasını dəyişməsi xəbəri hər bir azərbaycanlı kimi prokurorluq orqanlarının bütün əməkdaşlarını da dərindən sarsıtmışdır.

 

Hörmətli  mərasim iştirakçıları!

 

 

 

Müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı və xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etmək üçün ayağa qalxmağınızı xahiş edirəm. Allah rəhmət eləsin!

 

 

 

Heç kim üçün sirr deyil ki, müstəqil Azərbaycan Respublikasının ən müasir inkişaf tarixi Heydər Əliyev kimi dahi bir şəxsiyyətin adı və onun dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Həyatını xalqına xidmətə həsr edən və bu yolda hətta şəhid olmağı belə özü üçün fəxr bilən Heydər Əliyevin bütün nəsillərə və hamımıza örnək və nümunə ola biləcək ibrətamiz həyat yolu, zəngin və mənalı ömrünün bütün mərhələləri öz doğma xalqına və millətinə sədaqətlə xidmətin canlı tarixidir. Heydər Əliyevin titanik fəaliyyətinin, müdrik dövlətçilik siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikasında dünyəvi, hüquqi və demokratik bir dövlət qurulmuş, vətəndaş hüquq və azadlıqlarının tam reallaşmasına hərtərəfli təminatlar verən vətəndaş cəmiyyəti formalaşdırılmış, beynəlxalq hüquqi və iqtisadi məkana hərtərəfli inteqrasiya edən respublikamızda iqtisadi müstəqilliyimizin və xalqımızın yüksək maddi rifahının, dünya azərbaycanlılarının ümummilli ideya - azərbaycançılıq və milli dövlətçilik, milli-mənəvi dəyərlər ətrafında birləşməsinin möhkəm təməli qurulmuşdur.

 

2003-cü il, eyni zamanda onunla əlamətdar olmuşdur ki, ölkəmizin həyatında taleyüklü mühüm siyasi hadisə olan prezident seçkiləri keçirilmiş, Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbinin layiqli davamçısı, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü təcrübəli siyasətçi, xalqına xidməti həyat amalı kimi qəbul edən dövlət xadimi kimi göstərmiş cənab İlham Əliyev öz xalqının mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Qədirbilən Azərbaycan xalqının bu müdrik seçimi, ilk növbədə, əsası 1993-cü ildə qoyulmaqla bu günə qədər davam edən ümummilli liderimiz Heydər Əliyev dövlətçilik siyasətinin təntənəsi kimi qiymətləndirilməlidir. Ən demokratik və şəffaf prosedurlar əsasında keçirilən prezident seçkilərində, 1993 və 1998-ci illərdə olduğu kimi, yeganə düzgün seçimini edən Azərbaycan xalqı ölkəmizin yüksələn xətlə hərtərəfli inkişafını və xalqın yüksək maddi rifahını, müstəqilliyimizin əbədiliyi və daimiliyini, dönməz ictimai-siyasi sabitliyi təmin edən siyasətə səs vermişdir.

 

Danılmaz bir həqiqətdir ki, müstəqilliyinin 13 ili ərzində hüquqi, demokratik və sivil dövlət quruculuğu kimi möhtəşəm məqsədlərini həyata keçirməyə nail olmuş Azərbaycan Respublikası hazırda öz yeni inkişaf tarixini yaşayır. Heydər Əliyev dövlətçilik-idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın dinamik şəkildə və yüksələn xətlə sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin qabaqcıl ölkələr səviyyəsinə qaldırılması, demokratik dəyərlərin tam şəkildə reallaşması və dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyası, doğma torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində müəyyənləşdirilmiş uzaqgörən strateji xəttə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» 24 noyabr 2003-cü il tarixli Fərman və bu istiqamətdə qəbul edilən digər sənədlərdən də göründüyü kimi, dövlətin siyasəti, ilk növbədə, millətə xidmət etmək, ölkəmizi daha da inkişaf etmiş və iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevirmək kimi mühüm məsələlərin həllinə istiqamətləndirilmişdir.

