Şəhər və rayon prokurorluqları

Prokurorluğa müraciət haqqında


“Azərbaycan Respublikası prokurorluğu orqanlarında 
vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası Baş Prokurorunun
09.02.2001-ci il tarixli
ƏMRİNDƏN ÇIXARIŞ 
 

Şəhər, rayon prokurorluqlarında və ixtisaslaşdırılmış prokurorluqlarda şikayət üzrə qərar qəbul etmək və şikayətçiyə cavab vermək səlahiyyəti müvafiq prokurorlara və onların müavinlərinə verilsin. Prokuror müavininin qərarından edilən şikayətlər şəxsən göstərilən prokurorlar tərəfindən həll edilsin. Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının Hərbi və Bakı şəhər prokurorluqlarında ilkin şikayət üzrə qərar qəbul etmək və şikayətçiyə cavab vermək səlahiyyəti müvafiq idarə (şöbə) rəislərinə və onların müavinlərinə, idarə (şöbə) rəislərinin müavinlərinin qərarlarından verilmiş şikayətlər üzrə qərar qəbul edib şikayətçiyə cavab vermək səlahiyyəti isə müvafiq prokurorlara və onların müavinlərinə verilsin.
 
Azərbaycan Respublikasının Baş Prokurorluğunda ilkin şikayətlər üzrə qərar qəbul etmək və şikayətçiyə cavab vermək səlahiyyəti idarə (şöbə) rəislərinə və onların müavinlərinə verilsin. İdarə (şöbə) rəislərinin müavinlərinin qərarlarından verilmiş şikayətlər onların rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlər isə Baş prokurorun müvafiq müavinləri tərəfindən həll edilsin.
 
Şikayət üzrə prokurorluqda son qərar Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən qəbul edilir.
  
Bütün prokurorluqlarda müəyyən olunmuş qrafik üzrə vətəndaşların qəbulu təşkil edilsin.
 
Hərbi qulluqçular və onların ailə üzvləri, Vətənin müdafiəsi, 1990-cı ilin Yanvar hadisələri və Çernobıl qəzası zamanı əlil olmuşlar və həlak olanların ailə üzvləri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, zəruri hallarda digər vətəndaşlar dərhal qəbul olunsunlar.
 
Həlli prokurorluq orqanlarının səlahiyyətinə aid olmayan müraciətlər şikayətçi xəbərdar edilməklə təxirə salınmadan aidiyyəti üzrə göndərilsin, şəxsi qəbul zamanı isə belə hallarda aidiyyəti üzrə müraciət olunması izah edilsin.
 
Müraciətlərə baxılması zamanı hər cür süründürməçilik və formal münasibət hallarına son qoyulsun, bu sahədə qanun pozuntularına yol vermiş təqsirkar əməkdaşların intizam məsuliyyətinə cəlb olunması məsələsi həll edilsin.
 
Vətəndaşların törədilmiş və ya hazırlanan cinayətlər barədə anonim olmayan müraciətlərinə baxılarkən "Prokurorluq haqqında" Qanunun 20-ci və Azərbaycan Respublikası CPM-nin 207-ci maddələrinin tələbləri ilə yanaşı Azərbaycan Respublikası Prezidentinin "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 17 iyun 1996-cı il tarixli, "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması haqqında" 07 yanvar 1999-cu il tarixli və «Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında» 28 sentyabr 2002-ci il tarixli Fərmanlarının tələblərinə dönmədən əməl olunması təmin edilsin və əsassız yoxlamalara yol verilməsin.
 
Vətəndaşların hər bir müraciətinə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilsin. Şikayət təmin edilmədikdə şikayətçiyə əsaslandırılmış müfəssəl cavab bunun səbəbləri göstərilməklə qanunvericiliyin müvafiq normasına istinad edilərək verilsin və qəbul edilmiş qərardan şikayət vermək qaydası izah edilsin.
 
Bütün prokurorluq orqanlarında yaradılmış vahid qayda əsasında  müraciətlərin qəbulu, baxılması, düzgün həll edilməsi və ciddi uçotunun aparılması təmin edilsin. Bu işdə kompüter texnikasından geniş istifadə edilsin.