Sayt üzrə axtarış

















Əsas səhifə / Digər məlumatlar /Baş prokurorun məqalə və çıxışları

2003-05-04
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 80 illik yubileyi ilə əlaqədar 5 may 2003-cü il tarixdə Baş Prokurorluqda elmi-praktiki konfrans keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 80 illik yubileyi ilə əlaqədar 5 may 2003-cü il tarixdə Baş Prokurorluqda keçirilmiş elmi-praktiki konfransda Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun məruzəsinin

T E Z İ S L Ə R İ


Hörmətli həmkarlar
və qonaqlar!

Azərbaycan xalqı bu günlərdə öz yeni tarixinin ən əlamətdar günlərindən birini – XX əsrdə xalqımızın yetişdirdiyi ən dahi siyasətçi və görkəmli dövlət xadimi olan müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı Respublika Prezidenti möhtərəm Heydər Əliyev cənablarının səksən illik yubileyini təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Məlumat üçün nəzərinizə çatdırmaq istəyirəm ki, yubiley təntənələri ilə əlaqədar Azərbaycan Respublikası prokurorluğu orqanları sisteminə daxil olan bütün tabe struktur qurumlarda ictimaiyyətin nümayəndələrinin, ziyalıların, icra strukturları və hüquq mühafizə orqanları işçilərinin iştirakı ilə müstəqil dövlətçiliyimizin yaradıcısı, məhkəmə-hüquq islahatlarının memarı, qanunçuluğun və insan hüquq və azadlıqlarının təminatçısı olan dövlət başçısının fəaliyyətinə həsr olunmuş elmi-praktiki konfranslar keçirilmiş, xalqımızın sınanmış lideri olan cənab Heydər Əliyevin müasir Azərbaycan tarixində möhtəşəm və əvəzedilməz roluna münasibət bildirilməklə, onun rəhbərliyi altında ölkəmizin xoşbəxt gələcəyinin təmin olunacağına inam ifadə olunmuşdur.
Heydər Əliyev kimi dahi bir şəxsiyyətin keçdiyi həyat yolunun bütün mərhələləri, onun Azərbaycana rəhbərlik etdiyi 1969–1982-ci illər, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini işlədiyi 1982 – 1987-ci illər, məcburi istefaya göndərildiyi və Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin sədri kimi fəaliyyət göstərdiyi 1987–1993-cü illər, habelə xalqının israrlı tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonrakı 10 il ərzindəki titanik fəaliyyəti öz xalqına və millətinə sədaqətlə xidmətin, onun xoşbəxt gələcəyinin təmin olunması istiqamətində gərgin və möhtəşəm fəaliyyətin ən bariz nümunəsi kimi bütün nəsillər və hamımız üçün örnək ola biləcək bir ibrətamiz həyat yoludur.

 Məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyev tərəfindən 1969-cu ildən başlayaraq həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət tədbirləri sayəsində bu gün Azərbaycan Respublikası inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilmiş, mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində demokratik, hüquqi və sivil bir dövlət yaradılmış, «Əsrin müqaviləsi»nin imzalanması, geniş miqyasda xarici investisiyaların cəlb edilməsi və belə xarakterli digər tədbirlər sayəsində ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitliyə və tam əmin-amanlığa nail olunmaqla qanunun aliliyinə tam təminat verən vətəndaş cəmiyyəti formalaşdırılmışdır.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin tarixi 1991-ci ilin 18 oktyabrından başlasa da, onun siyasi, sosial-iqtisadi əsasları məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX əsrin 70-80-cı illərində yaradılmış, məhz həmin dövrdə xalqımızı milli müstəqilliyə aparacaq çətin, lakin şərəfli bir yolun hərtərəfli təməli qoyulmuşdur. Məhz həmin tarixi dövrdə, SSR İttifaqı kimi nəhəng bir imperiya dövlətinin tərkibində olmasına baxmayaraq, Heydər Əliyev şəxsiyyətinin dahiyanə uzaqgörənliyi sayəsində Azərbaycan həyatının bütün sahələrində formalaşdırılmış nəhəng və tükənməz potensial sonradan müstəqilliyimizin reallaşdırılması üçün əsaslı baza və təməl rolunu oynamışdır.
Î hal xüsusi vurğulanmalıdır ki, möhtərəm Prezidentimiz cənab Heydər Əliyev xalqımızın xoşbəxt gələcəyinə təminat verən öz xilaskarlıq missiyasına məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə başlamışdır. SSR İttifaqı imperiya dövlətinin dağılmaqda olduğu bir dövrdə cənab Heydər Əliyevin rəhbərliyi altında mərhələ-mərhələ həyata keçirilən uzaqgörən siyasət tədbirləri nəticəsində Naxçıvan Muxtar Respublikasının timsalında müstəqil dövlətin modeli yaradılmış, dövlət müstəqilliyinin əldə edilməsi və onun dönməzliyinin təmin olunmasının proqramı müəyyənləşdirilmişdir. Respublikanın o dövrdə imperiya maraqlarına xidmət edən xəyanətkar rəhbərlərinin bütün təzyiqlərinə baxmayaraq, Muxtar Respublika ərazisində SSRİ-nin saxlanılması məqsədilə keçirilən referendumun boykot edilməsi, üç rəngli bayrağımızın və milli himnimizin Naxçıvanın dövlət rəmzləri elan olunması, 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilməsi, imperiya dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi 20 yanvar faciəsinin ilk dəfə olaraq siyasi-hüquqi qiymətinin verilməsi, sovet qoşunlarının Naxçıvan ərazisindən tamamilə çıxarılması bu böyük siyasətin tərkib hissələri idi. Eyni zamanda, ağır blokada şəraitində yaşayan Naxçıvan əhalisini öz ətrafında sıx birləşdirən cənab Heydər Əliyevin qətiyyətli hərəkətləri nəticəsində Muxtar Respublikanın ərazi bütövlüyü qorunub saxlanıldı, torpaqların erməni qəsbkarları tərəfindən işğalına yol verilmədi.

Hörmətli həmkarlar!

«Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsi ilə öz tarixinin yeni bir mərhələsinə – müstəqillik dövrünə qədəm qoyan Azərbaycan Respublikasının qarşısında bu müstəqilliyin qorunub saxlanılması, dövlətçiliyimizin inkişaf etdirilməsi və demokratik islahatların aparılması kimi mühüm vəzifələr dururdu. Lakin çox təəssüflər olsun ki, o vaxt iqtidarda olan qüvvələr xalqına qarşı xəyanətkar mövqe tutaraq böyük çətinliklər və vətən övladlarının qanı bahasına əldə edilmiş müstəqilliyimizin reallaşdırılması istiqamətində faktiki olaraq heç bir addım atmadılar.

Öz xalqına qarşı ağır cinayətlər törətmiş imperiya əlaltıları olan Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Vaqif Hüseynov kimilərin xəyanətkar hərəkətləri, hakimiyyətdə olduqları bir il müddət ərzində kütləvi özbaşınalıqlara və anarxiyaya rəvac verən AXCP-Müsavat cütlüyünün düşünülməmiş və naşı siyasəti nəticəsində XX əsrin 70-80-cı illərində yaradılan qüdrətli iqtisadi potensial dağıdıldı və milli sərvətlərimiz talan edildi.

Hamınızın yaxşı yadındadır. Anarxiya və xaos dövrü kimi səciyyələndirilən 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində seperatçılıq meyllərinin kəskin şəkildə güclənməsi Azərbaycanın müstəqilliyinin itirilməsi üçün ciddi təhlükə yaratdı, iqtidar səviyyəsində qanunsuz silahlı birləşmələrin yaradılmasına rəvac verilməsi ölkəni vətəndaş müharibəsi həddinə çatdırdı, cəzasızlıq şəraitinin formalaşdırılması nəticəsində cinayətkarlıq görünməmiş vüsət aldı, şəxsiyyətin hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması adi bir hala çevrildi. Hakimiyyət uğrunda gedən çəkişmələr ona gətirib çıxartdı ki, doğma torpaqlarımızın böyük bir hissəsi bəzi xarici dövlətlər tərəfindən dəstəklənən erməni qəsbkarları tərəfindən işğal edilməklə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü birdəfəlik itirilmək təhlükəsi qarşısında qaldı və bir milyona yaxın soydaşımız öz doğma yurdlarından didərgin düşdü.