 

Hər bir prokurorluq əməkdaşında qürur hissi doğuran bir haldır ki, müstəqil Azərbaycan Respublikasının milli prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız və yalnız Heydər Əliyevin dövlətçilik siyasəti, gündəlik qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

 

Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 03 mart 2004-cü il tarixli «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Sərəncamın əhəmiyyəti xüsusi dəyərləndirilməlidir. Qeyd edilən Sərəncamın tələblərinə müvafiq olaraq Azərbaycan Respublikası Baş prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması haqqında göstəriş verilməsi, ilk növbədə, prokurorluq orqanlarına ölkə prezidenti və dövlət səviyyəsində göstərilən inam və etimad kimi qiymətləndirilməklə yanaşı, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addımdır.

 

Dövlət başçısının 30 sentyabr 2004-cü il tarixli sərəncamları ilə prokurorluq əməkdaşlarından 24 nəfərinin yüksək dövlət mükafatları ilə təltif edilməsi və 7 nəfərinin ali xüsusi rütbələrə layiq görülməsi Azərbaycan Prokurorluğuna dövlət qayğısının təcəssümü kimi müstəsna əhəmiyyət kəsb edir və prokurorluğun kollektivi üçün böyük məsuliyyət yaradır.

 

 

 

Hörmətli mərasim iştirakçıları!

 
 

Bu gün öz peşə bayramını və Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 86-cı ildönümünü qeyd edən prokurorluq orqanları xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər şəkildə çətin və mürəkkəb, eyni zamanda, şərəfli bir inkişaf yolu keçərək bu günki şəkildə formalaşmış, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində xidmətlərini göstərmişdir.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ilin iyun ayında Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışından sonrakı dövrdə qanunvericilikdə nəzərdə tutulmamış silahlı dəstələr tərəfindən törədilən dövlət çevrilişlərinə cəhdlərin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə işinin düzgün təşkilində və cinayətkarların qanun əsasında məsuliyyətə cəlb olunmasında və son nəticədə cəmiyyətimizdə dönməz ictimai-siyasi sabitliyin yaradılmasında prokurorluğun xidmətləri danılmazdır.

 

Lakin bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, məqsədi demokratik və hüquqi dövlət qurmaq olan xalqımızın səyləri nəticəsində bütün ölkə miqyasında xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında 1993-cü ilin ikinci yarısından başlayaraq, hərtərəfli islahatların həyata keçirildiyi belə bir şəraitdə prokurorluğun məqsədli şəkildə bu proseslərdən kənarda qalması, son illər ərzində yığılıb qalmış problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməməsi, qanunsuzluq hallarına qarşı mübarizədə barışdırıcı mövqenin formalaşması bu məsələlərə dövlət başçısı səviyyəsində müdaxilə edilməsi zərurətini yaratmışdır.

 

Hamınıza məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən müşavirədə məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunlar pozulmaqla cinayətkarlara havadarlıq edilməsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddətlər ərzində ən qəti tədbirlərin görülməsi Prokurorluğun yeni rəhbərliyinin qarşısında vəzifə kimi qoyulmuşdur.

 

Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra ölkəmizdə aparılan möhtəşəm yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi, dövlət başçısının həmin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi.

 

Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 oktyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Memarı müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyev olan Ali Qanunumuzda, ilk dəfə olaraq, ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiq olduğu yer müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericik qaydasında təsbit edilmişdir. Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci ildə «Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən verilmişdir. Eyni zamanda, Azərbaycan Prokurorluğunun fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi işində «Prokurorluq haqqında» 07 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun müstəsna əhəmiyyəti olmuşdur. Həmin qanuna əsasən Azərbaycan Konstitusiyasının prokurorluğun statusunu müəyyənləşdirən 133-cü maddəsi daha da konkretləşdirilməklə, sivil milli prokurorluğun formalaşdırılması üçün zəruri qanunvericilik əsasları yaradılmışdır.

