Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2004-05-07
2004-cü il may ayının 7-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81 illiyi ilə əlaqədar «Heydər Əliyev müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
 

2004-cü il may ayının 7-də Baş Prokurorluqda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81 illiyi ilə əlaqədar «Heydər Əliyev müstəqil dövlətçiliyimizin və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

 

 Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81 illiyi ilə əlaqədar 07 may 2004-cü il tarixdə Baş Prokurorluqda keçirilmiş elmi-praktiki konfransda Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun məruzəsinin

 

 T E Z İ S L Ə R İ

 

 Hörmətli həmkarlar və qonaqlar!

 

 Azərbaycan xalqı bu günlərdə öz yeni tarixinin yaradıcısı, XX əsrdə xalqımızın yetişdirdiyi ən dahi siyasətçi və görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81 illiyini qeyd edəcəkdir.

 

Danılmaz bir həqiqət və hamımızın gözü qarşısında reallaşan bir gerçəklikdir ki, 1969-cu ildən başlayaraq son 30 ildən artıq olan bir dövr ərzində Azərbaycan Respublikasının və xalqımızın tarixi və taleyi, ölkə həyatının ictimai-siyasi, iqtisadi və mədəni sahələrində əldə edilmiş dirçəliş və nailiyyətlər yalnız və yalnız Heydər Əliyev kimi bir dahi şəxsiyyətin adı ilə bağlı olmuşdur.

 

Azərbaycan Respublikasının SSRİ kimi bir nəhəng imperiya dövlətinin tərkibində olduğu, müstəqilliyimizin ilk illərində anarxiya və xaos ilə qarşılaşdığı, ən nəhayət, məqsədyönlü yenidənqurma və quruculuq işlərinin həyata keçirildiyi illəri əhatə edən bu dövr ərzində Heydər Əliyev kimi dahi şəxsiyyətin titanik fəaliyyəti nəticəsində Azərbaycan bir dövlət kimi zamanın sərt və ağır sınaqlarından çıxa bilmiş, onun müəyyənləşdirdiyi ölkənin gələcək inkişaf strategiyası əsasında qısa zaman kəsiyində respublikamızda, mən deyərdim ki, inqilabi dəyişikliklərlə nəticələnən böyük işlər görülmüşdür.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycan Respublikası dünya dövlətləri birliyində öz layiqli yeri olan müstəqil dövlətə çevrilmiş, mütərəqqi və dünyəvi dəyərlərə uyğun islahatlar aparılmaqla demokratik, hüquqi və sivil bir dövlət qurulmuş, ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın hərtərəfli təminatlı gələcəyi üçün bütün əsaslar yaradılmış, dönməz və dayanıqlı ictimai-siyasi sabitlik əldə edilməklə qanunun aliliyi və insan hüquq və azadlıqlarının qorunması prinsiplərinə təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

 

Nadir dövlətçilik təcrübəsi və fitri istedadı, iti zəkası hesabına yeni Azərbaycanı, bu günkü həyatımızın mövcud gerçəkliklərini yaradan, onu gələcəyə aparacaq strateji istiqamətləri müəyyənləşdirən Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə öz xalqı tərəfindən verilən qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq bu günə qədər davam edən zaman kəsiyi «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi səciyyələndirilir.

 

