Şəhər və rayon prokurorluqları

BEYNƏLXALQ ƏLAQƏLƏR


Beynəlxalq əlaqələr idarəsi tərəfindən 2008-ci ildə görülmüş işlər barədə məlumat

Beynəlxalq hüququn mütərəqqi prinsip və normalarının milli qanunvericiliyə implementasiyası və bu normaların icrasına təsirli beynəlxalq nəzarət mexanizmlərinin mövcudluğu insan hüquq və azadlıqlarının ictimai həyatın bütün sahələrində, xüsusən də cinayət təqibi prosesində təmin və müdafiə olunmasında Azərbaycan Respublikasının prokurorluq orqanlarının qarşısında yüksək tələblər qoyur. Bununla əlaqədar Azərbaycan Respublikasının prokurorluğu başqa dövlətlərin hüquq-mühafizə və digər səlahiyyətli orqanları, beynəlxalq təşkilatlar ilə əməkdaşlığa mühüm əhəmiyyət verərək, ekstradisiya, hüquqi yardım, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində iştirak edir.

Azərbaycan Respublikası Baş prokurorunun əmr və göstərişlərinə, o cümlədən «Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş məsələlərin icrası və beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri barədə» 14.02.2007-ci il tarixli 10/13 №-li əmrinə müvafiq olaraq 2008-ci il ərzində Beynəlxalq əlaqələr idarəsi tərəfindən beynəlxalq fəaliyyətin təkmilləşdirilməsi üzrə müəyyən tədbirlər görülmüş, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilə və konvensiyalardan, o cümlədən MDB-yə üzv dövlətlərin «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi əlaqələr haqqında» 22.01.1993-cü il və 07.10.2002-ci il tarixli Konvensiyalarından irəli gələn öhdəliklərə əməl olunması, hüquqi yardım haqqında vəsatətlərə baxılması, cinayət təqibinə, şəxsin verilməsinə dair Avropa və MDB ölkələrindən daxil olmuş tapşırıqların və digər beynəlxalq hüquqi sənədlərin icrası təmin edilmişdir.

Cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən 2007-ci il ərzində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş 08.02.2008-ci il tarixli geniş Kollegiya iclasının qərarı ilə Beynəlxalq əlaqələr idarəsinə müvafiq tapşırıqlar verilmişdir.

Onlardan birincisi -Korrupsiyaya qarşı mübarizə və Beynəlxalq əlaqələr idarələri tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının 2008-ci ilin 31 mart - 02 aprel tarixlərində ölkəmizin paytaxtı Bakı şəhərində keçiriləcək iclasının ən yüksək səviyyədə təşkili üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsi olmuşdur.

Azərbaycan Respublikası ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı geniş miqyaslı mübarizə apararaq bu sahədə əsas sənədlərə qoşulmuş, xüsusi Dövlət Proqramı icra olunaraq, 2007-2011-ci illəri əhatə edən Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya qəbul edilmişdir.

Ölkəmiz korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət verərək BMT-nin dəstəyi ilə 2006-cı ildə yaradılmış və 140 ölkəni əhatə edən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının təşkilatçılarından biri olmuşdur.

2008-ci ilin 31 mart - 02 aprel tarixlərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının Bakı şəhərində keçirilmiş İcraiyyə Komitəsinin iclası və korrupsiya ilə mübarizə sahəsində təcrübə mübadiləsinə həsr olunmuş Beynəlxalq Konfransda 15 ölkədən 30-dan çox nümayəndə, o cümlədən Çin, Yaponiya, Argentina, Cənubi Afrika Respublikası, İndoneziya, Ukrayna, Şimali İrlandiya və Uqanda kimi ölkələrin nümayəndələri, Pakistan və Hindistanın antikorrupsiya qurumlarının başçıları və digər rəsmi şəxslər iştirak etmişlər.

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin Bakı şəhərində keçirilmiş iclası ölkəmizdə böyük maraq kəsb etmiş, iclas iştirakçıları 31 mart 2008-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir. Assosiasiyanın İcraiyyə Komitəsinin iclasında iştirak etmiş nümayəndə heyətlərinin Azərbaycan Respublikasına səfərinin yüksək səviyyədə həyata keçirilməsini təmin etməklə həvalə edilmiş məsələlərin icrası zamanı fəallıq göstərdiklərinə görə Beynəlxalq əlaqələr idarəsinin rəisi və üç əməkdaşı Azərbaycan Respublikası Baş prokurorunun 07.04.2008-ci il tarixli 11/56-k №-li əmri ilə fərqləndirilmişlər.