Éeni Azərbaycan tarixinin bu dövründə baş verən hadisələr möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin dahiyanə uzaqgörənliklə söylədiyi «Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanması, daimi, əbədi olması bundan da çətindir» fikrinin düzgünlüyünün bir daha sübutu kimi qiymətləndirilməlidir.
Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qalan xalqımız və ictimaiyyət bütün aydınlığı ilə dərk edirdi ki, ölkəni yaranmış vəziyyətdən yalnız və yalnız Heydər Əliyev şəxsiyyəti, onun dövlət idarəçiliyində zamanın sınaqlarından çıxmış zəngin təcrübəsi, müdrikliyi və dərin zəkası, mübarizliyi və milli mənafelərə sadiqliyi qurtara bilər.

Dövlətçiliyimizin ağır və təhlükəli sınaqlar qarşısında qaldığı belə bir dövrdə xalqının israrlı tələbi ilə 15 iyun 1993-cü ildə Azərbaycanda hakimiyyətə xilasedici qayıdış edən möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin həyata keçirdiyi müdrik daxili və xarici siyasət tədbirləri nəticəsində vətəndaş müharibəsi və qardaş qırğınının qarşısı alınmaqla müstəqilliyimizin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsinin qarşısı birdəfəlik alındı, respublikamız dünya dövlətləri birliyində öz layiqli yerini tutması üçün məqsədyönlü xarici siyasət tədbirlərinin həyata keçirilməsinə başlanılmaqla Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından biri olan Avropa Şurasına üzv qəbul olunması kimi diplomatik uğura nail olundu. «Əsrin neft müqaviləsi»nin imzalanması, «Böyük ipək yolunun» bərpasına başlanılması və xarici investisiyaların ölkəmizə cəlb edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər sayəsində xalqımızın maddi rifah halının yaxşılaşdırılması üçün möhkəm əsaslar yaradıldı. Atəşkəs əldə edilməklə xalqımızın ən aürılı yeri olan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməklə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etməyə və Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlamağa qadir olan Milli Îrdumuz formalaşdırıldı.

Məhz dövlətçiliyimizin yaradıcısı olan cənab Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən müdrik siyasət tədbirləri sayəsində dövlət müstəqilliyini qoruyub saxlayan xalqımız öz müdrik rəhbərinin titanik fəaliyyətinin əsil qiymətini verərək 1993-cü ilin 15 iyununu «Qurtuluş günü» kimi bayram edir.

Hörmətli həmkarlar!

Hamınızın yaxşı yadındadır ki, cənab Heydər Əliyevin rəhbərliyi altında qazandığımız uğurları gözü götürməyən, itirilmiş hakimiyyətlərini geri qaytarmaq xülyaları ilə yaşayan xalqına xəyanət etmiş və xaricdən dəstəklənən bəzi qüvvələr tərəfindən 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişlərinə silahlı cəhdlər göstərilsə də, Dövlət başçısına qarşı çoxsaylı terror aktları həyata keçirilməsi planlaşdırılsa da, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin qətiyyətli hərəkətləri nəticəsində dövlətçiliyimizin əleyhinə yönəldilmiş bu cinayətkar hərəkətlərin qarşısı alınmaqla ölkədə dönməz ictimai-siyasi sabitlik və əmin- amanlıq bərpa edildi. Həmin dövrlərdə milli müstəqilliyimizə, dövlətçiliyimizə qarşı yönəldilmiş hər bir cinayətkar cəhdin özəyində görkəmli dövlət xadimi cənab Heydər Əliyevin həyatına sui-qəsd dururdu. İnanmıram ki, dünyanın ikinci elə bir ölkəsi və dövlət başçısı olsun ki, çoxsaylı terror aktları və cinayətkar qəsdlərə baxmayaraq, yalnız öz xalqının gücü ilə bu qədər çətinliklərin öhdəsindən gələ bilsin, öz məmləkətinin qurtuluşunu təmin etsin. Mən burada xalqımızın iradəsini, hüquq-mühafizə orqanlarının gərgin əməyini də qeyd etməklə, onu da bildirmək istəyirəm ki, cənab Prezidenti Azərbaycan üçün hər şeydən əvvəl Böyük Yaradan özü qorumuş və millətin gələcəyi naminə bundan sonra da qoruyacaqdır.