Heydər Əliyev kimi dahi bir şəxsiyyətin keçdiyi həyat yolunun bütün mərhələləri, onun fəaliyyəti öz xalqına və millətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillər və hamımız üçün örnək ola biləcək bir ibrətamiz həyat yoludur. Mərhum Prezidentimizin söylədiyi «Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracam» sözləri onun həyatının bütün mərhələlərində dövlətçilik fəaliyyətinin ana xəttini təşkil etmişdir.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi 1991-ci ilin 18 oktyabrından başlansa da, müstəqilliyimizin siyasi, sosial-iqtisadi əsasları məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX əsrin 70-80-ci illərində yaradılmışdır. Təsadüfi deyildir ki, Azərbaycan tarixinin intibah dövrü kimi dəyərləndirilən həmin illərdə, ölkəmizi ittifaq dövləti üçün xammal mənbəyi kimi saxlamağa çalışan SSRİ kimi imperiya dövlətinin yaratdığı bütün maneələrə və qadağalara baxmayaraq, Heydər Əliyev şəxsiyyətinin dahiyanə uzaqgörənliyi sayəsində milli iqtisadiyyatımızın formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycan həyatının bütün, xüsusilə də sosial-iqtisadi və mədəni sahələrində dinamik inkişafa nail olunmuş və Azərbaycanın quruculuq səlnaməsinə parlaq səhifələr yazılmışdır. Məhz həmin illərdə ölkə həyatının bütün istiqamətlərində formalaşdırılmış nəhəng və tükənməz potensial sonradan müstəqilliyimizin reallaşdırılması üçün əsaslı baza və təməl rolunu oynamışdır.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev sovet dövlətində ən yüksək vəzifələrdən sayılan SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə də, həmişə onun gündəlik qayğı və diqqətini hiss edən azərbaycan xalqı ilə bir olmuş, yüksək vəzifə səlahiyyətlərinin geniş imkanlarından istifadə edərək Azərbaycan Respublikasının inkişafı və tərəqqisi üçün bütün mümkün imkan və vasitələrdən istifadə etmişdir.

 

Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda savaşa başladığı və ittifaq dövlətinin imperiya ambisiyalarına qarşı mübarizəyə qalxdığı günlərdə də millətinə sadiq oğul kimi həmişə Heydər Əliyev azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən haqsızlıqlar və cinayətlərə qarşı qətiyyətlə mübarizə aparmışdır. 1990-cı ilin 20 yanvarında Bakı şəhərində qanlı faciəni törədənlərin hərəkətlərini qətiyyətlə pisləyən, imperiya dövlətinin paytaxtında etiraz yürüşünə çıxan həmyerlilərinin ön sırasında duran Heydər Əliyevin bu məsələ ilə əlaqədar bəyanatı qanlı cinayətin mahiyyətini və onu törədənlərin çirkin niyyətlərini bütün dünyaya göstərməklə yanaşı, xalqımızın azadlıq mübarizəsində daha sıx birləşməsi üçün də stimul rolu oynadı.

 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəaliyyətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrünün bütövlükdə Azərbaycan Respublikasının istiqlalı və tərəqqisi üçün müstəsna əhəmiyyəti olmuşdur. Tam blokada şəraitində yaşayan naxçıvanlıları öz ətrafında sıx birləşdirməklə Naxçıvanın ərazi bütövlüyünü erməni qəsbkarlarının işğalından qoruyan, SSRİ-ni saxlamaq üçün keçirilən qondarma referendumu boykot edən, Azərbaycanın üçrəngli bayrağını dövlət atributu kimi təsdiqləyən, sovet qoşunlarının Naxçıvandan çıxarılmasına nail olan, 20 yanvar faciəsinin həqiqi siyasi qiymətini verən, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasını rəsmiləşdirən Heydər Əliyev siyasəti Azərbaycanı dövlət müstəqilliyinə doğru aparacaq istiqamətləri müəyyənləşdirdi. Ölkəmizi həmin illərdə bürümüş xaos və anarxiya, sabaha ümidsizlik və qeyri-müəyyənlik şəraitində bütün Azərbaycan üçün milli dövlət quruculuğu nümunəsi göstərən Naxçıvan və onun müdrik rəhbəri Heydər Əliyev yeganə ümid yerinə çevrilmişdi və xalqımız öz nicatını yalnız ondan gözləyirdi.