Respublika Baş Prokurorluğunun geniş Kollegiya iclasının qərarı ilə Beynəlxalq əlaqələr idarəsi və müvafiq qurumlar tərəfindən «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi»nin ingilis və rus dillərinə tərcümə olunması üçün zəruri tədbirlərin görülməsi tapşırılmış və bu tapşırıq icra edilərək, Kodeksin hər iki dilə tərcüməsi təmin edilmişdir. 2008-ci il ərzində Baş Prokurorluqda bir sıra xarici dövlətlərin hüquq-mühafizə orqanlarının və beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşlər keçirilmişdir.

Bunlar Baş Prokurorluğun rəhbər heyəti ilə Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası üzv dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə Komitəsinin (Monitorinq Komitəsi) Azərbaycan üzrə həmməruzəçiləri cənab Andres Herkel və xanım Yevgeniya Jivkova, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) media üzrə xüsusi nümayəndəsi cənab Mikloş Xaraşti, ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım İva Biode, Türkiyə Respublikasının ədliyyə naziri cənab Mehmet Ali Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində MDB-dən olan müşahidəçilər missiyasının qərargah üzvləri, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan olan missiya başçısı Boris Frleçin rəhbərlik etdiyi nümayəndə heyəti, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri xanım Ənn Elizabet Dersi, Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek və digər rəsmi şəxslər ilə keçirilmiş görüşlərdir. 2008-ci il ərzində prokurorluq əməkdaşlarının bir sıra beynəlxalq tədbirlərdə, seminarlarda və treniqlərdə iştirakı ilə əlaqədar idarə tərəfindən zəruri hazırlıq işləri aparılmışdır. Həmçinin rəhbərliyin göstərişinə əsasən idarə tərəfindən qeyd olunan beynəlxalq tədbirlərdə Baş prokurorluğun əməkdaşları ilə yanaşı Naxçıvan Muxtar Respublikası prokurorluğunun, Hərbi prokurorluğun, rayon və şəhər prokurorluqlarının əməkdaşlarının iştirakı təmin olunmuşdur. Belə beynəlxalq tədbirlərə misal olaraq Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin 2008-ci ilin iyul ayının 1-dən 4-nə kimi Avropa Şurasının təşəbbüsü ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş “İnsan hüquqlarının və ictimai maraqların cinayət hüququ sahəsindən kənar müdafiəsində prokurorluğun rolu” mövzusuna həsr edilmiş, Avropa Şurasına üzv olan 40 dövlətdən 150-dən çox nümayəndənin, eləcə də beynəlxalq təşklatların məsul vəzifəli şəxslərinin, o cümlədən Avropa Şurasının Baş katibi Terri Devisin, Avropa Şurasının İnsan huquqları üzrə komissarı Tomas Hammarberqin, Avropa Şurasının İnsan hüquqları və hüquqi məsələlər üzrə baş direktoru Filipp Buayyanın, Avropa Prokurorlarının Məşvərət Şurasının, Avropa Cinayət Problemləri Komitəsinin, Venesiya Komissiyasının, Beynəlxalq Prokurorlar Assosiyasının, İnsan haqları üzrə Avropa Məhkəməsinin nümayəndələrinin və başqalarının qatıldıqları Avropa ölkələrinin baş prokurorlarının 8-ci konfransında iştirakını göstərmək olar.