 

Həyata keçirilən islahatlar və struktur dəyişikliklərinin Azərbaycan Prokurorluğunun işində hansı müsbət dəyişikliklər yaratdığını qısaca da olsa diqqətinizə çatdırmaq istəyirəm.

 

- Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun və digər qanunvericilik aktlarının Milli Məclis tərəfindən qəbul edilməsi, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə qaldırılmışdır. «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 08 oktyabr 2002-ci il tarixli Sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitdə prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır.

 

- Azərbaycan Respublikasının müstəqil inkişafının 10 ilə yaxın bir dövrü ərzində milli prokurorluğun fəəaliyyətini tənzimləyən normativ bazanın, istiqamətlər üzrə işin təşkili məsələlərini konkretləşdirən sənədlərin - təşkilati əmrlər və digər sənədlərin olmaması, bəzi hallarda keçmiş SSRİ dövründən qalma sənədlərdən istifadə olunması kimi işin səmərəliliyinə mənfi təsir göstərən hallar aradan qaldırılmışdır. Beynəlxalq təcrübə və milli xüsusiyyətlər öyrənilməklə qısa müddətlər ərzində prokurorluğun tarixində ilk dəfə olaraq, yeni cinayət-prosessual və digər statut qanunların qəbulu ilə əlaqədar «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin təşkili məsələlərini tənzimləyən Baş Prokurorluq üzrə 80-dən çox təşkilati və sahəvi əmr, təlimat və qaydalar hazırlanmaqla icraya yönəldilmişdir. Normativ-hüquqi bazanın yaradılması işinin məntiqi nəticəsi olaraq, yenə də ilk dəfə «Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri» adlı toplunun nəşri təmin edilmiş, son dövrlərdə qanunvericilikdə baş verən dəyişiklər və normativ bazaya daxil olan yeni sənədlərin qəbulu kimi hallar nəzərə alınmaqla peşə bayramı günü ərəfəsində həmin toplunun 2 cilddən idarət yeni nəşri çapdan çıxmışdır.

 

- Həyata keçirilən islahatlar gedişində prokurorluğun statusu və fəaliyyət istiqamətlərində baş verən dəyişikliklər nəzərə alınmaqla strukturun daha da təkmilləşdirilməsi, eyni səlahiyyətləri yerinə yetirməklə bir-birini təkrarlayan və bəzi hallarda fəaliyyətləri lüzumsuz olan qurumların ləğvi hesabına çevik və sivil prokurorluğun formalaşdırılması məqsədilə Azərbaycan Respublikası prokurorluğu orqanlarının yeni strukturu və ştat vahidləri təsdiq edilmişdir.

 

İlk növbədə, Baş Prokurorluğun tamamilə yenidən təşkil edilən idarə və şöbələrinin sayı 20-dən 12-yə qədər azaldılmaqla onların kadr tərkibi və rəhbər heyəti peşəkarlığı, yüksək mənəvi və iş keyfiyyətləri ilə seçilən əməkdaşlar hesabına komplektləşdirilmişdir. İşin düzgün təşkilinə mənfi təsir göstərən amillər kimi Baş Prokurorluğun idarə və şöbələrinin Əsasnamələrinin olmaması, işçilər arasında vəzifə bölgüsünün aparılmaması kimi ciddi təşkilati qüsurlar aradan qaldırılmış, mərkəzi aparatın fəaliyyət prinsipləri və iş qaydalarını müəyyənləşdirən «Baş Prokurorluğun reqlamenti» qəbul olunmuşdur. Nəticədə Mərkəzi aparat tabe qurumlar üzərində səmərəli nəzarəti və əlaqələndirici funksiyalarını həyata keçirməyə qadir olan işlək bir mexanizmə çevrilmişdir.

 

Zəruri struktur dəyişiklikləri və lüzumsuz qurumların ləüvi istiqamətində görülən tədbirlər ona imkan vermişdir ki, Azərbaycan Respublikasında, ilk dəfə olaraq, məhz prokurorluq orqanlarında real və iş həcminə uyğun ixtisarlar aparılmaqla, mövcud olan ştat vahidlərinin sayı 20 faizdən çox ixtisar olunmuşdur.

