Şəhər və rayon prokurorluqları

İşə qəbulla əlaqədar müsabiqələr


Prokurorluğa işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrə dair

MƏLUMAT

Azərbaycan Respublikasının Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq prokurorluğun tarixində ilk dəfə olaraq işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olmasını müəyyən etmək məqsədi ilə işə qəbul test imtahanları və söhbət aparılmaqla aşkarlıq şəraitində şəffaf üsullarla beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyata keçirilir.

Hal-hazıradək prokurorluğa qəbulla bağlı 5 müsabiqə keçirilmiş (2002, 2003, 2004, 2005 və 2006-cı illərdə), onlardan ikisi (2003 və 2005-ci illərdə) Naxçıvan Muxtar Respublikasında keçirilmişdir.

Keçirilmiş müsabiqələri Dövlət Qulluğunu İdarətetmə Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-hüquq Şurasının, Beynəlxalq Millətlər Təşkilatının, Avropa Şurasının, Amerika Hüquqşünaslar Assosiasiyasının, Milli Qeyri Hökümət Təşkilatları Forumunun, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Almaniya, Fransa və İtaliyanın Azərbaycandakı səfirliklərinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, (SOROS) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun, habelə digər dövlət və qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri  müşahidə etmişlər.

2002-ci ildə keçirilən müsabiqənin nəticəsi olaraq 283 namizədin sırasından ən yüksək bal toplamış 60 namizəd prokurorluq orqanlarına işə qəbul edilərək 27 dekabr 2002-ci il tarixdə «Prokurorluq haqqında» qanunla müəyyən olunmuş qaydalara müvafiq olaraq həmin şəxslərin  təntənəli andiçmə mərasimi keçirildikdən sonra onların prokurorluq orqanları sisteminə daxil olan müxtəlif struktur qurumlara təyinatları həyata keçirilmişdir.

Namizədlər 17.12.2001-ci il tarixli əmrlə təsdiq edilmiş «İlk dəfə prokurorluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçməsi qaydaları»na müvafiq olaraq 1 il müəyyən edilmiş stajorluq müddətinin 3 ayını Kadrlar idarəsinin Tədris mərkəzində təşkil olunmuş kurslarda keçmiş, burada onların nəzəri biliklərinin artırılması ilə yanaşı təcrübə məşğələlərinin keçməsinə də xüsusi diqqət yetirilmiş, müxtəlif kompüter proqramlarında işləmələri, ingilis dilini mənimsəmələri üçün kurslar təşkil edilmişdir. Stajorluğun qalan hissəsini isə onlar bərabər bölüşdürülməklə təcrübəli müstəntiq, prokuror köməkçiləri və dövlət ittihamçılarının yanında həyata keçirmişlər.

Həmçinin, stajorluq və sınaq keçmə işinin düzgün təşkil olunmasını təmin etmək məqsədi ilə «İlk dəfə prokurorluğa qəbul edilən şəxslərin stajorluq keçməsi haqqında fərdi proqram nümunəsi»nin təsdiq edilməsi barədə əmrin tələblərinə uyğun olaraq ərazi və hərbi prokurorlar tərəfindən prokurorluğun fəaliyyət istiqamətləri üzrə stajorlar üçün fərdi proqramlar tərtib olunmuşdur.

Öz xahişinə əsasən prokurorluqdan xaric edilmiş 1 nəfər istisna olmaqla, digər 59 nəfər gənc mütəxəssislər bir illik stajorluq müddəti başa çatdıqdan sonra uğurla attestasiyadan keçmiş və Ali Attestasiya Komissiyası tərəfindən onların sınaq muddəti ilə  təsnifata uyğun prokuror köməkçisi və müstəntiq vəzifələrinə təyin edilmələri tövsiyyə edilmişdir.

2003-cü ildə Naxçıvan MR keçirilmiş müsabiqədə namizədlərin sırasından  ən yüksək  bal toplamış 42 nəfər şəxs prokurorluğa işə qəbul  olunmaq üçün seçilmişdir. Onlardan  19 nəfərinin Naxçıvan Muxtar Respublikası  prokurorluğu üzrə  vakant olan vəzifələrə  təyin olunması nəzərdə tutulmuşdur. 23 nəfər yüksək bal toplamış  namizədlərin respublikanın rayon və şəhər prokurorluqlarında, o cümlədən, Naxçıvan hərbi prokurorluğunda vakant olan müvafiq ştat vahidləri üzrə  stajor qismində  işə  qəbul olunmaları  məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası  prokuroru tərəfindən Azərbaycan Respublikası Baş prokuroru qarşısında vəsatət qaldırılmışdır. Naxçıvan Muxtar Respublikası prokurorunun müraciətinə Azərbaycan Respublikası  Prokurorluğunda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə  keçirilməsi üzrə  Komissiyada baxılmış və həmin namizədlərin prokurorluğa işə qəbul edilməsi Azərbaycan Respublikası Baş Prokuroruna tövsiyə olunmuşdur.

Naxçıvan MR prokurorluğunun vəsatəti və Baş Prokurorluğun Müsabiqə Komissiyasının tövsiyəsi nəzərə alınmaqla, müsabiqədən müvəffəqiyyətlə keçmiş 23 namizədin prokurorluq orqanlarında vakant olan və yeni təsis edilmiş ştat vahidləri üzrə yerləşdirilməsinin təmin edilmişdir.