 

«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsi ilə öz tarixinin yeni bir mərhələsinə - müstəqillik dövrünə qədəm qoyan Azərbaycan Respublikasının qarşısında bu müstəqilliyin qorunub saxlanılması, dövlətçiliyimizin inkişaf etdirilməsi və demokratik islahatların aparılması kimi mühüm vəzifələr dururdu.

 

Lakin 1993-cü ilin iyun ayına qədər hakimiyyətdə olan və xalqın dəstəyindən məhrum siyasi qüvvələrin milli mənafelərimizə zidd xəyanətkar hərəkətləri, öz siyasi ambisiyaları naminə atdıqları düşünülməmiş addımları nəticəsində Azərbaycanın hansı çətinliklər və problemlər qarşısında qaldığını həmin günlərin canlı şahidləri olan hər bir kəs çox yaxşı xatırlayır. Həmin dövrdə xalqına qarşı ağır cinayətlər törətmiş SSRİ imperiya dövlətinin əlaltıları olan Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Vaqif Hüseynov kimi hakimiyyət hərislərinin xəyanətkar hərəkətləri, ölkədə anarxiya və xaos vəziyyəti yaratmaqla kütləvi qanunsuzluqlar və özbaşınalıqlara yol verən AXCP-Müsavat hakimiyyətinin dövlətçiliyimizin maraqlarına zidd siyasəti nəticəsində əvvəlki illərdə yaradılmış qüdrətli iqtisadi potensial dağıdılmaqla sərvətlərimiz talan edildi, separatçılıq meyllərinin kəskin şəkildə güclənməsi Azərbaycanın müstəqilliyinin itirilməsi üçün ciddi təhlükə yaratdı, iqtidar səviyyəsində qanunsuz silahlı birləşmələrin yaradılmasına rəvac verilməsi ölkəni vətəndaş müharibəsi həddinə çatdırdı, cəzasızlıq şəraitinin formalaşdırılması nəticəsində cinayətkarlıq görünməmiş vüsət aldı, şəxsiyyətin hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adi bir hala çevrildi. Hakimiyyət uğrunda gedən çəkişmələr ona gətirib çıxardı ki, doğma torpaqlarımızın böyük bir hissəsi bəzi xarici dövlətlər tərəfindən dəstəklənən erməni qəsbkarları tərəfindən işğal edilməklə Azərbaycan dövlət müstəqilliyi və ərazi bütövlüyünü birdəfəlik itirmək təhlükəsi qarşısında qaldı və bir milyona yaxın soydaşımız öz doğma yurdlarından didərgin düşdü.

 

Dövlət böhranının və hakimiyyətsizliyin kulminasiya nöqtəsinə çatdığı, ölkədə vətəndaş müharibəsinin başlaması və dövlət müstəqilliyinin itirilməsi üçün real təhlükə yarandığı taleyüklü bir zamanda Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxan Azərbaycan xalqı öz liderinin dövlət idarəçiliyində zamanın sınaqlarından çıxmış zəngin təcrübəsi və müdrikliyinə, mübarizliyi və milli mənafelərə sadiqliyinə güvəndi. Azərbaycan tarixinə «Milli Qurtuluş günü» kimi daxil olan 15 iyun 1993-cü il tarixdə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə xilasedici və tarixi qayıdışı nəticəsində tariximizin «Heydər Əliyev dövrü»nün yeni, daha şərəfli və möhtəşəm bir mərhələsinin təməli qoyuldu.

 

Hakimiyyətə qayıdışının əsas məqsədi doğma Vətənini və xalqını düçar olduğu bəlalardan xilas etmək olan Heydər Əliyevin siyasi müdrikliyi və zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş siyasət tədbirləri nəticəsində vətəndaş müharibəsi və qardaş qırğınının qarşısı alınmaqla müstəqilliyimizin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsi birdəfəlik aradan qaldırıldı, dövlətçiliyimizin mövcudluğu üçün böyük təhlükə olan 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ayrı-ayrı daxili və xarici qüvvələr tərəfindən ölkə prezidentinin fiziki cəhətdən məhv edilməsi üçün dəfələrlə təşkil edilmiş sui-qəsd və terror aktları zərərsizləşdirildi, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulmaqla Azərbaycanda möhkəm və davamlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi. Atəşkəs əldə edilməklə xalqımızın ən aürılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməklə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan güclü və nizami Milli Îrdu formalaşdırıldı.