 

- Aparılan islahatların ən uğurlu nəticələrindən biri xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə müvafiq olaraq 2002-ci və 2003-cü illər dövrü ərzində prokurorluqda qulluğa qəbulun həyata keçirilməsi hesab edilməlidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, ictimai nəzarət və hökumət və qeyri-hökumət təşkilatlarının, xarici səfirliklərin, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələri nümayəndələrinin müşahidəsi altında keçirilən müsabiqə nəticəsində 100 nəfər gənc prokurorluq orqanlarına işə qəbul olunmaqla, həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilmiş və müxtəlif struktur qurumlara təyinatlar almış həmin gənc mütəxəssislər hazırda səmərəli fəaliyyət göstərirlər.

 

- Xalqımızın ümummilli lideri Heydər Əliyevin prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində təxirəsalınmaz və qəti tədbirlərin görülməsi barədə göstərişlərinə müvafiq olaraq, son illər ərzində prokurorluğun kadr korpusunun sağlamlaşdırılması, xidməti fəaliyyətlərində qanunsuzluq halları və prokurorluq işçisi adına ləkə gətirən hərəkətlərə yol verən, öz mənəvi və iş keyfiyyətlərinə görə prokurorluqda işləməyə layiq olmayan əməkdaşlardan təmizlənməsi üçün ən qəti tədbirlərin görülməsi təmin edilmişdir. Təkcə o faktı qeyd etmək kifayətdir ki, mənəvi və peşə keyfiyyətlərinə görə prokurorluqda işləməyə layiq olmayan və öz qanunsuz hərəkətləri ilə prokuror adına ləkə gətirən 80 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Eyni zamanda, xidməti vəzifələrinin icrasına vicdanla yanaşan, peşəkarlıq səviyyəsi və təşkilatçılıq qabiliyyəti yüksək olan prokurorluq əməkdaşlarının əməyinin fərqləndirilməsi, onların xidməti pillələr üzrə vəzifədə irəli çəkilməsi təmin edilmişdir. Qeyd edilməlidir ki, məhz bu xüsusiyyətlərinə görə 78 nəfər əməkdaş, o cümlədən, onlardan 61 nəfəri ilk dəfə müstəqil prokuror vəzifələrinə təyin edilmişdir.

 

Prokurorluqda kadr işinin daha da təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər sırasında bütün attestasiya komissiyalarının yeni tərkibləri təsdiq edilməklə onların fəaliyyətində prinsipiallığın və prokurorluq əməkdaşlarının peşə hazırlığının artırılması üçün müasir standartlar səviyyəsində Tədris mərkəzinin formalaşdırılmasını, kadrlara qarşı tələbkarlıq artırılmaqla xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi sahəsində görülən işləri də diqqətə çatdırmaq olar.

 

- İslahatların tərkib hissələri kimi «Azərbaycan Prokurorluğu» elmi-praktiki jurnalının təsis edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun veb-saytının yaradılması, habelə Azərbaycan Prokurorluğu muzeyinin yenidən təşkil olunması prokurorluq orqanlarının fəaliyyətində aşkarlığın daha da genişləndirilməsi, milli prokurorluğun tarixi keçmişinin öyrənilməsi və kadrların müasir tələblər səviyyəsində formalaşdırılması üçün əlavə mənbələrin yaradılması baxımından çox müsbət əhəmiyyət kəsb edir.

 

- Prokurorluğun adına şərəf gətirməyən, ictimaiyyət və əhali arasında onun nüfüzunu aşağı salan əsassız yoxlamalar keçirilməsi, özəl sektorun inkişafı yolunda maneə olan qanunsuz hərəkətlərə yol verilməsi hallarının qarşısı birdəfəlik alınmış, belə pozuntularda təqsiri olan 30-dan çox prokurorluq əməkdaşı haqqında prokurorluqdan xaric olunma kimi qəti tədbirlərin görülməsi təmin edilmişdir. Məhkəmə qərarları əsasında həyata keçirilən yoxlamalar istisna olmaqla, hüquq-mühafizə orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətinə hər hansı şəkildə müdaxilə edilməsinə qadağa qoyan «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanına müvafiq olaraq Baş Prokurorluq tərəfindən zəruri təşkilati tədbirlərin görülməsi və yeni prosedur qaydaların müəyyənləşdirilməsi təmin edilmişdir.