Məhz bu dövrdən başlayaraq möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycanda köklü hüquq islahatlarına başlanıldı. Xalqımızın milli və dövlətçilik ənənələrinə, ümumbəşəri dəyərlərə və beynəlxalq standartlara əsaslanan bu hərtərəfli islahatlar nəticəsində ölkəmizin demokratik, hüquqi və dünyəvi bir dövlətə çevrilməsi təmin olunmuşdur.
Ölkə Prezidenti cənab Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən işlənilib hazırlanmaqla 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi yolu ilə yekdilliklə qəbul edilmiş ilk milli Konstitusiyamız Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoymuş, hüquqi islahatların həyata keçirilməsinə hərtərəfli zəmin yaratmışdır.

Konstitusiyanın müddəalarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hüquqi və digər islahatların aparılması məqsədilə Dövlət başçısının rəhbərlik etdiyi komissiya tərəfindən ölkəmizin bu günü və gələcəyi üçün son dərəcə vacib və əhəmiyyətli qanunların işlənilib hazırlanması təmin edilmişdir. Qısa müddət ərzində «Konstitusiya məhkəməsi haqqında», «Məhkəmələr və hakimlər haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Prokurorluq haqqında», «Polis haqqında», «Əməliyyat-axtarış fəaliyyəti haqqında» və digər qanunların, mahiyyətcə beynəlxalq standartlara uyğun olaraq tamamilə yenidən hazırlanmış Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual və sair məcəllələrin qəbul edilməsi ölkəmizin hüquq sisteminin əsaslı surətdə yenidən qurulması ilə nəticələnmiş, hüquqi dövlət quruculuğunda əhəmiyyətli rol oynamışdır.
Müstəqil Azərbaycan Respublikasının hüquqi dövlət quruculuğu yolunda ən mühüm mərhələlərdən biri olan yeni qanunvericilik bazasının yaradılması istiqamətində görülən işləri heç bir şişirtməyə yol vermədən əsl intibah dövrü kimi dəyərləndirmək olar.

Hörmətli həmkarlar!


Hər bir prokurorluq əməkdaşı üçün fərəh doğuran haldır ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən və statusunu müəyyənləşdirən normativ hüquqi bazanın yaradılması məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ölkə başçısının dövlətçiliyimizin əsas sütunlarından biri hesab etdiyi prokurorluq orqanlarına dövlət qayğısının nəticəsidir ki, Konstitusiyada prokurorluğun təşkili və fəaliyyət prinsiplərini, hüquqi statusunu müəyyənləşdirən normalar nəzərdə tutulmuş, «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və digər demokratik mahiyyətli mütərəqqi qanunlar və «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamə kimi normativ-hüquqi sənədlər qəbul edilmişdir.

Î hal xüsusi qeyd edilməlidir ki, məhz ölkə Prezidenti cənab Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabrın 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi qərara alınmış, Azərbaycan Respublikası Prokurorluğu orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağında dövlət başçısı «Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram» demişdir.

Ölkə Prezidenti cənab Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi və bütün prokurorluq əməkdaşları üçün tarixi əhəmiyyət kəsb edən müşavirədəki proqram xarakterli dərin məzmunlu çıxışından irəli gələn tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanlarında həyata keçirilən islahatların əsasını təşkil etmişdir. Məhz həmin tövsiyə və göstərişlərə müvafiq olaraq həyata keçirilən islahatlar və struktur dəyişiklikləri nəticəsində Azərbaycan Prokurorluğu dövlətçiliyimizin maraqlarına və qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması məqsədlərinə xidmət edən demokratik və sivil bir quruma çevrilmişdir.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında» 08 oktyabr 2002-ci il tarixli Sərəncamı ən əlamətdar hadisələrdən biri kimi həmişə prokurorluğun tarixində yadda qalacaqdır. Keçid dövrünü yaşayan Azərbaycan Respublikasının obyektiv çətinliklərlə rastlaşdığı bir dövrdə prokurorluq işçilərinin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, onların maddi və sosial təminatlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün digər tədbirlərin müəyyənləşdirilməsi Respublika Prezidenti tərəfindən və dövlət səviyyəsində göstərilən etimad və qayğının təzahürü kimi hər bir prokurorluq əməkdaşı üçün müstəsna əhəmiyyət kəsb edir.