 

Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, özünün yaratdığı dayanıqlı sabitlik şəraitindən istifadə edərək, ölkəmizin iqtisadi müstəqilliyinin və əhalinin rifahının təmin edilməsinə yönəldilmiş Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını yaratdı və onun mərhələ-mərhələ həyata keçirilməsini təmin etdi. Ölkəmizin uğurlu gələcəyə hesablanmış neft strategiyasının həyata keçirilməsi sayəsində 1994-cü ilin sentyabrında «Əsrin Müqaviləsi» adlandırılan ilk neft müqaviləsinin imzalanması və prezidentimizin şəxsi təşəbbüsü və nüfuzu sayəsində ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi «İpək Éolu»nun bərpasına başlanılması nəticəsində milyardlarla dollar məbləüində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar həyata keçirilməklə, bazar iqtisadiyyatının bərqərar olması və özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritetə çevrildi.

 

Gələcəyə istiqamətləndirilmiş uğurlu Heydər Əliyev iqtisadi siyasətinin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın coğrafi-strateji mövqeyi və beynəlxalq siyasət aləmində rolu əhəmiyyətli dərəcədə yüksəlmiş, Azərbaycan ölkəmizin hərtərəfli inkişafı üçün stimul yaradan, günü-gündən xalqımızın maddi rifah halı və həyat səviyyəsini yüksəltməyə imkan verən, daim inkişaf edən və möhkəmlənən iqtisadi potensiala malik bir dövlətə çevrilmişdir.

 

1993-cü ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlətçilik siyasətinin aparıcı və əsas istiqamətlərindən olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda görülən tədbirlər və milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara əsaslanan köklü hüquq islahatları nəticəsində demokratiyanın və insan hüquq və azadlıqlarının bərqərar olması üçün əsaslı zəmin yaradılmışdır.

 

Memarı Heydər Əliyev olan və bəşəri demokratik dəyərləri özündə əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident və parlament seçkilərinin keçirilməsi təcrübəsinin formalaşdırılması, siyasi plüralizm, söz və mətbuat azadlığı üçün, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar kimi vətəndaş cəmiyyətinin yaradılmasını şərtləndirmişdir.

 

Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi və digər islahatların aparılması məqsədilə dövlət başçısının gündəlik nəzarəti altında ölkəmizin bu günü və gələcəyi üçün son dərəcə vacib və əhəmiyyətli qanunların işlənilib hazırlanması təmin edilmiş, qısa müddətdə «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və digər qanunların, mahiyyətcə beynəlxalq standartlara uyğun olaraq tamamilə yenidən hazırlanmış Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual və sair məcəllələrin qəbul edilməsi ölkəmizin hüquq sisteminin əsaslı surətdə yenidən qurulması ilə nəticələnmişdir. Müstəqil və hüquqi Azərbaycan dövləti quruculuğu yolunda ən mühüm mərhələlərdən biri olmuş yeni qanunvericilik bazasının yaradılması istiqamətində görülən işləri əsl inqilabi yenidənqurma kimi dəyərləndirmək olar.