 

Müstəqil Azərbaycan Respublikasının demokratik və sivil bir dövlət kimi formalaşdırılmasına istiqamətləndirilmiş strateji xəttə müvafiq olaraq prokurorluq orqanlarında aparılan hərtərəfli islahatlar son nəticədə prokurorluğun işinin səmərə və keyfiyyətinə müsbət təsir göstərmiş, «Prokurorluq haqqında» Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyət daha məqsədyönlü və kəsərli olmuşdur.

 

- İstintaqın və ibtidai araşdırmaya prosessual rəhbərliyin keyfiyyətinin yaxşılaşdırılması üçün zəruri təşkilati tədbirlərin həyata keçirilməsi (bu sahə üzrə mövcud strukturların tam yenidən formalaşdırılmaqla kadr tərkibinin yeniləşdirilməsi, ittiham aktlarının təsdiqinin yeni qaydalarının müəyyənləşdirilməsi və s.) və ciddi nəzarət mexanizminin yaradılması nəticəsində prokurorluğun fəaliyyətinin bu mühüm istiqaməti üzrə səmərəlilik artırılmaqla müsbət göstəricilərin əldə edilməsinə, istintaq işçilərinin məsuliyyət hissinin artırılmasına nail olunmuşdur.

 

- Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu işi tamamilə yenidən təşkil edilmiş, bu istiqamətdə işi tənzimləyən tam yeni məzmunlu «Azərbaycan Respublikası prokurorluğu orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi haqqında» əmr verilməklə Baş Prokurorluqda beynəlxalq standartlar səviyyəsində Qəbul otağı təşkil edilmiş, bütün prokurorluq orqanlarında vətəndaşların dərhal qəbul edilməsini və onların müraciətlərində qaldırılan məsələlərin operativ və obyektiv həllini təmin edəcək bir prosedur yaradılmışdır.

 

- Azərbaycanın Respublikasının beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirildiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirildiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları ilə qarşılıqlı faydalı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.

 

Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, digər hüquq-mühafizə orqanları ilə, ilk növbədə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlığın görünməmiş vüsət aldığı və rekord sayda - 22 mindən çox cinayətin qeydə alındığı 1992-ci illə müqayisədə, sonrakı illərdə və hazırki dövrdə kriminogen durumun dinamika və struktrurunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılması təmin edilməklə qatı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunması təmin edilmişdir. Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə edilir.

 

Birmənalı şəkildə qeyd olunmalıdır ki, cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş bu müsbət nailiyyətlər xalqımızın lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə xilasedici qayıdışından sonrakı dövr ərzində ölkəmizdə dönməz ictimai-siyasi sabitliyin bərqərar edilməsi, qanunun aliliyini təmin edə biləcək demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi və hazırda da dövlət başçısı İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilən tədbirlərin məntiqi nəticəsidir.

 

Bu müddət ərzində böyük ictimai əks-səda doğuran bütün xüsusilə təhlükəli və ağır cinayət işləri üzrə Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar və səriştəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupları yaradılmaqla, həmin cinayətlərin açılması və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv iş aparılmışdır.