Konfrans çərçivəsində Azərbaycan Respublikasında dövlətin insanların və ictimai maraqların hüquqi müdafiəsi mexanizmində prokurorluğun rolunu qısa təhlil edən Baş prokuror Zakir Qaralov onun statusunun ümummilli lider Heydər Əiyevin rəhbərliyi ilə həyata keçirilmiş məhkəmə-hüquq islahatı nəticəsində formalaşdığını, məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla bərabər prokurorluğun bir sıra nəzarət funksiyalarını həyata keçirərək, insan hüquq və azadlıqlarının, ictimai maraqların cinayət hüququndan kənar sahələrdə müdafiəsi istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd etmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının iştirak etdiyi digər əhəmiyyətli beynəlxalq tədbir isə 17 iyul 2008-ci ildə Tbilisi şəhərində keçirilmiş MDB iştirakçı dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası olmuşdur. Şuranın iclasında Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Bu tədbirlər silsiləsinin davamı olaraq 05 fevral 2008-ci il tarixdə Fransanın Strasburq şəhərində keçirilmiş Avropa Şurası və Avropa Komissiyasının «Ukrayna və Cənubi Qafqazda insan hüquqları mədəniyyətinin təşviq edilməsi» adlı birgə proqramının rəhbər komitəsinin iclasını, 10-11 mart 2008-ci il tarixlərdə Gürcüstanın Tbilisi şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankınin təşkil etdiyi çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair Regional Treninq Seminarını, 12-14 mart 2008-ci il tarixlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilmiş «Nifrət zəminində törədilmiş cinayətlər» mövzusunda Beynəlxalq Prokurorlar Assosiasiyasının 8-ci Avropa Regional Konfransını, 27-28 mart 2008-ci il tarixlərdə Bakıda keçirilmiş İnsan Alverinə Qarşı Mübarizə mövzusuna həsr olunan təlimi, 09-11 aprel 2008-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində keçirilmiş MDB üzv-dövlətləri Baş Prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclasını, 13-26 aprel 2008-ci il tarixlərdə ABŞ-ın Vaşinqton, Nyu-York və s. şəhərlərində keçirilmiş ABŞ-ın ticarət Departamenti tərəfindən hakimlər və prokurorlar üçün təşkil olunmuş «Əqli mülkiyyət hüquqlarının müdafiəsi» mövzusunda tədris səfərini, 15-16 aprel 2008-ci il tarixlərdə Bakıda keçirilmiş «GUAM üzv dövlətlərinin ərazilərindəki münaqişələrin həllinin prinsipial əsasları» mövzusunda beynəlxalq konfransı, 16-18 may 2008-ci il tarixlərdə Çin Xalq Respublikasının Çuntsin şəhərində keçirilmiş Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının «Korrupsiya ilə mübarizədə effektiv təsir tədbirləri» mövzusuna həsr olunmuş ikinci seminarını, 18-31 may 2008-ci il tarixlərdə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən İsveçrədə «İntellektual Əmlak Hüquqlarının tətbiqi vasitəsilə Azərbaycan Respublikasında ticarət və investisiyanın təkmilləşdirilməsi layihəsi» çərçivəsində keçirilmiş təlim kurslarını, 18 iyun 2008-ci il tarixdə Baş prokurorluğun tədris mərkəzində keçirilmiş «Cinayət qanunvericiliyində olan boşluqlar və onların aradan qaldırılması yolları» mövzusuna həsr edilmiş təlimi, 18-20 iyun 2008-ci il tarixlərdə Gənc Hüquqşünaslar Birliyinin Bakıda təşkil etdiyi «İnsan alverinə qarşı mübarizə» mövzusunda seminarı, 30 iyun-2 iyul 2008-ci il tarixlərdə Vyana Beynəlxalq Mərkəzində çirkli pulların yuyulması və ədliyyə sahəsində əməkdaşlığın təşviqi üzrə hökumətlərarası açıq ekspert qrupunun görüşünü, 27-31 avqust 2008-ci il tarixlərdə Beynəlxalq Prokurorlar Assosiasiyasının Sinqapur şəhərində keçirilmiş 13-cü illik Konfransı və Ümumi Yığıncağını, 23-24 sentyabr 2008 il tarixlərdə Minsk şəhərində MDB iştirakçı dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının Əsasənaməsinə təklif olunan dəyişikliklərə dair MDB İcraiyyə Komitəsində keçirilmiş ekspertlər qrupunun iclasını, 6-24 oktyabr 2008-ci il tarixlərdə Seul şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən təşkil edilmiş «Keçid Dövrünü Yaşayan Ölkələr Üçün Hüquqi İnkişaf Proqramı» adlı təlimi, 15-17 oktyabr 2008-ci il tarixlərdə Fransanın Strasburq şəhərində keçirilmiş Avropa Prokurorlarının Məşvərətçi Şurasının III plenar iclasını, 20-21 noyabr 2008 il tarixlərdə Bakı şəhərində BMT-nin Narkotiklər və cinayətkarlıq ilə mübarizə üzrə idarəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə təşkil etdikləri «Şahidlərin müdafiəsi» mövzusunda beynəlxalq seminarı göstərmək olar.

Beynəlxalq əlaqələr idarəsi