Şəhər və rayon prokurorluqları

Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatı

19.12.2009

"Azadlıq" qəzetinin 2009-cu il 18 dekabr tarixli nömrəsində "MTN polis rəisini həbs etdi" başlıqlı məqalədə Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Mehdi Hümbətovun Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilməsi, onun Tərtər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Zabil İsmayılovun qətlini sifariş verməkdə təqsirləndirilməsi barədə həqiqətə uyğun olmayan və real faktlara söykənməyən informasiyalar verildiyindən Baş Prokurorluq tərəfindən təkzib olunur.

Bununla əlaqədar bildiririk ki, Mehdi Hümbətov heç bir hüquq-mühafizə orqanı tərəfindən həbs olunmamış və onun barəsində cinayət işi başlanmamışdır. Qüvvədə olan cinayət-prosessual qanunvericiliyinə müvafiq olaraq şübhəli və ya təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbiri müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə yalnız məhkəmənin qərarına əsasən seçilə bilər.

Bundan başqa, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalarla müəyyən edilmişdir ki, Tərtər Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Zabil İsmayılovun 1996-cı il sentyabrın 6-da qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə aparılmış istintaqla cinayətin həmin şöbənin polis nəfəri Azər Mustafayev tərəfindən aralarında baş vermiş şəxsi münasibətlər zəminində törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilmiş və sonuncuya 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün 1997-ci il dekabrın 10-da Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 1998-ci il 2 fevral tarixli hökmü ilə Azər Mustafayev 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Göründüyü kimi, peşə etikasına riayət edilmədən və real faktlara söykənmədən sensasiya xatirinə yazılmış həmin məlumat, dövlət qurumları və hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparıldıqdan sonra dərc edilməli olduğu halda, qeyri-rəsmi mənbələrə istinad edilərək yayılmaqla cəmiyyətdə çaşqınlıq yaranmasına və respublikanın hüquq-mühafizə orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki fəaliyyətinə kölgə salmağa xidmət edir. Belə halların gələcəkdə təkrarlanmaması, eyni zamanda müvafiq qaydada tədbir görülməsi məqsədi ilə Azərbaycan Mətbuat Şurasına müraciət olunmuş və bütün KİV nümayəndələrindən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunların, habelə kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən digər qanunvericilik aktlarının tələblərinə riayət etməklə həqiqətə uyğun olmayan məlumatların yayılmaması üçün diqqətli olmaları xahiş edilir.