 

Belə ki, Ali Sovetin sabiq sədr müavini Afiyəddin Cəlilovun və onun sürücüsünün qətlə yetirilməsi, akademik Ziya Bünyadovun öldürülməsi, Hacı Maqomedovun rəhbərlik etdiyi qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstə tərəfindən 2000-2001-ci illər ərzində Zaqatala və Balakən rayonları ərazisində törədilmiş bir sıra ağır cinayətlərin, uzun müddət ərzində çoxsaylı ağır cinayətlər, o cümlədən, 7 qəsdən adam öldürmə və 3 adam oğurluğu cinayətləri törətmiş mütəşəkkil dəstənin rəhbərlərindən biri Əliyusif Tahirov və dəstənin digər üzvlərinin, 1992-1996-cı illər ərzində Şəki-Mingəçevir bölgəsində böyük əks-səda doğurmuş çoxsaylı ağır cinayətlər, o cümlədən, 8 nəfər şəxsin qəsdən öldürülməsi, 7 şəxsin həyatına sui-qəsd edilməsi kimi cinayətlər törətməklə gərgin kriminogen vəziyyət yaradan və əhalini vahimədə saxlayan «Éevlaxlı Alik» ləqəbli Əli Məmmədov və qeyriləri, Şəmsi Səmədzadə və qeyrilərinin 1993-cü ildə və sonrakı dövrdə qəsdən adam öldürmələri və adam oğurluğu cinayətləri törətmələri, Rəsul Quliyevin tapşırığı ilə qanunvericilikdə nəzərdə tutulmayan silahlı dəstələr yaratmaqla Azərbaycanda dövlət çevrilişinə sui-qəsd cinayəti törətmiş Gəncə şəhər polis idarəsinin sabiq rəisi Natiq Əfəndiyev, Rasim və Aüası Əkbərov qardaşları barədə aparılan istintaqlar nəticələrinə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmaları təmin edilmişdir.

 

1994-cü ilin oktyabr ayında «Çinar» İstehsalat Birliyinin baş direktor əvəzi Nicat Süleymanzadə və onun sürücüsünün həyatına sui-qəsd edilməsi faktına görə başlanmış cinayət işinin istintaqı gedişində əsil cinayətkarları məsuliyyətdən azad etmək, birliyin həmkarlar ittifaqının sədri Camal Əliyevi isə məsuliyyətə cəlb etmək məqsədilə sonuncunun ölümü ilə nəticələnən qanunsuz istintaq metodlarının tətbiqi və saxtakarlıq kimi qanunsuzluqlara yol vermiş, ölkə prezidentinin konkret tapşırıqlarına baxmayaraq Prokurorluğun sabiq rəhbərliyi tərəfindən qaçıb gizlənməsi üçün əlverişli şərait yaradılmış və özgə şəxsin adına verilmiş pasportdan istifadə etməklə Rusiya Federasiyasında gizlənən sabiq prokurorluq işçisi Vidadi Səmədovun tutularaq respublikaya gətirilməsi, onun və digər təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmişdir.

 

Respublika ictimaiyyətini ciddi narahat edən adam oğurluqları kimi ağır cinayətlərə qarşı mübarizə sahəsində də bir sıra müsbət tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Belə ki, ilkin istintaq qrupunun rəhbəri - Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin vəfatından sonra yenidən formalaşdırılan istintaq-əməliyyat qrupunun məqsədyönlü və gərgin fəaliyyəti nəticəsində bu kateqoriyadan olan cinayətlərə qarşı mübarizənin səmərəliliyi və keyfiyyəti artırılmaqla, əvvəlki illərdə törədilmiş 37 adam oğurluğu faktı ilə əlaqədar 20 cinayət işi üzrə bu sahədə ixtisaslaşmış mütəşəkkil cinayətkar dəstələrin 66 nəfər üzvü məhkəmə məsuliyyətinə verilmişdir. Hazırda istintaqı davam etdirilən cinayət işi üzrə 14 nəfər təqsirli şəxs həbsdə olmaqla, barələrində həbs qətiimkan tədbiri seçilmiş 33 şəxsin axtarışı ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə birlikdə intensiv tədbirlər həyata keçirilir, Rusiya Federasiyası ərazisində tutulmuş bir sıra cinayətkarların ekstradisiyası məsələsi həll edilir.