 

Xüsusi qeyd edilməlidir ki, insan hüquq və azadlıqlarının hərtərəfli müdafiəsi, humanizm və sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi hakimiyyətdə olduğu bütün dövrlərdə, xüsusilə də 1993-cü ildən sonrakı mərhələdə Heydər Əliyev dövlətçilik siyasətinin mahiyyətini təşkil edən əsas vəzifə olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda ölüm cəzasının ləğv edilməsi, Azərbaycan dövlətinin insan hüquq və azadlıqları sahəsində 130-a yaxın beynəlxalq konvensiya və sazişə qoşulması, ölkəmizin dünyaya və Avropaya inteqrasiyası proseslərinin sürətləndirilməsi sahəsində mühüm rolu olan «İnsan hüquq və azadlıqlarının təmin edilməsi haqqında» 1998-ci il 22 fevral tarixli Fərmanın verilməsi ilə bu istiqamətdə görülən işlər dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.

 

Müstəqil Azərbaycanın hərtərəfli inkişafına istiqamətləndirilmiş Heydər Əliyev strateji xəttinin düzgünlüyünün, onun rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, 2001-ci ilin yanvar ayında Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaqla, ölkəmizdə həyata keçirilən demokratik və hüquqi dövlət quruculuğu tədbirlərinin layiqli qiyməti verilmişdir.

 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən və statusunu müəyyənləşdirən normativ-hüquqi bazanın yaradılması məhz ümummilli liderimiz cənab Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ölkə başçısının dövlətçiliyimizin əsas sütunlarından biri hesab etdiyi prokurorluq orqanlarına dövlət qayğısının nəticəsidir ki, Konstitusiyada prokurorluğun təşkili və fəaliyyət prinsiplərini, hüquqi statusunu müəyyənləşdirən normalar nəzərdə tutulmuş, «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» demokratik mahiyyətli mütərəqqi qanunlar və digər normativ-hüquqi sənədlər qəbul edilmişdir.

 

Azərbaycan Prezidenti kimi Azərbaycan prokurorluğuna inandığını, güvəndiyini və arxalandığını bəyan edən Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi və bütün prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən müşavirədəki proqram xarakterli dərin məzmunlu çıxışından irəli gələn tövsiyə və göstərişlər məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarında həyata keçirilən islahatların əsasını təşkil etmişdir. Məhz həmin tövsiyə və göstərişlərə müvafiq olaraq həyata keçirilən islahatlar və struktur dəyişiklikləri nəticəsində Azərbaycan prokurorluğu dövlətçiliyimizin maraqlarına və qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması məqsədlərinə xidmət edən demokratik və sivil bir quruma çevrilmişdir.

 

Danılmaz bir həqiqətdir ki, Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra respublikamızın hüquq-mühafizə orqanlarının fəaliyyətində də əsaslı dönüş yaranmış, ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyi amilləri ön plana çəkilmişdir. Məhz xalqımızın ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz müharibə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, «cəzanın labüdlüyü» prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

 

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» 09 avqust 1994-cü il tarixli fərmanı cinayətkarlığa qarşı mübarizə işinin təşkili məsələlərini dövlət siyasəti səviyyəsinə qaldıraraq, bu istiqamətdə uzun müddətli bir dövr üçün respublika hüquq-mühafizə orqanlarının fəaliyyət proqramını müəyyənləşdirmişdir.

 

Ömummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi xətt əsasında cinayətkar təzahürlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasının, respublika hüquq-mühafizə orqanları arasında sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, 1993-cü ildən başlayaraq dinamika və strukturunda qanunçuluğun təmin edilməsi baxımından əhəmiyyətli müsbət dəyişikliklər baş verən mövcud kriminogen duruma dövlət orqanları tərəfindən tam nəzarət edilir, mütəşəkkil cinayətkarlığın neqativ və təhlükəli təzahürlərinin qarşısı qətiyyətlə alınır. Son 10 il ərzində cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş bütün müsbət nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş Heydər Əliyevin respublikamızda dönməz və dayanıqlı sabitlik yaradılması yolunda həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.