Hörmətli həmkarlar!

Xüsusi qeyd edilməlidir ki, məhz möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz müharibə elan edilməklə, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər edilmiş, «cəzanın labüdlüyü» prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

Hamınızın yaxşı yadındadır ki, AXCP-Müsavat cütlüyünün hakimiyyətdə olduğu müddət ərzində cinayətkarlığa qarşı mübarizə işinin təşkili hansı vəziyyətdə idi, formalaşmış anarxiya və cəzasızlıq şəraitinin məntiqi nəticəsi idi ki, həmin dövrdə 286 qəsdən adam öldürmə cinayəti açılmamış qalmaqla «cəzanın labüdlüyü» prinsipinin təmin olunması istiqamətində real tədbirlər görülmürdü.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının» möhkəmləndirilməsi tədbirləri haqqında» 09 avqust 1994-cü il tarixli Fərmanı cinayətkarlığa qarşı mübarizə işinin təşkili məsələlərini dövlət siyasəti səviyyəsinə qaldıraraq, bu istiqamətdə uzun müddətli bir dövr üçün respublika hüquq-mühafizə orqanlarının fəaliyyət proqramını müəyyənləşdirmişdir.

Möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin müəyyənləşdirdiyi xətt əsasında, cinayətkar təzahürlərə qarşı mübarizənin səmərəliliyinin artırılmasının, respublika hüquq-mühafizə orqanları arasında sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, 1993-cü ildən başlayaraq dinamika və strukturunda qanunçuluğun təmin edilməsi baxımından əhəmiyyətli müsbət dəyişikliklər baş verən mövcud kriminogen duruma dövlət orqanları tərəfindən tam nəzarət edilir. Müqayisə üçün nəzərinizə çatdırmaq istəyirəm ki, 1992-ci ilə münasibətdə 2000-ci ildə qeydə alınmış ümumi cinayətlərin sayı 32, o cümlədən ağır cinayətlərin sayı 30 faiz azalmış, həmin cinayətlərin açılma faizləri isə müvafiq olaraq 22,8 və 30 faiz artmışdır. Çox müsbət haldır ki, Azərbaycanla qonşu olan bir sıra dövlətlərdə mütəşəkkil cinayətkarlığın sürətlə artdığı, nəzarətdən çıxmaqla qanunçuluq və dövlət strukturlarına meydan oxuduğu bir zamanda respublikamızda belə neqativ və təhlükəli təzahürlərin qarşısı qətiyyətlə alınmışdır.

Cinayətkarlığa qarşı mübarizə sahəsində əldə edilmiş və ölkəmizdə kriminogen durumun daha da sabitləşməsi ilə nəticələnən bu müsbət nailiyyətlər qanunun aliliyi prinsipini fəaliyyətinin və dövlət siyasətinin əsas devizinə çevirmiş Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin respublikamızda dönməz sabitlik və əmin-amanlıq yaradılması yolunda həyata keçirdiyi məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.

Hörmətli həmkarlar!

Hamımıza yaxşı məlumdur ki, 1969-cu ildən başlayaraq Azərbaycan Respublikasının qazandığı nailiyyətlər, demokratik və hüquqi bir dövlət quruculuğu yolunda əldə edilən bugünkü uğurlar, xalqımızın hərtərəfli təminatları olacaq xoşbəxt gələcəyi yalnız və yalnız Ölkə Prezidenti möhtərəm cənab Heydər Əliyevin müstəsna və titanik fəaliyyəti ilə əlaqədardır. Bu gün tam inamla bəyan etmək olar ki, Azərbaycan xalqının sınanmış rəhbəri tərəfindən ölkəmizin yüksələn xətt üzrə gələcək inkişafı üçün bütün strateji əsasların yaradılması təmin edilmişdir.