2004-cü ildə müsabiqə əsasında prokurorluğa işə qəbulun həyata keçirilməsi ilə bağlı ilk növbədə normativ xarakterli zəruri sənədlərin layihələri işlənib hazırlanmış, Azərbaycan Respublikası Baş Prokurorunun 04 sentyabr 2001-ci il tarixli əmri ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları»nın təkmilləşdirilməsi məqsədi ilə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Test imtahanının sualları işlənib hazırlanmış, müəyyən olunmuş qaydada ekspertiza edilmişdir.

Sənəd təqdim edəcək şəxslərin ərizələrinin və sənədlərinin toplanılması və yoxlanılması məsələlərində çevikliyi təmin etmək məqsədilə Azərbaycan Respublikası Ədliyyə, Təhsil Nazirliklərinə və Azərbaycan Respublikasının Tələb Qəbulu üzrə Dövlət Komissiyasının müvafiq sorğular göndərməklə respublikamızda qanuni fəaliyyət göstərən və «hüquqşünaslıq» ixtisası üzrə ali təhsilli kadr hazırlayan təhsil müəssisələrinin siyahısı dəqiqləşdirilmiş, sənəd təqdim edən şəxslərin hərbi xidmət keçmələri və onlara möhlət verilməsi məsələləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə araşdırılmış, müsabiqəni tələb olunan səviyyədə keçirilməsi üçün test imtahanının xüsusiyyətləri öyrənilmişdir.

Baş Prokurorluq tərəfindən 60 ştat vahidi üzrə işə qəbulun keçirilməsi ilə əlaqədar rəsmi mətbuatda elan verilməklə 20 oktyabr 2004-cü il tarixdən bir ay müddətində Baş Prokurorluğun inzibati binasında idarənin əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslərin ərizə və sənədləri qəbul edilmişdir. 

Müsabiqədə iştirak etmək üçün 599 namizəd ərizə və sənədlərini təqdim etmişdir.

Kadrlar idarəsi tərəfindən «Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanılması və yoxlanılması qaydaları»na uyğun olaraq namizədlərin sənədləri yoxlanılmışdır.

Həmin namizədlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə prokurorluğa qulluğa qəbul olunmaq üçün ixtisas imtahanı suallarının toplusu təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə mütəmadi əlaqə saxlanılmış, idarə tərəfindən namizədlər üçün test imtahanının keçirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən «Yaddaş kitabçası» tərtib olunmuş, həmçinin «İmtahana buraxılış vərəqəsi» hazırlanmışdır.

Test imtahanında iştirak edən namizədlərin adı kodlaşdırılmaqla tərtib olunmuş «İmtahana buraxılış vərəqəsi» idarə əməkdaşları tərəfindən mütəşəkkil qaydada onlara təqdim edilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə 26 dekabr 2004-cü il tarixdə onlarla test imtahanı keçirilmişdir.

Test imtahanının nəticələri həmin gün onlara elan olunmuş və imtahanının nəticələrinə görə 261 namizəd zəruri olan 60 və daha artıq keçid balı toplayaraq növbəti mərhələyə - söhbətə buraxılmışlar.

Test imtahanını müvəffəqiyyətlə vermiş namizədlərin hazırlığını, dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləməyə yararlı və layiqli olmasını və digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2005-ci ilin mart ayının 7-dən aprel ayının 8-dək Müsabiqə Komissiyası tərəfindən onlarla fərdi qaydada söhbət keçirilmiş və bilikləri qiymətləndirilmişdir. Müsabiqənin nəticəsi olaraq test imtahanı və söhbət zamanı 20 və daha çox bal toplamış namizədlərin topladıqları ballar cəmlənmiş və onların sırasında 32 nəfər namizəd prokurorluğa işə qəbul olunmaq üçün seçilmişdir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluq orqanlarına işə qəbul olunan 32 nəfər stajorun 18 aprel 2005-ci il tarixdə üçün «Prokurorluq haqqında» Azərbaycan Respublikası qanununun 31-ci maddəsi ilə müəyyən olunmuş qaydada and içmə mərasimi keçirilərək təntənəli surətdə xidməti vəsiqələri təqdim edilmişdir.

2005-ci ildə Naxçıvan MR keçirilmiş müsabiqədə namizədlərin sırasından  ən yüksək  bal toplamış 15 nəfər şəxs prokurorluğa işə qəbul  olunmaq üçün seçilmiş və onların Naxçıvan MR prokurorluğu orqanlarında vakant olan ştat vahidləri üzrə yerləşdirilməsi təmin edilmişdir.

Prokurorluq orqanlarına işə  qəbul olunmaq üçün 2006-cı ilin iyul ayının 3-dən oktyabr ayının 31-dək müraciət edən şəxslər sırasından sənədləri  qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən 545 nəfər şəxs müsabiqədə iştirak etmək hüququnu qazanmışdır.

Prokurorluğa işə qəbulla əlaqədar 25 noyabr 2006-cı il tarixdə keçirilən test imtahanlarında 303 namizəd ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdır.

Namizədlərin test imtahanı və onlarla aparılmış söhbət zamanı topladıqları ballar komissiya tərəfindən hesablanmış və nəticədə onların sırasından 39 nəfər namizəd prokurorluğa işə qəbul olunmaq üçün seçilmişdir. 

Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluq orqanlarına işə qəbul olunan 39 nəfər stajorun «Prokurorluq haqqında» Azərbaycan Respublikası qanununun 31-ci maddəsi ilə müəyyən olunmuş qaydada 03.08.2007-ci il tarixdə and içmə mərasimi keçirilmiş, onlara təntənəli surətdə xidməti vəsiqələri təqdim edilmiş  və prokurorluq orqanlarında vakant olan ştat vahidləri üzrə yerləşdirilməsi təmin olunmuşdur.