 

Cinayətkarlığa qarşı barışmaz mübarizə xəttini tutan Heydər Əliyev eyni zamanda humanizm prinsiplərinə əsaslanan cinayət hüquqi siyasətinin həyata keçirilməsinin tərəfdarı olmuş, 1995-ci ilin may ayında ölkəmizdə əfvetmə institutu bərpa edilməklə, xalqımızın ümummilli liderinin imzaladığı əfv fərmanları və onun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında son 8 il ərzində 70 mindən artıq məhkum edilmiş şəxs müxtəlif cəzalardan tam və ya qismən azad edilmişdir.

 

Heydər Əliyevin öz xalqı qarşısında ən misilsiz xidmətlərindən biri də ondan idarət olmuşdur ki, o, azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldıraraq, dünya azərbaycanlılarının həmrəyliyinin yaradılması, onların müstəqil Azərbaycan ətrafında sıx birləşməsi yolunda mühüm addımlar atmış, dünya azərbaycanlılarının ölkəmizin paytaxtı Bakı şəhərində keçirilmiş birinci qurultayının təşəbbüskarı olmuşdur.

 

Birmənalı şəkildə qeyd edilməlidir ki, 1969-cu ildən başlayaraq Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazandığı bütün nailiyyətlər, demokratik və hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşdırılması yolunda əldə edilən bugünkü uğurlar, xalqımızın xoşbəxt yaşayışının təmin edilməsi üçün görülmüş böyük işlər, ölkəmizin gələcək inkişafı üçün strateji əsasların yaradılması yalnız və yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna və titanik fəaliyyəti nəticəsində mümkün olmuşdur.

 

Azərbaycan və Azərbaycan xalqı üçün əlindən gələni və qeyri-mümkün olanları etmiş Heydər Əliyev kimi nadir bir şəxsiyyət haqqında keçmiş zamanda danışmaq hamımız üçün çox aürılı və üzüntülü haldır. Lakin 12 dekabr 2003-cü il tarixdə haqq dünyasına - ölməzliyə qovuşan Heydər Əliyevin dəfn mərasimi əyani şəkildə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının öz dahi rəhbərinə olan böyük etimad və ehtiramı ölçüyəgəlməzdir və tarix kitabımıza öz şanlı səhifələrini yazan bu şəxsiyyətin parlaq və unudulmaz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 10 mart 2004-cü il tarixdə imzalanmış və ölkə vətəndaşlarının öz yığıncaqlarında, kütləvi informasiya vasitələrində və müxtəlif tədbirlərdə qaldırdıqları vəsatətlərə müvafiq olaraq hazırlanmış «Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında» Fərman da məhz öz dahi rəhbərinə ümumxalq məhəbbətinin təzahürü kimi qiymətləndirilməlidir.

 

Azərbaycanın çətinliklər və problemlərlə üzləşdiyi çətin və taleyüklü bir məqamda xilaskarlıq missiyasını öz üzərinə götürməklə, tarixin yetişdirdiyi nadir şəxsiyyətlərə məxsus uzaqgörənliyi, müdrikliyi və siyasi zəkası sayəsində yeni Azərbaycanı, həyatımızın mövcud gerçəkliklərini yaradan Heydər Əliyev dühası, dövlət idarəçiliyində onun yaratdığı zəngin idarəçilik məktəbi, onun müəyyənləşdirdiyi ölkəmizin gələcək inkişafının strateji istiqamətləri həmişə xoşbəxt gələcəyə tam təminat verən amillər kimi xalqımızın inkişaf yolunu daima işıqlandıracaqdır.

 

Azərbaycan xalqı üçün Heydər Əliyev itkisinin aürısını azaldan həlledici amil ondan ibarətdir ki, 2003-cü ildə tam demokratik prosedurlar əsasında keçirilən prezident seçkilərinin nəticələrinə görə «Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbi»nin layiqli davamçısı olan, fəaliyyət göstərdiyi bütün sahələrdə özünü təcrübəli siyasətçi və xalqına xidməti həyat amalı kimi qəbul edən dövlət xadimi kimi göstərmiş cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Müdrik və qədirbilən Azərbaycan xalqının bu seçimi, ilk növbədə, əsası 1993-cü ildə qoyulmaqla bu günə qədər davam edən Heydər Əliyev dövlətçilik siyasətinin təntənəsi və bu strateji siyasi kursun həyatiliyi və daimiliyinin təzahürüdür.