Hazırda Azərbaycan xalqının qarşısında qısa müddətlərdə dünyanın qabaqcıl ölkələrinin yüz illər ərzində keçdiyi demokratik inkişaf yolunu keçmək, ölkəmizi bu dövlətlərin inkişaf səviyyəsinə qaldırmaq kimi tarixi bir missiya durur. Bu missiyanın müvəffəqiyyətlə həyata keçirilməsi üçün həmişə millətinin və xalqının taleyini düşünən, eyni zamanda, dünyada gedən qloballaşma və inteqrasiya proseslərini düzgün başa düşən insanlara böyük tələbat vardır. Müasir dövrün tələbləri səviyyəsində fəaliyyət göstərməyi bacaran, qüdrətli xarici dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlarla iş qurmağı, Azərbaycana investisiyalar cəlb etməyi bacaran, müasir və sivil düşüncəsi olan yeni nəslə-gənc kadrlara tələbat çox böyükdür.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı qısa müddət ərzində möhtərəm Prezidentimizin öz xalqına bəxş etdiyi ən qiymətli sərvətlərdən biri ondan ibarətdir ki, bu illər ərzində «Heydər Əliyev dövlətçilik və idarəçilik məktəbi» yaradılmışdır. Bu məktəbin imkanlarından dəyərlənməklə ölkə həyatının bütün sahələrində beynəlxalq standartlar səviyyəsində işləmək bacarığı olan, cənab Heydər Əliyevin müdrik rəhbərliyi altında, yaşlı və orta nəslin nümayəndələri ilə çiyin-çiyinə Azərbaycanın dövlət müstəqilliyini qorumağa və onu daha da inkişaf etdirməyə qadir olan yeni gənc nəsil yetişmişdir.

Qanunauyğun haldır ki, gənc nəslin bu nümayəndələrinin önündə Heydər Əliyev ailəsində tərbiyə almaqla onun dövlətçilik və idarəçilik məktəbini mükəmməl mənimsəyən Milli Məclisin deputatı, Milli Îlimpiya Komitəsinin Prezidenti, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev durur. Müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasətinin həyata keçirilməsində İlham Əliyevin ölkəmizin mənafeyi naminə çoxşaxəli və səmərəli fəaliyyəti xalqımıza yaxşı məlumdur.

Ölkəmizin nüfuzlu beynəlxalq təşkilat olan Avropa Şurasına tam hüquqlu üzv kimi qəbulundan sonra Parlament Assambleyasının iclaslarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən İlham Əliyev Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamış, məhz onun təşəbbüsü ilə Şuranın Nazirlər Kabineti tərəfindən Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla həll olunması barədə qərar qəbul edilmişdir. 2003-cü ilin əvvəllərində İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasının sədrinin birinci müavini və büro üzvü kimi mötəbər vəzifələrə seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artmasının əyani sübutu olmaqla yanaşı, şəxsən cənab İlham Əliyevin həmin qurumdakı səmərəli və prinsipial fəaliyyətinin və şəxsi nüfuzunun məntiqi nəticəsi kimi qəbul edilməlidir.

Ölkə rəhbəri tərəfindən işlənilib hazırlanmış və xalqımızın milli maraqlarına uyğun yeni neft strategiyasının ən fəal iştirakçısı olan İlham Əliyev Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi «Əsrin müqaviləsi»nin hazırlanması və sonradan praktiki olaraq həyata keçirilməsində,neft amilindən Azərbaycanın ümummilli maraqlarının müdafiəsi işində istifadə olunmasında xüsusi xidmətlər göstərmişdir.

