Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / İşə qəbul /Vakansiya elanı

Vakansiya elanı

Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edir
15 avqust 2017

 Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluğa işə qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

 Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə əsasında prokurorluq işçilərinin 65 faizini təşkil edən 780 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

 Həmin tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 60 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.

 Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

 Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

 “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən prokurorluğa işə qəbul edilmirlər:

-    ikili vətəndaşlığı olan şəxslər;

-    digər dövlətlər qarşısında öhdəlikləri olanlar;

-    din xadimləri;

-    məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;

-    alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);

-    əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;

-    əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;

-    qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar.

 “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən müsabiqədə iştirak etmək arzusunda olan və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən namizədlər müvafiq formada ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:

-    şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;

-    ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;

-    4x6 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

 Sənədlər 05 sentyabr 2017-ci il tarixdən etibarən Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 10:00-dan 17:30-dək qəbul olunacaqdır.

 Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaqdır.

 Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ sənədlərin siyahısı və müsabiqə ilə bağlı digər məsələlər barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcəkdir.

 Əlavə məlumat almaq üçün 492-74-32, 492-06-82, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

 

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir 

28 fevral 2018

 Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur. Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

 2002-ci ildən başlayaraq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş 780 gənc mütəxəssis hazırda prokurorluğun kadr korpusunun 65 faizini təşkil etməklə təyinat aldıqları müxtəlif vəzifələrdə səmərəli fəaliyyət göstərirlər.

 Fevralın 28-də Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq elan edilmiş sayca 18-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilmişdir.

 Prokurorluq orqanlarına işə qəbulla əlaqədar saat 10:00-dan başlayaraq        3 saat ərzində vahid auditoriyada – Bakı İdman Sarayında Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

 İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları Dövlət İmtahan Mərkəzində yoxlanılmış və imtahanda iştirak edən 410 namizəddən 222-si müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanmışdır.

 Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilmişdir.

 İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcəkdir.

 

 

 İmtahanda müvəffəqiyyət qazanmış namizədlərin aşağıda qeyd olunan sənədləri Baş Prokurorluğun inzibati binasının Qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) 01 mart 2018-ci il tarixdən 10 mart 2018-ci il tarixədək hər gün saat 10:00-dan saat 17:30-dək qəbul olunacaqdır.

-      tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);

-      3x4 sm ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil;

-      əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;

-      yaşadığı ünvan üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar;

-      yaşadığı ünvan və ailə tərkibi haqqında arayış;

-      yaşadığı ünvan üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-06-82 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.