Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Hərbi Prokurorluq /Tarix

Tarix

Keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti «SSRİ prokurorluğu haqqında» 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi.

Həmin dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Hərbi prokurorluq orqanları fəaliyyət göstərmirdi. Respublikanını ərazisində Bakı şəhərində yerləşən Hərbi prokurorluq - 63470 saylı hərbi hissə və Hərbi Dəniz Qüvvələri Hərbi prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, həmin prokurorluqlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər.

SSRi dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edildi və müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlandı.

Həmin prokurorluqların yaranması üçün Respublikamızın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynadı.

Göstərilən Aktın 4-cü maddəsinə əsasən suveren Respublikanını müvafiq qanunlarının qəbul edilməsinədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və Dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı.

Sonradan Ali qanunvericilik orqanı olan Milli Məclisin 21 may 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası «Hərbi prokurorluqlar haqqında» Qanun qəbul edildi, 26 avqust 1992-ci il tarixdə isə Respublka Prezidenti tərəfindən «Azərbaycan Respublikasının ərazisində prokurorluq orqanlarının statusunu müəyyən edən keçmiş SSRİ-nin qanunvericilik aktlarının hüquqi qüvvəsini saxlaması və onların tətbiqi qaydaları haqqında» Qanun qəbul edildi.

Bu Qanuna müvafiq olaraq 30 noyabr 1979-cu il tarixli «SSRİ prokurorluğu haqqında» Qanun və 4 avqust 1981-ci il tarixli «Hərbi prokurorluq haqqında» Əsasnamə, eləcə də prokurorluq orqanlarının işçilərinə xüsusi rütbələrin verilməsi, onların mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi qaydalarını və s. müəyyən edən digər normativ aktlar Azərbaycan Respublikasının ərazisində öz hüquqi qüvvəsini saxlayırdı. Həmin Qanunun 2-ci maddəsi ilə müəyyən edilmişdir ki, SSRİ Baş prokurorunun və SSRİ Baş Hərbi prokurorunun hüquq və vəzifələrini Respublikamızın ərazisində müvafiq olaraq Azərbaycan Respublikasının Baş prokuroru və Hərbi prokuroru yerinə yetirir.

Yuxarıda göstərilən aktların icra edilməsi məqsədilə Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən verilən əmrlə Respublikanın Hərbi Prokurorluğu, həmçinin Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Füzuli, Qarabağ Qarnizonlarının və HDQ-nin Hərbi prokurorluqları müvafiq hərbi hissələrin bütün növ təminatlarına qoyuldular.

Müdafiə Nazirinin əmrinə müvafiq olaraq Hərbi prokurorluqların şəxsi heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ştat sayına daxil edildi və müəyyən edildi ki, Hərbi prokurorluqların şəxsi heyəti həqiqi hərbi xidmətdə olmaqla hərbi xidmət keçmənin qaydalarını müəyyən edən Nizamnamə və Əsasnamələr onlara da şamil edilir.

Hərbi prokurorluqların prokuror və istintaq işçilərinin vəzifə ştatlarının siyahıları və bu vəzifələrə uyğun hərbi rütbələr Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Silahlı Qüvvələrin Baş Ştabı tərəfindən təsdiq olunurdu, Hərbi prokurorluqların maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi.

Bu dövrdə Azərbaycan Respublikasının Hərbi prokurorluğu sistemində müəyyən dəyişikliklər olmuşdur. Konkret olaraq Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Daxili Qoşunlar, Sərhəd Qoşunları hərbi prokurorluqları, İxtisaslaşdırılmış Hərbi prokurorluğu, Abşeron Hərbi prokurorluğu yaradılmış, sonradan həmin prokurorluqlar ləğv edilmişdir.

Hal-hazırda Respublikamızda Hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının 1995-ci il tarixdə qəbul edilmiş Konstitusiyası, 7 dekabr 1999-cu il tarixli «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il tarixli «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunu, həmçinin «Hərbi xidmət haqqında», «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanunları və digər normativ aktlar oynayır.

Hal-hazırda Azərbaycan Respublikasının Prokurorluq orqanları sistemində Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının hərbi prokurorluğu,  Bakı, Sumqayıt, Gəncə, Qazax, Tərtər, Qarabağ, Füzuli,Lənkəran və Zaqatala hərbi prokurorluqları fəaliyyət göstərirlər.

AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ PROKURORU OLMUŞLAR

Əliyev Rövşən Ədalət oğlu
1992-1993
Təhməzov Nizami İsa oğlu
1993-1994
Rzayev Ramiz Yaqub oğlu
1995-2000
Alıyev Siyasət İdris oğlu (hərbi prokuror əvəzi)
2000-2003 aprel
Məmmədov İlham İsa oğlu (hərbi prokuror əvəzi)
2003 aprel-2005 fevral
Vəliyev Xanlar Rüstəm oğlu 
2005-ci ilin fevralından