Milli Îlimpiya Komitəsinin Prezidenti kimi yalnız İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, gənc nəslin sağlam yetişməsində böyük rolu olan idman artıq ümumxalq hərəkatına çevrilmiş, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanın dövlət bayrağının ən yüksək pillələrdə dalğalanması xalqımızın milli qürurunu yüksəltmiş, beynəlxalq səviyyədə ölkəmizə olan inam və etimad daha da möhkəmlənmişdir.
Danılmaz bir həqiqətdir ki, İlham Əliyevin şəxsində Azərbaycanın dövlət müstəqilliyini qorumağa və olduqca məsuliyyətli tarixi bir yükü çiyinlərinə götürməyə hazır olan gənc nəsil yetişmiş və Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Prezident Heydər Əliyev kimi əvəzsiz liderin yaratdığı dövlətçilik və idarəçilik məktəbi ölkəmizin işıqlı gələcəyinə tam təminat verir.


Hörmətli həmkarlar!

Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm. Son dövrlərdə, Azərbaycanın müstəqillik illərində qazandığı tarixi nailiyyətləri gözü götürməyən, destruktiv mövqelərdə dayanan bir sıra müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən və bu yönümdə fəaliyyət göstərən «Éeni Müsavat», «Hürriyyət», «Azadlıq», «Milliyyət» kimi bəzi kütləvi informasiya vasitələrində mövcud ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş, mövcud iqtidarın legitimliyini şübhə altına almaqla qeyri-konstitusion yollarla hakimiyyətə gəlmək planlarını təbliğ edən, Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətinə toxunan, adət-ənənələrimizə və mentalitetimizə zidd olan mənəviyyatsız və əxlaqsız çıxışlara və fikirlərin səsləndirilməsinə yol verilir. Həmin qanunazidd hərəkətlər birmənalı şəkildə bəzi xarici qüvvələr və xüsusi xidmət orqanları tərəfindən Azərbaycanın dövlət müstəqqilliyi əleyhinə aparılan siyasətə xidmət edir. Törətdikləri cinayətlərin məsuliyyətindən qurtarmaq üçün qaçıb xarici dövlətlərin ərazilərində gizlənən Qanlı yanvar və Xocalı faciələrinin günahkarı Ayaz Mütəllibov, milyonlarla dollar məbləüində xalqın əmlakının mənimsənilməsi və korrupsiya cinayətləri törətməkdə təqsirkar olan Rəsul Quliyev kimiləri və onların respublikada fəaliyyət göstərən əlaltıları tərəfindən konstitusion quruluş əleyhinə və əhalinin vətəndaş itaətsizliyinə təhrik olunması istiqamətində qanunsuz hərəkətlər törədilir.

Bəyan edirəm ki, ölkə Prezidenti cənab Heydər Əliyevin müdrik siyasət tədbirləri nəticəsində ölkədə yaranmış ictimai-siyasi sabitliyin pozulmasına, konstitusion quruluşa, dövlətçiliyimizə və legitim hakimiyyətə qarşı, eləcə də Dövlət başçısının şərəf və ləyaqəti əleyhinə yönəlmiş hər bir qanunazidd hərəkətin qarşısı müvafiq dövlət təsisatları tərəfindən qətiyyətlə alınacaq, belə hərəkətlərə yol verən destruktiv qüvvələrə qarşı qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsi təmin olunacaqdır.

Hörmətli həmkarlar!

Çıxışımın sonunda konfrans iştirakçıları və prokurorluğun kollektivi adından müstəqil Azərbaycan dövlətçiliyinin yaradıcısı, dahi şəxsiyyət və görkəmli dövlət xadimi olan ölkə Prezidenti cənab Heydər Əliyevi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, Azərbaycanın tərəqqisi naminə titanik və möhtəşəm fəaliyyətində uğurlar diləyirəm. Arzu edirəm ki, Prezident Heydər Əliyev dühası və müdrikliyi, dövlət idarəçiliyində onun zəngin təcrübəsi bundan sonra da xoşbəxt gələcəyə tam təminat verən amillər kimi xalqımızın inkişaf yolunu daima işıqlandırsın.

Eyni zamanda qəti əmin olduğumu bildirmək istəyirəm ki, ölkəmizin həyatında mühüm siyasi hadisə olan və cari ilin oktyabr ayında keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri Heydər Əliyev kimi dahi bir rəhbərlə xalqın birliyinin, sınanmış milli liderimizə xalqın sevgisinin təntənəsinə çevriləcəkdir.

Diqqətinizə görə sağ olun!