 

Heydər Əliyev siyasi kursunun davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən həyata keçirdiyi dövlətçilik tədbirləri ilə əyani şəkildə sübuta yetirmişdir ki, onun əsas məqsədi öz millətinə xidmət etməkdən, dövlətçiliyimizin əbədiliyi və daimiliyini təmin etməkdən, Azərbaycan Respublikasını daha da inkişaf etmiş və iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevirməkdən, xalqın həyat səviyyəsini durmadan yüksəltməkdən ibarətdir.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2003-cü il tarixdə keçirilmiş Nazirlər Kabinetinin birinci iclasında yaxın gələcək və perspektiv üçün respublika hökuməti qarşısında duran vəzifələri və iqtisadiyyatımızın yüksələn xətlə inkişaf proqramını müəyyənləşdirən əhatəli və dərin məzmunlu məruzəsindən, «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında» 24 noyabr 2003-cü il və «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında» 11 fevral 2004-cü il tarixli Fərmanlarından, həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət tədbirlərindən də göründüyü kimi, Azərbaycan dövlətinin siyasəti və gündəlik fəaliyyəti, ilk növbədə, Heydər Əliyevin ideyalarının və onun müəyyənləşdirdiyi strateji məqsədlərin həyata keçirilməsinə, demokratik yenidənqurma proseslərinin daha da inkişaf etdirilməsinə, xalqımızın maddi-sosial vəziyyətinin durmadan yaxşılaşdırılmasına, hərtərəfli iqtisadi yüksəlişin təmin olunmasına, xalqımızın ən aürılı yeri olan Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə istiqamətləndirilmişdir.

 

Dövlət başçısı kimi fəaliyyətə başladığı qısa müddət ərzində uğurlu xarici siyasət tədbirləri həyata keçirməklə, Rusiya Federasiyası, Fransa, Türkiyə, Qazaxıstan və Özbəkistan respublikaları kimi dünya dövlətlərinə səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində böyük işlər görmüşdür.

 

Qeyri-konstruktiv və radikal müxalifət qüvvələrinin milli mənafelərə zidd bəyanatlarına, cəmiyyətdə gedən demokratik proseslərə mane olmaq cəhdlərinə baxmayaraq, yuxarıda qeyd edilən istiqamətlərdə həyata keçirilən uğurlu dövlətçilik tədbirlərinin və bu tədbirlərin beynəlxalq aləmdə müsbət qarşılanmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Şurasının işində xüsusi fəallıq göstərdiyinə görə, həmin təşkilatın tarixində dövlət başçısı kimi ikinci olmaqla, Şuranın Parlament Assambleyasının xüsusi qızıl medalı kimi nadir mükafata layiq görülmüşdür.

 

Çıxışımın sonunda mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi olan Heydər Əliyev dövründə yaradılmış zəngin dövlətçilik irsindən, bu dahi şəxsiyyətin ideyalarından xalqımızın hələ neçə-neçə nəsillər bəhrələnəcək, onun qurub-yaratdığı müstəqil Azərbaycan əbədi yaşayacaqdır.

 

Xalqımızın ümummilli liderinin etimad və qayğısı sayəsində formalaşmış və demokratik məzmunda yeniləşmiş Azərbaycan Respublikası Prokurorluğu Heydər Əliyev siyasi kursunun davam etdirilməsində, onun əbədiliyi və daimiliyi üçün bütün təminatlar yaratdığı dövlət müstəqilliyimizin, ictimai-siyasi sabitlik və əmin-amanlığın hər cür qəsdlərdən qorunmasında bu siyasi kursun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həmişə yardımçı olacaqdır.