 

Qeyd edilən dövr ərzində dövlətçilik ideyalarına sadiqlik nümunəsi göstərən Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarından təşkil olunmuş birgə istintaq-əməliyyat qruplarının gərgin əməyi nəticəsində Azərbaycanda mövcud ictimai-siyasi sabitliyin pozulması yolu ilə gərginlik yaradılması, konstitusion idarəçilik qaydalarına qəsd edilməklə ölkədə hakimiyyətsizlik və xaos şəraitinin formalaşdırılmasına yönəldilmiş ağır cinayətlər törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunmuşdur. Belə ki, 2000-ci il noyabr ayında Şəki şəhərində bir sıra müxalifət partiyaları rayon təşkilatı rəhbərlərinin təşkilatçılığı, mafioz və pozucu qüvvələrin iştirakı ilə, 2001-ci ilin fevralında Qarabağ Əlilləri Cəmiyyətinin bir qrup fəallarının təşkilatçılığı ilə, «Dini şura» adlı qanunsuz qurumun üzvlərinin təşkilatçılığı ilə 2002-ci il may-iyun aylarında Nardaran qəsəbəsində törədilmiş kütləvi iğtişaş hadisələrinin qarşısının alınması və bu qanunsuz hərəkətlərdə təqsirkar olan şəxslərin məsuliyyətə cəlb olunması təmin edilmişdir.

 

Nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək planlarını reallaşdırmaq istəyən radikal müxalifət qüvvələri tərəfindən 15-16 oktyabr 2003-cü ildə Bakı şəhərində törədilmiş və ictimai qaydanın kobud şəkildə pozulması, paytaxtın mərkəzi küçələrində zorakılıqlara və talanlara yol verilməsi, asayişi mühafizə edən çoxsaylı polis əməkdaşı və daxili qoşunların əsgərlərinə və mülki vətəndaşa müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi, dövlət və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi ilə nəticələnən kütləvi iğtişaş hadisələri törədənlərin də layiq olduqları məsuliyyətə cəlb olunmaları təmin edilmişdir.

 

Respublikanın hüquq-mühafizə orqanları ümummilli liderimiz Heydər Əliyev tərəfindən daimiliyi və əbədiliyi üçün bütün təminatlar yaradılmış dövlət müstəqilliyimizin etibarlı qorunması, ictimai-siyasi sabitliyi pozmağa istiqamətləndirilmiş, legitim hakimiyyətə qarşı olan bütün cinayətkar qəsdlərin qarşısının qətiyyətlə alınması, belə qanunsuz hərəkətlərdə iştirakı olan bütün şəxslərin törətdiyi əməllərə görə qanun qarşısında cavab verməsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

 

 

 

Hörmətli mərasim iştirakçıları!

 
 

Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi və ölkəmizin hərtərəfli inkişafı baxımından möhtəşəm vəzifələrin həllinin həyata keçirilməli olduğu hazırki dövrdə Azərbaycan Respublikasının prokurorluğu orqanları qarşısında çox mühüm və məsul vəzifələr durur. İlk növbədə, «Prokurorluq haqqında» Qanunla müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri üzrə prokurorluğun işinin səmərəliliyi və keyfiyyəti daha da yüksəldilməli, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyi və insan hüquqlarının daha etibarlı müdafiəsi, cinayətkarlığa qarşı prinsipial və barışmaz mübarizənin təmin olunması, fəaliyyətimizdə mövcud olan nöqsan və çatışmazlıqların tamamilə aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməlidir.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində demokratik bir qurum kimi formalaşmış Azərbaycan Prokurorluğu öz fəaliyyətini zəruri tələblər səviyyəsində qurmaqla, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın demokratik dəyərlər əsasında dinamik və hərtərəfli inkişafına istiqamətləndirilmiş dövlətçilik tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edəcəkdir.

 

 

 

Hörmətli  həmkarlar!

 

Bir daha prokurorluq orqanlarının bütün əməkdaşlarını və veteranlarımızı Azərbaycan Respublikasının milli prokurorluğunun yaradılmasının 86 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə şəxsi həyatınızda və xidməti fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

 

Diqqətinizə görə sağ olun!