Sayt üzrə axtarış















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Azərbaycan Prokurorluğu /Rəhbərlik

Rəhbərlik

Azərbaycan Respublikasının Baş prokuroru
Kamran Bayram oğlu Əliyev

1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı”, 28 sentyabr 2018 il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.
Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.
Azərbaycan Respublikası Prezidentinin 01 May 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilmişdir. 
Ailəlidir, iki övladı var.
 
 
 
 
 
Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
Elçin Məmmədbağır oğlu Məmmədov

1971-ci ildə anadan olmuş, 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikası prokurorluq orqanlarına qulluğa qəbul olunaraq Azərbaycan nəqliyyat prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin prokuroru və həmin prokurorluğunun İstintaq şöbəsinin prokuroru vəzifəsi üzrə stajor, 1994-cü ildən Azərbaycan nəqliyyat prokurorluğun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin İstintaq şöbəsinin prokuroru, 1995-ci ildən Azərbaycan nəqliyyat prokurorluğunun böyük müstəntiqi, 2000-ci ildən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuror-kriminalisti, 2002-ci ildən həmin idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi, 2005-ci ildən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi, 2012-ci ildən Gəncə şəhər prokurorunun müavini vəzifələrində çalışmış, 03 fevral 2016-cı il tarixdən Lənkəran prokuroru vəzifəsində işləyib. Baş ədliyyə müşaviri rütbəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 21.05.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini vəzifəsinə təyin edilmişdir.
 
 
 
 
 
 
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Elmar Heybət oğlu Camalov

1969-cu ildə anadan olmuş, 1992-ci ildə SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Lənkəran qarnizonu hərbi prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1993-cü ildən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin böyük müstəntiqi vəzifələrində çalışmış, 2000-2005-ci illərdə Azərbaycan Respublikasının vergi orqanlarında xidmət etmiş, 2005-ci ildən keçirilmə qaydasında prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq şöbəsinin mühüm işlər üzrə müstəntiqi, böyük müstəntiqi, 2010-cu ildən Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, 2012-ci ildən Baş prokurorun böyük köməkçisi, 2014-cü ildən Şəki rayon prokuroru vəzifələrində çalışmış, 06 noyabr 2019-cu il tarixdən Mingəçevir şəhər prokuroru vəzifəsində işləyib. Baş ədliyyə müşaviri rütbəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 21.05.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.
 
 
 
 
 
 
Azərbaycan Respublikası Baş prokurorunun müavini
Heydər Vidadi oğlu Məmmədov

Məmmədov Heydər Vidadi oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuş, 2006-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşünaslıq ixtisası üzrə bitirmişdir. 2008-ci ildən etibarən prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər prokurorluğunda, Bakı şəhəri Nəsimi, daha sonra Nizami rayon prokurorluqlarında müstəntiq vəzifəsində işləmişdir. 2012-2014-cü illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsində prokuror, böyük prokuror vəzifələrində işləmişdir.
2017-ci ildən H.Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsini rəisi, 2019-cu il tarixdən isə həmin Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifələrində çalışdmışdır.
17.02.2020-ci ildən H.Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunmuşdur.
Heydər Məmmədov Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir, həmçinin prokurorluqda qüsursuz xidmətə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 12.06.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. İki övladı var.
 
 
 
 
 
 
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi 
Nazim Hafiz oğlu Rəcəbov

1964-cü ildə anadan olmuş, 1989-cu ildə Karaqanda Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirdikdən sonra Qazaxıstan Respublikası prokurorluq orqanlarında işə qəbul olunaraq Karaqanda şəhəri Kirov rayon prokurorluğunun müstəntiqi, Temirtau şəhər prokurorluğunun xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləmiş, 1991-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına keçirilmə qaydasında işə qəbul olunaraq Azərbaycan nəqliyyat prokurorluğunun prokuror-kriminalisti və baş müstəntiqi vəzifələrində işləmiş, 1993-cü ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin Qanunvericiliklə iş üzrə şöbəsinin prokuroru, Baş Prokurorluğun Hüquqi təminat idarəsinin prokuroru, böyük prokuror-metodisti, 1995-ci ildən Baş Prokurorluğun Nəqliyyatda qanunların icrasına nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğun Kadrlar idarəsinin prokuroru və böyük prokuroru, 2001-ci ildən Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifələrində çalışmış, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə işə keçirilərək həmin şöbənin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində işləmiş, 29 yanvar 2015-ci ildə prokurorluq orqanlarına işə keçirilərək Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir, III dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli Sərəncamı ilə N.Rəcəbov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Baş prokurorunun 20.12.2019-cu il tarixli 11/685-k nömrəli əmri ilə isə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.
N.Rəcəbov Azərbaycan Respublikası Prezidentinin 21.05.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
 
 
 
 

 

 
 
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru
Xanlar Rüstəm oğlu Vəliyev


 1955-ci il martın 15-də Yevlax şəhərində anadan olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul olunaraq, 1985-1993-cü illərdə Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.
10 fevral 2005-ci il tarixdə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.
X.Vəliyev Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvüdür.
Ədliyyə general-leytenantı ali hərbi rütbəsindədir. Hüquq elmləri namizədidir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il və 28 sentyabr 2018-ci il tarixli Fərmanları ilə «Azərbaycan Bayrağı» 2-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri, 22 iyun 2006-cı il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" medalı və digər medallarla təltif edilmiş, 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdür.
Ailəlidir, üç övladı var.