Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / İşə qəbul /İşə qəbulla əlaqədar müsabiqələr

İşə qəbulla əlaqədar müsabiqələr

 Prokurorluğa işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrə dair
MƏLUMAT

 Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluğun kadr tərkibinin şəffaf prosedurlar əsasında komplektləşdirilməsinin ən sivil və demokratik vasitəsi kimi müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi prokurorluqda kadrlarla iş sahəsində aparılan islahatların mühüm nəticələrindən biridir. Ulu öndər Heydər Əliyevin dövlət başçısı kimi 19 iyun 2001-ci il tarixli Fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi bu istiqamətdə atılmış addımların başlanğıcı və hüquqi təməlini təşkil etmişdir. Əsasnamənin icrası ilə əlaqədar keçirilmiş işə qəbulla bağlı müsabiqələr prokurorluğun kadr korpusunun hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına formalaşdırılması üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası yolunda səmərəli vasitə olmuşdur.

 Əsasnaməyə uyğun olaraq işə qəbul olmaq istəyən hər bir namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olmasını müəyyən etmək məqsədi ilə işə qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə aparılmaqla aşkarlıq şəraitində şəffaf üsullarla beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyata keçirilir.

 2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respiblikasının Baş Prokurorluğu üzrə 10 (2002, 2004, 2006, 2007, 2009, 2011, 2012, 2013, 2014, 2016-cı illər), Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 7 (2003, 2005, 2007, 2009, 2012, 2014, 2015-ci illər) müsabiqə keçirilmişdir. Həmin müsabiqələrdə prokurorluq orqanlarına işə qəbulla əlaqədar müraciət etmiş ümumilikdə 4793 nəfər namizəddən uğur qazanmış 780 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir. İslahatlara qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının cəmi 3 faizinə bərabər olduğu halda qulluğa qəbulun müsabiqə vasitəsi ilə həyata keçirilməsi nəticəsində bu yolla işə qəbul edilmiş prokurorluq işçilərinin sayı əhəmiyyətli dərəcədə artaraq hazırda 65 % təşkil edir.

 Keçirilmiş müsabiqələri Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarətetmə Şurasının, Azərbaycan Respublikası Məhkəmə-hüquq Şurasının, Biləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Amerika Hüquqşünaslar Assosiasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Milli Qeyri Hökümət Təşkilatları Forumunun, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Almaniya Federativ Respublikası və İtaliya Respublikasının Azərbaycandakı səfirliklərinin, habelə digər dövlət, beynəlxalq və qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.

 Prokurorluqda qulluğa qəbul olunmaq arzusunda olan şəxslərin biliklərinin daha obyektiv qiymətləndirilməsi məqsədilə, işə qəbul prosedurunun daha da təkmilləşdirilməsi zərurəti nəzərə alınaraq, Dövlət başçısının "Azərbaycan Respublikası Prezideninin 2001-ci il 19 iyun tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə dəyişikliklər edilməsi barədə" 23 noyabr 2007-ci il tarixli 670 nömrəli Fərmanı ilə müsabiqəyə yeni yazılı imtahan mərhələsi daxil edilmişdir. Həmin Fərmanın icrası ilə əlaqədar Baş Prokurorluq üzrə 03 dekabr 2007-ci il tarixli 10/101-11/410-k nömrəli əmrlə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"nən yeni redaksiyası təsdiq edilmişdir. Namizədlərin hüquqi bilik səviyyəsi ilə bağlı irəli sürülən tələblər artırılaraq, Baş Prokurorluq üzrə 25 may 2012-ci il tarixli 10/59-11/132-k nömrəli əmrlə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"nda müvafiq dəyişikliklər edilməklə imtahan suallarının mətbuatda dərc edilməsi təcrübəsinə son qoyulmuş, müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət həddi 60%-dən 70%-ə qaldırılmışdır. Bundan əlavə, ötən illərin təcrübəsi nəzərə alınaraq, müsabiqənin sənəd qəbulu mərhələsinin sadələşdirilməsi məqsədilə Baş Prokurorluq üzrə 07 snetyabr 2015-ci il tarixli 10/79 nömrəli əmrlə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları"nda dəyişikliklər edilmişdir.

 Müsbət haldır ki, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən işçilər prokurorluğun müxtəlif struktur qurumlarında səmərəli fəaliyyət göstərməklə, onların yarısından çoxu yuxarı təsnifat üzrə, o cümlədən 43 nəfəri rəhbər vəzifələrə irəli çəkilmişdir.